• USD 1,7000 0,00% EUR 1,9944 +0,16%
    • GBP 2,3239 -0,28% RUB 0,0232 0,00%

Bu addım koronanın yayılmasının qarşısını almayacaq, çünki heç kim... - Həkimlə MÜSAHİBƏ

  • Xüsusi
  • 20 Aprel 2021 11:57
  • 5 748 Baxış
Bu addım koronanın yayılmasının qarşısını almayacaq, çünki heç kim... - Həkimlə MÜSAHİBƏ

Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti Samir Cavadov həm vaksinlə bağlı əhalini narahat edən suallara aydınlıq gətirib, həm də Azərbaycanda son bir ildə verilən ən doğru və ən yanlış pandemiya qərarlarından söz açıb.

Publika.az Samir Cavadovla müsahibəni təqdim edir:

- Həkim, mutasiyaların virusun yoluxuculuq qabiliyyətini artırdığı artıq hamımıza məlumdur. Bu halda mutasiyaların baş verməsindən qorxmaq lazımdırmı?

- Mutasiyalar və ya virusun yeni ştammları hamının dilində əzbər olub. Yeri gəlmişkən, ştamm sözünü bəziləri səhvən ştamp kimi yazır və tələffüz edir. Ştamp möhür deməkdir. Ümumiyyətlə, müxtəlif mənbələrdən izolə edilən eyni növə məxsus mikroorqanizmlər ştamm adlanır.

Mutasiya yeni mövzu deyil, bütün virus və bakteriyalarda mövcud olan prosesdir. Qrip virusunun kəşf olunduğu gündən bu vaxta qədər dəfələrlə mutasiyalara uğrayıb. Onun nəticəsində də H1N1 və quş qripi kimi müxtəlif növləri meydana gəlib. Mutasiyanın heç də bütün formaları qorxulu deyil. İnsan özü də şəraitə uyğunlaşmaq üçün dəyişiklik göstərir. Bu, heyvanlarda da baş verir, fərqli mühitə düşdükləri zaman adaptasiya prosesi gedir. İstər bakteriyalarda, istərsə də viruslarda ətraf mühitin və ya dərman preparatlarının təsiri nəticəsində dəyişikliklər baş verir. Mutasiya olduğu zaman genomu 90-95% genetik olaraq eyni qalır. Sadəcə müxtəlif xüsusiyyətləri dəyişir. Məsələn, bəziləri tamamilə avirulent formaya keçir və yoluxduruculuğu itir. Bəzilərində isə əksinə, xəstəlik törətmə qabiliyyəti artır. Bu, müxtəlif amillərin təsirindən asılı olaraq dəyişir.

COVID-19-da da eyni mutasiyalar baş verə bilər. Bu mutasiyalar digərlərindən sadəcə daha tez yayıla bilməsi, yoluxduruculuq qabiliyyətinin yüksək olması və ağırlaşmalara meyilli olması ilə fərqlənir.

- Bu halda mutasiyaların dərmanlara qarşı müqaviməti güclənirmi?

- Elə mikroorqanizmlər var ki, mutasiya nəticəsində illər sonra tamamilə zəifləyiblər. Mikroorqanizmlərdən qorunma yolları iki cürdür: təbii və süni. Təbii yolun özü də iki formadan ibarətdir. Birincisi, insanların viruslarla təmas etməsi və tədricən hamıya yoluxması nəticəsində ictimai immunitet əmələ gətirməsidir. İkincisi, virusun müxtəlif dəyişikliklərə uğraması və böyük mutasiyalar baş verməsi nəticəsində tamamilə təsirsiz hala gəlməsidir. Bunun üçün vaxt lazımdır. Amma təbii yolla kütləvi immunitetin yaranması təhlükəlidir. İngiltərə koronavirusa qarşı kütləvi immunitetin yaranması üçün təbii yolu seçdi, qapanmalara getmədi, heç bir qorunma tədbirləri gözlənilmədi. Bunun fəsadları səhiyyə sisteminə ağır başa gəldi. Həm ölüm faizi, həm də reanimasiyaya düşmə ehtimalı artdı.

Süni yol isə vaksin vasitəsilə mübarizə aparılmasıdır. Ən təhlükəsiz və ən yaxşı yollardan biri vaksinasiyadır. İnaktivləşdirilmiş virus bədənə yeridilir, orqanizm onunla mübarizə apararaq xəstəliyə qarşı immunitet formalaşdırır.

- Artıq bir neçə aydır ki, Azərbaycanda vaksinasiya aparılır. Bu gedişlə ölkədə epidemiya nə zaman başa çatacaq?

- Bunu demək çətindir, çünki dünya ilk dəfədir ki, belə bir mikroorqanizmlə üz-üzədir. Vaksinin alınması uzun prosesdir. Məsələn, quduzluq vaksini 4 ilə, vərəm əleyhinə vaksin isə 65 ilə əldə olunub. Sözsüz ki, gələcək təsirləri, hansı yaş qrupuna necə təsir göstərməsi və s. məsələlər tədqiqata əsaslanan işlərdir. Odur ki, vaksinasiyadan sonra hər şeyin bir ay ərzində düzələcəyini demək doğru olmaz.

Əhalinin 70-80 faizi vaksinasiya olunmalıdır ki, ictimai immunitet formalaşsın. İctimai immunitet yarandıqdan sonra virus zəifləyir və tamamilə aradan qalxır. Vaksinasiyadan sonra bütün qaydaları çeynəyib keçmək olmaz. Maska taxmalı, gigiyena qaydalarına əməl etməli və sosial məsafəni gözləməyə davam etməliyik. Çünki vaksindən sonra nə dərəcədə immunitetin yarandığını, nə dərəcədə qoruduğunu hələ bilmirik. Yeni vaksindir, onun üzərində geniş tədqiqatlar aparılmayıb. Amma o məlumdur ki, vaksin olunan insanların böyük əksəriyyəti ya yoluxmur, ya da infeksiyanı zəif keçirir, yoluxsa belə, ağırlaşmalar olmur.

- İmmunitet üzərində effektivliyinin nə qədər davam edəcəyini bilmədiyimiz vaksinin təhlükəsizliyinə etibar etmək olarmı?

- Vaksin mikroorqanizmin zəiflədilmiş və öldürülmüş strukturudur. Yaxud da onun hər hansı komponentinin orqanizmə yeridilməsi nəticəsində əldə olunan qorumadır. Öldürülmüş vaksinin özəlliyi ondadır ki, orqanizmə yeridildiyi zaman xəstəlik törətmir, amma immunitet formalaşdırır və anticisimlər yaradır. Sadəcə tamamilə öldürülmüş vaksinlərin həm ikinci dozasına ehtiyac olur, həm gec nəticə əldə olunur, həm də qoruyuculuğu daha qısamüddətlidir. Üstünlüyü odur ki, xəstəlik yaratmır, ətraf üçün təhlükəli deyil.

Zəiflədilmiş canlı vaksinlərdə isə tez nəticə alınır, uzunmüddətli qoruma təmin edir, amma çatışmayan cəhəti odur ki, təhlükəlidir, xəstəlik yarada bilir.

Azərbaycana gətirilən "Sinovac" vaksinləri təhlükəsizdir, ölü viruslardan əldə olunan vaksinlərdir. Bu mənada onun təsirinin nə qədər olacağını bilmirik. Bu təsir 3, 6 ay, 1 il, bəlkə də daha çox davam edə bilər. Bütün nəticələri tədqiqatlardan sonra tam aydın olacaq.

- Bilirik ki, immuniteti gücləndirməyin əsas yolları sağlam həyat tərzi və sağlam qidalanmadan keçir. Eyni zamanda vaksinin əsas missiyası da immuniteti gücləndirməkdir. Ümumiyyətlə, vaksinin əlavə hansı faydaları var?

- İnsanlar arasında belə bir fikir var ki, hansısa qidanın hesabına immuniteti gücləndirə bilərik. Sarımsaq və ya zəncəfil yeməklə immuniteti gücləndirmək olmaz. İmmunitet insanın özündə var olan bir mexanizmdir, ya var, ya da yoxdur. Sağlam insanlarda normal immunitet və yerli qoruma funksiyaları olur, məsələn, qulaq kiri, gözün və ağızın selikli qişaları və ya göz yaşı qoruyucu funksiyalardır.

İmmun sistemdə problemləri və ya hər hansı ağır xəstəliyi olan bir qrup insanlar var. Bu insanlara nə qədər brokkoli yedirsəniz də, sarımsaq versəniz də, immuniteti güclənən deyil. Çünki onun immun sistemində xəstəlik var.

Qidalanma, stresslə mübarizə, normal yuxu rejimi insan orqanizminin sağlam olmasını təmin edən amillərdir və bir-biri ilə əlaqəli sistemlərdir. Stress müxtəlif hormonların ifrazına səbəb olur ki, onlar da başqa bir hormona təsir edərək bir-biri ilə əlaqəni ya gücləndirir, ya da azaldaraq ani problemlərə gətirib çıxara bilir.

Daim meyvə-tərəvəz yemək immunitetin sağlam olması demək deyil. Yediyimizin nə qədər və necə həzm olunması, necə parçalanması və qana necə sovrulması da mühümdür. Bütün bunlar önəmli faktorlardır.

Vaksinlərin tərkibində adyuvantlar olur. Bu adyuvantlar immuniteti artırmaq üçün nəzərdə tutulmuş maddələrdir. Vaksindən sonra immun sistemdə stimulyasiya gedir, sözsüz ki, bu da immun hüceyrələrin ifrazına səbəb olur.

- Qripə qarşı vaksinlərin hazırlanması üçün illər və böyük tədqiqatlar tələb olunub. Koronavirusa qarşı peyvəndlər isə qısa müddətdə hazırlandı və kütləvi istehsalına başlandı. Bu vaksinlərin belə tezliklə əldə olunmasını müasir tibb elminin sürətli inkişafına borcluyuqmu?

- SARS-CoV-2 ilə qrip vaksinini müqayisə edə bilmərik. Qrip virusunun bu günə qədər alınmamasının və geniş şəkildə istifadə olunmamasının səbəbi başqadır. Qrip vaksinləri istifadə olunur, sadəcə təsiri çox deyil. Qrip virusunun strukturu fraqmental genoma malikdir, 8 seqmentdən ibarətdir, bütöv deyil. Hər il hansı genomun aktivləşəcəyi, hansında mutasiya gedəcəyi bəlli deyil. Odur ki, qripə qarşı növbəti il üçün vaksin hazırlana bilmir. Vaksinlər həmin dövrə qədər keçirilmiş qrip infeksiyalarından əldə olunan ştammlardan alınaraq hazırlanır.

- Bəs koronavirusda vəziyyət necədir?

- Onun genomu normaldır. Ümumiyyətlə, vaksinlər hazır olduqdan sonra da illər lazım olur. Birinci mərhələ vaksinin laborator şəraitdə, heyvanlar üzərində yoxlanılmasıdır. Burada həm vaksinin təhlükəsizliyi, həm də effektivliyi yoxlanılır. Bu pre-klinik mərhələdən sonra klinik fazalar keçirilir. Bunlar özləri də 3 mərhələyə bölünür. Birinci az könüllü insan qrupu üzərində sınaq aparılır, təhlükəsizliyi və effektivliyi öyrənilir. İkinci mərhələdə daha geniş populyasiya iştirak edir, yüzlərlə insan üzərində sınaqlar aparılır. Üçüncü fazada isə minlərlə populyasiya yoxlanılır, eyni nəticələrə baxılır və bundan sonra kütləvi istehsala buraxılır.

- Həkim, koronavirusun qocalma prosesini sürətləndirdiyi deyilir. Ümumiyyətlə, infeksiyalar qocalma prosesini sürətləndirirmi?

- Heç bir əlaqəsi yoxdur, koronavirusun fəsadları ilə bağlı yanlış fikirlər yayılıb. Məsələn, bir xəstə infeksiyaya yoluxduqdan sonra qorxulu yuxular görməyə başladığını iddia edir. Bəziləri də autizm kimi xəstəliklərin yarada biləcəyindən narahatdır. 1 ildir ki, bu virusla mübarizə aparırıq, yeni virusdur, hələ ki bunun hansı hüceyrəyə (qan, sinir hüceyrələrinə) necə təsir edəcəyi məlum deyil, bunun öyrənilməsi üçün illərlə tədqiqatlar aparılması lazımdır. İkincisi, hər bir mikroorqanizmin sevdiyi bir yer var. Bu virusların sevdiyi yer tənəffüs yollarıdır. Koronavirus tənəffüs sisteminin hüceyrələrində çoxalır, onun başqa bir hüceyrəyə yapışaraq fəsad törətməsi məlum deyil. Elə bir mikroorqanizm xatırlamıram ki, qocalmaya səbəb olsun. Sadəcə infeksiyanı keçirmiş adam infeksiyanın stressindən, ağırlaşmaların olmasından və ya ölüm qorxusundan düşünə bilər ki, qocalıb.

- Virus yayıldığı gündən onun laboratoriyalarda süni şəkildə yaradılması ətrafında müzakirələr səngimək bilmir. Bəzi mütəxəssislər bu fikri rədd etdi. Bəs siz nə düşünürsünüz? Ümumiyyətlə, laboratoriyalarda uğursuz sınaqlar nəticəsində təhlükəli virusların yayılma ehtimalı varmı və bu laboratoriyaların təhlükəsizlik sistemi necə qorunur?

- Klinikaların laboratoriyaları ilə xüsusi elmi araşdırmalar aparılan, bəzən bioloji silah hazırlanan laboratoriyalar ayrıdır. Bu laboratoriyalarda təhlükəsizlik ən yüksək səviyyədə qorunur və xüsusi orqanlara tabe olurlar. Qorunma da o orqanlar vasitəsilə aparılır. Bu orqanlar istəmədikcə, laboratoriyalardan heç nə çıxa və yayıla bilməz.

Virusun laboratoriyada süni şəkildə hazırlanması nə təsdiq, nə də inkar edilib. Odur ki, konkret olaraq hər hansı bir fikrə əsaslanmaq olmur. Virusun özünəməxsus xüsusiyyətlərini nəzərə alsaq, laboratoriyada hazırlanmış kimi görünə bilər. Amma bunun üçün həmin laboratoriyalar deməlidir ki, virus hansı məqsədlərlə hazırlanıb və hansı ehtiyatsızlıq üzündən sızıb.

- Laboratoriyalarda süni mənşəli viruslar yaradılırmı və bu viruslar nəyə xidmət edir?

- Xüsusi və ya bioloji silah hazırlanması məqsədilə tədqiqatlar aparıla bilər. Süni surətdə müxtəlif dəyişikliklərin aparılması mümkündür, biotexnologiya və ya yaxud da gen mühəndisliyi ilə onun yoluxuculuq qabiliyyəti, ölümcüllüyü, yayılma genişliyi artırıla bilər. Lakin bunu hər laboratoriya edə bilməz.

- Uşaqların koronavirusa qarşı vaksinasiyasının tezliklə başlanması haqqında hansı fikirdəsiniz?

- Vaksin strategiyasında bu məsələ nəzərə alınıb. Məhz buna görə də vaksin 18 yaşdan yuxarı şəxslərə vurulur. 18 yaşdan aşağı olanlar xalqın genofondudur. 18 yaşa qədər olan uşaq və yeniyetmələrin qısa müddətdə vaksin olunmasının şəxsən tərəfdarı deyiləm.

- İmmunitet hansı şəraitdə daha yaxşı formalaşır?

- Bu, bizdən asılı deyil. Allahın bəxş etdiyi, anadangəlmə bir xüsusiyyətdir. İmmun çatışmazlığı ya anadangəlmə olmur, ya da QİÇS kimi xəstəliklərdən sonra immun hüceyrələrinin dağılması nəticəsində immun sistemi zəifləyir və tamamilə məhv olur.

İnsanın immuniteti ana bətnində olarkən aldığı bir çox hüceyrələrdən formalaşır, alimlər sübut edib ki, təbii doğuş yolları ilə bəzi hüceyrələr körpənin bədəninə daxil olur. Daha sonra təbii qidalanma, yəni ana südü ilə qidalanma nəticəsində də immunitet yaranır.

- Həkim, sizcə, Azərbaycanda son bir ildə pandemiya ilə bağlı verilən ən doğru və ən səhv qərar nə idi?

- Ümumilikdə, Operativ Qərargah bu bir il ərzində çox doğru qərarlar verib. Onun nəticəsidir ki, hazırda ölkədə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır. Lakin bəzi məqamlar var ki, onların doğru olmadığını demək olar. Kafelərdə olan məhdudiyyətlərin aradan qaldırılması doğru deyil. İctimai nəqliyyat işləməlidir, hər kəsin imkanı yoxdur ki, taksi xidmətindən istifadə etsin, lakin avtobuslarda da say həddinə riayət olunmur, onun tutumundan qat-qat artıq sərnişin daşınır. İctimai nəqliyyatda bu qədər sıxlığın olması təhlükədən xəbər verir.

Yolların yuyulması həm məntiqsizdir, həm də əlavə xərc deməkdir. Bunun əvəzinə ictimai yerlərdə dezinfeksiyaedici maddələrin artırılması, maskaların paylanması daha yaxşı olardı. Yolun yuyulması xəstəliyin yayılmasının qarşısını almayacaq, heç kim əlini asfalta sürtüb ağzına, burnuna və ya gözünə aparmır. Koronavirus hava-damcı və məişət təmas yolu ilə keçir. Gigiyenik qaydalara riayət ediriksə, maska taxmışıqsa, yoluxma ehtimalı yoxdur.

Aytən Məftun,

Foto: Pərviz Həşimi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR