Xüsusi
Cərrah XƏRÇƏNG xəstəliyi haqqında vacib SİRLƏRİ AÇDI - MÜSAHİBƏ
Sosial şəbəkələrdə Aprel döyüşlərində onlarla əməliyyat həyata keçirən həkim qəhrəman kimi tanınan "Leyla Medical Center"in (Leyla Şıxlinskaya Klinikası) Cərrahiyyə Şöbəsinin Rəhbəri, Op.Dr. Ümumi Cərrah və onkoloq Elgün Səmədov bu yaxınlarda Türkiyədə keçirilən Avrasiya Tibb Günlərindən qayıdıb.
Konfrans haqqında təəssüratlarını Publika.az-la bölüşən mütəxəssis bildirib ki, əsas müzakirə mövzusu onkoloji xəstəliklər və onların müasir müalicə metodları olub. Xərçəng xəstəliyinin müalicəsi ilə bağlı mühüm açıqlamalar verən cərrah, Aprel döyüşləri ilə bağlı xatirələrini isə ilk dəfə bizimlə paylaşıb.
- Elgün bəy, Türkiyədə keçirilən Avrasiya Tibb Günlərindən hansı təəssüratlarla qayıtmısınız?
- Bəli, bu yaxınlarda Ankarada keçirilən Avrasiya Tibb Günlərinə dəvət olunmuşdum. Belə tədbirlərin təşkil olunması imkan verir ki, həkimlər öz təcrübələrini bir-biri ilə bölüşsün, müzakirələr aparsın. Ümumiyyətlə tibb işçiləri ömrünün sonuna qədər öyrənməyə məhkumdur, xüsusilə tibbi yeniliklər belə konfranslarda açıqlanır. Odur ki, il ərzində 5-6 dəfə dünyanın müxtəlif ölkələrində keçirilən belə konfranslara qatılırıq.
- Tədbirdə müzakirə olunan əsas mövzular hansılar oldu?
- Tədbirdə onkoloji xəstəliklərin əsasən Türkiyədə həyata keçən müalicə imkanları müzakirə olundu. Öz elmi məlumatlarımızı bu konfransda yenilədik.
- Nə ilə yadda qaldı?
- Xoş təsir yaradan o oldu ki, buraya Şimali Afrika, Orta Asiya və Şərqi Avropanın inkişaf etməkdə olan ölkələri qatılmışdı. Müzakirələrdə gördük ki, Azərbaycan səhiyyəsi bu gün onların səhiyyə sistemindən çox-çox öndədir, həkimlərimiz isə onlardan daha təcrübəli və məlumatlıdır.
Türkiyəli həmkarlarımız da öz növbəsində hər zamankı kimi, təcrübələrini bizimlə bölüşdü. Sirr deyil ki, Azərbaycan səhiyyəsinin inkişafında Türkiyədə təhsil alan məzunların böyük rolu var.
- Xərçəng hələ də qorxulu xəstəlik olmağa davam edəcək, ya müalicəsi mümkündür?
- Bu xəstəliyə tutulan insan təbii olaraq vahiməyə qapılır, bəli, xərçəng günümüzün aktual problemidir. Lakin istər ölkəmizdə, istərsə də, dünyanın statistik göstəriciləri göstərir ki, məişət travmalarında, avto qəzalarda və ürək xəstəliklərindən ölənlərin sayı xərçəng səbəbilə həyatla vidalaşanlardan qat-qat çox imiş.
Ümumiyyətlə, hər hansı xəstəlik düzgün müalicə olunmayanda və xəstə həkimə gec müraciət edəndə, onun sağalmaq şansı aşağı düşür. Adi qrip və ya bağırsaq infeksiyasından da ölənlər var.
- Mütəxəssislər xərçəng şişlərini kimyəvi üsulla yandırır, cərrahi yolla kəsir, radiasiya ilə işığa verir və dərmanlarla topa tutur, bununla belə tam müalicəsi hələ də mümkün deyil. Bu sahədə ümidverici irəliləyişlər varmı?
- Dediyiniz kimi, müalicələr müxtəlif üsulla aparılır. Bütün orqanların xərçəng xəstəliyi ola bilər, hər bir orqanın da özünəməxsus müalicəsi var. Bir şey unudulmamalıdır ki, xərçəng xəstəliyi ilkin mərhələdə tam müalicə olunan xəstəlikdir. Erkən mərhələdə tapmaq, aşkar etmək çox önəmlidir, amma bu, hər zaman mümkün olmur. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə problemə çevrilir. Səhiyyə sığortasının olmaması, xəstələrin məlumatsız olması bu xəstəliyin gecikmiş mərhələdə ortaya çıxmasına səbəb olur. Bu da çox vaxt və vəsait tələb edir.
Məsələn, əgər ailədə xərçəng xəstəliyi olubsa, 30-35 yaşlarda müayinələrin aparılması tövsiyə olunur. Dediyim kimi, ilkin mərhələdə müalicə etmək müvəffəqiyyət vəd edir. Gecikmiş mərhələdə isə xərçəngi sağaltmaq sual altına düşür.
- Ümumiyyətlə, elm xərçəng xəstəliyinin yaranmasının səbəbini nə ilə izah edir? Alimlər bu barədə yekdil qərara gələ bilibmi?
- Müzakirəli mövzudur, hər bir orqanın xərçəngə yoluxma səbəbi müxtəlifdir. Məsələn, siqaret ağciyər xərçənginin yaranma səbəbi kimi göstərilirsə, qida vərdişlərinin pozulması, qeyri-sağlam qidalanma mədə xərçənginin səbəbi kimi görülə bilər. Orqanların risk dərəcəsi də fərqlidir. Qalxanvari vəzin xərçəngi isə həddən artıq şüalanmaya məruz qaldıqda baş verir. Genetik faktor ölkəmizdə də yüksəkdir. Xəstədə mədə xərçəngi varsa, qohumlarında da təsadüfən eyni xəstəliyi aşkarlaya bilirik. Ailəvi risklər izah oluna bilir.
Yaranma səbəbi odur ki, həyatımızda bəzi vərdişləri tərgidə bilmirik. Səbəbdən asılı olmayaraq, müalicə xəstəliyin mərhələsinə əsasən təyin edilir. Təbii ki, risk qrupu varsa, peyvənd və ya erkən diaqnozla müalicə etmək olar.
- Xərçəng xəstəliyinin yaranmasında qidaların təsiri nə qədərdir? İnternetdə bu barədə çox sayda material və siyahı var. Demək olar ki, istifadə etdiyimiz bir çox məhsulların tərkibində kanserogen maddələrin olduğu göstərilir.
- Yeməklər əsasən qida borusu, mədə və yoğun bağırsağa təsir edir. Çox turşu yemək, yeməklərdə ədviyyatların olması, o cümlədən hisə verilmiş qidalar və alkoqol, ümumiyyətlə sintetik tərkibli məhsullardan tez-tez istifadə xərçəngin yaranmasına yol açır. Amma burada da ümidsiz olmaq lazım deyil, sadəcə bizim ölkədə diqqətli olmaq tələb olunur.
- Azərbaycanda xərçəngin hansı növü daha geniş yayılıb?
- Xüsusilə mədə xərçənginə çox rast gəlinir. Dünyada kişilər arasında da ən çox rast gəlinən xəstəliklər siyahısında 17-ci yerdədir.
- Belə bir inanc yayılıb ki, xərçəng, iradəsi zəif olan insanların qatilidir. Mübariz və iddialı insanlar bu məsələdə daha şanslıdır, onların sağalmaq ehtimalı daha yüksəkdir. Həqiqətənmi belədir, düşüncə və stress xərçəngin yaranmasında nə dərəcədə rol oynayır?
- Bu, riski azaltmasa da, pozitiv düşüncə, həkimə inam, onun yazdığı müalicələrə inanmaq, həqiqətən effektiv nəticə göstərir. Əvvəllər bu barədə kitablardan oxuyardım, indi öz təcrübəmdə görürəm ki, müsbət xarakterli insanlarda müalicə sanki daha yaxşı nəticə verir. Bədbin düşüncəli insanlarda isə tam tərsi görünür. Üstəlik başqa problemlərin də yaranmasına yol açır. Odur ki, müsbət düşüncə və xoş ovqat müalicədə dərmanlar qədər mühüm rol oynayır.
- Sizcə, xərçəng səhv həyat tərzinin nəticəsidir?
- Xərçəng xəstəliyi uzun illərdən bəri var, odur ki, konkret olaraq stressin və səhv həyat tərzinin nəticəsi kimi qiymətləndirə bilmərik. Əgər yaşadığımız mühitdə hava çirkliliyi və radiasiya varsa, xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər. Xoşbəxtlikdən ətraf mühitin çirklənməsi problemi sosial təbdirlər nəticəsində tənzimlənir və artıq risk qrupu olaraq hesaba alınmır.
- Köklüyün xərçəngə səbəb olması iddialarının neçə faizi həqiqətdir?
- Həm də bariatrik cərrahiyə ilə məşğulam. İstər Türkiyədə, istərsə də Azərbaycanda olan təcrübəmdə kök xəstələrlə qarşılaşmışam. Dünyada isbat olunub ki, siqaretdən sonra piylənmə, xərçəng xəstəliyinin ən böyük risk faktorlarından biridir. Piylənmə zamanı gedən metabolizma pozğunluqları xərçəng xəstəliyinə gətirib çıxarır. Piylənmə varsa, xərçəng xəstəliyinə yoluxma ehtimalı yüksəkdir. Bu, statistik olaraq sübut edilib.
İkinci vurğulamaq istədiyim məsələ odur ki, köklük onu narahat etməsə belə digər səbəblərdən dolayı xərçəngə tutularsa, müalicədə istifadə olunan dərmanlar nəticə verməyəcək. Bu gün piylənməyə qarşı aparılan mübarizənin əsas səbəbi xərçəng riskini azaltmaqdır.
- Bildiyim qədəri ilə kimyaterapiyada istifadə olunan dərmanların tərkibi açıqlanmır. Bu gizliliyin səbəbi nədir?
- Xeyr, kimyəvi müalicədə istifadə olunan hər bir molekul və dərmanların tərkibi açıqlanır, bunları internetdən də tapmaq olar, dərman kağızlarının üzərindəki annotasiyalarda da qeyd olunur. Kimyaterapiya onkologiyanın ayrılmaz müalicə hissəsidir, elə xəstəliklər var ki, onu yalnız kimyaterapiya ilə sağaltmaq olar, əməliyyata da ehtiyac qalmaz. Xərçəngin elə növləri də var ki, müalicə kompleks şəkildə həyata keçirilir. İnsanlar kimyaterapiyadan qorxur. Halbuki, ölkəmizdə kimyaterapiya müalicəsi keçən yüzlərlə insanla qarşılarıq. Əslində kimyaterapiya xərçəng müalicəsinin kiçik dövrünü əhatə edir və həqiqətən onun sayəsində bir çoxları tam sağalmaqdadır.
- Statistikalara inansaq, İsraildə xərçəng xəstəliyinin çox aşağı səviyyədə olduğu deyilir. Bu, həqiqətənmi belədir? Almaniya da bu məsələdə nümunə çəkilir. Yeri gəlmişkən, onlarla digər ölkələrin müalicə protokolları arasında fərq varmı? Varsa hansılardır?
- “Bəzi ölkələrdə xərçəng yoxdur”, “Xərçəngin müalicəsi var, amma kimyaterapiya firmaları buna imkan vermir” kimi fikirləri dünyada xərçəng yalanları deyilən terminlərdir. Amma biz elm adamıyıq və real statistikalara inanırıq. Almaniyada və İsraildə xərçəngin minlərlə statistikası aparılıb və onlar haqqında məqalələr yazılıb. Onların əməliyyatları, müalicə protokolları və dərmanları tövsiyə olunub. Bu da o deməkdir ki, Almaniya və İsraildə xərçəng xəstəliyi var ki, mübarizə üsulları geniş şəkildə araşdırılıb. Soruşa bilərsiniz ki, niyə mübarizə üsulları və inam onlarda güclüdür, bizdə yox? İnkişaf etmiş ölkələrdə skrininq proqramları var. Skrininq proqramları iki cürdür: biri normal, digəri isə yüksək risk qrupu olan əhaliyə tətbiq edilir. Yüksək risk qrupuna qohum-əqrəbasında daha öncə xərçəng olmuş və ya yüksək radiasiyaya məruz qalmış yerlərdə çalışan insanlar daxil edilir. Skrininq metodlar sayəsində xəstəlik ilkin mərhələdə tapılır. İlkin mərhələdə müalicə xəstəliyi gizli dövrə sala bilər. Bəzi xərçənglər vaxtında aşkarlanarsa, kiçik cərrahi müdaxilə və ya başqa metodlarla ondan qurtulmaq mümkündür. Bu halda kimyaterapiyaya da gərək qalmır. Erkən diaqnostika sayəsində xəstənin irihəcmli əməliyyatlara da, əlavə müayinə metodlarına, şüaya da ehtiyac qalmır.
Milli protokollarımız olmadığı üçün biz əsasən Avropa və Amerikanın müalicə protokollarından istifadə edirik. Protokollar ümumilikdə hamıda eynidir, onlar ölkəyə görə dəyişsə də, ümumilikdə aralarında ciddi fərq olmur.
- Onkoloqlar həmişə eyni fikri səsləndirirlər: xərçəng müalicə edilə bilər, ancaq ilkin mərhələlərdə. Təəssüf ki, bu mərhələlərdə müəyyənləşdirmək olduqca çətindir. Xəstəlik gizli şəkildə yayılır. Xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq üçün hansı əlamətlərə diqqət etmək lazımdır?
- Xərçəngin birinci mərhələsində əməliyyat edildiyi halda, dördüncü mərhələdə sadəcə kimyaterapiya müalicəsi həyata keçirilir. Bu mərhələlərə əsaslanaraq xəritə cızırıq. Odur ki, bu xəstəliklə bizə müraciət edəndə ilkin olaraq mərhələsini müəyyənləşdirməli, ondan sonra gedəcəyimiz yol artıq müəyyən edilməlidir. Hər bir xərçəngin özünün xırda müayinə metodları var ki, ilk baxışda onu müayinə edə bilərik. Bunlara qan və genetik analizləri, bir çox müayinə üsullarını aid etmək olar.
Cənubi Koreyada tiroid xərçəngi ən çox rast gəlinən xəstəlikdir. 100 min nəfərdən 60-70-i bu xəstəliyə tutula bilir. Onun yayılmasının qarşısını almaq üçün 20-25 yaşdan yuxarı hər kəsi boyun ultrasəs müayinəsindən keçirirlər.
Yaponiyada ilk sırada mədə xərçəngi dayanır. Bakıda nə qədər çox diş mərkəzləri varsa, Yaponiyada da bir o qədər çox qastroenterologiya mərkəzləri var. Onların heç bir təkmil deyil, çox sadə 3-4 müayinə otağından ibarətdir. İnsanlar mütəmadi olaraq bu müayinədən keçmək məcburiyyətindədir. Çünki ölkə hesablayır ki, hər hansı sahədə çalışan məhsuldar işçi gecikmiş mərhələdə mədə xərçənginə tutularsa, ya həyatını itirəcək, ya da ona əlillik təqaüdü verməli olacaq. Artan skrininq proqramları imkan verir ki, heç kəsin əmək qabiliyyəti itməsin və erkən mərhələdə çox kiçik əməliyyatlarla qurtulsun.
Mədənin ilkin diaqnostikası qastroskopiya ilə qoyulursa, tiroid xərçəngi ultrasəs müayinəsi ilə, yoğun bağırsaq kolonoskopiya, mədəaltı vəzi isə genetik analizlər və ya kompüter tomoqrafiyası müayinəsi ilə təyin edilə bilər.
- Xərçəng xəstəsinin ömrünü hansı hallarda uzatmaq mümkündür?
- Ümumi fikir söyləmək olmaz, məsələn, qalxanvari vəzin xərçəngində 10 illik yaşamaq göstəricisi 99 faizdirsə, mədəaltı vəzi xərçəngində 2 illik yaşayış göstəricisi artıq qənaətbəxş qəbul olunur. Erkən mərhələsində yaşamaq faizi 99 faiz, gecikmiş mərhələdə isə xəstəliyin hansı orqanda yerləşməsindən asılı olaraq 6 ayla 1 ilə qədərdir.
Gecikmiş mərhələdə gələn xəstənin həyat şəraitini yaxşılaşdırmaq gərəkdir. Məsələn, yayılmış şiş sidik axarlarını basırsa, sidik kanallarını təmizləmək, öd yollarını basırsa, öd yollarını açmaq lazımdır. Ömrü uzatmaq xərçəngin gecikmiş mərhələsinə aiddir, çünki erkən müalicə mərhələsində tam sağlamlığına qovuşa bilirlər.
- İnsanların tibdə əsas narazılığı nə ilə bağlıdır?
- Bu barədə sorğu aparsaq, hər rayon, şəhər və ölkə üzrə anketin nəticələri tam fərqli çıxar. Azərbaycanda əhali arasında əsas narazılıq həkimlərə inamsızlıqla əlaqəlidir. Uzun illər səhiyyədə sığortanın olmaması, hər bir müalicənin əksərən öz hesabına aparılması və ya hər xəstəxanada hər müayinənin olmaması xəstələrin həkimə ilkin mərhələdə müraciət etməməsinə gətirib çıxarır. Bu zaman həkim bir çox müayinələr aparır və diaqnoz qoyur ki, gecikmiş halda müraciət etmisiniz. Nəticə etibarı ilə xəstənin aqibəti sağalmağa doğru getməyə bilər. Xəstə fikirləşir ki, bəlkə də həkimə gəlməsə idi, belə olmayacaqdı. Hər halda unutmaq lazım deyil ki, səhiyyəmiz sürətlə inkişaf edir, Azərbaycanda dünya tərəfindən qəbul edilmiş kifayət qədər həkimlər var. Bu gün Azərbaycanda icra olunan əməliyyatlar bir çox aparıcı ölkələrin mərkəzlərində baş tutan əməliyyatlarla eyni səviyyədədir.
Gənc nəsil Avropa və Amerika protokolları ilə, yaşlı nəsil isə daha çox öz təcrübələri ilə işləməyə çalışır. Amma şəxsi təcrübələr bəzən yanlışlığa yol açır. 100-200 min insan üzərində aparılmış tədqiqatların nəticələri gəlib bizə çıxır. Bunun üçün böyük ölkələr külli miqdarda vəsait ayırır, tədqiqatlar aparır.
Səhiyyədə vahid sistemin olmaması da inamsızlığa gətirib çıxara bilər. Xəstə gəlib deyir ki, filan həkimə getdim, əllə yoxlayıb dedi ki, filan əməliyyat olmalısan. Bizim analizlərimiz isə başqa göstəriciləri aşkarlayır. Bu zaman xəstədə şübhə yaranır və bu suallara cavab verə bilmirik. Belə xəstələrlə tez-tez rastlaşıram. Başa salıram ki, dağ başında yaşamırıq. Bir neçə müayinə aparmalıyıq ki, əsl xəstəliyi təyin edə bilək.
- Elgün həkim, sosial şəbəkələrdə sizin Aprel döyüşlərində 100-dən çox əməliyyat həyata keçirdiyiniz barədə yazılır. O günləri necə xatırlayırsınız?
- İçimdə gizli qalan, heç vaxt heç kimlə bölüşməyəcəyim məlumatlardır. Çünki bu, mənim üçün vətən borcu idi. O dönəmdə cəbhəyə hərbçi həkim kimi ezam olunmuşdum. Ordumuz verilmiş tapşırığı layiqli şəkildə yerinə yetirdi. Çox yaxşı çalışmışdıq, bizə müraciət edən xəstələrin heç biri ölmədi. Bu barədə məndən jurnalistlər çox müsahibə almaq istəyib. Sizə sadəcə onu açıqlaya bilərəm ki, o döyüşdə məndən savayı bir çox həkim iştirak edib. Orada hər bir əziyyət çəkən tibb işçisi öz vətən missiyasını yerinə yetirib. Onlardan fərqli olaraq ön plana çıxmağım ədalətli deyil. Onlar olmasaydı, işimizin heç bir əhəmiyyəti olmazdı. Müvəffəqiyyət təşkilati komandanın və rəhbərliyin hesabına qazanılmışdı. Mən isə sıravi vətəndaş və hərbçi kimi öz işimi görmüşdüm.
- Sizin üçün hər hansı bir xəstə ilə vətən uğrunda döyüşlərdə yaralanan xəstə arasında fərq varmı?
- İndividual sualdır və cavab vermək çətindir. Bəzən göndərən adam və ya xəstəxana işçiləri zəng vurub deyirlər ki, gələn VİP xəstədir. Çox istərdim pasientlərimiz əmin olsun ki, bütün xəstələrimiz bizim üçün eyni dərəcədə əhəmiyyətlidir. Xəstələrə xidmət göstərərkən onlar arasında heç bir ayrıseçkilik etmirik. Bizə onun tam sağalması və sağ-salamat evə getməsindən başqa heç nə maraqlı deyil. Gördüyümüz işdə tanınmaq istəməmişik heç vaxt, istəmişik ki, vətəndaşlarımıza yüksək səviyyədə xidmət göstərək. Odur ki, bir həkim kimi belə bir ayrıseçkilik etmək mənim vəzifə prinsiplərimə xas deyil.
Əgər xəstəlik baxımdan soruşursunuzsa, travma və gündəlik somatik xəstəliklərin müalicəsində ciddi fərq var. Travma özlüyündə ayrı bir elmdir. Bəxtim gətirib ki, həm xaricdə, həm də Azərbaycanda aldığım təhsil sayəsində hər iki qrup xəstəyə xidmət edə bilirəm. Travmanın müalicə gedişatı fərqlidir, odur ki, gündəlik əməliyyat etdiyimiz xəstələrdə travma taktikası da fərqli olur.
- Ümumiyyətlə, bu döyüşlər bir həkim kimi sizin karyeranızda nə kimi izlər qoyub?
- Biz ora təcrübə qazanmağa yox, təcrübə bölüşməyə getmişdik. Bu haqda danışarkən duyğulanıram, istər vətən tapşırığı, istər özəl, istərsə də dövlət xəstəxanasında çalışım, həkim kimi hər zaman öz işimi görürəm. Əlbəttə ki, Aprel döyüşləri daha həssas mövzudur. Bu hadisələrdən sonra özüm də travma yaşadım. O xəstələrin çoxunu tanıyırdım, birlikdə söhbətlərimiz olmuşdu, bəzi hərbi hissələrdə xidmət etmişdik. Amma həkim kimi inkişafımda və karyeramda belə bir iz qoymayıb. Fəxr edirəm ki, o zaman orada idim, hərbçilərin bir parçası idim, xoşbəxtəm ki, hərbçilərimizə az da olsa, faydam dəyib. Bundan sonra hərbidə olmasam da, belə bir tapşırıq olarsa, biləsiniz ki, ilk könüllü gedənlərdən biri də özüm olacağam.
Aytən Məftun
-
Magazin120:25
Müğənnilərimizin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ: bir gecədə 100 min manat... - SİYAHI
-
Səhiyyə19:00
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
-
Nəqliyyat18:55
17 yolda tıxac var - SİYAHI
-
Hadisə18:35
Günəşdə güclü PARTLAYIŞ
-
Kriminal18:05
Ədalət Verdiyev həbs olundu
-
İdman17:39
"Sabah"ın yeni baş məşqçisi rəsmən müəyyənləşdi - FOTO
-
Sosial16:44
Aynur Qurbanlıya yüksək vəzifə verildi - FOTO
-
İqtisadi gündəm15:27
Gələn il neftin qiyməti elə həddə qalxacaq ki... - PROQNOZ