Ankaradan Helsinki və Stokholma qulaqburması: Şimallıların "NATO düyünü" çözüləcəkmi?
Bizi izləyin

Xüsusi

Ankaradan Helsinki və Stokholma qulaqburması: Şimallıların "NATO düyünü" çözüləcəkmi?

Son günlər NATO ilə Türkiyə arasında müəyyən düyün nöqtələri meydana gəlib. Söhbət İsveç və Finlandiyanın adıçəkilən hərbi-siyasi bloka üzvlük müraciətinə Ankaranın narazılığından gedir. Ankara Helsinki və Stokholmu PKK, PYD terror qruplaşmasına himayədarlıqda, onları bəsləməkdə ittiham edir.

Bəs NATO üzvü olmaq yolunda Finlandiya və İsveç Türkiyənin "bığının altından" keçmək üçün onun dediklərini yerinə yetirəcəkmi? Bir çoxları Ankaranın Helsinki və Stokholmla bu mövzuda bazarlığa gedəcəyini düşünür. Bu baş verəcəkmi?

Suallarımızı politoloq Qabil Hüseynliyə ünvanladıq.

Q.Hüseynlinin Publika.az-a müsahibəsini təqdim edirik:

- Qabil müəllim, hazırda NATO ilə Türkiyə arasında müəyyən gərginliklər yaşanır. Söhbət İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə Ankaranın etirazından gedir. Türkiyənin bu etirazının arxasında rəsmi açıqlamalardan fərqli səbəblər də ola bilərmi? Türkiyə onların üzvlüyü qarşısında NATO və bu iki dövlətlə siyasi bazarlığa otura bilərmi?

- Düşünürəm ki, siyasi bazarlıqlar artıq indidən başlayıb. Türkiyənin əsas narazılığı PKK və PYD terror qruplaşmalarına, onların üzvlərinə həm Finlandiyada, həm də İsveçdə geniş yer verilməsi, fəaliyyətləri üçün şərait yaradılmasıdır. Bu ölkələr həmin terrorçulara vətəndaşlıq da verirlər. Bu da Ankaranın haqlı narazılıqlarına səbəb olur. Beləliklə, bu iki dövlət Türkiyəyə qarşı müəyyən fitnə-fəsadların həyata keçirilməsinə şərait yaradırlar. Ankara da bütün bunlardan narazıdır. Artıq İsveçin xarici işlər naziri bildirib ki, biz Türkiyənin bu mövzuda həssaslığını başa düşürük. O qeyd edib ki, rəsmi Stokholm bundan sonra Ankaranın dilə gətirdiyi məsələlərin hamısını nəzərə almağa hazırdır. Eyni fikirləri Finlandiya da bildirib. Yəni tərəflər əgər eyni hərbi-siyasi blokun üzvü olacaqlarsa, birinin daxilindən digərinin ictimai-siyasi quruluşuna, dövlətçilik sisteminə zərər vuran addımların atılmasına yol verməməlidirlər. Bununla NATO-ya daxil olan hər iki ölkə razılaşır.

- Bəs ABŞ bu iki dövləti NATO-ya qəbul etmək üçün Türkiyənin razılığını ala biləcəkmi?

- Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sədri Entoni Blinken bildirib ki, Türkiyə ilə NATO-ya üzv olmaq istəyən digər iki namizəd ölkə arasında münasibətləri qaydaya salmaq mümkündür. O güman edir ki, bundan sonra Finlandiya və İsveçi NATO-ya üzv qəbul etmək mümkün olacaq.

- Türkiyə bundan sonra bir NATO üzvü olaraq Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynaya biləcəkmi?

- Bilirsiniz, danışıqlar və vasitəçilik kimi məsələlər olduqca mürəkkəb amillərə dayanır. Bu kimi məsələlərdə əksər hallarda Rusiya tərəfindən səmimiyyət məsələsi ciddi surətdə pozulur. Türkiyə səmimi surətdə çalışır ki, vasitəçilik missiyasını həyata keçirsin. Amma Rusiya özünün köhnə oyunları vasitəsi ilə danışıqlara hazır olduğunu söyləyərək yenə də hərbi əməliyyatları davam etdirir. Onlar bununla Ukraynaya ziyan vurmaqda davam etdiklərini göstərirlər. Beləliklə, danışıqlar prosesinin sadəcə zaman udmaq üçün bir vasitə olduğunu təsdiqləyirlər. İndi Ukrayna Prezidenti Vladimir Zelenski də danışıqlar məsələsində Rusiya kimi hərəkət etməyə başlayıb. Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyü təmin edilmədən Rusiya ilə hər hansı danışıqlara getməyəcəkləri barədə fikirlər səsləndirməyə başlayıb. Düşünürəm ki, Türkiyə tərəflər arasında nə qədər vasitəçilik etsə də, danışıqlar prosesindən yararlana bilməyəcəkdi. Çünki Rusiya bu məsələlərdə həddindən artıq qeyri-səmimi və fitnəkar bir rol oynayacaq. Bu nöqteyi-nəzərdən də məlum vasitəçilik prosesinin baş tutmaması ciddi əngəllərlə bağlı idi. Amma onu deyə bilərəm ki, danışıqlar prosesi yox, kapitulyasiya prosesi gündəmə gələ bilər. Hətta artıq bu məsələ də gündəmə gəlib. Rusiyanın kapitulyasiya etməsi barədə danışılır. Rusiyanın Ukraynanın ərazi bütövlüyünü tanıması ilə yanaşı, müəyyən təzminatların ödənilməsi haqda da söhbətlər gedir. Rusiya bu məsələni də öz üzərinə götürə bilər. Hazırda bütün işlər ona doğru gedir.

- Gələcəkdə Ukrayna ilə sülh danışıqları başlayarsa, Krıma neytral status verilə bilərmi? Hətta əsasən türklərin yaşadığı Krım ayrıca bir dövlət ola bilərmi?

- Yox. Krıma ayrıca status veriləcəyi məsələsinə inanmıram. Amma Krım tatarlarının yaşadığı ərazilərə muxtar status verilə bilər. Bunu da etsə, ancaq Ukrayna edəcək. Krım Krım tatarlarının tarixi vətənidir. Burada tarixən tatar türkləri yaşayıb. Tarixən Krım türkləri Osmanlı imperiyasının tərkibinə daxil olub. Sonradan Rusiyanın ram edilməsində böyük rol oynayıblar. Bura şanlı Krım xanlığının əzəli diyarıdır. Sonuncu Krım-tatar xanı Şahin Gərayın vəsiyyətlərini həyata keçirmək üçün bu torpaqda yenidən məskunlaşıb oranı Ukraynanın tərkib hissəsi, muxtar qurumu kimi çiçəklənən bir diyara çevirmək haqqında düşünməlidirlər.

- Türkiyə İraqın şimalında terrorçulara qarşı hərbi əməliyyatları gücləndirib. Ankara terrorçulara qarşı sərt addımlar atmaqla həmin qrupları maliyyələşdirənlərə hansı cavabı verməyi düşünür?

- Türkiyə uzun müddətdir ki, öz sərhədlərinin və içəridəki asayişin təmin edilməsi üçün bu cür addımlara əl atır. Anti-terror əməliyyatlarının gücləndirilməsinin də səbəbi budur. Bu, onun qanuni hüququdur. Çünki həm İraq, həm də Suriya öz ərazilərində müxtəlif terrorçu qruplaşmalara yer verib. Onlar əllərinə fürsət düşən kimi öz quldur dəstələrini Türkiyə ərazilərinə göndərirlər. Terror hərəkətlərinin törədilməsinə imza atırlar. Eyni zamanda Türkiyə ilə sərhədləri boyunca müəyyən qarşıdurmaların yaranmasında əsas səbəbkar rolunu oynayırlar. Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün bu addımı atmağa sadəcə olaraq borcludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm