“Hər ərimə bir qız övladı bəxş etdim..”. - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Hər ərimə bir qız övladı bəxş etdim..”. - FOTOLAR

Fransalı ifaçı və aktrisa Ceyn Birkin...

Gülümsəyin və siz on yaş cavan görünəcəksiniz.

Serj vəfat edəndən sonra həyatımın mənası da itdi...

Bu fərqli, maraqlı, bir az da qəribə qadındır, belə deyək, özünəməxsus...

Zərif bədən quruluşlu, incə səsli dünyaca məşhur ifaçı... Mikelancelo Antonioni kimi tanınmış rejissorların filmlərində çəkilən gözəl aktrisa, insan haqlarının qatı müdafiəçisi, son pulunu imkansızlara xərcləməkdən çəkinməyən və “altmışıncı illərin fransız seks pişiyi” adını qazanmış Ceyn Birkin...

Ceyn Birkinə baxarkən bir vaxtlar bu qadının sülhməramlı missiya ilə vətəndaş müharibəsinin tüğyan elədiyi Kosovaya tankda səfər etməsinə inanmaq çətin olur... Bu yaxınlarda Rusiyada verdiyi konsertin qonorarlarını da Ceyn əsgər analarının komitəsinə keçirdi.

Bütün bunlardan əlavə, Birkin bəstəkar və musiqiçi Serj Qensburla məhəbbəti ilə də gündəmə gəlmişdi. Serj artıq neçə ildir ki, vəfat edib (1991-ci il), amma Jeyn bu gün də onun xatirəsi ilə yaşayır, onu əziz tutur...

İlk görüşlərindən bu günə qədər Ceyn Birkin yalnız Serjin mahnılarını ifa edir: “Je T’Aime… Moi Non Plus”, (mahnının sözlərində açıq-saçıq ifadələr çox olduğundan, bir neçə ölkələrdə onun səsləndirilməsinə qadağa qoyulmuşdu.) mahnısından “Baby Alone In Babylon”a qədər...

Ceyn keçmiş həyat yoldaşına sadiqdir, Serjlə son illər yaşadığı gərginliklərə və nəhayət, ayrıldıqlarına rəğmən... Ola bilsin, onlar çox müxtəlif idi; səbrli ingilis və ehtiraslı fransız qanı...

Qensbergin atası Ukraynalı yəhudilərdən idi.

Ceyn 1947-ci ilin dekabrında Londonda anadan olub. Atası Devid Birkin Britaniya kəşfiyyatı ilə sıx əməkdaşlıq edib, anası Cudi Kempbell isə ifaçı və aktrisa olub. Ananın səhnəyə olan sevgisi qızını da bura cəlb edir. On yeddi yaşında Ceyn ilk dəfə Qrem Qrinin pyesində lal-kar qızın obrazını canlandırır, sonralar bir neçə məşhur müzikldə oynayır.

Əslən ingiltərəli aristokratlardan olan Ceyn öz seçimini edir və Fransanı seçir. Altmışıncı illərdə karyerasını məhz Fransada davam etməyi qərara alan Birkin seçimində yanılmır, nəticədə, əsl fransız şansonunun simvoluna çevrilir və onlarla filmdə çəkilir.

1965-ci ildə Ceyn Birkin debüt filmi “Bacarıq”da çəkilir. Antonioninin “Blow up” filmində aktrisa lüt soyunmaqdan da çəkinmir. Yeri gəlmişkən, aktrisanın ingilis zabitəliyindən çox uzaq olan anası həmin an onu dəstəkləyir. Bütün həyatı boyu qorxu Ceyni müşayiət edən ən son hiss olub. Heç bir tərəddüd, heç bir ehtiyat...

Aşiq olduğu an tərəddüd etmədən, ərə gedir və sevdiyi kişilərdən uşaq dünyaya gətirirdi. Birkinin üç əri olub, onlardan hər üçü də incəsənət adamları olub; ingiltərəli bəstəkar Con Barri, rejissor Jak Duayon və musiqiçi Serj Qensbur.

Gözəl Ceyn bu üç kişidən heç birinin xətrinə dəyməyib, hər üçünə bir qız övladı bəxş edib...

Kinoda da heç nədən qorxmayıb və ən riskli rollara düşünmədən “hə” cavabını verib. Beləcə, o, 1981-ci ildə gələcək əri Jak Duayonun insest mövzusunu qabartdığı “Yolunu azmış qız” filmində çəkilir. Ümumiyyətlə, Birkin ssenarisini bəyəndiyi filmlərdə çox az qonorara çəkilməyə belə razı olurdu.

Çalışdığı rejissorlar arasında Jan Lyük Qodar və Klod Zidi olub... Serj Qensbur Ceyndən iyirmi yaş böyük idi. Onun mahnlarını İv Montan, Vanessa Paradi kimi ulduzlar ifa edib.

Serj Qensburun Bridcit Bardo ilə ehtiraslı eşq macərasını bir vaxtlar bütün Fransa müzakirə edirdi.

Amma Cern Birkin bir başqa idi, onun Serjlə nikahı on iki il davam edir, bəstəkarın ölümünə qədər...

Ceyn Birkin:

Əvvəllər gül alanda onları elə bağlamadaca qurudurdum, onları belə öldürürdüm. Nədənsə bunun romantik olduğunu düşünürdüm. İndi əksinə, daha səliqəliyəm; lazım olan yerini kəsir və hər gün suyunu dəyişdirirəm. Mən Serjin sayəsində dəyişdim. O, mənə həyata dəyər verməyi öyrətdi. Serj vəfat edəndən sonra həyatımın mənası da itdi...

Gülümsəyin və siz on il cavan görünəcəksiniz...

Bu gün Madonna Qensburun onun karyerasına təsir etdiyini, Coni Depp onun pərəstişkarı olduğunu qeyd edir. Serjin cavan və yaraşıqlı oğlanları bəyəndiyini nəzərə alsaq, onu gənclərin sevməsini daha çox arzulayardı...

Radioya qulaq asmağı sevirəm. Burada o qədər az tanınmış mahnılar səsləndirirlər ki! Düzdür, heç birini yadımda saxlaya bilmirəm, amma çox bəyəndiklərim olur...

Bəzi kişi tipləri var, onlar çimərlik geyimləri geyinmir, günəş altında qaralmırlar. Çətir altında əyləşib nəsə yazır və ya qalın kitab oxuyurlar. Belə kişilərdən həmişə daha çox xoşum gəlib, nəinki dar çimərlik paltarı geyinib gözünü sənə zilləyən kişilər...

Serji tərk etməmişdən bir müddət əvvəl heykəlimi sifariş etmişdi. Həmin heykəl indiyə qədər onun qonaq otağındadır. Serj mənə aid olan heç nəyə əl dəyməmişdi. Sanki siqaret almağa çıxmışam və beş dəqiqəyə qayıdacam. Diş fırçam vanna otağındadır, kosmetikam, şalvarım, alt paltarım... Bir sözlə, əsl muzey!

İnsanların öldürülməsi və onlara işgəncə verilməsi məni narahat etməyə bilmir. Ən təəccüblüsü də odur ki, dünya buna qarşı laqeyddir...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm