Tanınmış cərrahın müharibə xatirələri: “Əsgərlərimizi o halda görmək çox pis təsir edirdi”
Bizi izləyin

Xüsusi

Tanınmış cərrahın müharibə xatirələri: “Əsgərlərimizi o halda görmək çox pis təsir edirdi”

Sentyabrın 27-də müharibənin başladığını öyrənən kimi yaralı əsgərlərimizə yardım etməyə qərar verdim. Bunun üçün dövlət orqanlarında müəyyən prosedurlardan keçmək və ya icazə almaq lazım idi. 27-si axşamı kolleqalarımızla birlikdə müraciət etdik. Səhəri gün cəbhə bölgələrində yerləşən rayonlarımızdakı klinikalardan dəvətlər gəldi. Təbii ki, hamısını çatdırmaq olmazdı, seçim etmək lazım idi. Seçim isə bizim səlahiyyətimizlə həll olunmurdu, TƏBİB özü qərar verirdi.

Bu sözləri Publika.az-a İkinci Qarabağ müharibəsi zamanı yaralı əsgər və zabitlərə tibbi yardım göstərən fədakar həkimlərdən biri, “Baku Medical Plaza” klinikasının damar cərrahı, fleboloqu Tengiz Cəlilov deyib. Cərrah bildirib ki, Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq “Baku Medical Plaza” rəhbərliyinin xeyir-duası ilə 28 sentyabrda könüllü olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yola düşüb:

“TƏBİB xəstəxanaları mərkəzləşdirir və həkimləri ora yığırdı. Bu məsələdə klinikamız çox böyük dəstək oldu. Birinci, ikinci və üçüncü tip xəstəxanalar yaradılmışdı. Birinci tip xəstəxanalar döyüş bölgəsində idi, əsgərlərə ilk yardım göstərirdilər. İkinci tip xəstəxanalarda ilk yardımdan sonra qanı dayandırmaq üçün sarğı qoyulur və birbaşa bölgələrdəki xəstəxanalara təxliyə edirdilər. Yaralılar təcili yardımdan çıxarılan kimi vəziyyətinin ağırlığından asılı olaraq əməliyyat otağına yerləşdirilirdi. Odlu silah yaralanmaları da var idi, amma xəstələrin əksəriyyəti partlayış travmaları ilə gəlirdi. Əməliyyatları biz icra edirdik, xoşbəxtlikdən əməliyyat masasında itirdiyimiz əsgərimiz olmadı”.

Vətən müharibəsində yüzlərlə yaralı əsgərimizin yuxarı və aşağı ətrafını amputasiyadan xilas edən həkim təəssüratlarını bölüşərkən qeyd edib ki, müharibənin başlaması onun üçün də gözlənilməz olub:

“Hər şey spontan oldu. Həkim işləyirəm, xəstəni əməliyyat etmək mənim üçün yeni bir şey deyil. Amma iş prosesi gündəlik rejimdən çox fərqlənirdi. Dincəlməyə də, düşünməyə də vaxtın yoxdur, nəyin bahasına olursa-olsun əsgərin həyatını xilas etməlisən, odur ki, dərhal əməliyyata başlamalısan. Çox ağır əməliyyatlara girirdik. Qəbul etdiyimiz xəstə sayı fərqli idi, bir gün 20-30 xəstə qəbul edirdiksə, sahəri gün 100-150 xəstələr gətirilirdi. Xəstə sayı döyüş əməliyyatlarından asılı idi. Demək olar ki, fasilə vermirdik, 24 saat dayanmadan əməliyyat edirdik. Maksimum 2-4 saat dincəlməyə imkan olurdu.

Minaya düşən bir əsgərimizin vəziyyəti çox ağır idi, artıq travmatik amputasiya olunmuşdu, ayaq qopmuşdu. Onu xilas etmək mümkün deyildi. Qalan bütün xəstələri çalışdıq ki, amputasiya etməyək, əllərini və ətraflarını saxlayaq. Amputasiyadan uzaqlaşmaq üçün 10-12 saat əməliyyatlarda olurduq. Ümumilikdə 40-a yaxın çox ağır əməliyyatımız oldu, çox uzun çəkirdi. Təbii ki, fiziki olaraq yorulurdun, eyni zamanda bilirdin ki, gördüyün iş önəmlidir, əsgərləri yenidən ayağa qaldırmaq lazımdır, onlar bizim üçün canlarını və sağlamlığı itirirdilər. Bunun özü bizə çox böyük güc verirdi. Döyüş bölgəsində çox fərqli ruh var idi, o duyğuları sözlə ifadə etməkdə acizəm”.

Tarixi qələbə ilə başa çatan Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimizə şəfa verən cərrah bütün bunları öz mənəvi borcu hesab edir. Müharibənin stressi hələ də üzündən və gözlərindən oxunan Tengiz həkim bildirib ki, saatlarla əməliyyatda olduğu üçün əsgərlərimizlə söhbət etməyə, onların hekayələrini dinləməyə vaxtı olmayıb. Buna baxmayaraq, həkim o günlərdə baş verən təsirli və emosional məqamlara da toxunub:

“Əsgərlərin hekayələrini reanimasiyada və palatada xəstələrə baxan iş yoldaşlarımızdan eşidirdim. Çünki bizim əsgərlərlə danışmağa, dərdləşməyə vaxtımız olmurdu, günümüz əməliyyatxanada keçirdi. Ard-arda xəstələri hazırlayıb əməliyyatxanaya gətirirdilər. Əməliyyatxanaya gətiriləndə huşu özündə olan bəzi xəstələr olurdu. Hamısı bizə eyni sualı verirdi, əməliyyatdan neçə gün sonra ayağa duraram. Soruşurduq ki, niyə tələsirsiniz? Deyirdilər ki, mən qayıtmalıyam, yoldaşlarımı darda qoya bilmərəm. Əsgərlərdə yüksək döyüş ruhu və vətənpərvərlik hissi var idi. Müalicə olunan əsgər və zabitlər yaralarının tez zamanda sağalmasını və ən qısa müddətdə döyüşə qayıtmasını istəyirdilər. Öz yaralarını unudub yanındakı yaralılara kömək etməyimizi tələb edən əsgərlərlə necə fəxr etməyəsən? Heç bir həkim qazandığı həkimlik təcrübəsi haqqında fikirləşmirdi. Əslində odlu silah yaralanmalarından təcrübəm var idi, təcili yardımda da işləmişəm, bu cür əməliyyatlarla çox rastlaşmışam. Bu müharibədə həkim kimi iştirak etmək mənim həm həkimlik, həm də vətəndaşlıq və könül borcum idi. Bir əsgərə faydam toxundusa, bu mənə yetər”.

Həkim onu da bildirib ki, xəstələri uzun reabilitasiya gözləyir:

“Əməliyyat olunan xəstələri bir müddət xəstəxanada saxladıq, onlara qulluq etdik, vəziyyətləri müəyyən qədər stabilləşənlər 3-cü tip xəstəxanalara transfer olunurdu. Burada onların yaraları tam sağaldıqdan sonra evə yazılsalar da, müalicə bununla bitmir. Ondan sonra reabilitasiya mərkəzlərinə göndəriləcək və uzun dönəm reabilitasiya keçəcəklər. Onların arasında aylarla reabilitasiya keçməli olan xəstələr var. Yenidən gəzmək, əl hərəkətlərini yerinə yetirə bilmək üçün müalicələrini davam etdirməlidirlər. Ağcabədidə əməliyyat etdiyimiz xəstələr tez-tez yanımıza gəlir. Təşəkkür etmək üçün özləri bizi axtarıb tapırlar, sağ olsunlar. Üzdən baxanda tanımıram, amma yaralarına baxan kimi hansı əməliyyatları etdiyim yadıma düşür”.

Ağır əməliyyatları yada saldıqca kədərləndiyini gizlətməyən fədakar həkim 44 günlük müharibənin onda dərin və unudulmaz izlər qoyduğunu dilə gətirib:

“Əsgərlərimizi o halda görmək çox pis təsir edirdi. İlk dönəmlər xüsusilə ağır idi. Yavaş-yavaş duruma alışırsan, amma psixoloji olaraq o yükü üzərindən ata bilmirsən. Həkimlərimizin hələ də heç birinin yuxusu normal deyil. Üstündən 2 ay keçsə də, hələ də özümə gələ bilməmişəm”.

Aytən Məftun

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm