Yuxularını da “Azərbaycan dilində görən” əcnəbi kürəkən – BİZ ONLARIN GÖZÜNDƏ
Bizi izləyin

Biz onların gözündə

Yuxularını da “Azərbaycan dilində görən” əcnəbi kürəkən – BİZ ONLARIN GÖZÜNDƏ

Azərbaycan artıq dünyada kifayət qədər tanınır. Həyata keçirilən iri biznes layihələri, dünya çapında mədəni-kütləvi tədbirlərlə bağlı hər il yüzminlərlə əcnəbi Azərbaycana gəlir. Bu isə ölkə ilə tanışlıqla yanaşı, ölkənin xaricdə tanıdılması deməkdir.

Digər tərəfdən, Azərbaycan son illər iş qurmaq, işləmək, təhsil almaq üçün də cəlbedici ölkələr sırasına qatılıb. Bu baxımdan, ölkəmizdə uzun müddət yaşayanların da sayı artmaqdadır. Onların isə bizi daha yaxşı tanımaq, tanıtmaq imkanları var. Publika.az-ın "Biz onların gözündə" adlı layihəsi də ölkəmizdə yaşayan əcnəbilərin gördükləri Azərbaycanı göstərməyə çalışır oxucularına.

Beləliklə, bu gün Azərbaycanı "Headstart International" Təlim Şirkətinin rəhbəri, Pakistan vətəndaşı Saed Alinin gözü ilə görəcəyik.

Üç uşağım var, üçü də azərbaycanlıdır...

Müsahibimizin Azərbaycana gəlişi Türkiyə şirkətində işə düzəlməsi ilə olub. Bundan sonra müxtəlif şirkətlərdə işləyib. Xəzər, Qafqaz universitetlərində dərs deyib. Hazırda Dövlət İqtisad Universitetində müəllim kimi də fəaliyyət göstərir. İxtisası maliyyə mühasibatıdır. Dediyinə görə, bu sahədə 20 illik təcrübəsi var.

- Azərbaycanda işləməyə gəlmişdim. Telekommunikasiya sahəsində, neft sektorunda fəaliyyət göstərən şirkətlərdə işləmişəm. Eyni zamanda, şirkətlərə konsaltinq xidməti göstərmişəm. Doğrusu, gəlişim uzunmüddətli deyildi. Ancaq ölkəniz xoşuma gəldi və geri qayıtmadım. 2002-ci ildə Azərbaycan adlı ölkəyə gəlib yerləşəcəyimi düşünməzdim belə. Amma artıq 10 ildir Azərbaycandayam.

- Bir iş adamı kimi, nə xoşunuza gəldi burda?

- Bura sakitçilikdir. Hər kəs öz işi ilə məşğuldur.

İkinci tərəfdən, hərəyə ruzi-bərəkət bir yerdə yazılıb. Nə vaxta qədər ruzi-bərəkətim Azərbaycandadır, mən də burdayam. Artıq burada müəyyən dost şəbəkəm yaranıb...

- Ailənizi də gətirmisinizmi?

- Həyat yoldaşım azərbaycanlıdır. Üç uşağım var, üçü də azərbaycanlıdır.

- Azərbaycanda evlənmisiniz deməli...

- Bəli, ona görə də Azərbaycan dilini yaxşı bilirəm. Məcburiyyətdir, başqa yolu yoxdur (gülür).

- Maraqlıdır, niyə pakistanlı ilə yox, azərbaycanlı ilə ailə qurdunuz?

- Bu, bəxtdir. Allah sənə nə yazıb, o da qabağına çıxır. Bəlkə də, Azərbaycanda qalmağım bəxtdir, evlənməyim vəsilə. Belə şeylər planla olmur.

- Azərbaycan dilini neçə ilə öyrənmisiniz?

- 3 ilə.

- Bu qədər gec?

- Əvvəl-əvvəl ingiliscə danışırdım. Gəldiyim vaxt burda qalacağımı bilmirdim. Digər tərəfdən, ilk işlədiyim şirkətdə xaricilər üstünlük təşkil etdiyindən, Azərbaycan dilini öyrənməyə nə zərurət, nə də şərait var idi. Növbəti iş yerimdə isə vəziyyət əksinə oldu və mən Azərbaycan dilini öyrəndim. Bəzi xalqlar dili gec, bəziləri tez götürürlər. Məsələn, Azərbaycan xalqı dili tez qavrayır. Sizdə insanlar var türk, rus, ingilis dilində danışırlar. Hətta fransız dili ilə maraqlanmağa başlayıblar. Yəni, sizdə 4 dildə mükəmməl danışanlar var. Avropada insanlar yalnız ingilis dilində danışırlar. İkinci dili bilmirlər. Amerikada əhalinin 98 faizi ingilis dilində danışır.

- Azərbaycan dili müəlliminiz xanımınız olub?

- Yox. Biz tanış olanda, ünsiyyət uçun ortaq dil ingilis dili idi. Dil öyrənməyin sirri mənsub olduğu ölkədə yaşamaqdır. Kimə yaxın olmaq istəyirsənsə, onun dilini öyrənməlisən. İnsanlar var, bura işləməyə gəliblər və əsas rus dilini öyrəniblər. Azərbaycan dilində bir kəlmə də danışmırlar. Mənim söz bazamda 3 dənə də rus sözü yoxdur.

Evlənmək üçün ən azı magistr dərəcəsi olmalıdır...

- Burada həm də biznesiniz var?

- Təlim-tədrislə məşğul oluram. Sizdə insanlar təhsilə çox həvəslidirlər.

- Gənclərlə ünsiyyətiniz daha çoxdur. Pakistanlı gənclərlə bizim gənclərimiz arasında fərq nədədir?

- Ətrafımda olanları müşahidə edərək deyirəm ki, sizdə gənclər müstəqil həyata daha tez atılırlar. Pakistanda bir gənc 30 yaşında evlənir, sizdə daha tez. Bizdə magistratura bitirib işə qəbul olursan, burada bakalavr təhsili ilə də işləyə bilirsən. Bir sözlə, gənclər daha erkən məsuliyyət altına girirlər.

- Niyə Pakistanda evlənmək yaşı 30-dur?

- Evlənmək üçün ən azı magistr dərəcəsi olmalıdır. Magistr təhsili almamısansa, sənə şəhərdə qız verən olmayacaq. Bu halda ancaq əyalətdən qız ala bilərsən. Çünki bakalavr diplomu ilə ən yaxşı halda sürücü işləmək mümkündür. Pakistanda magistr diplomu minimum həddir.

- Sizdə həm oxuyub, həm də işləmək olmur?

- 24 yaşa qədər işləmədən oxuyuruq. Məsələn, mən magistraturanın ikinci kursunda idim, bir bankda vakansiyaya imtahan verdim. 3500 nəfərdən 60 nəfər seçildi. Biri də mən. Gəlib evdə atama dedim, razılaşmadı. Təhsillə iş eyni vaxtda alınmır.

Bundan əlavə, Pakistanda əhali çoxdur və diplomu olanların sayı kifayət qədərdir. Bu halda, sizcə, 2-ci kurs tələbəsinə kim iş verər?!

- Bəs hansı təcrübə yaxşıdır: bizdə olduğu kimi, bakalavr təhsili ilə işləmək imkanı, yoxsa Pakistandakı kimi, 25 yaşa qədər ancaq oxumaq?

- Bakalavr təhsili alan müddətdə işləməyin tərəfdarı deyiləm. Magistraturada oxuyan zaman işləmək mümkündür. Müəllim kimi müşahidə edirəm ki, oxuyan tələbə işləyəndə təhsilinə vaxt ayıra bilmir. Bir dəfə mükəmməl savada sahiblənib sonra işləmək daha sərfəlidir. Bakalavr təhsili alan tələbənin işləməsi özü üçün vaxt itkisidir. Bir əldə iki qarpız tutmaq olmaz.

- Hətta məsəllərimizi də öyrənmisiniz...

- Azərbaycanlı tələbələrin qrammatik səhvlərini tutduğum da olur...

- Sizin üçün burda nə çətindir? Hansı ki, vətəninizdə asan olardı...

- Nahar etməyə yaxşı restoran tapmaq. Pakistanda restoranlar, yemək çeşidləri çoxdur. Dadlıdır, amma o qədər sağlam deyil. Burda qidalar o qədər də dadlı deyil, lakin sağlamdır. Yağdan, ədviyyatdan az istifadə edirsiniz. Pakistanda olanda gənc idim, amma ayda bir dəfə xəstələnərdim. Burda isə ildə bir dəfə xəstələnirəm.

- Yeməkdən söz düşmüşkən, mətbəxlərimiz arasında fərq çoxdur?

- Kifayət qədər. Amma baş yeməklərin tərkibi demək olar ki, eynidir, sadəcə, görünüş fərqlənir. Məsələn, sizdə üçbacı dolmasında bibərin içərisinə çəkilmiş ət doldururlar. Bizdə əksinə, çəkilmiş ətə bibər qatırlar. Sizdə də küftə var, bizdə də. Fərq odur ki sizdə küftə bir az böyükdür və içində düyü var. Bəlkə də, sizə təəccüblü gələr. Bizim urdu dili ilə azərbaycan dilinin söz bazasının təxminən 30 faizi eynidir. Çünki urdu dilində sözlər ərəb, fars, türk dilindən götürülüb. Bundan başqa, türkdilli xlaqlar zaman-zaman Pakistana müxtəlif səbəblərlə səfərlər ediblər. O səbəbdən mədəniyyətlər oxşardır. Pakistanlının da, azərbaycanlının da 100 il əvvəlki şəklinə baxanda elə bilirsən, qardaşdılar. Sadəcə, 70 ildə Azərbaycan mədəniyyətinə rus mədəniyyəti daxil olub. Pakistan mədəniyyətinə isə ingilis.

- Sizin övladlarınız hansı mədəniyyətin təsirində böyüyürlər?

- Azərbaycan. Çünki burda doğulublar.

- Urdu dilində danışa bilirlər?

- Yox. Hərdən müəyyən sözləri tuta bilirlər.

Yaşamağa qərib ölkə, ölməyə vətən yaxşı...

- Bizdən nəyi öyrənə bilmisiniz?

- Sizə qəribə gələcək, amma mənə elə gəlir, azərbaycanlıyam. Əsəbiləşəndə, öz-özümə danışanda Azərbaycan dilində danışıram. Yuxu görəndə də Azərbaycan dilində görürəm. Bura gələndə 33 yaşım var idi, indi 44-dür...

- İlk təəssüratınız necə idi?

- Uzaq ölkə haqqında təsəvvür həmişə az olur. Düşünürdüm, primitiv, inkişaf etməmiş ölkəyə gedirəm. Bakıya gəldim, fərqli situasiya gördüm. Azərbaycanda pakistanlılara hörmət çoxdur.

Ümumiyyətlə, xalqlarımız arasında qarşılıqlı hörmət var.

- Bir maliyyəçi kimi, dolların başqa valyutalara nisbətdə bahalaşmasından nə gözləyirsiniz?

- Məsələ dolların bahalaşması deyil. Bu proseslər dünyada həmişə cərəyan edib. Hər 8 ildən bir dünya böhran yaşayır. 2008-ci ildə böhran yaşandı, 2014-cü ildə yenidən başladı. Bu böhran 1-2 il davam edəcək, qarşıdakı 4 il sabitlik olacaq. 2022-ci ildə böhran yenidən başlayacaq...

- Azərbaycanda dolların bahalaşması sakit qarşılanmır. Xüsusilə əhali tərəfindən...

- Doğrudur, devalvasiya əhalidə ajiotaj yaradır. Çünki devalvasiyaya alışıq deyillər. Pakistanda devalvasiya bir neçə dəfə baş verir. Reaksiya sakit olur. Panikaya o insanlar düşür ki, 3-4 milyon valyutası və üzərində öhdəlikləri olur. Baxın, biz bir neçə ay əvvəl 40 dərəcə istidə yaşayırdıq. Bir aydan sonra mənfi 5-6 dərəcədə yaşayacağıq. 50 dərəcə fərqə həm siz, həm də mən dözəcəm. Bir şərtlə ki, yayda yay, qışda qış paltarı geyinmək lazımdır. İqtisadi böhran da hər kəsə təsir edəcək. Sadəcə, insan gəlirinin-çıxarının hesabını yaxşı aparmalıdır. Məsələn, əvvəl həftədə 2 dəfə restorana gedirdimsə, indi ayda bir dəfə gedəcəm.

- Məşhur "Qara şənbə" ərəfəsində dollar almadınız?

- Yox. Bir manatımı da dollara çevirmədim. Belə gəlir mənə lazım deyil. Amma adamlar var idi ki, dost-tanışlardan borc alıb, aparıb dollara dəyişirdilər. Sonra da devalvasiyanın 34 faiz olmasından şikayətləndilər. Devalvasiya bəlkə də 10 faiz təşkil edəcəkdi. İnsanlar valyuta məntəqələrinə axışmaqla öz pullarının dəyərini öldürdülər.

- Sizcə, azərbaycanlılar nə qədər dindardırlar?

- Dindar olmaq ikinci pillədi, birinci pillə dini anlayışdı. Pakistanda dini anlayış daha dərindir. Çünki universitetə qədər ilahiyyat vacib fənn hesab edilir. 14 il dini təhsil alırsan. Azərbaycanda gənc nəsil dinə çox meyillidir. İkinci məsələ dinə əməl etməkdir. Bəziləri, sadəcə, bunu görüntü xatirinə edir, bəziləri də içdən gəldiyi üçün dinin tələblərinə uyur. Bizdə birincilər daha çoxdurlar. Azərbaycanda bir yaxşı şey müşahidə etmişəm, dinlə məşğul olanlar bir yolu tuturlar. Məsələn, mənə sual verirlər ki, "içki içirsən", deyirəm, yox, "namaz qılırsan?", deyirəm, yox. Onda "niyə içmirsən" deyə soruşurlar. Orta yoxdur. Bizdə Pakistanda namaz qılıb içki içənlər var. Hansı ki, bunu Azərbaycanda görmək mümkün deyil.

- Demək olarmı, Pakistanda dinə əməl etmək məcburiyyətdir?

- Bəli. Mən 6 yaşdan Quran oxumağa başlamışam. Anam deyirdi, Quran oxumalısan. 14 yaşım olanda, atam dedi, namaz qılmalısan. 22 yaşım olanda anam rəhmətə getdi, Quranı buraxdım, 30 yaşım olanda atam dünyasını dəyişdi, namaz qılmadım. Yəni, dinin qaydalarına əməl etmək mənim seçimim olmayıb. Azərbaycanda bu, məcburi deyil.

- Pakistana qayıdacaqsınız?

- Yaşamaq üçün burda qalacam. Öləndə Pakistanda torpağa tapşırmalarını istəyirəm.

Həm qonaq çağırırlar, həm də pul ödətdirirlər...

- Gəlin, bu ağır söhbətdən çıxaq. Evdə bazarlığa kim gedir?

- Bəzən mən, bəzən həyat yoldaşım.

- Pakistanda necədir?

- Bizdə əhali çoxdur. Mədəniyyət olaraq evdə ucuz qiymətə bu işlərlə məşğul olan köməkçi fəaliyyət göstərir. Pakistanda ev üçün bazarlıq etməmişəm. Burda ilk dəfə bazara getdim.

- Qiymətlər sizi qorxutmur?

- 2003-cü ildə bura gələndə Azərbaycan məndə bahalı ölkə təəssüratı yaradırdı. Ancaq getdikcə vəziyyət dəyişdi. Hazırda Pakistan daha bahadır. Burda bir çox istehlak məhsullarının qiymətləri stabil saxlanılır. Qiymət bahalaşması 5-10 qəpik civarındadır. Pakistanda son beş ildə əsas istehlak məhsullarının qiymətləri üç dəfə bahalaşıb.10 ildə qazın qiyməti 1 dəfə, işıqpulu 2 dəfə qaldırılıb. Pakistanda bu qiymətlər bəlkə də hər il qaldırılır. Səbəb də odur ki, əhali çoxdur, tələbat artıqdır. Orda bazar sərbəst formalaşır. Burda nəzarət edilir.

- Azərbaycanlı müğənnilərdən kimin səsi xoşunuza gəlir?

- Başına "kepka" qoyan bir xanım ifaçı var idi - Aygün Bəylər. Bura gələndə Azərbaycan dilini bilmirdim, amma onun "Tut ağacı" mahnısına saatlarla qulaq asırdım. Xumar Qədimovanın ləhcəsini bəyənirəm.

- Azərbaycanın hansı bölgələrində olmuşunuz?

- Lənkərandan başqa, bütün rayonlarda olmuşam. Hətta Tərtərə belə getmişəm. Bəlkə də azərbaycanlılardan daha çox bu ölkənin hər yerində olmuşam. Məsələn, Gəncəyə gedəndə Şamaxıdan, İsmayıllıdan keçirəm, Yevlaxdan keçib, Tərtərə gedib qayıdıram. Deyirlər, dəlisən... Amma haqqında eşitdiyim rayonu mütləq görməliyəm.

- Toylara gedirsiniz?

- Məcburiyyətdən. Yarım saatdan artıq oturmuram.

- Niyə, sizdə toylar daha əyləncəli keçir?

- İkisi də məntiqsizdir. Səs, soyuq yeməklər - bunları necə bəyənmək olar? Gözünüzü bağlayın, bir neçə toya gedin, elə biləcəksiniz, elə birindəsiniz. Zalın içərisində eyni kino gedir. 10 il ərzində heç bir toyda sona qədər qalmamışam.

- Sizdə də toya gələn qonaq nəmər atır?

- Bu ənənə rayon yerlərində geniş yayılıb. Şəhərdə yox. Həm qonaq çağırırlar, həm də pul ödətdirirlər. Yaxşı xüsusiyyət deyil...

- Öz toyunuz hansı ölkənin adət-ənənələrinə uyğun olub?

- Hər ikisinin.

- Sizə görə də Bakı gözəldir?

- Bakı yaşamaq üçün, gəzmək üçün gözəl deyil. Buranın əhalisi çox yaxşıdır. Qalmağımın səbəbi də bu xalqdan doymamağımdır. Xalq öz dəyərlərini itirməyib, kökünə çox bağlıdır. 6 ölkə gəzib görmüşəm. Azərbaycan xalqının mədəniyyət dərəcəsi çox yüksəkdir. Hətta öz xalqımdan belə...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm