Yaxın Şərqdə ŞAHMAT GEDİŞLƏRİ: Türkiyəsiz oyun ALINACAQMI? - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Yaxın Şərqdə ŞAHMAT GEDİŞLƏRİ: Türkiyəsiz oyun ALINACAQMI? - MÜSAHİBƏ

Son dövrlərdə İsrailin Yaxın Şərq siyasətində xüsusi canlanma hiss olunur. İsrailin Türkiyə ilə illər əvvəl başlatdığı gərgin proseslərin məcrası dəyişməsə də, Təl-Əviv Yaxın Şərqdə axtarışında olduğu yeni müttəfiqlərlə xarici siyasətinə yeni istiqamət verməyi hədəfləyir. Bu mənada, İsrailin ABŞ-la olan münasibətlərinə xüsusi diqqət yetirməsi, körfəz ölkələri ilə yeni münasibətlərə yelkən açması diqqətdən qaçmır.

Publika.az-ın məsələ ilə bağlı suallarını Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının dosenti, Şərq ölkələri üzrə siyasi ekspert Vüqar Zifəroğlu cavablandırıb.

- Türkiyə ilə İsrail arasında enerji marşrutu məsələsində yaşanan gərginliyin əsası nədən ibarətdir?

- Son proseslərlə əlaqədar olaraq və Türkiyənin xarici siyasət kursundan irəli gələrək İsraillə arasında gərginlik yaranmışdı. Xatırlayırsınızsa, 2010-cu ildə məşhur “Mavi Mərmərə” gəmi olayı baş verdi və bundan sonra gərginlik pik nöqtəsinə çatdı. Türkiyə son illərdə Fələstin siyasətini daha aktiv şəkildə izləyir. Fələstin məsələsində daha konkret mövqe sərgiləyir. Bu da eyni zamanda, İsraillə olan münasibətlərə zərər vurur. İki ölkə arasındakı problem təkcə enerji nəqliyyatı ilə bağlı deyil. Bu, həm də siyasi baxışların toqquşması ilə bağlıdır.

- Yaxın Şərqin boru xətlərinin Türkiyədən yan keçməklə Avropaya uzanması mümkündürmü?

- Bu, çox çətin məsələdir. Çünki Türkiyə elə bir bölgədə yerləşir ki, ondan yan keçməklə hansısa bir nəqliyyat dəhlizini formalaşdırmaq çətindir. Bu həm də həmin dəhlizi formalaşdıran ölkələrə sərf etmir. Maddi cəhətdən həddən artıq böyük itkilərə səbəb ola bilər. Eyni zamanda, bu, lojistik dəstəklə bağlı olan məsələdir. Çünki Türkiyənin Avropaya həm neft, həm də qaz nəqli məsələsində lojistik təcrübəsi var. Amma başqa ölkələrdə biz bu təcrübəni görmürük. Ona görə də Türkiyəni dəhlizə daxil etməmək uğurlu variant hesab edilə bilməz.

- ABŞ-ın energetika nazirinin köməkçisi Frensis Fennon Avropanın enerji təhlükəsizliyi ilə bağlı qatıldığı bir toplantıda İsrailə Avropaya qaz nəql etməyi təklif etmişdi. Bu təklifin arxasında isə Rusiyanı Avropa bazarından sıxışdırıb çıxarmaq hədəflənirdi. İsrail bu təklifi dəyərləndirə bilərmi?

- Bu da digərləri kimi olduqca qəliz məsələdir. Çünki İsrailin o qədər qaz ehtiyatı yoxdur ki, Rusiyanın Avropa bazarına çıxardığı qazı əvəz edə bilsin. İşin ikinci və daha maraqlı olan tərəfi isə odur ki, burada İran faktoru var. Bir neçə il bundan əvvəl Vyanada nüvə razılaşması imzalandı. Bu zaman Barak Obama administrasiyasının qarşısına qoyduğu hədəf ondan ibarət idi ki, Avropanı Rusiyanın qaz asılılığından İran vasitəsilə qurtarsın. Amma daha sonra seçkilərdə Donald Trampın qələbə çalması və onun Rusiyaya münasibətdə fərqli strategiya sərgiləməsi, eyni zamanda, İrana münasibətdə daha kəskin və radikal mövqedə dayanması, ABŞ-ın nüvə razılaşmasından çıxması bu planı alt-üst etdi. Əgər burada Avropanı Rusiyanın qaz asılılığından çıxarmaq məqsədi varsa, bu məqsəd yalnız İran faktoru ilə gerçəkləşə bilər. Avropa özü də İrandan faydalanmağı həm maddi, həm də ümumi maraqlar səbəbilə daha doğru və etibarlı variant hesab edir.

- İsrail ABŞ-a qarşı hər hansı bir layihəyə imza ata bilərmi? Çünki biz ABŞ-ı İsrailin Yaxın Şərqdə ən yaxşı partnyoru kimi tanıyırıq.

- Düşünmürəm ki, hazırkı məqamda İsrail Amerikanın əleyhinə olan hər hansı ciddi layihəyə imza atsın. Çünki hazırda Yaxın Şərq proseslərində ABŞ-ın İsraillə mövqelərini tam uzlaşdırdığının şahidi oluruq. Onlar ən yaxın müttəfiq kimi hərəkət edirlər, kiçik fikir ayrılıqları belə arxa plana keçib. ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi və Qüdsü İsrailin paytaxtı kimi tanıması da bu əməkdaşlığın və partnyorluğun ən bariz sübutudur.

- Son dövrlərdə İsraillə Körfəz ölkələrinin də diplomatik münasibətlərdə yaxınlaşmasının şahidi olduq. Baş nazir Benyamin Netanyahu artıq bir neçə ərəb ölkəsinə rəsmi səfər də edib. Bu yaxınlaşmanın səbəb və məqsədləri nələrdir?

- Qətər böhranından sonra Körfəzdə maraqlı qarşıdurmalara və fikir ayrılıqlarına tamaşa etdik. Sözügedən qarşıdurmalar, əslində, var idi. Sadəcə Qətər böhranı səhnəni daha parlaq şəkildə işıqlandırdı. Şübhəsiz ki, bütün bu proseslərdə bütün aktyor ölkələr, o cümlədən, İsrail öz hədəfləri və maraqları çərçivəsində yararlanmağa çalışdı. Burada bir məsələni də qeyd etmək yerinə düşər: güclənmiş İran. Bu faktor nə ərəb ölkələrinin, nə də İsrailin maraqlarına cavab verir. Bu mənada məhz İran faktoruna görə də iki tərəfin yaxınlaşmasının şahidi oluruq. Hətta müəyyən platformalarda bu tərəflər bir-birini dəstəkləyə bilər.

- Ərəb ölkələri birləşərək özləri üçün bir NATO qururlar. Bu hərbi ittifaq regionda hansı situasiya dəyişikliyi edə bilər?

- Bu hərbi ittifaqın hədəfləri yarandığı gündən açıqlanmışdı. Əsas hədəf ondan ibarətdir ki, ərəb ölkələri Yaxın Şərq siyasətində vahid mövqedən çıxış edə bilsin. Burada həm hərbi, həm də siyasi mövqedən söhbət gedir. Bu ittifaqın formalaşmasına təkan verən amil Yəməndə baş verən proseslər oldu. Husilərin qiyamı və İranın Ənsərullah hərəkatına dəstək verməsi Yəməndə qarşıdurmaların alovlanmasına səbəb oldu. Bu qarşıdurmalar indinin özündə də davam etməkdədir.

Son nəticədə, ABŞ-ın dəstəyi ilə yaradılan ərəb NATO-sunun məqsədi Yaxın Şərqdə ərəb ölkələrinin həm siyasi, həm də hərbi nüfuzunu qaldırmaqdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm