Tanınmaz hala düşən gözəllik ilahəsi - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Tanınmaz hala düşən gözəllik ilahəsi - FOTOLAR

O, müsahibə üçün Martinez hotelinə gələndə 10 dəqiqə gecikmişdi. Dərhal jurnalistdən üzr istədi: “Gecikməkdən zəhləm gedir, bu, məndə anamdan qalıb. O, həmişə mənə deyərdi ki, dəqiqlik qız üçün təhsil və yaxşı davranış qaydaları kimi vacibdir”.

Hind aktrisası Ayşvarya təzə sıxılmış portağal şirəsində buz kubiklərini əlavə edərək dedi: “Mənim ölkəmdə daha çox manqo istifadə olunur, biz ona meyvələrin şahı deyirik. Mən Hindistan üçün çox darıxıram. Təəssüf ki, oraya tez-tez gedə bilmirəm”.

Həqiqətən də, Ayşvarya kino çəkilişləri, fotosessiya və müsahibələrin əlindən başını itirib. O, 1994-cü ildən bəri bu templə yaşayır. Axı həmin o il Ayşvarya “Miss World” gözəllik yarışında qalib gəlib – dünya gözəli seçilib. Düz 10 ildən sonra isə Ayşvarya “Time” jurnalının “Dünyanın 100 ən nüfuzlu adamı” siyahısına düşüb. Bununla da, Ayşvarya nəinki Bollivudda, hətta bütün dünyada ən məşhur hind qızı olub! Hətta Culiya Roberts onun “dünyanın ən qəşəng qadını” adına layiq görülməsi ilə razılaşıb...

Ayşvarya Ray 1973-cü il noyabr ayının 1-də dünyaya gəlib. Uşaqlıqdan klassik musiqi və rəqslə məşğul olub. Məktəbi bitirdikdən sonra memar olmaq arzusuna düşüb və universitetə daxil olub. Lakin “Pepsi” şirkətinin reklam kastinqi zamanı Ayşvarya düz 2 min rəqibini qabaqlayıb və bundan sonra model karyerası onun üçün maraqlı sahəyə çevrilib.

“Model biznesi ilə tələbə ikən məşğul olmuşam. Ancaq bu biznesin həyatımın bir hissəsinə çevriləcəyini bilmirdim. Lap əvvəldən aktrisa olmaq istəmişəm. Aktrisalıq ona görə yaxşıdır ki, insanlarla, rejissorla ünsiyyətdə olursan, kiminsə həyatını oynayırsan. Moda sənayesi isə heç kimə lazım deyil”.

Lakin son zamanlar Ayşvarya doğma Hindistanında çox az çəkilir. O, daha çox Böyük Britaniya, ABŞ kimi ölkələrin filmlərində rol alır və hind dilindən çox ingilis dilində danışır.

Ayşvarya müsahibə verərkən öz uğurları ilə öyünmür və səlis danışır. O, karyerasının hələ indi başladığına əmindir. Yaşıla çalan mavi gözlərə sahib olan Ayşvarya 2008-ci ildə hind aktyoru Abxişek Baççanla ailə quran zaman onlar birgə kino çəkilişlərinə hazırlaşırdılar. Aktrisa deyir: “Bu, lap dəliliyə bənzəyirdi, axı mən heç nəyi çatdıra bilmirdim. Mən bütün toyu korladım!”

- Ayşvarya, nə mənada korladın? Toya gecikdin?

- Bilirsiniz, Hindistanda toy hər bir qızın həyatında ən vacib günlərdən biri hesab olunur. Başa düşürsünüz ki, hər bir hindli qız o möhtəşəm günə necə hazırlaşır? Bəs bilirsiniz ki, hazırlıq nə qədər çəkir? Düz 3 ay yarım! Bu müddət ərzində gəlinin ailəsi onun üçün gözəllik maskaları hazırlayır, cer-cehizini düzəldir, onu ən sağlam məhsullarla qidalandırır. Yəni ki, gəlin bəy qarşısına tam hazırlıqlı formada çıxmalıdır. Mən isə necə vardımsa, elə də çıxdım. Yəni, təbii halda (Gülür). Toydan bir ay sonra Hindistanda gəlib anama dedim: “Mən sənə toy hazırlıqlarını 1 ay ərzində necə keçməyin yolunu öyrədərəm!”.

- Öz gözəllik maskalarınız barədə danışın. Onlar nə ilə fərqlənir?

- Bu, daha çox ənənədir. Anam mənə bal, badam yağı, banan əlavə edilmiş xüsusi maskalar hazırlayardı. Sən hər gün bu maskalardan yararlanırsan və bundan sonra özünü lap şahzadə kimi hiss etməyə başlayırsan! Və hər şeyin də mənası bundadır – özünü necə hiss etməyində.

- Əgər səni 1 həftəlik adamsız adaya göndərsələr və kosmetikalarından yalnız bir krem götürməyə icazə versələr, nəyi götürərdin?

- Oy, Allah eləməsin! (Gülür). Əlbəttə, bu, mənim sevimli “Loreal”ım olacaq. Bu şirkətlə işlədiyim üçün demirəm. O, sadəcə gözəllik magiyasıdır! Güman edirəm ki, mən gündəlik nəmləndirici krem olan “Derma Genese” götürərdim. Heyif ki, tonik götürə bilmirəm. Axı mən təmizləyici vasitələrin pərəstişkarıyam.

- Yeri gəlmişkən, hansı kişilər sənin xoşuna gəlir? Hindistanda belə bir stereotip yaranıb ki, qadınlar daha gözəldir. Lakin bunu hind kişilərinə aid etmək olmur.

- Mən daha çox kişi xarakterinin tərəfdarıyam. Əgər kişidə kişilik varsa, o, artıq mənim xoşuma gəlir. Siz əbəs yerə belə deyirsiniz, Hindistanda kifayət qədər yaraşıqlı kişilər var. Əlbəttə ki, Hollivudda daha çoxdur.

- Razılaşın ki, bir çox hind filmləri xoşbəxt sonluqla bitir.

- Hindistanda yaxşı filmlər çoxdur. Bəli, bizdə daha çox “şirin” sonluqlu filmləri sevirlər. Ona görə ki, Hindistanda əhalinin ağır həyatı var və onlar bayram istəyirlər, başa düşürsünüz? Bu, sanki, şam yeməyinə bənzəyir: sən acı və turş yemək qəbul etdikdən sonra dərhal desert sifariş verirsən.

- Şam yeməyinə gəlincə, bir neçə il bundan qabaq MTV telekanalına verdiyiniz müsahibədə demisiniz ki, Hindistanda arıq modellər məşhur deyil. Bu, indi də belədir?

-Sözsüz ki! Bəzi hind kişiləri mənə baxan kimi ürəklərindən bir arzu keçir: mənə yemək verib, arıqlıqdan xilas etsinlər! Düzdür, son zamanlar Hindistanda dəyişiklik gedib, lakin arıq qızlar hələ də yaxşı qarşılanmır. Ona görə də məni evdə kifayət qədər yedirtməyə çalışırlar...

Ayşvaryanın kino karyerasında əsl uğuru 1999-cu ildən sonra başladı. “Əbədi sənin” filminə görə Ayşvarya “Filmfare Awards” mükafatına layiq görüldü. Film ona təkcə mükafat gətirmədi. Çəkilişlər zamanı Ray əsl sevgisini tapdı - Salman Xanı...

Lakin kinodan fərqli olaraq, real həyatda o, hind aktyoru olan Salmanla ailə həyatı qura bilmədi. Ray bu barədə belə deyir: “”Salman” başlıqlı söhbətlər mənə gecə kabusu kimi görünürdü. Və mən Allaha şükür edirəm ki, bu qorxulu hadisələr bitdi. Mən onun pis hərəkətlərinə görə kifayət qədər susmuşam: o, ailəsi və dostları mənim haqqımda əxlaqsız söhbətlər yayırdı. Mən onun yanında olmuşam, əyyaşlıqdan qurtulmasına kömək etmişəm, əvəzində isə təhqir, alçaqlıq və vəfasızlıqla qarşılaşmışam. Bax buna görə də, özünə hörmət qoyan qadın kimi “kifayətdir” deyib onunla ayrıldım”.

2007-ci ildə “Bollivud şahzadəsi” Abxişek Baççanla tanış olur. Deyilənə görə, Baççan restoranda şam yeməyi yeyən zaman Ayşvaryanı görür. Və onların arasında ilk baxışdan sevgi yaranır. Elə həmin ildə onlar evlənirlər.

Hindistanda Baççan və Ray cütlüyünə az qalırlar sitayiş etsinlər. Onları “super cütlük” adlandırıb hər bir addımlarını izləyirlər. Ayşvarya yeganə hindistanlıdır ki, “Madam Tüsso” muzeyində ona mum heykəl qoyulub.

Ayşvarya övlad sahibi olmaq üçün dəfələrlə hormonal müalicə kursu keçməli oldu. Nəhayət o, 4 ildən sonra ana ola bildi.

Hamiləlik və ondan sonrakı dövrlərdə Ayşvarya düz 25 kiloqram kökəldi. Onun belə kəskin dəyişməsi pərəstişkarları tərəfindən narazılıqla qarşılandı. Təzyiqlərə tab gətirməyən Ayşvarya idmanla məşğul olsa da, bu da onun arıqlamasına kömək etmədi. Onda Ayşarya təslim olaraq elan etdi: o, artıq çəkidən can qurtarmağa tələsmir və analıqdan həzz almaq istəyir.

Bundan sonra bir çox hind qadınları onun müdafiəsinə qalxdılar. Bəziləri qeyd edirdi: “O, övladını sevən əsl qadındır. Gəlin fikrimizi onun sağlamlıq və xoşbəxtliyinə yönəldək. O, pəhrizə otursa, o zaman Aaradxanın rasionunda bilirsiniz nələr ola bilər?” və ya belə: “Ayş ona görə bunu edir ki, o, eqoist deyil və onu bədəni narahat etmir. Biz səni dəstəkləyirik və çox sağ ol deyirik ki, sən övladına lazımı qayğını göstərirsən”.

“Hindistanda iki ayin var: analıq və kino. Hazırda bu iki ayin bir-birinə toqquşub və insanlar kimin tərəfində durmağı bilmir” – kino professoru Şoxini Qoş.

Lakin öz həyatından çox başqasının həyatına burnunu soxan və keçmiş dünya gözəlinin çirkinə çevrildiyini iddia edənlər də az olmadı. Onun üçün alçaldıcı, təhqiramiz videolar hazırlandı. Alçaldıcı videoçarxda soundtrek kimi fillərin nəriltisindən istifadə edilib.

Bəziləri iddia edib: “O, Bollivudun aktrisasıdır və yaxşı görünmək onun öhdəliyidir”.

“Ayşvarya gözəllik ilahəsidir. Ona görə də, aktrisa formada olmayanda insanlar onu bağışlaya bilmir. Ondan hər zaman və hər yerdə mükəmməllik gözləyirlər. Hind qadınlarında omba və ətraflar şişman olur. Ona görə də hind aktrisaları avropalılar kimi doğuşdan 2 həftə sonra arıqlaya bilmir” – New York Daily News.

Hətta 67-ci Kann kino festivalında ona tədbirə getməmək və “ölkəsini biabır etməmək” məsləhət görülmüşdü. Forumlarda isə belə bir məsələ müzakirə olunurdu: ictimai insanın gözəl görünməməsi qəbahətdirmi?

Xoşbəxtlikdən, Ray heç bir bloq və internet müzakirələrini oxumurdu. O, Kann kino festivalının qırmızı xalısına düz 2 dəfə çıxdı. Tədbirə geyindiyi sarı rəngli milli geyim onun bütün artıq kilolarını ört-basdır edirdi. Düzdür, həmin günü Ayşvarya əvvəllər olduğu kimi əsrarəngiz görünməsə də, aktrisa həmişəki kimi yenə gözəl idi. Amma kənar rəylər Ayşvaryanın heç vecinə də deyildi. O, qırmızı xalıda jurnalistlərə öz qızı haqda müsahibə verirdi: “Analıq-xoşbəxtlik, səadət və möcüzədir. Mənim qızım gülümsəyərkən bu həyatda mənə daha heç nəyin lazım olmadığını hiss edirəm”.

Gənc ananı “iri bədənli geyimlər” kolleksiyasına dəvət edirlər və o, kök qadınlar üçün gözəllik ikonasına çevrilir. Lakin bu, onun üçün önəmli deyil. Önəmli olan yalnız bir şeydir: sevimli əri və qızının sevgisi ilə yuxudan durmaq!

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm