Niyə bizdə qələbə ədəbiyyatı yaranmır? - SORĞU
Bizi izləyin

Xüsusi

Niyə bizdə qələbə ədəbiyyatı yaranmır? - SORĞU

10 noyabr 2020-ci ildə Azərbaycan son 200 ilin zəfərini rəsmiləşdirdi. Bir çoxları iddia edir ki, birinci Qarabağ savaşından fərqli olaraq ikinci Qarabağ müharibəsinə həsr olunan ciddi bədii sənət nümunələri yaradılmayıb. Hətta buna görə şairlərimizi, yazıçılarımızı, ssenaristlərimizi də tənqid edənlər az deyil.

Əvvəla onu qeyd edək ki, Vətən müharibəsindəki qələbəmizin gələcək nəsillərin yaddaşında əbədi həkk olunması və geniş təbliği məqsədilə tarixi Zəfər mövzusunun mədəniyyət və incəsənət əsərləri vasitəsilə yaşadılması və təbliğinə böyük ehtiyac var. Bu birmənalıdır. Şeirlər, poemalar, dram əsərləri, ssenarilər yazılmalıdır.

Əvvəlcə şairlərimizlə, yazıçılarımızla əlaqə saxlayıb son il yarım ərzində 44 günlük savaşdakı şanlı zəfərimizlə bağlı hansı əsərləri yazdıqlarını soruşduq.

Xalq şairi Nəriman Həsənzadə Publika.az-a açıqlamasında söylədi ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəyə həsr olunmuş poeması Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib: “Poema yazmışdım və həmin poema Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Elə müharibə günlərində "Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır" adlı poemamı qələmə almağa başladım. Bu poema Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Televiziyası tərəfindən tamaşaya hazırlanıb, səhnələşdirilib. Bundan başqa qələbəmizə həsr olunmuş onlarla şeirlər yazmışam”.

Mərhum Xalq şairi Fikrət Qoca da vaxtilə Publika.az-a müsahibəsində 44 günlük Vətən müharbəsindəki zəfərimizə onlarla şeir həsr etdiyini bildirmişdi.

Prezident təqaüdçüsü, şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn qeyd edib ki, müharibə bir ildən artıqdır bitib, amma yazılan və ortaya qoyulan ədəbi əsərlər həddən artıq çoxdur:

“Kimsə düşünməsin ki, yazarlar Vətənimizə, qələbəmizə biganədir. Fəqət nədənsə danlaq çəkən də elə həmişə ədəbiyyatdır. Ya zəlzələdən, ya vəlvələdən reallığımız budur. Şüuraltı olaraq ədəbiyyatdan daha çox şey umuruq. Elə düşünməyin ki, az yazan şair, yazıçı, Vətəni çox danışan jurnalistdən az sevir. Sevgi oyuncağa, əllərdə alətə çevrilməsin deyə Tanrı onu maddi olaraq yaratmayıb. Dövri mətbuat orqanları əksərən bədii mətnlərə qonorar vermir, yaxud acizlik nişanəsi sayılacaq həddə pul ödəyirlər, əksər bədii kitablar min bir məhdudiyyətlər hesabına çap olunur. Yazarların bəziləri hər zəhmətə qatlaşırlar ki, təki gecəni səhərə qovuşdursunlar, birtəhər dolansınlar. Amma buna baxmayaraq daim yazıb-yaradırlar. Əlbəttə, bu problemləri sadalamaqla Vətəni pul müqabilində tərənnüm etməyin doğruluğunu nəzərdə tutmuram. Hərçənd ki, sovet dövründə yazıçıya az qala nəfəs almasına görə də qonorar ödəyirdilər. Görün, yazarlarımız müharibə sovuşandan sonra, qısa bir zamanda nə qədər əsərlər meydana çıxarıblar. Yekə ağızdan tüpürməyə öyrəşənlər deyirdilər ki, Xocalı barədə yaxşı əsərlər yoxdur. Məlum faciəmiz barədə 33 poema yazılıb, 800 səhifəlik kitabdır, min bir zülmlə toplamışam, kim çap edəcək o həcmdə kitabı? Heç kim. Özü də bu il Xocalı dərdimizin 30 yaşı tamam oldu. Migel de Umamuno hər kitabının girişinə yazırdı: “Mən növbəti əsərimi insan biganəliyinin ixtiyarına buraxıram”. Bizdə də oxşar vəziyyət deyilmi?! Sovet dövründə müharibə barədə yazılanlar çox zaman təşkil olunurdu. Amma bu gün təşkilatçı, Azərbaycan yazıçısının Vətənə bağlı qəlbidir. Zəfərimiz xüsusunda yazılan əsərlərin, çap olunan kitabların, ədəbi mətbuat orqanlarının sadəcə bir qismini dərin ehtiramla diqqətinizə çatdırıram, toplularda, antologiyalarda və “Xüsusi buraxılış”lardakı əsərləri ayrıca qeyd etmirəm. Çünki bunu etmək üçün “dəryalar mürəkkəb, ağaclar qələm olsa” çatmaz”.

Yazıçı Cəlil Cavanşir bildirir ki, ümumiyyətlə, sənət, ədəbiyyat sifarişlə yaranmır:

“Vətən müharibəsi ərəfəsində, ondan sonra da bədii əsərlər yaranıb. Şəxsən mən müharibə dönəmində bir neçə şeir, müharibədən sonra da bir neçə esse, bir hekayə yazmışam. Hətta yazdığım esselerdən biri Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin əsas mükafatını alıb. “Müharibə rapsodiyası” adlı hekayəm dərgilərdə, qəzetlərdə saytlarda yayımlanıb, “TEAS Press” nəşriyyatında “44 fəsil. Payızda gələn bahar hekayələri” almanaxına daxil edilib. Müharibədən bir müddət sonra Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizlə bağlı çəkilən “Vətən dastanı” adlı sənədli filmin ssenari müəllifiyəm. Bütün bunları ona görə qeyd edirəm ki, yazar olaraq heç nədən yaxamızı kənara çəkmirik, əgər yazmaq mümkündürsə, ehtiyac varsa, hadisələr bizi həyəcanlandırırsa, yazırıq”.

Bəs Yazıçılar Birliyi bu istiqamətdə hansı işləri görüb? Bu il yarım ərzində qələbə ədəbiyyatının ictimaiyyətə, dünyaya tanıdılması ilə bağlı hansı işləri həyata keçirib?

AYB sədrinin müavini Rəşad Məcid deyir ki, zəfərlə bağlı təkcə Yazıçılar Birliyinin təşəbbüsü ilə bir-neçə kitab nəşr olunub:

“Qələbəmizdən bir neçə ay sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə “Qarabağ Dastanı-30 ilin həsrəti 44 günün zəfəri” adlı sanballı bir kitab nəşr edilib. Orada işğaldan azad olunmuş rayonlarımızdan olan yazıçılarımız, Xalq yazıçısı Elçin Əfəndiyev, Ramiz Rövşən, Seyran Səxavət, Aqil Abbas, bu kimi dəyərli yazarların təəssüratları, xatirələri dərc olunub. Eyni zamanda Qarabağla bağlı həm işğal illərində, həm Zəfərdən əvvəl, həm də Zəfər vaxtı yazılan əsərlər yer alıb. Bundan əlavə, Yazıçılar Birliyi yenə “Bütün Yollar Şuşaya”adlı kitab çap etdirib”.

Rəşad Məcidin sözlərinə görə, Azərbaycanda demək olar ki, hər bir şair Qarabağdakı Zəfərimizlə bağlı mövzuya müraciət edib:

“Bu günlərdə Yazıçılar Birliyində şair Ramiz Qusarçaylının “Vətən” poemasının təqdimatı olub. Bu, Azərbaycanın tarixi və Zəfərimizlə bağlı çox gözəl böyük poetik ruhlu, bədii səviyyəsi yüksək olan bir əsərdir. Tədbirdə çıxış edərkən bildirdim ki, Qələbəmizə layiq bədii əsərdir. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması da yüksək bədii keyfiyyətilə seçilən poeziya nümunəsidir. Səyyad Aranın, Yunus Oğuzun, Elçin Hüseynbəylinin zəfərimizə həsr olunmuş nəsr əsərlərini də xüsusi qeyd etmək istəyirəm. “Qarabağ Dastan”ı kitabını Qələbəmizə yazıçıların layiqli töhfəsi adlandırmışam. Yazıçılar Birliyində bizim Vətən Müharibəsi qəhrəmanları ilə görüşlər keçirilib. Tez-tez tədbirlərdə, kitab təqdimatlarında qazilərimizi, şəhidlərimizi, Vətən Müharibəsi qəhrəmanlarımızı yad edirik. Bu mənada heç bir yazarın bizim Qələbəmizə biganə qaldığını söyləmək olmaz. Sadəcə, ədəbiyyatın əvvəlki kimi ictimai rəyə təsir etmək imkanları yoxdur. İndi yeni texnologiyalar, yeni audivizual materiallar ortaya çıxıb. Bu mənada xaotik və çoxlu məlumatların içərisində bədii dəyəri olan əsərlərin görünməməsi, itib-batması bəlkə də təbiidir”.

Bəs ssenari sahəsində hansı işlər görülüb?

Ssenarist Ülviyyə Heydərova bildirir ki, son il yarımda ikinci Qarabağ savaşı ilə bağlı onun fəaliyyəti də kifayət qədər məhsuldar olub:

“İndi nə edək ki, min bir əziyyətlə yazdıqlarımızın üzə çıxması özü böyük problemdir. Üstəlik bu ölkədə heç kim heç kimin kitabını oxumur və düzü öz cibimdən kitab çıxartmağa imkanım yoxdur. 23 ildir kirayələrdə çürüyürəm. Bütün bu qayğıların içində çapalaya-çapalaya yazmaqda davam edirəm. Ən axırdan başlayım. Şəhid analarına "İnanıram" adlı monopyes ithaf eləmişəm. Həmin monopyes "Qalib olan Azərbaycan" Tamaşalar Festivalında ll yerə çıxdı. Akademik Milli Dram Teatrının da repertuarındadır. Aprelin 28-də nümayiş olunacaq. 2021-ci ilin yayında iki həftəlik məzuniyyətimdə "Torpaqlar" adlı Şuşanın azad olunmasıyla bağlı pyes yazmışam. Pyesin redaktoru ustadım Ramiz Fətəliyevdir. 1-ci Qarabağ Müharibəsindən "Qazax çölündə" tammetrajlı bədii film ssenarisi, "Bazar günü" və "Borc" adlı qısametrajlı bədii film ssenarisi yazmışam. Amerikada yaşayan rejissorumuz Elmar Bayramovla Qarabağ dərdimizdən "Nəfəs" adlı tammetrajlı film ssenarisi yazmışam. Film çəkilib və tamamlanmaq üzrədir. Bundan başqa 3-4 bədii film ssenarisi beynimdədir. Yazmaq üçün vaxt, bir az qayğıdan uzaq olmaq lazımdır. Bir əsəri də redaktə edirəm. İki nəfərlik həm pyesdir, imkan olsa, film də çəkmək olar...”.

Ülviyyə Heydərova deyir ki, ssenarilərin səhnələşdirilməsi işinə Mədəniyyət Nazirliyi yox, Maliyyə Nazirliyi baxır. Ssenarist onu da söyləyib ki, ilk növbədə ədəbiyyat məsələlərinin problemləri həll olunmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm