Avropa
Bakıya düşmən kəsilən AP-də şok qalmaqal: deputatlara pul və sifariş haradan gəlir?
Avropa Parlamentinin deputatlarının milyonlarla avro əlavə gəlir əldə etdiyi haqda faktlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, “Transparency International” təşkilatının hesabatında avroparlamentarilərin Avropa İttifaqının siyasətinə təsir göstərən özəl şirkətlərlə əlaqələrə malik olduğu və bu işdən ildə 8,6 milyon avrodan çox qazanc əldə etdiyi bildirilir. Təşkilat Avropa İttifaqını Avropa Parlamenti üzərində nəzarəti gücləndirməyə çağırır.
Təşkilatın araşdırmasına görə, AP-nin 705 deputatından üçdə ikisi Brüsselin siyasətinə təsir göstərmək məqsədilə özəl şirkətlərdən pul alır. Araşdırma nəticəsində məlum olub ki, AP deputatları bir çox hallarda iri korporasiyaların idarə heyətində oturur və qanunverici orqanda qazandıqlarından daha çox qazanırlar. Avroparlamentarilərin aylıq maaşı 10 min avrodur.
Bu, AP-də qəbul edilən qərarlara xarici təsirlərin olduğunu bir daha təsdiq edir. Aİ ötən il AP-dəki qərarlara xarici təsirlərlə bağlı qalmaqaldan sonra islahatlara başlayıb. Hazırda avroparlamentarilər xarici gəlirləri haqqında daha ətraflı məlumat verməlidirlər.
“Transparency International”ın hesabatında isə qeyd olunur ki, yeni qaydalar hələ də AP-də qərarların qəbuluna xarici təsirlərin azaldılması üçün yetərli deyil.
AP-nin Litvadan olan üzvü Viktor Uspasskix “Edvervita UAB” şirkəti ilə əməkdaşlıq etdiyini və ildə 3 milyon avro qazandığını bəyan edib. Litva mediası Uspasskixin və övladlarının Rusiyada daşınmaz əmlak şirkətləri ilə əlaqəsinin olduğunu yazıb. Bu yaxınlarda homofobik ifadələr işlətdiyi üçün “Yeniləşən Avropa” mərkəzçi qrupundan qovulan Uspasskix şirkətlə əlaqələrinin mahiyyəti haqqında şərh verməsi tələblərini cavabsız qoyub.
AP-nin digər deputatı almaniyalı Manfred Vaber Avropa Xalq Partiyasının prezidenti vəzifəsinə görə ayda 14 min avrodan çox pul qazandığını bəyan edib. Monika Hollmeier (Almaniya/Avropa Xalq Partiyası) “BayWa AG” kənd təsərrüfatı və enerji şirkəti ilə əməkdaşlıqdan ildə təxminən 75 min avro qazandığını bildirib. Aksel Vossun (Almaniya/Avropa Xalq Partiyası) maaşına hər il 54 min avro əlavə edilir. Voss “Deutsche Telekom” və “Bietmann” hüquq firmasında məlumatların qorunması üzrə məsləhətçi kimi işləyir.
Hesabatda qeyd olunur ki, AP-nin ən yüksək maaş alan 20 deputatının əksəriyyəti sağçı və ifrat sağçı partiyalardan olanlardır. Lakin böyük pullar qazananlar arasında solçular da var. Misal üçün, Marek Bielka (Polşa, Sosialistlər və Demokratlar) ən yüksək maaş alan deputatlar arasında onuncu yeri tutur. O, Vyana Sığorta Qrupunun müşahidə şurasının üzvü kimi ayda 5000 avro və “Pelion” səhiyyə şirkətində analoji iş üçün ayda 2000 avro gəlir əldə edir.
Gəlirlərinə görə, yeddinci yerdə qərarlaşan Guy Verhofstadt (Belçika/Yeni Avropa) “Planet First Partners” yaşıl investisiya fondunun məsləhətçisi kimi ayda 5000 avro alır.
“Transparency International”ın məlumatına görə, problem avroparlamentarilərin əlavə gəlir əldə etməsində yox, əməkdaşlıq etdiyi şirkətlərin Avropa İttifaqının siyasətinə təsir etmək üçün onlardan istifadə etməsindədir.
Bu faktlar AP-nin qəbul etdiyi qərarların obyektivliyini sual altına salır. Azərbaycanın təcrübəsində bu məqam dəfələrlə özünü göstərib. AP-nin Azərbaycanla bağlı qəbul edilən qətamələri-qərarları adətən qərəzli olur və sifariş əsasında hazırlanır, xüsusilə erməni diasporu/lobbisi bu məsələdə aktivdir. Azərbaycan bunu dəfələrlə bəyan edib. “Transparency International”ın araşdırmasında ortaya çıxan faktlar bir daha təsdiq edir ki, AP-nin qərarları obyektivlikdən və həqiqətdən uzaqdır.
Asif
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...