İçərişəhərin ən sirli məkanı: Bura gələn əcnəbilər gözlərinə inanmırlar - FOTOLAR
Bizi izləyin

Xüsusi

İçərişəhərin ən sirli məkanı: Bura gələn əcnəbilər gözlərinə inanmırlar - FOTOLAR

İstənilən toplumu güclü xalq edən onun maddi və mənəvi dəyərləri, tarixi keçmişidir. Vətənimizin zəngin sərvətləri, əsrarəngiz təbiəti, zəhmətkeş və bacarıqlı “vətən”daşları yüzilliklər boyu xalq yaradıcılığının formalaşıb, təkmilləşməsi yolunda səfərbər olublar. Qərinələrin sınağından çıxmış, yadellilərin amansız istilalarına sinə gərmiş xalq yaradıcılığımız özündə əcadlarımızın güzəranını, təfəkkürünü ehtiva edir.

Bu gün bizi azərbaycanlı olaraq dünyaya tanıdan dekorativ tətbiqi sənətimizin bir sıra növləri unudulmaq təhlükəsi ilə üz-üzədir. Hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçən xalq sənəti çeşməsi incilərinin təbliği və qorunması yolunda ABAD mərkəzlərinin əməyi danılmazdır.

Yolumuzu paxtaxtın ən sehirli məkanı, hər daşı, qayası bir tarix pıçıldayan İçərişəhərdən salırıq. Bakının köksündə yerləşən bu balaca şəhərin havası belə məmləkət qoxur. Buradakı ABAD-a daxil olanda isə insan sanki keçmişinə səyahət edib, öz kökünə dönür.

Publika.az-ın müsahibi ABAD Mərkəzinin Dekorativ Tətbiqi xalq sənəti sektorunun rəhbəri İradə Əmiraslanovadır.

- İradə xanım, xalq sənətinin bu qədər qolunu bir yerə toplayaraq tariximiz naminə böyük işlər görürsünüz. ABAD-ın yaradılmasından danışaqmı?

- 2016-cı ilin 23 sentyabr tarixində cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində ABAD-ın (Ailə Biznesinə Asan Dəstək) yaradılması haqqında fərman imzalayıb. Bu mərkəzin iki əsas istiqaməti var. Birinci vəzifəsi Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaqdan ibarətdir. İkinci istiqamət isə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrin dəstəklənməsidir. Əvvəllər sənətkar ailələri hazırladıqları məhsulların satışı ilə bağlı müəyyən çətinliklərlə qarşılaşırdılarsa, bu gün onlar əl işlərini ABAD sərgi-satış mərkəzləri vasitəsilə reallaşdıra bilirlər.

- El sənəti ilə məşğul olan bu istedadlı həmvətənlərimizi necə axtarıb tapırsınız?

- Biz çovğun, qar, təhlükə demədən, daim bölgələrimizə, ən ucqar ərazilərimizə səyahət edirik. Xalq sənəti ustalarını tapıb, görüşlərinə gedirik. Məsələn, Lahıcdan olan çox dəyərli el sənətkarlarımızla, misgərlərimizlə əməkdaşlıq edirik. Bundan əlavə, çoxlarına məlum olmayan dabbaqlıq sənətinin inkişafına dəstək veririk. Dabbaqlıq Lahıcda metal emalından sonra tarixən ən çox inkişaf etmiş sənət növüdür. Bu peşənin ustaları dəri məmulatlarından yüksək zövq və böyük məharətlə ayaqqabı, kəmər, dəri gödəkcələr və yəhərlər hazırlayırlar.

- Mərkəzdəki sənət nümunələrinə baxdıqca insanın gözü dincəlir. Nizaminin əsərlərindən fraqmentlər həkk olunmuş bu qablar kimin əl işidir?

- Bu əsərləri hər kəs çox sevir. Müəllif gəncəli keramika ustası Nağı Nağıyevdir. Nağı usta ölkəmizdə öz sahəsinin yeganə peşəkarıdır. ABAD-la əməkdaşlığa qədər əsərlərinə maraq az olduğu üçün ruhdan düşüb, sənətin daşını atmaq istəyirdi. Hazırda isə ən çox tələb olan sənətkarlarımızdandır.

- Bəs bu möhtəşəm əsərlər yaradan ustanın davamçısı yoxdur?

- Bizimlə tərəfdaşlıqdan sonra Nağı usta daha çox ilhamlanıb və öz sahəsi üzrə yeni mütəxəssislər hazırlamağa qərar verib.

- Mərkəzdə milli personajlarımızın təsvirləri əks olunmuş suvenirlər görürəm. Bu da mədəniyyətimizin təbliği yolunda maraqlı təşəbbüsdür.

- Bəli, Tıq-tıq xanım, Məşədi İbad, Cırtdan və s. qəhrəmanlarımızın təsvirlərində oyuncaqlar, suvenirlər var. Nə vaxta qədər xarici personajlar bəzəyəcək vitrinlərmizi? Öz milli obrazlarımıza nə gəlib ki?!

- ABAD-a böyük turist axını var.

- Elədir, bu gün Azərbaycan əcnəbi turistlərin ən çox ziyarət etdiyi ölkələrdən biridir. Vətənimizə səfər edən xaricilər geri qayıdarkən, Azərbaycanı xatırladacaq müəyyən hədiyyələr almaq istəyirlər. Əvvəllər bazarda təqdim olunan suvenir məhsullarının üzərində Azərbaycan təsvirləri olsa da, onlar əsasən xarici ölkələrdə, o cümlədən Çində hazırlanırdı. Belə bir vəziyyətdə illərdir ki, dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan, gözəl ustalarımızın əsərlərini toz basırdı. Tək İçərişəhərdəki bu mərkəzimizdə alıcılara 63 yerli sənətkar ailəsinin əl əməyi, göz nuru təqdim olunur.

- Bəs əcnəbilər ən çox hansı əl işlərinə maraq göstərirlər?

- Üzərində əllə işlənmiş naxışlardan ibarət şüşə qablardan tutmuş, araqçın formalı saç sancaqlarınadək, keramika nümunələrdən, kəlağayılara, təbii baladək bütün məhsullarımızı sevə-sevə alıb vətənlərinə aparırlar. Bizim fəaliyyətimiz maraqlı marketinq üsullarına dayanır. Məsələn, böyük ölçülü mis qabları turist alıb apara bilmirsə, biz ona eyni materialdan hazırlanmış kiçik maqnit suvenir, böyük xalça əvəzinə əl içi ölçüsündə minatür xalçalar təqdim edirik. Əsas odur ki, bir əcnəbi mədəniyyətimizin kiçik bir zərrəsini öz doğmalarına hədiyyə aparacaq, el sənətimizin bir nümunəsi kilometrlərlə uzaq məsafədə bir evin divarını bəzəyəcək.

- Bildiyimə görə, fiziki məhdudiyyətli şəxslərlə də əməkdaşlıq edirsiniz?

- Bəli, ailə biznesinə dəstək məqsədilə yaradılmış mərkəzimiz fiziki əngəlliləri də diqqətdən kənar qoymur. Onların əl işləri stendlərimizdə çoxluq təşkil edir.

- Qədim sənət növlərilə yanaşı, müasir dekorativ sənət nümunələrinə də rast gəlmək olur.

- Məqsədimiz tariximizi müsbət yöndən tanıtmaqdır. Hazırda bu yolda mənimlə birgə iki xanım rəssam çalışır. Tez-tez bölgələrimizdəki sənətkarlarımızla görüşüb, əl işlərini az da olsa, dövrümüzə uyğunlaşdırıb, hazırlamaq haqda söhbət edirik. Yəni hansısa xırda element dəyişdirilir, yeni bir ornament əlavə edilir. Beləcə daha fərqli bir iş ərsəyə gəlir. Buna zərgərlik nümunələrində də rast gələ bilərsiniz.

- İradə xanım, sənətkarlar hamısı əslən azərbaycanlıdırlar?

- Xeyr, bizimlə birgə ruslar, yəhudilər də çalışır. Hətta sizə maraqlı fakt deyim, Qusar rayonunda yaşayan amerikalı Teresa Hamlin adlı toxucumuz da var.

Teresa Hamlin adlı bu xanımı yaxından tanımaq yəqin ki, oxucularımıza da maraqlarını çəkər deyib, onunla da həmsöhbət olduq. Özü də xanım Hamlin Azərbaycan dilində ən az bizim qədər gözəl danışır.

Картинки по запросу teresa hamlin

- Teresa xanım, neçə ildir Azərbaycandasınız?

- Artıq 12-ci ilə keçib.

- Bəs gəlişiniz necə oldu vətənimizə?

- İxtisasca müəlliməm. Bir müddət Qusarda, Şahdağda peşəm üzrə işləmişəm.

- Toxuculuq sevdanız nə vaxt yarandı?

- Qusarda çalışdığım müddətdə bu ailə biznesinə başlamışam. Atam və anam məni ziyarət etməyə gəlmişdilər. Orada anama yerli toxunma corab hədiyyə etdilər. Onu geyindi, bir müddət sonra cırıldı və anam corabı yenidən tikib geyindi. Mənə zəng edib həmin corablardan istədi. Amerikadakı digər dostlarım da bu məhsulları bəyənmişdilər. Beləliklə, bu corabın istehsalını artırmaq üçün şirkət qurmaq qərarına gəldim. İndi 20-yə yaxın toxucu ilə işləyirəm. Rəhbərlik etdiyim toxucu xanımlarla birgə, yerli ləzgi corabları, uzun corablar, toxunma suvenirlər, əlcəklər, gəlinciklər, dekorativ corablar hazırlayırıq.

Картинки по запросу teresa hamlin

- Müəllimlikdən toxuculuğa keçid çətin olmadı ki?

- Məncə, bu sahə özü məni seçib. Bir neçə ildir ki, ingilis dilini tədris edirdim və artıq yorulmuşdum. Bu sahəyə marağım daha üstün gəldi və özümə biznes qurdum.

- Eşitdiyimə görə, əl işlərinizi xarici ölkələrdə baş tutan satış sərgilərində də nümayiş etdirirsiniz?

- Əlbəttə, istəyirəm ki, satış bazarımı genişləndirim, toxucularım daha çox qazansınlar. Mənim məhsullarım Fransada Azərbaycan mədəniyyəti günlərinə həsr olunmuş sərgidə də iştirak edib və satılıb. Bundan sonra da, ABAD-ın sayəsində daha çox gəlir əldə edəcəyimi düşünürəm.

- Əziz Teresa, həm el sənətimizi yaşatdığınıza, həm də dilimizdə belə gözəl ünsiyyət qurduğunuza görə təşəkkür edirəm.

- Diqqətiniz üçün minnətdaram.

Bu gün ABAD sənət mərkəzi, unudulmaqda olan onlarla xalq sənəti incilərimizin təbliğilə yanaşı, həm də bir çox sənətkar ailəsinin yaxın dostu, ümid yeri, gəlir mənbəyidir. Xalq sənətimizin tarixi yollarını abadlaşdıran ABAD rəhbərliyinə və əməkdaşlarına bu yolda daha böyük uğurlar arzulayırıq.

Leyla Sarabi

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm