Şahzadə, yazıçı və milyarderlə eşq yaşayan yəhudi gözəlinə dünya şöhrəti qazandıran UĞUR FORMULU
Bizi izləyin

Xüsusi

Şahzadə, yazıçı və milyarderlə eşq yaşayan yəhudi gözəlinə dünya şöhrəti qazandıran UĞUR FORMULU

Milyonçu ər axtarışları bütün dövrlərdə qızların qəlbinin dərinliyində özünə etiraf edə bilmədiyi ən gizli, ən müqəddəs, bəlkə də ən miskin bir arzudur. Hər halda çoxları üçün əlçatmaz olduğu dəqiqdir. "DVF" geyim brendinin yəhudi əsilli yaradıcısı Diana von Furstenberqsə gizlətmir ki, sıradan bir evdar qadın olmaq istəməsə də, milyonçu arvadı olmaq ona həmişə cəzbedici görünüb.

Hərçənd ki, anası qızının evdə qalacağından böyük narahatçılıq keçirib, məlum olur ki, o, ər seçimində fərsiz deyil, əksinə, ikiqat şanslıdır. O, iki dəfə ərə gedir və ikisində də əli sözün hər iki mənasında bala batır. Birinci ərindən ona iki övlad, şərəfli soyad və şahzadə titulu miras qalır, ikinci ərindən 26 ədəd brilyant qaşlı bahalı nişan üzüyü, sədaqətli sevgili, vəfalı dost, qayğıkeş ər, milyardlar və daha nələr-nələr...

"Anam həmişə fikir çəkib ağlayırdı ki, tənbəl olduğum üçün normal bir ər tapa bilməyəcəyəm. Lakin mən tapdım və özü də necəsini” , - deyə Diana müsahibələrinin birində qürurla xatırlayır.

Publika.az bu məqalədə oxuyucuları şahzadə, yazıçı və milyarderlərlə eşq yaşayan yəhudi əsilli möhtəşəm qadının həyat yolu və uğur formulu ilə tanış edir.

Diana von Furstenberq 1 dekabr 1946-cı ildə Brüsseldə zəngin bir yəhudi ailəsində anadan olub. Onun atası Leon Xalfin əslən Kişnyovdan olsa da, 1929-cu ildə oradan Belçikaya köç edib. İkinci Dünya müharibəsi dövründə o, Leon Desmet (Leon Desmet) adı ilə yalançı sənədlər üzərində İsveçrədə yaşamağa başlayır. Münaqişə sona çatdıqda yenə Brüsselə gedir və burada elektrik cihazlarının ticarətini həyata keçirən kiçik bir müəssisə açır. Bu müəssisə tezliklə ölkədə elektronik boruların satışını həyata keçirən ən böyük şirkətlərdən biri olur.

Diananın atası müəyyən mənada şanslı olsa da, anası Lilian Nahmiyas haqqında eyni sözləri demək çətindir. Bir səfərd (İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyasından qalan Yəhudilərin hamısı bu adla xatırlanır - müəl) ailəsində doğulan qadın sözün tam mənası ilə yaşamaq uğrunda mübarizə aparıb. 1943-cü ildə o, valideynləri ilə Osvensim konslageri düşərgəsinə deportasiya edilir, burada kövrək qız bir ildən çox dəhşətli şəraitdə yaşayır. O dövrdə Lilian cəmi 30 kiloqram ağırlığında idi. Vəziyyəti bir gün o həddə çatmışdı ki, həkimlər heç vaxt uşağı olmayacağını söyləmişdi. Odur ki, Diana von Fürstenberq dünyaya gəlişini əsl möcüzə hesab edir, o, indiyədək ona həyat verən valideynlərinə çox minnətdardır.

Valideynləri o, 13 yaşında olarkən boşanır. O zamandan bəri qızcığaz müstəqil həyata atılır. İsveçrə, İspaniya və Böyük Britaniyanın müxtəlif internat məktəblərində oxuyur. Yetkinlik yaşına çatdıqdan sonra Diana Cenevrə Universitetinin iqtisadiyyat faküləsinə daxil olur. Orada qız gələcək həyat yoldaşı - qədim şvab knyaz nəsilindən olan Şahzadə Eqonla tanış olur. Eqonun atası yumşaq desək, oğulunun yəhudi ailəsindən olan qızla görüşməsini alqışlamasa da, bu, onun gözəl qıza olan hisslərini soyutmur.

Əvvəlcə şahzadə qızda güclü təəssüratlar oyatmamamışdı, lakin zaman keçdikcə onların arasında romantizm alovlanır. Onda Diana həm oxuyur, həm də həyatdakı missiyasının axtarışları ilə məşğul olurdu. O, əvvəlcə fotoqraf Albert Koskinin, sonra isə tekstil manufakturasının sahibi Angelo Ferettinin köməkçisi işləyir. Daha sonra qızda öz həyatını moda ilə birləşdirmək arzusu baş qaldırır, amma qarşıda onu sürprizlər gözləyirdi. Belə ki, Diana hamilə olduğunu öyrənir və 4 il davam edən roman toyla bitir. Gələcək dizaynerin kilsəyə hamiləliyin üçüncü ayında daxil olması heç kimə sirr deyil.

O, etiraf edir ki, ilk ağlından keçən fikir abort idi. Diana heç vaxt ailə həyatı qurmağa tələsmirdi, üstəlik evdar qadın olmaq istəmirdi. Əksinə, o, müstəqilliyə və sərbəstliyə can atırdı. Buna baxmayaraq, onlar 1969-cu ildə münasibətlərini rəsmiləşdirib, Amerikaya köçməyə qərar verir. Şahzadə ilə dizaynerin bu nikahından iki övladı var: bir oğlu Aleksandr və bir qızı Tatyana.

O illərdə Diana onu da anladı ki, o, dövlətli bir kişinin bəsit xanımı olmaq istəmir. Onun müstəqil qadın olmaq və öz gücü hesabına həyatda yer tutmaq arzusu daha şiddətli idi. Təəccüblü deyil ki, nikahdan 3 il sonra Furstenberqin ailəsi dağılır. Diana öz tərcümeyi-halında yazırdı ki, cütlük boşansa da, Eqon şərəfli soyadını və şahzadə titulunu daşımasına razılıq verir. Sonra o, öz karyerasını inkişaf etdirməyə başlayır. O vaxtlarda gələcəyin parlaq dizayneri kübar dairələrdə geniş əlaqələr yarada bilmişdi. Bu əlaqələr sayəsində Diana tezliklə ona inanan insanı tapır.

Bu adam onun adaşı Diana Vriland idi. Modelyerin sözlərinə görə, o, dəb səfərinin başlanğıcında nə etmək lazım olduğunu, paltarlarını necə və kimə satacağı haqqında heç bir təsəvvürə malik deyildi. Bunun əvəzinə, əfsanə olmaq istəyir və inanırdı ki, istəklərinə gec-tez reallaşdıracaq.

"Öz yoluma başlayanda, kim olmaq və nə ilə məşğul olmaq istədiyimə dəqiq qərar verə bilmirdim. Amma çevrilmək istədiyim qadın obrazı haqqında təsəvvürlərim aydın idi. Müstəqil olmaq, öz həyatımı qurmaq və öz hesabımı özüm ödəmək istəyirdim.

Gözəl, gənc və zəngin idim. Bir şahzadə idim və yüksək dairələrdə böyük əlaqələrim vardı. Əlbəttə ki, bu, kömək etdi, amma həmişə eyni imtiyazlı insanlar ilə əhatə olunmuşdum. Onlar xüsusi bir şey etmədi. Bir tort bişirə və ya sadəcə bütün inqrediyentləri birləşdirə bilərsiniz - nəticə fərqli olacaq. Həyatda da belədir: Uğur tortumu özüm bişirdim.

Bəzi nümunələr hazırlamaq və Amerikada satmaq qərarına gəldim. Əlbəttə ki, bu bir macəra idi, hər halda məqsədimə nail oldum və həmişə arzuladığım bir qadın oldum. Bu, çox xüsusi hekayə idi. Ən başından bəri bu, qadınlarla şəxsi dialoqum idi. Mən onlara daha yaxşı görünmək, özünü daha yaxşı hiss etmək, başlıcası özünə inamlı olmaq üçün kömək edirdim. Fərqi yoxdur ki, sizi nə əfsanəyə çevirir, bu, ərik mürəbbəsi və ya başqa bir şeyin ixtirası ola bilər. 40 yaşında artıq əvvəlki fiziki cazibə gücünüzə güvənməyəcəksiniz və sizə qalır - bircə əfsanə olmaq", - deyə Furstenberq müsahibəsində bildirib.

O, bir gün televizorda yubka və qeyri-adi dekolteli top geyinən Culiya Niksonu Eyzenhaueri görür. Onda Furstenberqin ağlına gəlir ki, niyə bu geyim elementlərini birləşdirməsin. Təcrübəsiz dizaynerin ağıllı kəşfi onu bütün el-aləmə məşhur edir, beləliklə aşırmalı və ya xalat adlanan don modeli yaranır. 1973-cü ildə dizayner pambıqdan hazırlanan, kəmərli və düyməli aşırmalı paltarlar kolleksiyasını təqdim edir.

Diana yaratdığı bu əsərin reklamı ilə özü məşğul olurdu. O, geyimlərinii “Özünü qadın kimi hiss et, əlbisə gey” şüarı ilə satışa çıxarmış və böyük pullar qazamışdı.

Xalat donlar öz universallığı sayəsində qadınların ürəklərini dərhal fəth edir. O, həm kök, həm arıq, həm hündürboy, həm də alçaqboy xanımlarda eyni dərəcədə effektiv görünürdü. Paltarın əsas xüsusiyyətləri rahatlığı, çox yönlülüyü və praktikliyi idi: asanlıqla geyinib soyunulur, parçası qırışmırdı. Uyğun aksessuar seçimi isə onu həm işə, həm də axşam dəvətlərinə geyinməyə imkan verirdi. 1972-ci ildə bu geyim bütün mövcud satış rekordlarını qırır və Ginnessin Rekordlar Kitabına daxil olur. Bu kəşfi sayəsində 2 il ərzində 5 milyon paltar satan Furstenberq heç nədən məşhur dizaynerə və iş qadınına çevrilir.

Əslində xalat əlbisəni ilk dəfə 1942-ci ildə Kler Makkardel təklif etmişdi. Bu, Amerika dəbi üçün inqilabi hadisə idi. Klerin geyimləri bestseller idi və onlar 60-cı illərin ortalarına qədər istehsal edildi. 60-cı illərin sonlarında bu modelin başqa versiyasını Betsi Conson təklif etmişdi, onun libasları uzun müddət o dövrün məşhur mağazalarının vitrinlərini bəzəmişdi. Amma görünür ki, bunların hamısı başlanğıc idi: moda tarixinə onlar yox, Diananın icadı daxil olur. Furstenberq kəmərin dizaynını və aşırmanı daha da asanlaşdırdı, dekolteni isə bir qədər də dərinləşdirdi. Yeni dizaynı sayəsində xalat libaslar satış rekordu qırır və feminizm ideyalarının inkişaf simvoluna qədər yüksəlir. Bu geyim cinsi azadlıq və qadınlıq qüdrətini ifadə edir və Vaşinqtonda muzeyin tarixi irsinə çevrilir. Bəzi moda tənqidçiləri onu yeni feminizmin simvolu hesab edirlər, Diana özü isə buna təbəssümlə cavab verir.

1977-ci ildə feminizmin modaya təsirini araşdıran tənqiqatçı Kerri Donovan yazırdı: “Kişi cəsarəti və əminliyini özündə birləşdirən qadınlar individuallığını və seksuallığını vurğulamaqdan qorxmur, Furstenberqin xalat-donları qadın və geyim arasındakı əlaqəni dəyişdirdi. İndi paltar bir qadını deyil, qadın paltarı bəzəyir".

Bu donların sürətlə sevilməsinin bir səbəbi də dövrün tələbi ilə bağlıdır. Diana dəbin nəbzini tutmuşdu. O, görürdü ki, qadınlar seçmək məcburiyyətində qalıb: ya çox vulqar qiyafələr geyinməli, ya da ciddi kostyumlara üstünlük verməli idilər. Odur ki, Furstenberqin qadın bədənini qum saatı şəklində göstərən zərif və rahat paltarı planetin bütün qadınlarının aşiq olduğu bir alternativ halına gəlir.

"Gözəllik əminlikdən asılıdır, əminlik isə rahatlıqdan" devizini əldə rəhbər tutan Diana bundan sonra kübar məclislərin ən arzuolunan qonağı olur. O, belə qonaqlıqlarda Salvador Dali, Riçard Gir, Rayano Onil Endi Uorxoll, İv Sen-Loran və digər populyar simalarla tanış olur. Ətarfına özünəminlik və razılıq saçan Diana hər kəsin diqqətini çəkirdi. Onun sözlərinə görə, cəmiyyətdə layiqli yer tutmaq üçün az güc və enerji sərf etməyib:

"Özümü qadın bədənində yaşayan kişi kimi hiss edirdim. Hər halda qadın nə qədər güclü olsa da, yük maşınının sürücüsü kimi görünməli deyil. Nə isə əldə etmək üçün əlində olan hər şeydən istifadə etməlisən, o cümlədən xarici görünüşdən.

Dizaynerdən bunu eşitmək qəribə ola bilər, amma həmişə hesab etmişəm ki, geyim aksesuardan artıq deyil. Hər kolleksiyamda qadınlara demək istəyirəm: "Özünüz olun, hər kəsin istədiyi kimi olmaq hüququ var. Geyim və zərgərlik nümunələri sizə kömək etmək üçün nəzərdə tutulub. Elə bir məqam baş verdi ki, həyat missiyamın qadınlara güclü və azad olmağı öyrətmək olduğunu anladım. Mən bunu işim, xeyriyyəçilik və sosial layihələr vasitəsilə edirəm.

Heç vaxt narahat paltar geyinməyin. Yadda saxlayın ki, düzgün seçilmiş geyim xoş ovqat yaradır. Özünüzü rahat hiss edənəndə gözəlsiniz. Gözəl olmaq dəbli olmaqdan daha vacibdir. Yüngüllük və rahatlıq hissi verən, boş geyimlərə üstünlük verirəm. Bundan əlavə, onlar qadın bədəninə bir çox eybi bağışlayır”.

70-ci illərin sonunda Diana artıq milyonlarla pərəstişkarı olan modelyer idi. O, qadınların gözündə azadlıq simvolu idi. Diana sübut edir ki, hətta kövrək, təcrübəsiz bir xanım da arzularının izi ilə gedərək öz yolunda gözlənilməz uğurlar qazana bilər. Tezliklə o, Madison prospektində kosmetika mağazası açır və qızının şərəfinə "Tatiana" adını verdiyi ilk ətirini satışa çıxarır.

O ərəfədə “DVF” şirkətinin illik qazancı 150 milyon dolları ötmüşdü, onun təsisçisini isə "Dünyanın ən çox satan qadını" adlandırırdılar. Amma 80-ci illərin sonlarında ictimaiyyət markanın məhsullarına bu qədər fəal maraq göstərməyi dayandırmışdı. Buna səbəb Diananın işini bir kənara atıb məşhur yazıçı Alen Elkannonla eşy-işrtələ məşğul olması idi. Karyerasını məhəbbətinə qurban verən Diana 80-cı illərdə şirkətini satır və marka üzərində idarəçiliyi itirir.

Biznesini dayandırmaq məcburiyyətində qalan Diana yazıçı sevgilisi Alen Elkannonun yanına - Parisə köçür. 1983-cü ildə hər şeyi atıb sevgilisi ilə Parisə köçən dizayner moda sənayesində mövqeyini itirdikdən sonra nəşriyyat fəaliyyətlərinə başlayır. Və bu, sonun başlanğıcı olur... Onun moda dünyası ilə məyusedici ayrılığı uzun çəkmir, 1992-ci ildə yazıçı ilə yollarını ayıran Diana ştatlara qayıdır və özünü yenidən moda dünyasına həsr edir. Və başa düşür ki, karyera istənilən kişidən daha sarsılmaz sədaqət və uğur vəd edə bilər.

Ancaq xoşagəlməz bir sürpriz onu gözləyirdi. Dizaynerin sözlərinə görə, amerikalı qadınlar artıq geyim-kecimə qənaət etməyi öyrənmişdi. Modapərəstlər onun təklif etdiyi bahalı, şıq paltarları ilə büdcə variantları arasında seçim etməyə başlamışdı və bir çox hallarda ikincini seçirdilər.

Onun rellıqla uyğunlaşmaqdan və ayağını yorğanına görə uzatmaqdan başqa çıxış yolu qalmamışdı. Hər halda Diana həyatın ona təqdim etdiyi ikinci şansı əldən vermək niyyətində deyildi. Xüsusi olaraq “Silk Assets” geyim xəttini işləyib hazırlayan modelyer burada daha sərfəli qiymətlər təklif edirdi. QVC televiziya kanalı ilə müqavilə imzalayan Diana geyimlərinin TV mağazasında satmağa başlayır:

“Bu, yüksək modadan uzaq idi, amma bir neçə saat ərzində təxminən 1,5 milyon geyim satmışdıq".

1994-cü ildə Diana von Fürstenberqdə tamamilə təsadüfən xərçəng diaqnozu aşkar olunur. Radiasiya terapiyası və əməliyyatla həkimlər şişi aradan qaldırır. Taleyin onun üçün hazırladığı bu "oyun" Diananı həyatını tamamilə yenidən düşünməyə məcbur edir.

Güc toplayan Daiana müalicədən sonra yenidən işə qayıdır. Ağır xəstəliklə mübarizəsini kitaba çevirən Diana modapərəstlərin qarşısına bu dəfə yeni və möhtəşəm kolleksiya ilə qayıdır. Sözsüz ki, kolleksiyanın göz bəbəyi xalat donlar idi. O vaxtdan bəri "DVF" brendi hər il Nyu-York Yüksək Moda həftəsində iştirak edir, kult əlbisə isə indiyədək xanımlar arasında dəyişməz populyarlığını qoruyub saxlayır.

2001-ci ildə Diana von Fürstenberq ikinci dəfə - məşhur amerikalı iş adamı Berri Diller ilə evlənir. Təxminən 26 illik tanışlıq evliliklə taclanır. Amerikalı milyarder və Paramount Pictures şirkətinin keçmiş başçısı Dianaya tanış odluqları hər il üçün 26 almaz qaşlı üzük təqdim etmişdi.

Diana milyarderlə xoşbəxt nikahın sirrini belə izah edir:

“Həmişə sual verirlər ki, Barri ilə xoşbəxt münasibətlərinn sirri nədir? Yalnız bir şeyə cavab verə bilərəm: Bu adam həm sevgilim, həm də dostum olub, indi də o, mənim həyat yoldaşımdır. Və Barri bu günə qədər bu rolların hər birinin öhdəsindən çox yaxşı gəlib. Bilirsiniz, o, məni şərtsiz sevir və mən onu eyni şəkildə sevməyi öyrəndim.

Onu da bilməlisiniz ki, həyatınızdakı ən əhəmiyyətli münasibət özünüzlə olan əlaqələrdir. Əgər öz məninizlə əlaqəniz qaydasındadırsa, digər münasibətlər əlavədir, məcburiyyət deyil.
Bir qadın özünün ən yaxşı dostu olmağı bacarırsa, onun həyatı da dəyişməyə başlayacaq. Hər zaman gülümsəyin, bu, həmişə diqqəti cəlb edir".

Yeni evliliklə bərabər onun populyarlığı da artmağa başlayır. Müəyyən bir yaşa çatmasına baxmayaraq, işlərini hələ də uğurla davam etdirməsinə həsəd aparmamaq mümkün deyil. O, əvvəlki kimi kişilərin diqqətini cəlb edir və qadınlıq zərifliyini qoruyub saxlayır. O, hesab edir ki, qadın heç bir halda öz gücündən şübhə etməli deyil:

"Gücünüzə şübhə edirsinizsə, şübhələrinizi daha da gücləndirirsiniz. Odur ki, şübhə etməyin. Əksinizə, göz vurun, kölgənizə gülümsəyin və həyatınızdan zövq alın".

Ən önəmlisi Diana heç vaxt əlində olanlarla kifayətlənməyi xoşlamır. Daha böyük zirvələrin həsrəti ilə alışan modelyer 2004-cü ildə “H. Stern” şirkəti ilə birgə öz zərgərlik xəttini, 2007-ci ildə - ilk ayaqqabı kolleksiyasını buraxır. Onun geyimləri bu gün Mişel Obama, Milena Tramp kimi birinci ledilər başda olmaqla, bir çox məşhurları bəzəyir. Diana digər qadınları hər şeyə qadir olduğuna inandırmaqdan vaz keçmir. Əsas odur ki, səy göstərin və potensialınızı ortaya qoyun.

Hal-hazırda, Diana von Fürstenberq ən çox tələb olunan dizaynerlərdən biridir. Sönməyən bu inanılmaz müvəffəqiyyətin səbəbi odur ki, dizaynerin yaradıcılığı gözəl cinsin nümayəndələrinə həsr olunub:

“Kolleksiyalarımı qadınlar üçün yaradıram. Bundan başqa, onları özünü zərif və incə hiss etmək üçün yaradıram”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm