Xüsusi
Bu, növbəti müharibəyə səbəb ola bilər - Əhməd Məsud (ÖZƏL)
Əfqanıstanın "Pəncşir pələngi" ləqəbli milli qəhrəmanı, onlarla bədii əsərin cəngavəri Əhməd Şah Məsud...
İllər keçsə də, xalqı onu dərin ehtiram və sevgi ilə anır. "Pəncşir pələngi"nin adını daşıyan oğlu, gənc siyasətçi Əhməd Məsud Publika.az-a özəl müsahibəsində həm atasından, həm də Əfqanıstanın mövcud vəziyyətindən danışıb.
Ə.Məsudla müsahibəni təqdim edirik:
- Əhməd bəy, bir neçə ay öncə Fransaya səfər edib, ölkə prezidenti ilə də görüşdünüz. Bildiyim qədərilə, səfər atanızla bağlı idi.
- Doğrudur. Parisdə atamın xatirəsinə qoyulan barelyefin və adının verildiyi meydanın açılışında iştirak edib, Fransa rəhbərliyinə minnətdarlığımı bildirdim. Həmçinin Fransa Prezidenti Emmanuel Makronla Əfqanıstandakı son vəziyyət haqda fikir mübadiləsi apardıq.
Ölkəmizdəki qarışıqlıq, narahatlıq, Amerika hərbi qüvvələrinin "Taliban" terror təşkilatı ilə yanlış iş birliyi məni, eləcə də xalqımızı narahat etməyə bilməz. Bu iş birliyi ölkəmizin daxili gücünü sarsıdır. Amerikalı hərbçilərin Əfqanıstandan çıxarılması, eləcə də "Taliban"la iş birliyi növbəti vətəndaş müharibəsinə təkan verə bilər.
- Sizcə, ölkənizdə sülhün təmin olunması üçün hansı tədbirlər görülməlidir?
- Ölkəmizin hakimiyyəti yenilənməli, "Taliban"la danışıqlar aparılmalıdır. Bizim üçün ən böyük dəyər olan demokratiya və qadın hüquqlarına xələl gəlməməlidir. Axı biz bu iki böyük amal üçün illərdir mübarizə aparmışıq. Mən atamın ilk övladıyam. Məndən sonra 5 bacım doğulub. Onların timsalında bütün qadınlarımızı azad və xoşbəxt görmək istəyirəm.
- Atanız Əhməd Şahın əsas məqsədi, həyatını qurban verdiyi səbəb elə bu idi. Elə deyil?
- Bilirsiniz, bu gün həm Əfqanıstan hakimiyyəti, həm də ABŞ "Taliban"la masa arxasında əyləşib danışıqlar aparmaq istəyir. Bu, o qədər həssas və vacib məsələdir ki, həm mənən, həm də məntiqlə hazırlıqlı olmalısan. "Taliban" liderləri ilə ilk danışıqlar aparan atam olub. Bu fakt az adama məlumdur. Talib dəstələri Kabilin girişində ikən, atam onlarla razılığa gəlmək niyyəti ilə görüşlərinə gedir. Özü də bunu cangüdənsiz və silahsız edir. Öncə onlarla birgə namaz qılıb, sonra liderləri ilə danışıqlara başlayır. Xüsusi vurğulayır ki, biz də İslam qanunlarına qarşı çıxmırıq. Lakin şiddət tətbiq etməklə məsələ həll olunmur. Əfqanıstan bugünədək kifayət qədər qanlı döyüşlərə şahidlik edib. Atamın siyasi müdrik addımlarına dayanaraq deyirəm ki, bu gün "Taliban"la ABŞ danışıqlarından üstün Əfqanıstanın daxili problemlərini həll etməkdir. Yalnız bu yolla ölkədə sülhü bərqərar etmək mümkündür. Atam Əhməd Şah da hər zaman ölkənin daxili məsələlərinin öz sərhədləri çərçivəsində həll olunmasının tərəfdarı idi. Elə sovet hakimiyyəti ilə illərlə apardığı mübarizənin əsas məqsədi də bu idi. Niyə bir dövlətin daxili işlərinə digər ölkə müdaxilə etməlidir?!
- Bəs "Taliban" liderləri ilə namaz qılıb, silahsız sülhə səsləmək cəhdi nəticə vermişdi?
- Atam "Taliban" üzvləri ilə görüşdən çox kədərli dönmüşdü. Dedi ki, onlarla danışıq aparmağın mənası yoxdur. Müharibədən başqa çarə qalmayıb.
- Əhməd bəy, haqqınızda məlumatları araşdırarkən dünyanın ən nüfuzlu hərbi kolleclərində təhsil aldığınızı öyrəndim.
- Doğrudur. Təbii ki, bununla qürur duyuram. Təhsil aldığım dövrdə elmi işlərimi "Taliban" mövzusuna həsr etmişdim. Mənim üçün "Taliban" kriminal dəstədən qeyri qüvvə deyil. Narkotik satışı, insan alveri və digər cinayətləri törədən insanların məramı sülh ola bilməz. Hətta yazılarımın obyektivliyini qorumaq məqsədi ilə İslam dünyasının biliciləri, müdrikləri ilə də dəfələrlə görüşdüm. Hamısı məni isti qucaqla qarşılayıb, atama bənzədiyimi söylədilər. Atamın mübarizə apardığı bu terrorçu dəstənin həqiqətən də İslam aləmi, eləcə də bütün planet üçün təhlükə yaydığını bildirdilər. Atam ərəb dünyasına həyəcan təbili çalan ilk şəxslərdən idi. Bu dəstələr evlərinə dönəndə, sizin üçün də böyük təhlükə kəsb edəcəklər. Bunu anlayın, onları ölkəmizdən uzaq tutun - deyirdi. Bu gün məqsədim dünya İslam liderlərini ortaq nöqtədə birləşdirib, sülhü təmin etməyə çalışmaqdır. Axı 1970-ci ilədək bölgəmizdə İslam münaqişəsi və digər problemlər mövcud olmayıb. Ümumiyyətlə, hesab edirəm ki, Mərkəzi Asiya ölkələrində savaşlar din zəmnində deyil, pul və zorbalıq üzərində başladılıb. Din isə bu mənfur niyyətlərin üzərinə çəkilmiş qalın pərdə olub. Düşünürəm ki, bölgəmizdə əmin-amanlığı təmin etmək üçün dini biliklər mükəmməlləşdirilməlidir.
- Mən də əlavə edim: Ümumiyyətlə, hərbi hissələri məktəblər əvəzləməlidir...
- Bunun üçün hər şey edirik. Ölkəmin tək ehtiyacı olan amil təhsildir. Güclü təhsilli cəmiyyət bölgədə harmoniyanın da təminatçısıdır. Hərbi akademik təhsil almaq arzumu ilk dəfə babamla bölüşdüm. Onun cavabı hələ də yadımdan çıxmır: Oğlum, bu ölkə sənin hərbi biliklərin üçün kifayət edəcək qədər müharibə görüb. Lakin mənim məqsədim başqadır. Ölkəmə elmlə, aydın düşüncəmlə yardım etmək istəyirəm. Çünki hərblə yanaşı, beynəlxalq münasibətlər üzrə də təhsil almışam.
- Bilirəm ki, dərin anlamı olan "Məsud" fondunun fəaliyyəti də bu yöndədir...
- Qurucusu olduğum "Məsud" fondu ölkənin ən ucqar kəndlərində də məktəblərin inşasını həyata keçirir. Çünki sağlam, işıqlı gələcək güclü təhsilin bəhrəsidir. Amma bununla yanaşı, uşaqlarımız müxtəlif idman növləri ilə də məşğul olmalıdır. Yetişən nəsillər sağlam bədənə, iti düşüncəyə malik olmalıdır. Təəssüf hissi ilə xatırlatmalıyam ki, Əfqanıstanda təhsildən məhrum olan kifayət qədər insan var. Mübarizəmiz öncə bu boşluğun yerini elmə verməkdir. Əfqanıstanda yaşayan vətəndaşların hər biri mənim doğmamdır. Millət ayrıseçkiliyi qoymadan gələcəyimiz üçün birləşməliyik ki, digər dövlətlərin bizi parçalamağına imkan verməyək.
- Bilirsiniz, müsahibəmizin yayımı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edəcək...
- Anladım. Atam müharibədən çox qorxurdu. Onun bu həyəcanı özü ilə deyil, günahsız insanların, uşaqların acı taleyi ilə bağlı idi. Əhməd Şahla xatirəm azdır, çünki onu tez itirmişəm. Amma hər zaman dilində bir dua vardı. Ölkəmdə sülh olsun, uşaqlar savaşa qurban getməsin. Mənim də əsas amalım budur.
- Sizə yolunuzda büdrəməməyi arzu edirəm. Sonda mənim Vətənimlə də bağlı fikir bildirməyinizi istərdim.
- Azərbaycan Əfqanıstan üçün əhəmiyyətli ölkədir. Eyni dini, bənzər mədəni dəyərləri paylaşırıq. Düşünürəm ki, bölgənin inkişafı naminə Azərbaycanla gələcək əməkdaşlığımız çox faydalı olacaq.
Leyla Sarabi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...