Şoka düşən ermənilər, azərbaycanlıların qazandığı əvəzolunmaz nemət - İsazadə AÇIQLADI
Bizi izləyin

Xüsusi

Şoka düşən ermənilər, azərbaycanlıların qazandığı əvəzolunmaz nemət - İsazadə AÇIQLADI

10 noyabr üçtərəfli bəyanatının 1 ili tamam oldu. Azərbaycan qalib tərəfdir. Ermənistan isə 44 günlük savaşın kapitulyasiya aktını imzalamış tərəf olaraq tarixə düşdü. 27 sentyabrdan əvvəl, müharibə dövründə və 10 noyabrdan sonra Azərbaycan xalqının, onun ordusunun, diplomatlarının psixoloji durumu hansı şkala üzrə dəyişdi?

Publika.az-ın budəfəki “Cümə söhbəti”nin qonağı hərbi psixoloq Azad İsazadədir. Onunla 10 noyabr bəyanatının bizə bəxş etdiyi psixoloji üstünlüklərdən danışdıq. Eyni zamanda Ermənistandakı post-müharibə dövrünün psixoloji mənzərəsini müzakirə etdik.

Müsahibəni təqdim edirik:

- Azad bəy, Qarabağ münaqişəsini bitirən 10 noyabr üçtərəfli bəyanatından 1 il ötür. Ötən ilin 27 sentyabrından əvvəlki xalq və ordu ilə ötən ilin 10 noyabrından sonrakı xalqın, ordunun psixologiyası arasında nə kimi fərqlər var?

- Ötən ilin sentyabrın 26-na qədər Azərbaycan xalqı, o cümlədən ordumuzda hərbi xidmət keçən oğullarımız 30 ilə yaxın idi ki, özlərini məğlub, uduzmuş, torpaqları işğal altında olan, əzilmiş, alçalmış hiss edirdilər. Bu, həm xalqımızın, həm də ordumuzun psixoloji, şüuraltı vəziyyətində hiss olunurdu. Doğrudur, bir çox hallarda bunu büruzə vermirdik. Öz üzərimizdə daha çox işləyirdik. İnkişaf edirdik, oxuyurduq, toy edirdik... Amma hamımızın ürəyində sağalmayan, qaysaqlamayan 30 illik bir ağrı var idi. Biz bu ağrının haçan keçəcəyi sualı altında idik. Öz arzumuza nə vaxt çatacağımızı, torpaqlarımızı işğaldan azad edəcəyimizi bilmirdik. Ötən ilin 10 noyabrında hər şey dəyişdi. Bunun tam əksi baş verdi. 10 noyabrda qələbə çalmış bir xalq və ordu var idi. Torpaqlarımızın böyük bir hissəsi azad edilmişdi. İşğal olunmuş ərazilərimizin tacı sayılan Şuşanın düşmən tapdağından qurtarılması bütün xalqımızın, ordumuzun inamını özünə qaytardı. Hətta deyərdim ki, yaxşı mənada sarsıtdı. Xalqın üzündə sevinc qığılcımları parlamağa başladı. Xalqımızın gələcəyə ümidi daha da artdı. Bir neçə xarici politoloq hesab edir ki, Azərbaycan xalqı məhz 44 günlük müharibədəki qələbəsindən sonra formalaşdı. Bəli, bu ifadə siyasi baxımdan doğru deyil, amma o baxımdan doğru yanaşmadır ki, bu qələbə bir xalq olaraq bizim hamımızı birləşdirdi. 44 günlük müharibədəki qələbəmiz xalqımızda stimul, motivasiya yaratdı. Aydındır ki, biz siyasi baxımdan bir millət olaraq çoxdan formalaşmışıq. Amma 21-ci əsrdə xalq olaraq hardasa özümüzü bir qədər itirmiş, ümidsiz vəziyyətdə idik. 10 noyabrdan sonra özümüzə əməlli-başlı güvənməyə başladıq. Əməlli-başlı ümidləndik.

- Bəs qarşı tərəfin 10 noyabrdan sonrakı psixoloji vəziyyəti necədir? Həm orduda, həm də sadə xalqda.

- Bəli, 10 noyabr üçtərəfli bəyanatından sonra müharibə bitdi. Atəşkəs oldu. Ermənilərdə bu mənfi nəticə ikiqatdır. Həm orduda belədir, həm də xalqın psixoloji vəziyyəti gərgindir. Bu hadisələrdən 1 il sonra baş verən olaya nəzər salmaq kifayətdir. Təxminən bir neçə gün əvvəl Qaragöl yaxınlığındakı hadisəyə nəzər salaq; təxminən 50-60 erməni əsgər mövqelərini bərkitməyə, möhkəmlənməyə çalışdı. Azərbaycan Ordusunun qalib əsgərləri onları mühasirəyə alan kimi erməni hərbçilər faktiki təslim oldular. Hesab edirəm ki, həmin vəziyyətdə 50 nəfər Azərbaycan əsgəri olsaydı, onlar son ana qədər döyüşüb müqavimət göstərəcəkdi. Çünki bilirdilər və inanırdılar ki, ordumuzun əsas hissələri gəlib onları xilas edəcək. Ermənilər ötən ilin 10 noyabrından sonra doğrudan da yazıq vəziyyətinə düşüblər. Yazıq vəziyyətinə düşmüş 50 gənc erməni əsgəri inanmırdı ki, onları xilas etməyə kimsə gələcək. Bu amil bizim qələbəmizi ikiqat gücləndirdi. Çünki düşmənin psixoloji durumu aşağı düşüb, bizim ruh yüksəkliyimiz isə xeyli dərəcədə qalxıb.

- Azad bəy, sentyabrın 27-i cəmi bir neçə kənd azad edilmişdi. Buna baxmayaraq, xalq bir günün içərisində birləşdi: yaşlı adamlar pensiyasını, satıcı satdığı ərzaqları, kəndli almasını, heyvasını, xanımlar evdə bişirdiyi yeməkləri orduya göndərməyə başladı. Nə idi bu birliyin, psixoloji durumun adı?

- Bilirsiniz, xalqın özünəinamını bərpa etmək üçün işğal altındakı ərazilərimizin döyüşlə, savaşla azad edilməsi daha vacib idi. Əgər ATƏT-in Minsk qrupu ötən ilin avqustunda və sentyabrın əvvəlində işğal edilmiş torpaqları bizə dinc yolla qaytarsaydı, həmin güvən və özünəinam, həmin sevinc olmayacaqdı. Hər kəs düşünəcəkdi ki, biz kimdənsə asılıyıq və kiminsə əli ilə öz torpaqlarımızı almışıq. Vətəni isə həmin torpaqda yaşayan xalq azad etməlidir. Doğrudur, itkilərimiz var idi, şəhid verdik, yaralılarımız oldu, amma biz 44 günlük müharibədə öz alın tərimizlə, qanımızla zəfər çaldıq. Belə deyək, öz əlinin zəhməti ilə qazanılan hər şey şirin olur. Hətta obrazlı desək, öz əməyimizlə qazandığımız pul daha şirin gəlir, nəinki pay... Hətta işğal altındakı torpaqlarımızı da “pay” kimi almağa şansımız var idi. 30 il ərzində biz ərazilərimizin sülh yolu ilə qaytarılmasını gözləyirdik. Düşünürdük ki, torpaqlarımızı bizə ədalətli yolla qaytaracaqlar. Amma tapdaq altındakı torpaqlarımızın silahla, güc yolu ilə alınmasının qiyməti daha yüksəkdir. Üstəlik, burada maraqlı bir məqam da var idi; ordumuz irəliləyirdi və biz istəyirdik ki, maksimum şəkildə daha çox əraziləri azad etsin. Elə bu məqamda birinci müharibənin nəticələri şüurumuza paralel olaraq otururdu, sonra da deyirdik ki, tələsməyin, tələsməyin, haradasa ilişə, mühasirəyə düşə bilərsiniz. Qələbə çalmaq istəyirdik, amma bəzi hallarda ermənilərin əks-hücuma keçəcəyindən ehtiyat edirdik. Bunların hamısı Birinci Qarabağ müharibəsindən qalan şüuraltı fobiyalar idi. Eyni anda iki şeyi paralel fikirləşirsən, düşünürsən ki, ordumuz sürətlə irəliləsin, lakin bir az ehtiyatla irəliləsin. Bu, maraqlı bir fenomen idi. Əlimizdən nə gəlirdisə, xalq olaraq etməyə çalışırdıq. Siz satıcıdan, təqaüdçüdən dediniz, mən də həmin vaxt şahidi olduğum bir hadisəni danışmaq istəyirəm.

- Əlbəttə, buyurun...

- 44 günlük müharibənin gedişində, noyabrın əvvəllərində əhaliyə kömək etməyə başladıq. Psixoloqları bir araya gətirdik. Qarabağın kəndlərində, rayonlarda əhaliyə psixoloji kömək etməyə gedirdik. Həmin prosesə çox gənc qız psixoloqlar da cəlb olunmuşdular. Biz onlardan soruşurduq ki, cəbhə bölgəsinə sizi evdən necə buraxıblar, indiyə qədər evdən bayıra buraxıblarmı sizi? Qayıdırdılar ki, bu vaxta qədər bizi heç yerə buraxmayıblar, valideynlərimiz biləndə ki, bu işə görə gedirik, icazə verdilər, dedilər ki, gedin. Çünki cəbhə bölgəsindəki əhaliyə kömək üçün getdiyimizi deyəndə düşünmədən razılıq verdilər. Hamısı belə danışırdı. Yəni xalq bu savab işə görə öz qızlarını cəbhəyanı kəndlərə göndərməyə hazır idi və göndərirdilər. Amma bəzən Qəbələdə, İsmayıllıda seminarlar keçirəndə insanlar öz qızlarını buraxmırdılar, deyirdilər ki, qız uşağıdır, gedib hoteldəmi qalacaq? Amma müharibənin hiss olunduğu ucqar kəndlərə öz övladlarını göndərmişdilər. Hətta taksi sürücüləri də hərbi formada olan şəxsləri bir rayondan digərinə pulsuz aparırdılar. Burada müəllimlərin, psixoloqların fədakarlığını da qeyd etmək lazımdır. Bütün xalq əlindən gələni etməyə hazır idi. Təki, hər şey qələbə ilə yekunlaşsın.

- Şuşanı azad edən xüsusi təyinatlıların “Şuşa, sən azadsan” filmində bir məqam diqqətimi çəkdi; Deməli, XTQ mənsubları deyirdilər ki, Şuşaya çatanda, “Şuşa” yazısını görəndə bütün yorğunluğumuz götürüldü. Sanki müharibə həmin gün başlayırdı. Sanki 44 gün biz döyüşməmişdik, sanki 44 günün yorğunluğu canımızdan çıxmışdı... Xüsusi təyinatlı qüvvələrin bu psixoloji hazırlığı illərin təcrübəsindən irəli gəlirdi, yoxsa sırf vətənpərvərlik hisslərinin bir anda təcəssüm etməsi idi?

- Təbii ki, burada dediyiniz hər iki amilin öz payı var. Amma birinci yerdə peşəkar psixoloji hazırlıq dayanır. İdmançılarda “ikinci nəfəsin açılması” adlanan bir termin var. Ən ağır marafonlarda, döyüşlərdə idmançı taqətdən düşəndə məşqçi deyir ki, bir qədər də döz, “ikinci nəfəs” açılacaq. Bu motivasiyanın özü “ikinci nəfəs”in açılmasına kömək edir. İkinci nəfəsin açılması üçün ona hazır olmalısan, tükənsən də ilk mərhələdə dözümlülük nümayiş etdirməlisən. İlk mərhələdəki hazırlıq – 44 gün ərzində döyüşmək idi. İkinci mərhələdə “ikinci” nəfəs açılıb və işləməyə başlayıb. Burada vətənpərvərlik hissləri də özünü göstərib.

- Hazırkı qələbə əhval-ruhiyyəsi, bu psixoloji durum bizə düşmən tapdağında müvəqqəti qalan ərazilərə qayıtmağa bəs edəcəkmi?

- Burada etnopsixoloji amillər var. Bu psixoloji durumun nə qədər davam edəcəyini indidən düşünmək çətindir. Başa düşməliyik ki, bu cür psixoloji durumlar daimi olmur. Hətta bəzən insan toy-düyündən, şənlənməkdən də yorulur. Yaxşı yemək bir dəfə adama ləzzət verir, hər gün onu yeyəndə adiləşir. Sözsüz ki, bizim əhval-ruhiyyəmiz, psixoloji durumumuz həmişə yüksək formada qalmamalıdır, dalğavari olmalıdır. Hələ ki, işimiz çoxdur, yolumuz uzundur. Bu, uzun bir marafondur. Hamımız sakitcə öz işimizi görməliyik. Amma daimi fikrimiz həmin məsələlərin həllində olmalıdır. Hər şey öz axarı ilə davam edir. Biz ən çətin birinci mərhələni keçdik. Torpaqların əsas hissəsini geri qaytardıq. Geridə qalan hissəsi danışıqlarla, zamanla həll olunan məsələlərdir. Demoqrafik məsələlər var, siyasi proseslərlə həll edilməsini gözləyək. Amma bizim psixoloji basqımız daimi olaraq ermənilərin üzərində olmalıdır. Yəni təzyiqi hiss edib danışıqlarda da geri addımlar atsınlar, istədiklərini reallaşdıra bilməsinlər. Hiss etməlidirlər ki, növbəti döyüş də ola bilər, növbəti dəfə biz qalib gələ bilərik. 1 il ötməsinə baxmayaraq, ermənilər hələ də şokdan ayılmayıblar. Ermənilər hələ də stressdədirlər. Biz bunu da anlayıb qiymətləndirməliyik.

- Bəs ermənilər müharibədən sonra nə düşünürlər?

- Ermənilər uduzublar. Onlar indiki mərhələdə toparlanmaq üçün vaxt udmağı düşünürlər. Güc toplamaq, ordunu toparlamaq üçün vaxt amili onlar üçün çox lazımdır. Onlar fikirləşirlər ki, nə zamansa, SSRİ-nin dağılması kimi nə zamansa bir period yaranarsa, nəsə əldə edə bilərlər. Yəni yenidən ərazi qoparmaq haqqında düşünürlər. Onlar başa düşməlidir ki, həmin vaxt həm də bizim xeyrimizə işləyir. Biz də güc toplayırıq, toparlanırıq.

- 10 noyabr üçtərəfli bəyanatı diplomatik psixoloji durumumuza necə təsir etdi?

- Bu söhbətimizdə həmişə müqayisələri idmanla bağlı edirəm. Bir məsəli də elə idmanla bağlı çəkmək istəyirəm. Tutaq ki, yığma komandamız bir top fərqlə qalib gəlir. Matç sona yetmək üzrə olarkən bir qol da vurmaq imkanımız oldu, amma vura bilmədik. Onsuz da qələbə çalmışıq, oyunu udmuşuq. Təəssüflənirik ki, bir top da vura bilərdik. 10 noyabr bəyanatından sonra bəzilərində bu cür fikir formalaşmışdı. Natamamlıq hissi var idi ki, niyə dayandıq. Həmin vaxt psixoloji məntiq işləmir. Amma düşünmür ki, nə fərqi var, onsuz da udmuşuq. Ya 1-0 udduq, ya da 2:0, bunun heç bir fərqi yoxdur, əsas odur ki, qələbə qazanmışıq. Burada məntiq yox, emosiyalar daha çox qabarır. Sonradan bəzi məsələlər aydın oldu. Detallar üzə çıxdı. Bəlli oldu ki, Xankəndidə əhali arasında itkilər ola bilərdi. Bu da bizə qarşı sanksiyalara gətirib çıxara bilərdi, bu, mənim fikrim deyil, mətbuatdan götürülən fikirləri sadalayıram. Yəni biz bütün bunları sonradan eşitdik. Halbuki ötən ilin avqustunda azad etdiyimiz torpaqların çox az bir hissəsini əldə etməyə də ümidimiz yox idi. Sentyabrın 27-də 2-3 kəndi azad edəndə biz sevinirdik. Noyabrda isə bu, bizim üçün az idi. Psixoloji üstünlük, qələbə aclığı... Bir sözlə, iştah yemək vaxtı gəlir, qarın doyur, göz doymur (gülür). Bu da normal haldır. İnsan bir zirvəni fəth edəndə o biri haqqında fikirləşir. Kollektiv psixologiyada da belə bir anlayış var, yarımçıq dayanmaq olmaz. Sonradan qələbəmizi siyasətçilər, politoloqlar, jurnalistlər izah etməyə başladılar. Kimlərsə nəyəsə inandılar, kimlərsə inanmadılar. Bundan sonra düz edib dayandığımızı düşünənlər də oldu, əksini də...

- Bəs diplomatik masada psixoloji durum hansı vəziyyətdədir?

- Diplomatik masadakı diplomatlarımızın psixoloji durumunu təhlil etmək çətindir. Onlar “yox” deyirsə, deməli, bu, “hə” deməkdir. Bu mənada onların psixoloji durumunu tutmaq çətindir. Aydındır ki, çətin və çoxmərhələli danışıqlar gedir. Burada söhbət təkcə Qarabağı əhatə etmir. 10 noyabrdan sonrakı danışıqlarda Zəngəzur, dəhlizlərin açılması, sərhədlərin delimitasiyası kimi məsələlər də var. Ona görə də danışıqlar masasında daimi psixoloji durum gərginliklə müşahidə olunur. Diplomatiyamız üçün indi ikiqat çətindir. Birincisi, öz üzərində qalib xalqımızın basqısını hiss edir. Çünki güzəştə gedə bilməzlər. Başa düşürlər ki, diplomatik məsələlərdə geri çəkilmək imkanları yoxdur. Nümunə çəkə bilərik, tutaq ki, Başkəndi ermənilərə qaytarmaq məsələsini qarşı tərəf qaldıra bilər, amma buna heç bir diplomatımız getməyəcək. Çünki xalq tərəfindən təzyiq var. Üstəlik, diplomatlarımız da psixoloji üstündürlər. Çünki qalib xalqı təmsil edirlər. Bu qalib dövlətin güclü ordusu da var. Üstəlik, beynəlxalq təşkilatların və digər böyük dövlətlərin də təzyiqi hiss olunur. Diplomatlarımız bu iki təzyiqin arasından boşluqları tapıb diplomatik yollar açmaq istəyirlər. Qələbəmizin psixoloji üstünlüyünü diplomatlarımız da hiss edirlər. Bu, öz yerində. Amma diplomatlarımız xalqın təzyiqinə də bir sıra hallarda yaxşı mənada söykənə bilirlər. Eyni zamanda qələbəmiz diplomatlarımızda məsuliyyət hissini də artırıb. 90-cı illərin ortalarında bizim diplomatik masada meydan oxumağa gücümüz yox idi. Amma o vaxt da diplomatlarımız arxadakı xalqın təzyiqini hiss edirdilər və buna söykənirdilər. Eyni zamanda başa düşürdülər ki, bu xalq Qarabağı ermənilərə güzəştə getməyəcək. İndi isə qalib tərəf olaraq diplomatik gücümüz var. İndi Azərbaycan xalqının güc-qüvvə yığması üçün vaxt udmaq lazımdır. Ermənilər 30 il ərzində diplomatik masada zəiflədiklərini görüb vaxtı uzadırdılar, biz isə gücləndiyimizi görüb vaxtı uzatmaq istəyirdik. Nəticəni də 44 günlük müharibədə gördük.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm