Gerçək öpüşlərə inanan ikona: "Təkcinsli münasibətlərə meyilli olduğum..."
Bizi izləyin

Xüsusi

Gerçək öpüşlərə inanan ikona: "Təkcinsli münasibətlərə meyilli olduğum..."

İfa etdiyi pop və caz musiqisinin sintezindən yaranan əsərlər öz hərarəti, qəlbəyaxınlığı ilə hər kəsin ürəyinə yol tapır. Həmçinin daimi qastrol səfərləri də bu xanımın uğurunun əsas formulu sayıla bilər. Söhbət milyonların sevimlisi, fransız müğənni Patrisia Kaasdan gedir. Şarmlı, zövqlü və əsrarəngiz Kaasın gözəl səsinə biganə qalmaq olmur. Son vaxtlar haqqında eynicinsli münasibətlərə meylliliyi ilə bağlı yayılan söhbətlərin səngimək bilmədiyi bu gözəl xanımın ifaları fransız ətiri kimi insanı bihuş edir.

Bəs Bakıda da iki dəfə konsert verən bu xanım haqda nələri bilirik? Almanəsilli Patrisianın həyatında çoxumuz üçün qaranlıq qalan məqamlara birgə göz gəzdirək.

Патрисия Каас в детстве

Patrisia 1966-ci il dekabrın 5-də Fransanın Forbak şəhərində doğulub. Mədənçi Jozeflə evdar qadın İmqardın ailəsində dünyaya göz açan balaca Patrisianın özündən başqa 6 bacı-qardaşı da vardı. Fransa ilə Almaniyanın sərhədində yaşayan bu alman ailəsi evdə əsasən doğma dildə ünsiyyət qururdular. Odur ki, uşaqların hamısı fransızca zəif danışırdılar.

Uşaqlıqdan musiqiyə dərin həvəs göstərən Patrisianın ən böyük dəstəkçisi anası idi. Onun repertuarının özülünü Edit Piaf, Mirey Matye və Dalidanın mahnıları təşkil edirdi. Bundan əlavə, Layza Minellinin yaradıcılığına da dərin maraq göstərirdi. 9 yaşından etibarən ifaçılığa başlayan qızcığaz davamlı olaraq müxtəlif kabarelərlə müqavilələr imzalayır, müsabiqə və festivallarda çıxış edirdi. Patrisia dəfələrlə müsahibələrində etiraf edir ki, uşaqlığı çox erkən bitib, çünki böyük ailəsinin bütün yükü onun çiyinlərində idi.

Патрисия Каас в детстве

Lakin fransız prodüserlərə ikinci Mirey Matye gərək deyildi. Odur ki, Patrisianın çoxşaxəli yaradıcılıq qabiliyyətinə baxmayaraq, sənətin zirvəsinə ucala bilmirdi. 19 yaşı tamam olanda isə təsadüfən məşhur fransız memar Bernar Şvartsla qarşılaşır. Şvarts ifasını şox bəyənir və onu Parisə dəvət edir. Sevgi şəhərində gənc qız bir çox incəsənət xadimləri, o cümlədən tanınmış aktyor Jerard Depardye ilə tanış olur. Depardyenin həyat yoldaşı Elizabetlə birgə ilk “Jalouse” ( Qısqanc) sinqlını buraxandan sonra məşhur aktyor onu öz himayəsinə götürür. Bu iş birliyi Kaasa tez bir zamanda dünya şöhrəti qazandırır. Bir-birinin ardınca dünya hit-paradlarında ilk sıralara qalxan mahnıları onu musiqi həvəskarlarının sevimlisinə çevirir. 3 milyon tirajdan artıq diski çıxır və dünyanın dörd bir yanına yayılır. Lakin hər bir uğur özü ilə birgə kədər və itki də gətirir. Sənətin zirvəsində olan gənc müğənni 1989-cu ildə anasını itirir. Patrisianın anası uzun sürən xəstəlikdən sonra gözlərini əbədi yumur. Anasının yoxluğunu dünya səfərlərilə ovutmağa çalışan Kaas 1991-ci ildə ən mötəbər musiqi mükafatı sayılan "World Music Awards"ın ən çox sevilən xarici müğənni tituluna layiq görülür.

Günbəgün, saatbasaat məşhurluğun zirvəsinə qalxan Patirsia qanlı Vyetnam müharibəsi bitər-bitməz, bu ölkəyə səfər edən ilk müğənni olur. Ardınca Koreya, Tailand, Kamboca kimi ölkələrdə qastrol səfərlərilə çıxış edən Kaas 2001-ci ildə “Yaxşıların yaxşısı” adlı albomunu yazdırır.

Похожее изображение

Bundan sonra “İndi isə xanımlar və cənablar” filmində baş rolda çəkilir. Ekran əsərində müğənninin tərəf müqabili Ceremi Ayrons olur. Kann festivalında filmin təqdimatına gələn cütlüyün arasında gizli münasibt olduğu da üzə çıxır. Hətta paparazzi onları ehtirasla öpüşən vəziyyətdə yaxalayır. Lakin bu alovlu eşq uzun sürmür. Sonradan məlum olur ki, bütün bu oyunlar rejissorun planlı şəkildə irəli sürdüyü reklam kampaniyasıdır.

Patrisia Kaasın yaradıcılığındakı uğurlardan biri də Plasido Dominqo ilə bir səhnəni bölüşməsi olur. 2009-cu ildə isə "France 2" kanalının ricası ilə Fransanı "Avroviziya-2009" müsabiqəsində təmsil edir. Moskvada baş tutan müsabiqədə Kaasın çıxışı ikiqat bayrama çevrilir. Həmin gün anasının ölümünün ildönümü olduğu üçün Patrisia daha kövrək və həyəcanlı idi. Buna baxmayaraq, 107 bal toplayaraq, 7-ci yerə layiq görülür.

Şəxsi həyat

Təəssüf ki, Kaasın şəxsi həyatı yaradıcılığı qədər işıqlı və uğurlu olmur. Xoşbəxt ailə tablosu da valideynlərinin evində qalır. 52 yaşlı müğənniyə həkimlər hələ gənclik illərində bildirirlər ki, heç vaxt ana ola bilməyəcək. Patrisia bunu həyatının əsas faciəsi kimi dəyərləndirir. Bu günədək çoxsaylı eşq macərası yaşayan cazibədar xanımın sevgililəri arasında Alen Delon da olub. Lakin Patrisia bu faktı həmişə təkzib edərək, münasibətlərinə dostluq libası geyindirib. Buna baxmayaraq, romantik görüşlər, gül-çiçək dəstələri, Kann festivalında dəfələrlə birgə görünməkləri iki məşhur arasında yaşanmış sevgini sübut edir.

Картинки по запросу Patricia Kaas le livre

Bundan əlavə, belçikalı gənc bəstəkarla ciddi münasibəti olan Patrisia ardı-arası kəsilməyən qastrollar ucbatından ondan ayrılmaq məcburiyyətində qalır. Filipp adlı sevgilisinin ayrılandan sonra Patrisiadan pul tələb etməsi müğənnini çox sarsıdır. Musiqi ikonası sayılan 52 yaşlı Patrisia Kaas bu gün də öz zərifliyi, şarmı, gözəlliyi ilə pərəstişkarlarının, musiqisevərlərin diqqət mərkəzindədir. Müğənnilik fəaliyyətindən əlavə, reklamlarda rol alan Kaasın müsahibələr zamanı işlətdiyi ən maraqlı fikirləri təqdim edirik:

"Özümü Edit Piafa çox bənzədirəm. Xoşbəxtlikdən mənim həyatım onunku qədər kədərli deyil, amma hər ikimizin həyata baxışı eynidir. Mən də onun kimi tənhalıqdan qaçıram, ailə arzusundayam. Lakin bizim peşəmizi seçən insanlar bu təkliyə hazır olmalıdır. Yeganə təsəllim sevənlərimdir".

***

"Həyatda çəkdiyim ən böyük acı anamın ölümüdür. Bilirsiniz, mən ailənin 7-ci, hətta deyərdim, təsadüfi övladıyam. Valideynlərimin məndən öncə 5 oğlu olub, 6-cı isə bacım dünyaya göz açıb. Mənim dünyaya gəlişim isə planlanmamışdı. Lakin çətin güzərana rəğmən, anam mənə həyat verməyi seçir. Bizim aramızda qəribə doğmalıq telləri vardı. Odur ki, anamı itirəndə, sanki mən də onunla birgə öldüm. 1989-cu ildə onu torpağa tapşırıb, nişan üzüyünü barmağıma taxdım. Anamın üzüyü sanki məni dünyanın pisliklərindən qoruyurdu. Ürəyim də sakit idi, çünki anamın bir parçası daim mənimləydi. Bir neçə ildən sonra isə düşündüm ki, həyat davam edir və mən anamın kölgəsində yaşamaqdan vaz keçməliyəm. Çünki axır-əvvəl hamımız öləcəyik. Bir az da özümüz üçün yaşamalıyıq. Həmin gün üzüyü barmağımdan çıxardım".

***

"Anam mənə hər zaman deyirdi ki, sənin böyüdüyünü görmək istəyirəm. Onun xatirinə durmadan, sürətlə böyüdüm. Sonda isə özümü qapalı, qaranlıq orağın küncündə tapdım".

***

"Uzun müddət ictimaiyyətə gizli qalan sirlərimi “L'Ombre de ma voix” (Səsimin kölgəsi) adlı avtobioqrafik kitabımda yazdım. Bu kitabda özümə belə etiraf edə bilmədiyim sirlərimi açmışam".

Картинки по запросу Patricia Kaas le livre

***

"Həyatıma girən bütün kişilər öncə mənə və sənətimə rəğbət bəsləyirlər. Bir müddət sonra isə məşuqəsini ərinə qısqanan sevgili roluna keçib, məni qısqanmağa başlayırlar. Çünki mənim üçün sənətimin hər şeydən öncə gəldiyini anlayırlar".

***

"Fransız qadınları haqda dolaşan miflər sizi təəccübləndirməsin. Biz rahat geyimləri, cins şalvarları hər şeydən üstün tututuq. Bu günədək nə şəxsi saç ustam, nə də makiyaj üzrə mütəxəssisim olub. Səhnəyə çıxanda da özüm bəzənmişəm. Düşünürəm ki, belə daha gözəl görünürəm. Lakin hər gün göz makiyajı edirəm. Çünki kirpiklərim açıq rəgdədir. Mənsə böyük gözləri sevirəm. Bunun üçün də əməlli-başlı əziyyət çəkməli oluram".

***

"Yemək vaxtı musiqi dinləməyi sevmirəm, lakin buna ehtiyac varsa, Adeli dinləyərdim. O, çox zərifdir".

***

"Fransız qadınlarının incəliyinin sirrini bilmirəm. Şəxsən mən durmadan yeyə bilərəm, lakin xoşbəxtlikdən kökəlmirəm".

***

"Təkcinsli münasibətlərə meyilli olduğum haqda şayiələr gəzir. Çünki ətrafımda lezbiyan rəfiqələrim çoxdur, gey dostlarımsa məni özlərinə ikona sayırlar. Lakin bu dedi-qodular vecimə deyil. Onları təkzib edib, əfsanəyə çevirmirəm. Buna ayıracaq zamanım da yoxdur. Ətrafımda yaşayıb, ölürlər".

***

"Heç vaxt bahalı brendlərə üstünlük verməmişəm. Bir geyimi bəyənirəmsə, ikinci əl mağazasından olsa da, alıram. Sonra isə maraqlı çanta və ayaqqabı ilə uyğunlaşdırıb, geyinirəm".

***

"Alen Delon mənə dəfələrlə deyib ki, səhnə insanının həyatı yalnızlıq içərisində bitir. Odur ki, eşq hekayələrinə deyil, gerçək öpüşlərə inanıram".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm