Bizim tərcümə
İki dostu düşmən edən qadın və ya baş tutmamış sevgi... VİDEO
Artıq bəllidir ki, dahi şairin muzası olmaq elə də yaxşı məşğuliyyət deyil, hətta təhlükəlidir. Allah bilir, bu dahinin ağlına nə gələ bilər - ya duelə çıxacaq, ya intihar edəcək...
Nobel laureatçısı İosif Brodski sevgi məsələlərində digər qələm dostlarından geri qalmayıb, belə ki...
“M.B.” adlı sirli qadın...
Gənc rəssam xanım Marina Basmanova haqda Anna Axmatova bunları demişdi: “Nərmə-nazik, ağıllıdır, gözəlliyi ilə də necə gözəl davranır! Heç bir kosmetikadan istifadə etmir. Bir sözlə, soyuq su!”.
Həqiqətən, bu qızda bir sirr, bir gözəllik vardı...
Marina Basmanova Sankt-Peterburqda anadan olmuşdu və elə orada böyümüşdü. Atası Pavel Basmanov məşhur rəssam idi. Odur ki, incəsənətə maraq ona atasından keçmişdi.
Rəssam xanım pərəstişkarlardan korluq çəkmirdi. Ancaq azad olmağı daha üstün tuturdu. Basmanovanın dostlarının dediyinə görə, onun daha bir özəlliyi vardı – Marina sirli və gizli olan hər şeyə maraq göstərirdi.
İllər keçir və Brodskinin yaxın dostlarından biri olan yazıçı Lyudmila Ştern “Brodski: Osya, İosif, Joseph” adlı kitabında Basmanova haqda yazır: “O, utancaq idi, hər halda, kənardan elə görünürdü. Qeyri-adi ağlı ilə də fərqlənmirdi. Odlu-alovlu söhbətlərdə iştirak etmir, olurdu ki, axşam ərzində bir dəfə də olsun, ağzını açmırdı”. Kim bilir, bəlkə, onun danışmaq yox, məhz dinləmək bacarığı ədəbiyyat üzrə gələcək Nobel laureatını cəlb edirdi?...
“Səni mələklərdən də çox sevirdim”
İosif Brodski və Marina Basmanova ilk dəfə 1962-ci ilin martın
2-də məşhur bəstəkar Boris Tişenkonun evində təşkil olunmuş
ziyafətdə tanış olurlar. Şairin hələ 22 yaşı olmamışdı.
Bu ilk baxışdan məhəbbət idi. Həmin gündən etibarən onlar görüşməyə
başlayırlar. Əl-ələ tuturaq şəhəri gəzir, köhnə evlərin blokunda
qızınır, öpüşürdülər, bir sözlə, gəncliklərini yaşayırdılar.
Brodski ona öz yeni şeirlərini oxuyur, Marina isə saatlarla ona
rəssamlıq barədə danışırdı. Onu özü ilə muzey və sərgilərə
aparırdı.
Ətrafdakılar onların bir-birilərini tamamladıqlarını söyləyirdilər:
ehtiraslı Brodski və sakit, müdrik Basmanova. Od və su, Ay və
günəş. Görəsən, Basmanova Brodskini eyni ehtirasla sevirdi? Demək
çətindir. Brodskiyə qaldıqda, o, Marinaya az qala sitayiş
edirdi!
İosif Brodski
Ancaq zaman keçdikcə münasibətlərdə çat yaranmağa başlamışdı. Həm Basmanovanın atası, həm Brodskinin valideynləri onların münasibətlərinə qarşı idilər və ən əsası, Basmanova özü də evlənmək istəmirdi. Sevgililər tez-tez dalaşır və hər dəfə “ömürlük” ayrılırdılar. Hər belə mübahisədən sonra İosif dərin depressiya yaşayırdı. Lyudmila Ştern hər dəfə dostunu belə vəziyyətdə görəndə onun intihar edə biləcəyindən qorxurdu. Onun əlinin sarıqlı olduğunu görən Viktor Ştern ona demişdi: “Qulaq as, Osya, qurtar artıq, insanları qorxudursan. Əgər bir dəfə, həqiqətən, intihar etmək istəsən, mənə de. Sənə bunun yollarını izah edərəm”. Brodski məsləhətə qulaq asdı, daha qorxutmadı, ancaq bunun da bir faydası olmadı...
Və üçbucaq...
Təəssüf ki, bu sevgi də banal sevgi üçbucağı olmadan keçinmədi. Altmışıncı illərin əvvəllərində Brodski Anatoli Nayman, Yevgeniy Reyn və Dmitriy Bobışevlə sıx dostluq edirdi. 1964-cü ilin qış ayları idi, müxtəxorluğa görə həbs edilməkdən qorxan Brodski Moskvada gizlənmişdi və dostu Dmitriy Bobışevdən Marinanın qayğısına qalmağı xahiş etmişdi.
Dmitriy Marinanı dostlarının bağ evinə aparır və onu hamıya “Brodskinin sevgilisi” kimi təqdim edir. Onu isti qarşılayırlar, ancaq Marina bütün axşamı susur və yalnız arada ona məxsus sirli təbəssümlə gülümsəyir. Bir müddət keçdikdən sonra onun məclisdə olduğunu hər kəs unudur. Bundan sonra nəyin baş verdiyi dəqiq məlum deyil. Düzdür, Marina diqqətdənkənar qalmışdı, ancaq burada onun çoxdandır ki, xoşuna gəldiyi yaraşıqlı Bobişev vardı, beləliklə, qaradinməz Marina gecəni onunla keçirir.
Səhər Marina otaqdakı pərdələri yandırır və sadəlövhcəsinə
qışqırır: “Baxın, nə gözəl yanır!”
Əlbəttə ki, Brodskinin dostları Bobışevi xəyanətdə
təqsirləndirirlər. Bobışev tezliklə bağ evini tərk etməyə tələsir,
ancaq getməmişdən öncə söyləyir: “Mən günahkar deyiləm, o özü
yanıma gəldi” və - Brodski Marinanı nişanlısı hesab edir - deyə
əlavə edəndə Marina onun sözünü ağzında qoyur: “Mən isə özümü onun
nişanlısı hesab etmirəm, o, nə fikirləşirsə, bu onun öz
işidir.”...
“Sən yanımda olduğun müddətdə ölümdən qorxmurdum”
Sevgilisinin xəyanəti barədə şayiələr Brodskinin qulağına gəlib çatır. Bu zaman o, hər şeyə tüpürüb Leninqrada yollanır. İllər keçəcək və o, bu barədə bunları söyləyəcək: “Mənim üçün əhəmiyyəti yox idi, lap həbs etsələr belə. Bunlar Marinanın etdiklərinin yanında heç nə idi”...
Brodski vağzaldan düz Bobışevin evinə gedir. Burada dostları ömürlük düşmən edən uzun söhbət baş tutur. Burdan çıxıb Brodski Marinanın yanına gedir, lakin o, qapını açmır. Bir neçə gündən sonra isə şairi elə küçədəcə həbs edirlər. Onu üç il müddətinə Arxanqelskə göndərirlər. Sonralar artıq Amerikada yaşayan İosif ürəyini yenə də Lyudmila Şternə açır: “Mənim üçün Marina ilə bağlı olmayan heç nəyin önəmi yox idi”...
İosif Brodski
Şair Arxanqelskdə ən gözəl şeirlərini yazır, bu şeirlərin elə
adları nəyə desən, dəyərdi! “Xoşbəxt qışın mahnıları”, “İngilis toy
mahnılarından”, “Bal ayından bir dilim”. Yenə də, Marinanın
sayəsində.
Brodski onu bağışlamağa hazır idi, təki onlar yenidən bir yerdə
olsun və bu nağıl bitməsin. Ancaq... Bobışev gəldi və Basmanova
onunla getdi. Sonra qayıtdı, yenidən getdi...
Brodski isə əzab çəkirdi, sevgisindən heç cür xilas ola bilmirdi.
Bu görüşlərin nəticəsində, 1968-ci ildə onların Andrey adlı
oğulları dünyaya gəlir. Şair artıq əmin idi ki, Marina
münasibətləri rəsmiləşdirməyə razılaşacaq... ancaq bu elə ümid
olaraq qalır. Dostları Brodskiyə buralardan getməyi məsləhət görür.
O isə sona qədər ümid edirdi ki, xaricə bir yerdə gedəcəklər – o,
oğlu və Marina...
Lakin Brodski tək gedir. Sevgi üçbucağı da gözlənilmədən
dağılır: Marina Dmitriy Bobışevlə ayrılır və Brodskidən olan oğlunu
tək böyütməyi qərara alır. (Tezliklə Bobışev ABŞ-a mühacirət
edir.)
İosif hələ də özünə gəlməmişdi. Məşhur şair dalbadal bir neçə
infarkt keçirir. Basmanova ilə ayrıldıqdan sonra o dəyişmişdi və
daha sevgiyə inanmırdı.
Fəqət bu hələ son deyilmiş. Sorbonnadakı mühazirəsi zamanı Brodski tələbələr arasında Mariya Sotsani adlı bir qızı görür. Rus əsilli gözəl italiyalı xanım şairdən otuz yaş cavan idi və dəhşətli dərəcədə Basmanovanın gəncliyinə bənzəyirdi... 1991-ci ildə Brodski həmin xanımla evlənir. Mariya sadiq həyat yoldaşı olmaqla bərabər, bütün işlərində ərinə yardım edir, ona dəstək olurdu. Bir ildən sonra onların qızları dünyaya gəlir. Şairin dostları söyləyirdi ki, Brodski Mariya ilə evli olduğu beş il ərzində əsl xoşbəxtliyi dadır. Brodski daha Basmanovaya şeir həsr etmir...
Postskriptum...
Brodskinin xəstə ürəyi 1996-cı ilin 28 yanvarında dayanır. Şairi San-Mikeledəki “ölülər adası”nda dəfn edirlər. Marina Basmanova bu gün də sağdır. Ancaq əvvəlki tək yenə də susur: memuar yazmır, jurnalistlərə özü barədə heç bir məlumat vermir. Brodski ilə münasibətlərini gizli saxlayır və hər hansı bir açıqlama vermir və görünür, verməyəcək də... Lakin onu bağışlamağa məcburuq, axı o, dahi şairin muzası idi...
Tərcümə: Aytən Cavanşir
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO