Xüsusi
Toronto Universitetinə qəbul olan qazi-diplomat: Məqsədim odur ki, Kanadada…
Onu oxucularımıza bu cür təqdim etmək istəyirəm: qazi-diplomat… Ön xətdə də, informasiya müharibəsində də düşmənə qarşı döyüşüb və döyüşməkdədir. Bu yaxınlarda Toronto Universitetinə qəbul olub. Təzəlikcə “Diplomatiyada bədən dili” kitabı da işıq üzü görüb.
Gənc Diplomatlar Birliyinin (GDB) fəxri sədri, Mədəni Diplomatiya Mərkəzinin (MDM) direktoru Eltun İbrahimovun Publika.az-ın “Cümə söhbəti”nə müsahibəsini təqdim edirik:
- Eltun bəy, sizi – qazi-diplomatımızı bir qədər yaxından tanıyaq. Buyurun, özünüzü oxucularımıza təqdim edin…
- Mən İbrahimov Eltun Fərəc oğlu 1993-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr təhsili almışam. Universitetdə təhsil aldığım dönəmdə ictimai təşkilatlarda fəaliyyət göstərirdim. Təbii ki, bu, bir gənc üçün çox önəmli nüansdır. İlk fəaliyyətimə isə Azərbaycan Gənc Diplomatlar Birliyində başlamışam. Əvvəlcə bu birliyə üzv oldum. Daha sonra Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi seçildim. Həmin müddət ərzində bir neçə layihənin həmmüəllifi olmuşam. Eyni zamanda həmin layihələrin əsas təşkilatçılarından biri kimi fəaliyyət göstərmişəm. Fəaliyyət müddətimdə bir sıra uğurlarım da olub. Bu da təbiidir.
src="/storage/files/upload/cff967c0c12cdd4f7f7cc18873e9e1bf3e542a79.jpg" style="width: 465px; height: 310px;" class="fr-fic fr-dib">
- Bildiyimiz qədər, xaricdə də bir sıra layihələrin reallaşdırılmasında əməyiniz olub.
- Bəli. Sonrakı illərdə biz ölkədən xaricdə bir sıra layihələr həyata keçirməyə başladıq. Həmin layihələri biz Polşada, Ukraynada, Türkiyədə, Gürcüstanda və başqa ölkələrdə reallaşdırmağı bacardıq. Ən sonuncu layihəmizi isə Amerika Birləşmiş Ştatlarında gerçəkləşdirdik. Bu tədbir Nyu-York şəhərində baş tutdu. Tədbirin əsas mövzusu qondarma erməni soyqırımı idi. Bu istiqamətdə tirajlanan erməni yalanlarının ifşasını əhatə edirdi. Eyni zamanda layihə çərçivəsində elə bu kontekstdə beynəlxalq terrorizm məsələsini qabartmışdıq. Təbii ki, bu layihə bizim üçün çox uğurlu idi. Onu da deyim ki, bu layihənin həyata keçirilməsi üçün bizə - təşkilatımıza və şəxs olaraq mənə dəstək də verilmişdi. Biz bu layihəni həyata keçirərkən əsas məqsədimiz Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması idi. Ona da nail olmağı bacardıq. 2016-cı ildə çox uğurla gerçəkləşən bir layihə kimi tarixə düşdü. Həmin layihədə dünyanın bir çox ölkəsinin nümayəndəsi iştirakçı kimi qatılmışdı. Ən çox iştirakçı isə türkiyəli və azərbaycanlı soydaşlarımız idi.
- Sizi həm də qazi-diplomat adlandırmaq olar. Könüllü kimi ön xəttə yollanmışdınız. Sonradan Prezidentin sərəncamı ilə əməyiniz də qiymətləndirildi. Xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
- 2020-ci ilin iyul ayının ortaları idi. Generalımız Polad Həşinov ön xətdə şəhid olmuşdu. Pandemiya vaxtı idi. Həmin gün çox sarsılmışdım. Düşmənə nifrətim birə-min qat artmışdı. Xəbəri eşidən kimi qəhrəman generalımızın doğulduğu Qəbələyə yollandım. Biz Qəbələdəki gənclərimizlə qüvvələrimizi birləşdirdik. İcra Hakimiyyətindən də razılıq alınmışdı. Həmin gün Qəbələdə böyük bir yürüşün təşkil olunmasıda əsas simalardan biri də mən idim. Biz əvvəlcə şəhərin mərkəzində bir neçə avtomobillə yürüş gerçəkləşdirdik. Ondan sonra bizim bu addımımızı görən digər gənclər də bizə qoşuldu. Beləliklə, biz Polad Həşimovun nəşini qarşılamaq üçün Savalan tərəfə getdik və orada onun cənazəsini qarşıladıq. Orada mən canlı yayım açdım, bütün gənclər bizi izləyirdi. Bundan sonra Qəbələdə və digər qonşu rayonda fəaliyyət göstərən, yaşayan gənclər bizim maşın karvanımıza qoşuldu. Beləliklə, şanlı generalımızı böyük bir izdihamla son mənzilə yola saldıq. Polad Həşimov general olmaqla yanaşı, xalq arasında böyük bir imic qazanmış Azərbaycan hərbçisi idi. Ondan əvvəl Mübariz İbrahimovun, Fərid Əhmədovun qəhrəmanlığı, şəhadəti gəncliyimizin ən qaynar dönəmlərinə təsadüf etmişdi. Bütün bunlar məndə və çevrəmdəki gənc dostlarımın ürəyində düşmənə, erməni faşizminə nifrəti birə-min artırırdı. Biz də qisas almaq istəyirdik. İstəyirdim ki, təkcə informasiya müharibəsində yox, döyüş meydanındakı qələbədə də payımız olsun. 44 günlük savaşda bu bizə qismət oldu. Könüllü olaraq ordu sıralarına yazılmışdım. Dəfələrlə Qaradağ Rayon Hərbi Komissarlığına müraciət etmişdim, amma çağırmırdılar. Nəhayət, oktyabrın dördündə çağırdılar, cəbhəyə yollandıq. Bir həftə təlim-məşq toplanışında iştirak etdik. Sonra ilk toplama məntəqəmizə - Tap Qaraqoyunluya getdik. Sonra qruplar şəklində avtobuslarla ön xəttə yola düşdük. Mən Suqovuşan istiqamətindəki döyüşlərdə, müdafiənin təşkilində yaxından iştirak etmişəm. Düşmənin atdığı minaatan mərmiləri yanımıza – sağımıza, solumuza düşürdü. Bir neçə dəfə bizim başımızın üzərində düşmənə məxsus pilotsuz uçuş aparatları vurulub. Həmin döyüşlərdən öncə müharibədən sonra minaya düşərək şəhid olan Babək Səmidlinin hərbçilər qarşısında səsləndirdiyi fikirlər indi də qulağımdan getmir. Çox vətənpərvər bir adam idi. Əsgərlərimizin hər biri ilə söhbətlər aparırdı. Hər kəsdə böyük ruh yüksəkliyi yaradan komandirlərimizdən idi. Həmin ərəfədə mənimlə eyni gündə cəbhəyə yola düşən yoldaşlarımın şəhid olduğunu eşidirdim. Təbii ki, pis olurdum. Amma ard-arda sıralanan zəfərlərimiz, döyüş qələbələrimiz içimdəki üzüntülərin üzərinə su səpirdi. Sonradan Ali Baş Komandanın əmri ilə “Suqovuşanın azad edilməsi” medalı ilə təltif olundum.
src="/storage/files/upload/f2f8008432db3a9ad941180c1fb2d1b9e6dc9d0b.jpg" style="width: 471px; height: 314px;" class="fr-fic fr-dib">
- Bəs nə zaman tərxis olundunuz?
- 2020-ci ilin 27 dekabrında... Döyüşlər zamanı bizim bir taqım komandirimiz var idi. İsmayıllıdan olan tarix müəllimi idi. Çox gözəl insan idi, həmişə bizə “qardaş, qardaş” deyirdi. Döyüş xatirələrimiz olduqca çoxdur, indi yadıma düşəni azdır (gülür).
- Müharibədən sonra qazilərimizin təhsil alması ilə bağlı Milli Məclisə təklif də ünvanladınız. Həmin təklifin içəriyi nədən ibarət idi və cavab gəldimi?
- Həmin təklifdə Vətən müharibəsində iştirak edən qazilərimizin ödənişsiz təhsil alması məsələsi qaldırılmışdı. Vətən müharibəsinə yollanan hərbçilərimiz 18-35 yaş arasında olan şəxslər idi. Müharibə veteranlarının döyüş əməliyyatlarında iştirakı, savaşın onlarda bir sıra fiziki, mənəvi, əqli və psixoloji təsirlərini göstərməsi şübhəsizdir. Həmin şəxsləri düzgün istiqamətə yönəltmək, onların intellektual səviyyəsini artırmaq, lazımi biliklərə, əmək vərdişlərinə yiyələndirmək, döyüş, müharibə psixologiyasından sivil cəmiyyətə inteqrasiyasını təmin etmək və gələcəkdə işsizliyin qarşısının alınmasında təhsilin vacibliyi olduqca önəmli məsələlərdəndir. Bütün bu meyarları nəzərə alaraq ali və orta ixtisaslı təhsil müəssisələrində ödənişli formada təhsil alan müharibə iştirakçılarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsi məğsədəuyğundur. Müharibədən sonra bir neçə iştirakçının intihar etməsi, bir sıra müxtəlif etirazların keçirilməsi, gələcəkdə digər neqativ yollara qurşanması, neqativ halların baş verməməsi üçün təklif olunan layihə müharibə veteranları üçün zəruridir. Qaçqın və köçkünlərin ali, orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsilhaqqı ödəməkdən azad edilməsi qanunu müharibə veteranlarına da şamil edilməlidir – deyə düşünürdüm. Söhbət müharibə iştirakçılarının dövlət sifarişli təhsil haqlarından azad olunmasından gedirdi. Bu da o deməkdir ki, onlar təhsil almaqla gələcəkdə müəyyən bir ixtisasa yiyələnəcəkdilər. Eyni zamanda döyüş psixologiyasından sivil cəmiyyətə inteqrasiya olunurlar. Mən bir çox deputatlara cavabsız müraciət ünvanlamışdım.
src="/storage/files/upload/8cf2e4dbef6d789c3b8787f5b4be2b77dee56670.jpg" style="width: 496px; height: 330.667px;" class="fr-fic fr-dib">
- Deyəsən, cavabsız qaldı...
- Bəli. Təbii ki, onlar Təhsil komitəsinin üzvləri idi. Mən bir-bir onların adlarını qeyd etmək istəmirəm. Ümumiyyətlə, onu diqqətə çatdırmaq istəyirəm ki, həmin şəxslər cəmiyyətdə də aktiv millət vəkilləri kimi tanınan şəxslər idi.
- Bu il Kanadanın və dünyanın nüfuzlu təhsil ocaqlarından birinə qəbul olunmusunuz. Əvvəla bu münasibətlə sizi təbrik edirik. Niyə məhz Toronto Universiteti?
- Hərbçilərimizin çoxunun ali təhsili hərbi istiqamətli məktəblərlə bağlıdır. Mən isə Bakı Slavyan Universitetində təhsil almışam. Mən diplomatiya sahəsi üzrə ixtisaslaşmışdım. Döyüşlə diplomatiya tamamilə bir-birinə zidd istiqamətlərdir. Məqsədlərim var idi. Ön cəbhədən geri döndükdən sonra xaricdə təhsil almaqla bağlı arzularımın arxasınca getdim. 44 günlük müharibə bitib. İndi onun nəticələrini, Azərbaycanın haqq səsini daha çox xaricdə təbliğ etmək lazımdır. Bundan sonra informasiya müharibəsində də öz fəaliyyətimi davam etdirməyi düşünürəm. Toronto Universiteti, Kanada mənim üçün özəl dəyərə sahibdir. Çünki orada mənim çoxlu dostlarım var. Bundan əvvəl Gənc Diplomatlar Birliyi çərçivəsində mən bir neçə özəl universitetlə əməkdaşlıq edirdim. Oranın diplomatiya sahəsində böyük fəaliyyətləri olan yerli vətəndaşları da mənə bu seçimi etməkdə yardımçı oldular. Eyni zamanda Kanada da Azərbaycan kimi multikultural bir ölkədir.
- Sadəcə təhsil alacaqsınız, yoxsa başqa arzularınız da var?
- Xeyr. Sadəcə təhsil almaqla kifayətlənmək niyyətim yoxdur. Orada bir neçə beynəlxalq təşkilatların mənzil qərargahları, ofisləri yerləşir. Orada Azərbaycan həqiqətlərinin dünyaya, Kanada ictimaiyyətinə çatdırılması üçün əlimdən gələni edəcəyəm. Bundan əvvəlki fəaliyyətim dönəmində “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir çox ölkənin parlamentində bu soyqırımının tanıdılmasına, qətnamə qəbul olunmasına nail olmuşduq.
- Yeni kitabınız işıq üzü görüb. “Diplomatiyada bədən dili”... Nəşri də hələ tam qurumayıb. Bu cür kitablara bizdə ehtiyac varmı? Belə bir ideya sizdə haradan formalaşdı?
- Təbii ki, bədən dili kitabları dünyada çox məşhurdur. Məşhur insanlar da bu mövzuda araşdırmalar aparıblar. Eyni zamanda bu sahə analitik yox, daha çox tətbiqi bir sahədir. 10 ildən çoxdur ki, ictimai sahədə, diplomatiya sahəsindəyəm. Gənc Diplomatlar Birliyində fəaliyyətim var. Bir neçə səfirlə, diplomatlarla, eyni zamanda ölkəmizə akkreditasiya olunan diplomatlarla geniş görüşlər keçirirəm. Bunların hər biri mənim üçün təcrübədir. Dünya liderlərini, siyasətçiləri, onların həm fərdi, həm də dövlət maraqları çərçivəsində addımlarını izləyirik. Mənim kitabım diplomatik etiket və protokol qaydalarından bəhs olunur. Burada siyasətçilərin portret analizlərinə də yer ayırmışıq. Kitabın rəyçisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Protokol müdiri, eyni zamanda bir neçə ölkədə həm səfir, həm də diplomat kimi işləmiş, ən əsası Azərbaycanda qardaş ölkənin fövqəladə və səlahiyyətli səfiri olmuş Hulusi Kılıçdır. Bu kitabla bağlı Hulusi Kılıçla bir sıra məsləhətləşmələr apardıq. O, öz təcrübəsini mənimlə bölüşdü. Ölkəmizdə təqaüdə çıxmış bir sıra diplomatlarımızla geniş müzakirələr apardıq. Nəticədə bu kitab ərsəyə gəldi. İnşallah bu kitabın xaricdə də nəşri nəzərdə tutulur. İlk olaraq Anadolu türkçəsində və ingilis dilində nəşrini planlaşdırırıq. Bununla bağlı artıq müzakirələr aparırıq. Ümid edirəm ki, müxtəlif ölkələrdə də bu kitab geniş yayılacaq.
Foto: Ceyhun Rəhimov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO