Şakira: “Azərbaycanda eşitdiyim ilk sual “burada evlənəcəksən?” oldu - BİZ ONLARIN GÖZÜNDƏ
Bizi izləyin

Biz onların gözündə

Şakira: “Azərbaycanda eşitdiyim ilk sual “burada evlənəcəksən?” oldu - BİZ ONLARIN GÖZÜNDƏ

Azərbaycan artıq dünyada kifayət qədər tanınır. Həyata keçirilən iri biznes layihələri, dünya çapında mədəni-kütləvi tədbirlərlə bağlı hər il yüzminlərlə əcnəbi Azərbaycana gəlir. Bu isə ölkə ilə tanışlıqla yanaşı, ölkənin xaricdə tanıdılması deməkdir.

Digər tərəfdən, Azərbaycan son illər iş qurmaq, işləmək, təhsil almaq üçün də cəlbedici ölkələr sırasına qatılıb. Bu baxımdan, ölkəmizdə uzun müddət yaşayanların da sayı artmaqdadır. Onların isə bizi daha yaxşı tanımaq, tanıtmaq imkanları var. Publika.az-ın "Biz onların gözündə" adlı layihəsi də ölkəmizdə yaşayan əcnəbilərin gördükləri Azərbaycanı göstərməyə çalışır oxucularına.

Beləliklə, bu gün Azərbaycanı Qafqaz Universitetində təhsil alan özbəkistanlı, türkmənistanlı və mozambikli 3 tələbənin gözü ilə görəcəyik.

Qısa arayış:

Gülhayo Obakusiyeva - Özbəkistan vətəndaşı. 22 yaşı var. İngilis dili və ədəbiyyatı fakültəsinin 3-cü kurs tələbəsidir.

Şakira İssudo - Mozambik vətəndaşı. Biznesin idarəedilməsi fakültəsinin 2-ci kurs tələbəsidir. 20 yaşı var.

Merjen Durdıbayeva - Türkmənistan vətəndaşı. İngilis dili və ədəbiyyatı fakültəsinin 3 kurs tələbəsidir. 22 yaşı var.

Tələbə təqaüdü ilə təhsilhaqqı...

- Niyə oxumaq üçün Azərbaycanı seçdiniz? Ölkələrinizdə yüksək təhsil verən universitet yoxdur?

Gülhayo Obakusiyeva (G.O.) - Özbəkistanda çox gözəl təhsil müəssisələri var. Sadəcə, fərqli bir universitetdə oxumaq istədim.

Bizdə universitetlərdə təhsilhaqqı aşağıdır. Məsələn, tələbə təqaüdü ilə təhsil haqqının 70-80 faizini ödəyə bilir.

Şakira İssudo (Ş.İ.) - Mozambikdə əla universitetlər var. Niyə məhz Azərbaycanı seçməyimə gəlincə, orta təhsilimi bitirdikdən sonra müəllimlərim mənə buranı məsləhət gördülər.

- Sizdə də təhsilhaqları aşağıdır?

Ş.İ. - Bizdə təhsil ucuzdur.

Merjen Durdıbayeva (M.D.) -Türkmənistanda universitetlər dövlətə məxsus olduğundan təhsil ödənişsizdir. Ona görə müqayisə apara bilməyəcəm.

O ki qaldı niyə oxumaq üçün Azərbaycanı seçməyimə, xaricdə təhsil tələbəyə özünü inkişafetdirmə imkanı verir.

- Bura gələndə diqqətinizi ilk çəkən nə oldu?

M.D. - Azərbaycan dili. Çox tez-tez danışırsınız. Elə bilirdim ingiliscə danışırlar. Halbuki mənə deyirdilər, dillərimiz çox yaxındır. Məsələn, "həştat" sözünü eşidəndə mənə qəribə gəldi. Sən demə, "səksən" deməkmiş.

Bundan başqa, dilənçilər diqqətimi çəkdi. Mənim ölkəmdə küçədə dilənçilərə rast gəlmək olmaz. Polis dərhal saxlayır.

G.O. - Mənim də Azərbaycan dili diqqətimi çəkdi. Dillərimiz eyni dil qrupuna aiddir. Ancaq burada gördüm ki, eyni sözlər çox olsa da, mənaları fərqlidir. Məsələn, sizdə "körpə" sözü var. Bu söz bizdə yorğan deməkdir. Bir də, "bağışlayın" sözü. "Bağışlayın" özbək dilində tamamilə fərqli mənadadır. Bu söz əsasən nikah zamanı istifadə edilir. Kəbini kəsən molla qızdan soruşur ki, "sən özünü bu oğlana bağışlayırsan". Azərbaycanda isə "bağışla" sözü nəzakət ifadəsi olaraq işlədilir.

Ş.İ. - Hava. Mənim ölkəmdə iki fəsil var: yay və qış. Bura gəldikdən sonra çox əziyyət çəkdim.

Yeməklərimiz də fərqlidir. Ölkəmdə qidalarımızın əsasını balıq, tərəvəz təşkil edir. Burada yeməklər çox yağlıdır.

G.O. - Şakira haqlıdır. Azərbaycan yeməkləri yağlıdır.

- Özbək yeməkləri də yağlıdır axı...

G.O. - Hər kəsə öz milli yeməkləri dadlıdır. Düzdür, özbək yeməkləri yağlıdır. Sadəcə, biz yağlı aşdan sonra yaşıl çay içirik, bununla yağ orqanizmimizdə sorulur. Azərbaycanda isə dominant qara çaydır. Ona görə də insanlar tez kökəlir. Bura gələndən sonra biz də sürətlə kilo almağa başladıq.

- Bəs hansı Azərbaycan yeməyini bəyənirsiniz?

Ş.İ. - "Üçbacı dolması"nı. Mozambikə qayıtdıqdan sonra ailəm üçün bişirəcəm.

G.O. - Mən o yeməyi yeyə bilmirəm. Təkcə mərcimək şorbası içə bilirəm.

"Azərbaycanlılar çox yardımsevərdirlər"

- Azərbaycanlı gənclərlə öz aranızdakı fərqi nədə görürsünüz?

Ş.İ. - Mozambikli gənclə azərbaycanlı gənc arasında fərqlər çoxdur. Amma mən də yaşlılara münasibətdən başlamaq istəyirəm. Bizdə özündən böyüklə danışan hər kəs başını aşağı salıb yerə baxır. Bundan əlavə, böyük danışıb sözünü bitirəndən sonra icazə verilirsə, gənc danışır. Burda belə mənzərəyə rast gəlməsəm də, azərbaycanlılar haqqında bir şeyi deyə bilərəm ki, çox yardımsevərdilər.

Gənclərimiz arasında daha bir fərq bizim idmanı çox sevməyimizdir. Azərbaycan gəncləri idmanla az məşğul olurlar.

M.D. - Asiyalı gənclər, xüsusilə qızlar evlənənə qədər valideynlərinin sözündən çıxmırlar.

G.O. - Bizdə yeniyetmələr yaşlı insanlarla daha hörmətlə davranırlar. Avtobusda, metroda gənclər əyləşmirlər.

- Sizcə, ölkələrinizin gənclərinin azərbaycanlı gəncdən üstünlüyü nədədir?

G.O. - Bizdə oğlanlar qızlarla fərqli davranırlar. Burda oğlanlar qızlara şəxsi əmlakı kimi baxırlar.

M.D. - Azərbaycanda oğlanlar ifrat qısqancdırlar. Qızlara sərbəstlik vermirlər.

Ş.İ. - Münasibətlərdə qısqanclıq normaldır. Amma 5 faiz həddində.

- Sizcə, Bakı gözəldirmi?

G.O. - Bizim paytaxt şəhərimiz daha yaşıllıqdır.

M.D. - Mən də eyni fikirdəyəm.

Ş.İ. - Mən də... Mən yaşıllığı Bakıdan kənarda gördüm.

4 gün 4 gecə Mozambik toyu...

- Azərbaycan toyunda olmusunuz?

M.D. - Yox. Amma çox istərdim.

G.O. - Yox...

Ş.İ. – Mən də olmamışam...

- Yəqin ki, küçədə toy, gəlin maşını görmüşünüz. Bizim toy adət-ənənəsi ilə bağlı diqqətinizi ən çox nə çəkib?

G.O. - Gəlinin ətrafında heç kimin olmaması. Bizdə belə deyil. Qohumlar, rəfiqələri qızı tək buraxmırlar. Sizdə xınayaxdı mərasimi keçirilir. Bizdə isə belə adət yoxdur.

M.D. - Mən də ilk dəfə xınayaxdını burda görmüşəm.

- Bəs sizin toy adət-ənənələriniz necədir?

M.D. - Türkmənistanda toy hazırlıqlarına 7 gün əvvəldən başlanır. Toya 3 gün qalmış bütün qohumlar toplaşır, işlərin bölgüsü aparılır. Toy günü ev sahibləri heç nə ilə məşğul olmurlar.

Bir də, bizim adət-ənənədə sizdəki kimi, gəlinin belinə qırmızı bağlamırlar. Ümumiyyətlə, gəlin ata evindən milli geyimdə çıxır.

G.O. - Özbəkistanda da elədir. Gəlin ata evindən milli geyimdə çıxır. Bəyin evində artıq sizdəki kimi, ağ gəlinlik geyinir.

Ş.İ. - Bizdə toy 4 gün davam edir. Birinci gün oğlan tərəfi qızın evinə gəlir. Bir-birinə hədiyyələr təqdim edirlər. Oğlan evinin hədiyyəsi qızın bacısına, valideynlərinə, xalalarına, nənəsinə, babasına olur.

İkinci gün milli toy olur. Həmin gün milli geyimlər geyinirik, böyüklər gənclərə xeyir-dualarını verirlər. Bir nəfər hindistan cevizi ağacına çıxaraq kokos qoparır və gəlin həmin kokosu bəyə verir.

Üçüncü gün gəlini bəyin evinə aparırlar. Orada formal toy keçirilir.

Dördüncü gün gənclər üçün qonaqlıq təşkil edilir.

- Bütün bunlar - iki dəfə toy, hədiyyələr və s. bahalı proses deyil?

- O qədər də bahalı deyil. Eşitdiklərimə əsaslanıb deyə bilərəm ki, Azərbaycanla müqayisədə çox ucuz başa gəlir.

- Qiymətlərdən söz düşmüşkən, burda qiymətlər necədir?

Ş.İ. - Qiymətləri bizim yerli valyutamıza konvertasiya etdikdə, baha olduğunu görürük. Ərzaq sizdə daha bahadır.

G.O. - Sizdə bahaçılıqdı...

M.D. - Türkmənistanda heç nə havayı deyil, ancaq əməkhaqqı səviyyəsinə görə ucuzdur. Məsələn, bizdə müəllim 500 dollar maaş alır.

- Bəs konkret olaraq bizdə nə bahadır və ya nə ucuzdur?

M.D. - Ət çox bahadır.

Ş.İ. - Azərbaycanda qazdan istifadə ucuzdur.

G.O. - Onu deyə bilərəm ki, Özbəkistanda 150 dollar bir ailənin aylıq xərclərini ödəyir. Burda 150 dollarla marketə bir dəfə girmək olar...

Afrikadan Azərbaycana gəlin...

- Azərbaycanda sizə qəribə gələn, təəccübləndirən nələrsə var?

Ş.İ. - İnsanların rus dilində danışması. Bir dəfə alış-veriş zamanı mən Azərbaycan dilində danışdığım halda, satıcı cavabı rus dilində qaytarırdı...

G.O. - Özbəkistanda rus dilini daha çox adam bilir. Amma istifadə etmirlər. Azərbaycanda hələ də rus dilində danışanların sayı çoxdur. Bir də, türk sözlərindən çox istifadə edirlər. Gənclər, demək olar ki, türk dilində danışırlar.

- Bəs siz öz aranızda hansı dildə danışırsınız?

G.O. - Artıq 4 ildir bir-birimizi tanıdığımız üçün bəzən üçümüz də öz dilimizdə danışırıq, amma bir-birimizi başa düşürük.

- Azərbaycan dilini necə öyrəndiniz?

G.O. - Bura gələndən sonra sırf dili öyrənmək üçün yataqxanaya yerləşdim. İlk öyrəndiyim dil türk dili oldu. Çünki azərbaycanlı tələbələr türkcə danışırlar.

Ş.İ. - Tələbə yoldaşlarımdan mənə Azərbaycan dilini öyrətmələrini xahiş etdim. Dedilər, sən əvvəlcə bizə ingilis dilini öyrət. Yataqxanadakıların sayəsində Azərbaycan dilini öyrəndim.

- Nə düşünürsünüz, bir azərbaycanlı ilə ailə qurub burda qalarsınız?

Ş.İ. - (Gülür) Bura gəldiyim gün verilən ikinci sual bu olmuşdu. Hava limanında əvvəlcə gəliş məqsədimi, ardınca "Burada evlənəcəksən?" deyə sorğu-sual etdilər. Məncə, belə şeylər qismətlə bağlıdır. Amma maraqlı olar - Afrikadan gəlin gətirilsin.

G.O. - Düşünmürəm. Valideynlərimi qoyub qalmaram burda.

Cavanlar avropalı, yaşlılar asiyalı...

- Sizdə ailədə hansı ifadə keçərlidir: ev sahibəsi, yoxsa ev sahibi?

Ş.İ. - Bizdə "qadının yeri mətbəxdir" ifadəsi yoxdur. Ev işləri bölünüb.

M.D. - Bizim ailədə qız çox olduğundan kişilər ev işlərinə qarışmırlar.

G.O. - Atamla anam evi bərabər idarə edirlər. Amma kişilər paltar yumur.

- Qonaq olduğunuz azərbaycanlı ailəsində diqqətinizi nə çəkib?

G.O. - Qadınlar yemək bişirir, qulluq edir. Bütün bu prosesdə kişilər onlara kömək etmirlər. Bizdə fərqlidir. Xüsusilə əlamətdar günlərdə - 8 Martda, anamın ad günündə yeməyi atam bişirir.

Bundan başqa, Qurban bayramında, Novruzda atam və anam mətbəxdə bərabər bayram hazırlıqları görürlər.

Ş.İ. - Mənim ölkəmdə 13 yaşında qız və ya oğlan yemək bişirməyi, paltar yumağı bilmirsə, bu, çox utancvericidir. Azərbaycanda çox fərqli situasiyadır. Bütün yük analardadır. Qonaq gəlirsə, süfrəni ana açır, yeməyi ana çəkir. Mozambikdə əgər evdə uşaq varsa, ana çox az mətbəxə girir.

- Sizcə, Azərbaycan Asiya ölkəsidir, yoxsa Avropa?

G.O. - Elə insanlar var ki, xarici görünüşündən asiyalıdır, amma daxildə avropalıdır, bir qismi də əksinə.

M.D. - Gənclər avropalı kimi davranırlar. Amma yaşlılar asiyalı.

Ş.İ. - Mənim fikrimcə, Azərbaycanda avropalaşmış yer Bakıdır. Regionları gəzdikcə, buranın həm də Asiya olduğunu dərk edirsən.

- Bakıda yadınızda ən çox qalan nədir?

G.O. - Neftin iyi.

M.D. - Xəzərin üstünün yağlı olması. Azərbaycana gəmi ilə gəlirəm. Türkmənistanın dəniz sərhədini keçən kimi fərqi hiss edirəm.

- Ölkənizə qayıdanda burdan özünüzlə nə aparmaq istərdiniz?

G.O. - Sizin milli geyimlərinizdən araxçını çox bəyənirəm. Birini alıb aparacam.

M.D. – Kəlağayı. Hər rəngindən alıb aparacam.

- Təhsildən başqa, burada yaşamaq sizə nəyi öyrətdi?

Ş.İ. - Burda insanlara rənginə görə fərq qoyulduğunu gördüm. Çox əziyyət çəkdim. Elələri var idi, məni görüb deyirdilər, "bismillah, bu nədir?" İnsanlar böyük şeyləri kənara qoyub, kiçik şeylərə önəm verirlər. Hamımız Adəmdən gəlmişik...

G.O. - Mən də belə vəziyyəti yaşamışam. Məni kənd qızına bənzədirdilər. Bu, çox qəlbimə dəyirdi.

M.D. - Uzun ətəklər geyindiyimə görə sorğu-sual edilirdim. Halbuki uzun paltar geyinmək bizim adətimizdir. Dünyanın hansı ölkəsində olursam olum, geyimim dəyişməyəcək. Çünki atam nə qısa, nə də şalvar geyinməyə icazə verir.

Leyla Əliyeva

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm