Məşhur tərcüməçi: “Həyat yoldaşının sayı 2, yaxud 3 olsa da...” - ÖZƏL MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Məşhur tərcüməçi: “Həyat yoldaşının sayı 2, yaxud 3 olsa da...” - ÖZƏL MÜSAHİBƏ

Publika.az-ın xüsusi qonağı Ankara Hacı Bayram Veli Universitetinin Mütərcimlik bölümünün professoru, Türkiyə və Çin dövlət başçılarının rəsmi görüşlərində tərcüməçi kimi iştirak edən Doktor Giray Fidandır.

- Giray bəy, Çin deyəndə ağlınıza ilk nə gəlir?

- İlk növbədə sürət, mütəmadilik gəlir. Əminəm ki, çoxları bu ölkənin adı gələndə Çin Səddini düşünür. Çin səddi bu ölkənin tarixinin rəmzidir. Bu sədd Çinin xarakteristikasıdır. Əlbəttə siyahını uzatdıqca uzada bilərik.

- Çinin tək uşaq siyasətindən danışa bilərsinizmi?

- Yəqin bilirsiniz Çinin tək uşaq siyasəti artıq aradan qalxır. Çin tarix boyu dünyanın ən çox əhalisi olan ölkəsi olub. Xüsusən də 16-17-ci əsrlərdə bu göstərici elə artıb ki, əkin ərazilərində belə kütləvi halda insanlar məskunlaşıb. Getdikcə bu hal ölkənin siyasi-iqtisadi həyatında böyük problemlər yaradır. Odur ki, 20-ci əsrin sonu Çində tək uşaqlılığa dair qanun qüvvəyə minir. Artıq bu qanuna dəyişiklik edilib və iki uşaq dünyaya gətirməyə izn verilib. İnanmaq çətin olsa da təxminən 2030-cu ildə Çində gənc nəslin sayı kəskin şəkildə azalacaq və ölkə demoqrafik problemlə üz-üzə qalacaq. Ümumiyyətlə, ailədə tək böyüyən uşağın istəkləri, tələbləri də çox olur. Çünki ailə bütün sevgisini də, pulunu da onun yolunda sərf edir. Bu isə uşağın şəxsiyyət kimi formalaşmağında bəzi problemlər yaradır. Onu da bildirim ki, çinlilər uzunömürlü olsalar da, dünyanın ən sürətli qocalan millətidir.

- Bəs Çin dilinə marağınız haradan qaynaqlanır?

- Nəinki çincəyə, bütövlükdə Uzaq Şərq dillərinə həvəsim ibtidai sinifdə oxuduğum zamanlar baş qaldırdı. Yaşım az idi. Təsadüfən əlimə yaponca bir kitab keçdi. Başa düşdüm ki, uzaq şərq dillərini öyrənmək istəyirəm. Elə o vaxtdan bu günə qədər öyrənirəm.

- Dünyanın bütün pandalarının Çində yaşadığını eşitmişəm. Bu ölkəni bizim üçün maraqlı edən başqa hansı özəllikləri var?

- Bəli dünyanın bütün pandaları Çinin ərazisində yaşayırlar. Çin bütün özəllikləri ilə marağınızı çəkə bilər. Bura dil, yemək mədəniyyəti, həyat tərzi və s. aiddir. Bu gün içdiyimiz çayların da ilk vətəni Çindir. Bu ölkədə müxtəlif növ çaylar istehsal olunur, hər birini də fərqli dəmlənmə qaydaları var. Yəni Çində çay içmə ayini də xüsusi mədəniyyətdir.

- Giray bəy, Çin və Osmanlının tarixi əlaqələrindən bəhs edən əsərlərin, o cümlədən “Çindən görünən Osmanlı” kitabının müəllifisiniz. Çindən Osmanlı necə görünür?

- Uzun illərdir Çinin Yaxın Şərq, Osmanlı və Cümhuriyyət Türkiyəsi ilə olan münasibətlərini araşdırıram. Nəşr edilən kitablarımın da əsas mövzusu budur. Xüsusən də 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Türkiyə Çində yüksək intellektli inkişaf etmiş dövlət kimi tanınmağa başlayıb.

- Qanuni Süleymanın hakimiyyəti dövründə Osmanlının Çinə ixrac etdiyi silahlar haqda nə deyə bilərsiniz?

- 16-cı əsrdə Osmanlının ən önəmli rəqibləri Portuqaliya və İspaniya idi. Buna görə də Osmanlı İmperiyası bu rəqabəti əli çatmadığı coğrafiyalara tüfəng və top kimi odlu silah mütəxəssisləri yollayaraq davam etdirib. Çində hər iki imperiyanın silah hazırlayan mütəxəssisləri Osmanlı tüfənglərinin istehsalı ilə məşğul olublar. 16-ci yüzilliyin sonlarında Çində Min sülaləsinin hakimiyyəti dövründə Osmanlı tüfənglərindən Portuqaliyadan aldıqları silahla hücuma gələn yapon qaçaqçılarına qarşı istifadə edilib.

- Marağımı çox çəkən bir mövzu var - Tibet xalq təbabəti... Sizcə, də bu təbabət müasir tibbin ən yaxşı alternativi deyilmi?

- Tibet, ümumilikdə Çin və Uzaq Şərq təbabətin vətəni sayılır. Çində bu sahədə çalışan çox sayda mütəxəssis var. Tibet təbabəti də ənənəvi tibbin ən önəmli qoludur. Tibet təbabətində mineral maddələr dərman kimi istifadə olunur. Bu təbabətdə əsas günəş və hava da əsas qida mənbəyi sayılır. Həmçinin pəhrizə əməl etmək önəmli şərtdir. Hər il dünyadan Tibetə milyonlarla insan axışır. Hamısının da əsas məqsədi, şəfa tapmaqdır. Tibet dili də çincədən tam fərqlənir.

- Daha bir mövzu... Çin İmperiyasının hərəmi haqda bizə məlumat verə bilərsiniz?

- Çin tarixi boyu 24 fərqli sülalənin idarəsində olub. Hətta bu soyların çoxu yüksək zümrəyə mənsub deyil, köçəri olublar. Hərəm Çində çox qədim adət-ənənələrə sahibdir və Şərq mədəniyyətinin önəmli hissəsidir. Məsələn, Çin hərəmi Osmanlı hərəmindən qat-qat təmtəraqlıdır. Hətta 3 min otaqdan ibarət olduğu da bildirilir. Çin İmperatorunun rəsmi həyat yoldaşının sayı 2, yaxud 3 olsa da hərəmindəki qadınların sayına limit qoyulmur. Hətta saylarının 3 mindən çox olduğu bildirilir.

- Giray bəy, dəyərli zamanınızı ayırıb suallarımı cavabladığınız üçün minnətdaram.

- Buyurun!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm