"Heç bir kişi ilə yatağa girmək məcburiyyətində deyiləm"
Bizi izləyin

Bizim tərcümə

"Heç bir kişi ilə yatağa girmək məcburiyyətində deyiləm"

Məşhur fransalı aktrisa Anni Jirardonun müəllifi olduğu “Getmək, qayıtmaq. Ehtirasların gücü” kitabından parça...

Daha sevgi ilə məşğul olmayacam...

Hər zaman insanlarla ünsiyyətdə olmağa ehtiyacım olub. “Madam Marqaret”dən çox-çox əvvəl radioda çıxış etmək və müxtəlif mövzularda hekayələr oxumağı qərara aldım. Mən “RTL” və “Avropa 1” radiolarında çalışırdım.

“Məhəbbət macərası”, “Qadın söhbətləri”... Radionu sevirəm, burada gözəl səs və məhəbbət dolu hisslərlə rəvayət edilən sevgi hekayələrini dinləməkdən inanılmaz zövq alıram. Dinləyicilər kim olduğumu bilirlər, simamı tanıyırlar, mən isə dinləyərkən hekayələri oxuyan insanı tanımıram. Onun simasını təsəvvürümdə canlandırıram, bu gözəl hissdir.

Mən özüm gecələr rəfiqəm Maşa Beranjeni dinləyirəm. Digərləri kimi mən də, bu ipək səsdən zövq alıram...

Əgər irəliyə getmək istəyirsənsə, səni içindən nəyin gəmirdiyini və indiyə qədər beynində fırlanan “niyə” suallarını unutmalısan... Bu minlərlə “niyə” ... Niyə mən Renatoya, (Salvatori – italiyalı aktyor, Anni Jirardonun ilk əri – red.) Viskontiyə sonuncu dəfə “səni sevirəm” söyləmədim? Ancaq indi bütün günü gənclərə sevgi etirafları etməkdən çəkinməmələrini məsləhət görürəm...

Niyə anam yavaş-yavaş sönərkən yanında qalmadım? Niyə onun ölümcül halda olduğunu anlamadım? Niyə itimi öldürən baytar həkiminə verdim? Onun titrəyə-titrəyə sanki yalvaran baxışlarını xatırlayarkən dəhşət hissi məni bürüyür...

Kim bunu izah edə bilər? Bütün bu “niyə”lər mənə sakitlik vermir. Bəzən onları, sadəcə, bir kənara atıram. Bəzən düşünürəm ki, bəlkə, kimisə bilməyərəkdən incitmişəm, kiməsə hörmətsizlik etmişəm, kiminsə ümidlərini doğrultmamışam... Buna görə qorxuram. Bu şübhələr daim məni izləyir və incidir. Mən ona bunu dedim? Hər şeyi danışdım? O, məni başa düşdümü?

Bir şübhənin arxasınca başqası gəlir, əsəblərim buna tab gətirmir. Bəsdir, kifayətdir. Lənətə gələsən, onları sevdiyimi bilirlər. İndiyə qədər də sevirəm, indiyə qədər onlara görə göz yaşı tökürəm...

Romada yaşadığım günlər üçün çox darıxıram. Renatonun ölümündən sonra onun borclarını ödəmək üçün oranı satmaq məcburiyyətində qalmışdıq. Hər dəfə bura gələrkən, keçmiş küçəmizin yanından keçərkən ürəyim əsir. Roma və Paris: Hər iki şəhər mənim üçün əziz idi və ikisinə ehtiyacım vardı. “İki evi olan başını itirər” – belə bir atalar sözü var. Mənim isə üç, dörd, beş evim vardı.

Bəzən hansısa gözəgörünməz qüvvənin məni İtaliyaya çəkdiyini hiss edirəm və bu an bütün keçmiş xatirələr gözümün önündə canlanır. İtaliya üçün darıxıram. Mən Romada qızım və onun övladları üçün kiçik ev almaq istəyirəm, axı o, italiyalıdır. Öz balalarına yuva qurmamış getmək olmaz...

Mən yüzdən çox filmdə çəkilmişəm. Onlardan heç də hamısı şedevr olmayıb. Bəziləri heç ekranlara da çıxmayıb, digərləri barədə isə, ümumiyyətlə, unutmaq istəyirəm.

Çəkiliş zamanı istənilən şərtlərlə razılaşırdım. Lakin heç nəyə görə peşman deyiləm, çünki işsiz qala bilmirdim. İş mənim üçün həyat demək idi, bəziləri üçün bu narkotik olduğu tək. Belə deyək, iş mənim üçün ehtiras idi, sevgi ehtirası...

Gərək “yox” cavabını verməyi öyrənərdim, ancaq indiyə qədər bunu bacarmamışam. Bir çoxları kimi özümdən istifadə edilməsinə icazə vermişəm. Hər dəfə filmin yeni, orijinal, fərqli olmasına ümid bəsləyərək, istənilən güzəştlərə getmişəm. Çox vaxt da istədiyim nəticəni almamışam. Təxminən qırx teatr tamaşasında oynamışam, oxumuşam, rəqs etmişəm... Viskonti və Ferrerinin qarşısında lüt dayanmışam, sanki ustanın əlindəki gil idim...

Yetmişinci- səksəninci illərdə filmlərə əsasən məni çəkirdilər. Sonralar təkliflər azaldı. Kimsə demişdi ki, guya mən uğursuzluq gətirirəm. Bir jurnalist isə yazmışdı ki, “Jirardonun karyerası sona çatmaq üzrədir”...

Əlbəttə, oynamaq arzusunda olduğum rollar olub. Ancaq onları mənə təklif etməyiblər, ya da təklif olunan vaxt məşğul olmuşam... Onu deyə bilərəm ki, uğur heç zaman başımı gicəlləndirməyib.

Sözsüz ki, kinonun məndən üz çevirdiyi zaman olub, lakin mən heç vaxt özümü unudulmuş hesab etməmişəm... Tamaşaçı daim mənimlədir. Mən onun ailəsinin bir parçasıyam. Hər fransız ürəyində Anni Jirardo ismini gəzdirir. Çətin illərdə küçə ilə gəzərkən insanların mənə yaxınlaşıb: “Madam Jirardo, necəsiniz? , “Sizi ekranlarda nə vaxt görəcəyik?” - deyə soruşmaları mənə xoş idi. Həmin an tez bir zamanda kinoya qayıdıb, özümü onlara sübut etmək istəyirdim. Fəqət indiki kino daha əvvəlkinə bənzəmir. Qaben, Ventura, Blie, Odiyar daha yoxdur... İndi hər şey soyuq, qəddar və amansızdır.

Heç vaxt yad adamın əşyasını mənimsəməmişəm, ancaq mənimkini mənimsəyiblər. Etirazı isə ürəyimdə etmişəm, göz yaşlarımı nadir insanlar görüb.

Bu gün mən xoşbəxtəm. Özümü gənc hesab edirəm. Məni tez-tez illüziyalara təslim olmaqda təqsirləndirirdilər, lakin bu tamamilə yalnış fikirdir. Sadəcə, həyata keçirmək istədiyim arzular vardı. Bu arzulardan insanlar da fayda görəcəkdi.

Həyatımdakı kişilərin xarakterindən asılı olaraq, həyatım gözəl və dəhşətli, eyni zamanda, ehtiraslı sevgi anlarından ibarət olub. Ancaq mən körpə Piaf kimi heç nəyə görə təəssüflənmirəm. Nə inciklik, nə vicdan əzabı...

Vaxtilə bir çoxları məndən hesabat tələb edib. Mənə əmr ediblər, məni tənqid ediblər. Məgər buna haqları çatır? Bu gün isə mən sakit yaşayıram, heç kim dəyib-dolaşmır. Heç bir kişi ilə yatağa girmək məcburiyyətində deyiləm. Daha sevgi ilə məşğul olmayacağam. Heç insanların qarşısına da çıxmaq istəmirəm. Sadəcə, hər dəqiqənin, hər anın həzzini yaşamağı arzulayıram. İndi mən gəncliyimdə qəlbimi fəth edən kişilərin baxışını öyrənirəm, o gözlərdəki alovu axtarıram... Simam olduğu kimi qalıb, dəyişiklik etmək fikrində deyiləm. Yalnız sevdiklərim üçün təbəssümüm qalıb...

Mənim üçün daha sabah, birigün mövcud deyil. Sabaha etibar yoxdur. İndiki an mənə məxsus olan yeganə şeydir. İstəyirəm ki, ömrümün qalan hissəsi bu dəqiqələrlə zəngin olsun.

Həyatı sevirəm. Qoy o da hər zaman mənə eyni sevgi ilə yanaşsın. Tez-tez mənə deyirlər: “Olduğunuz kimi qalın”. Narahat olmayın, əzizlərim, mənim yaşımda insanlar dəyişmirlər. Mən heç bir hiss keçirmirəm, nə kədər, nə başqa bir hiss. Yalnız nifrət, qəzəb, hirs içimdə nəyisə tərpədə bilir.

Mişel Odiyar, Lüi de Fünes, Simona Sinyore, Jan Qaben, Lino Ventura, Marsel Karne, Viskonti, Romi Şnayder, Jan Karme, onlar daha yoxdurlar, və bu reallıq ömrümü qısaldır. Lakin mən ölməmişəm, felləri yalnız indiki zamanda istifadə edirəm. Dünənki gün bitib, sabah açılacaq, yoxsa yox, məlum deyil. Mən azadam və hər şeyə hazıram...

Vedrai, un giorno, ritorneremo al paese ... (Görərsən, gün gələcək və biz doğma diyarımıza qayıdacağıq... – it.)

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm