Cənnətə gedə bilmirsinizsə, heç olmasa ŞƏKİLLƏRİNƏ baxın!
Bizi izləyin

Yolçu

Cənnətə gedə bilmirsinizsə, heç olmasa ŞƏKİLLƏRİNƏ baxın!

Kimsə özü üçün Tailandı artıq çoxdan kəşf edib, amma indiyədək turistlərin çoxu hələ də bu ölkəyə getməyə tərəddüd edir. “Məni orada nə təəccübləndirə bilər?”, “Ümumiyyətlə, Tailanda niyə gedim?”, “Tailand Türkiyə, Misir və digər ölkələrdən nə il fərqlənir?” sualları arasında baş sındırır. Əslində isə bu ekzotik ölkəyə getmək üçün yüzlərlə gözəl bəhanələr tapmaq olar. Tailand ilk növbədə Asiya ölkələri arasında xüsusilə böyük populyarlığa malikdir. Təsadüfi deyil ki, Tailandı həm də Asiyanın turizm paytaxtı adlandırırlar.

Beləliklə, Publika.az-ın “Yolçu” layihəsində bu həftə oxucuları Tailanda virtual səyahətə dəvət edirik. Odur ki, bizə yaxşı yol! Necə deyərlər, yolçu yolda, gözlər isə yazıda gərək!

Tailand Asiyanın ən müstəqil ölkəsidir. “Tailand” tay dilindən tərcümədə “azad insanların vətəni” deməkdir. Yeri gəlmişkən, bura Cənub-Şərqi Asiyanın Avropa ölkələrinin müstəmləkəsi altına düşməyən yeganə ölkəsidir.

Tailand Cənub-Şərqi Asiyanın ən turistik, ekzotik və tropik ölkəsidir. Qloballaşmanın demək olar ki, bütün guşələrinə təsir etməsinə baxmayaraq, Tailandın gözəlliyini heç nə poza bilməyib. Gözəl iqlimi, həmişə yaxşı hava, heyranedici mənzərələr, ekzotik mətbəxi və xeyirxah yerli əhali - bütün bunlar ölkənin əsas üstünlüyü olaraq qalır. Bununla belə, komfort həvəskarları burada inkişaf etmiş infrastruktur və yüksək servislə təmin olunur. Burada turistlərin istər göz yaşı kimi saf, mavi suları olan dəniz sahillərində, istərsə də təbiətin yaşıl qoynunda, çay kənarlarında, xüsusi mini-otellərdə dincəlməsi üçün lazım olan bütün şərait yaradılıb. Ölkənin müxtəlif yerlərində bir-birinin ardınca yüzlərlə istirahət ocaqları, müasir mehmanxanalar inşa edilib. Bir sözlə, Tailandda istirahət edən turistlərin özlərini lap cənnətdəymiş kimi rahat hiss etməsinə şübhə yeri qalmır.

Sizcə də cənnət deyil?!

Tailandın turizm mövsümü noyabr ayında başlayır və aprel ayına qədər davam edir. Bu aylarda havanın temperaturu 30-35 dərəcə, su temperaturu isə 27-28 dərəcə olur. Tropik leysan yağış ehtimalı minimaldır. Buna görə də, bir çox turistlər Tailanda qış aylarında getməyə üstünlük verir. Əgər bu yay dincəlmək imkanınız olmayıbsa, kefinizi pozmayın. Pulunuzu yığıb payız aylarında yayın heyfini Tailandda çıxa bilərsiniz.

Tailandın ən məşhur kurort əraziləri isə bunlardır: Bankok, Çianq Mae, Pattayya, Pxukat şəhərləri, Samui və Xua-xin adaları. Hər bir adanın öz ləzzəti var və hər birində bir neçə gün qalmaq istəyirsən.

1. Bal ayı və ya romantik tətil keçirmək üçün

Bilicilər deyirlər ki, münasibətləri təzələmək üçün Pxuketdən daha yaxşı yer yoxdur. Burada çoxlu sayda romantik otellər, ekzotik təbiəti ilə çimərlikləri birləşdirən ahəngdar mənzərələr, dəbdəbə və rahatlıq tapmaq olar. Bundan əlavə, hakimiyyət Pxuket çimərliklərinin orijinal görünüşünün qaytarılması üçün mübarizə və buna görə də burada şezlong və günəş çətiri qadağan edib. Əgər gecə əyləncələrinin və turistlərin çox olduğu yerlərə getmək istəyirsinizsə, onda Patonqa xoş gəlmisiniz. Burada beynəlmiləl klub həyatı gecə-gündüz qaynayır.

2. Dayvinqlə məşğul olmaq

Gec-tez çoxumuz sualtı dünyanı kəşf etmək istəyirik. Belələri üçün dünyada beş ən yaxşı dayvinq yerlərdən biri - doqquz adalar qrupundan ibarət, təmiz suyu və rəngarəng dəniz həyatı olan Similanı adasıdır. Smilanı adası Tailandın milli qoruğudur və dövlət mühafizəsi altında saxlanılır. Ona görə də 9 doqquz adanın yalnız ikisində gecələməyə icazə verilir.

3. Qayalara dırmanmaq

Bütün Cənub-şərqi Asiyada qayaya dırmanma üçün ən yaxşı yer - Tailanddakı Koh Laolianq: Şimal, Cənub və Petra adalar qrupu sayılır. Burada əhəng qayalar düz ağ qumlu və təmiz sulu çimərliyin yanındadır və yalnız gündüz ziyarətləri üçün açıqdır. Adada ən yaxşı halda çadır qurmaq olar, ona görə də buraya adətən peşəkar idmançılar üz tutur.

4. Cəngəlliklər

Tailand cəngəlliklərlə zəngindir, əsl vəhşi tropik macəraçıları üçün burada xüsusi ada var: Koh Kood. Bu ada sivilizasiyadan tamamilə uzaqdır, hətta yollar belə salınmayıb. Bir-biri ilə yaxın adalara keçmək üçün tropik meşələrdə kollar arasından özün cığır açmalısan. Üstəlik, adanın mərkəzində gözəl məbəd, ekzotik quşlar və möhtəşəm şəlalə gözəlliyi ilə sizi heyran edəcək.

5. Sonuncu qəhrəman

"Sonuncu qəhrəmanı" filmi Koh Tarutao adasında çəkilib. Bu da təəccüblü deyil, axı bu nəhəng ada milli parkdır. Koh Tarutao saf gözəlliyi və meşələri, çimərlikləri, quşları, tısbağaları, həmçinin sualtı aləmi ilə məşhurdur. Burada internet kafeləri, banklar və tibb müəssisələri, böyük otellər yoxdur. Elə bu səbəbdən də buradakı əsl ekzotik həyatı səyyahlar yüksək qiymətləndirir. Qayıqlar adaya gündə üç dəfə gedir.

6. Dünyanın ən sevimli heyvanlarını sığallamaq şansını əldə verməyin

Şəhərin şimal hissəsində Çanq Mae şəhərində böyük zoopark var. Çin bu zooparka iki panda hədiyyə edib. Maraqlıdır ki, bu nadir heyvanlar burada rahat məskunlaşıb, hətta onların balaları da doğulub. Odur ki, dünyanın ən sevimli pandalarına sığal çəkmədən getmək böyük səhv olardı.

7. Məbədlər

Burada qədim memarlıq inciləri günümüzə qədər mühafizə edilərək saxlanılıb. Ölkənin paytaxtı Bankoq buddist məbədlər şəhəridir. Onlardan biri də 1783-cü ildə inşa edilən Böyük Kral sarayıdır. Saray nəinki Asiyanın, həm də dünya memarlığının incilərindən hesab edilir. Ona görə də bu saray Tailanda gələn qonaqları və turistləri özünə heyran edir. Sarayın şimal hissəsində yerləşən Zümrüd Budda məbədi və qızıl taxtda əyləşən Buddanın heykəli öz gözəlliyi ilə ecazkar təsir bağışlayır. Bundan əlavə, Bankokdakı Qızıl Budda məbədindəki qızıldan hazırlanan və 5,5 ton ağırlığında olan Buddanın heykəli də turistlər tərəfindən maraqla qarşılanır. Ümumiyyətlə, Bankokda 400-dən artıq məbəd var.

8. Unudulmaz həzz - tay masajı

Tay masajının faydaları və inanılmaz rahatladıcı təsiri haqqında xəbərdar olmayan yoxdur. Amma çox az adam bilir ki, Tailandın cənub adalarında xüsusi masaj məktəbləri var. Ümumiyyətlə, tay masajı seansları kokos yağı ilə xüsusi paltarlarda həyata keçirilir və həqiqətən də əzələ qrupları, o cümlədən oynaqlara dərin təsir edir. Bundan əlavə, daxili orqanlara təsir edən xüsusi qarın masajı da təklif edilir. Bu masaj isə yalnız ən yüksək səviyyəli peşəkarlar tərəfindən tətbiq edilir.

9. Parklar şəhəri

Bankokdakı parklar əsl istirahət mərkəzləridir. Bu parklar milli memarlıq ənənələrinə uyğun salınıb. Məsələn, turistlərin ən çox ziyarət etdikləri “Mecik Lend” parkında oyun və istirahət karuselləri, təbiətin qoynunda xüsusi zövqlə uyumaq və dincəlmək üçün yarıaçıq yataq çarpayıları, dünyanın istənilən ölkəsinin telekanallarını seyr etmək üçün televizorlar var. Parkların böyük hissəsi keçilməz meşəlikləri xatırladır və insan burada özünü vəhşi təbiətin qoynunda olduğu kimi hiss edir. Parkda texniki vasitələrlə vəhşi təbiət özünəməxsus şəkildə vəhdət təşkil edir. Bankokdakı “Park Siti” daha çox süni gölləri, şəlalələri və attraksionları ilə məşhurdur. “Safari Uorld” parkında isə Afrika və Asiya heyvanları və 4000-dən artıq quş növü saxlanılır. “Safari Uorld” parkı dünyanın ən zəngin təbii zooparklarından biridir və bura da müxtəlif ölkələrdən gələn turistləri maqnit kimi özünə cəlb edir. Qeyd edək ki, Tailandda 60-dan yuxarı milli park fəaliyyət göstərir.

10. Tanımadığınız dadlar

Tailandın mətbəxi də özünəməxsus və təkraredilməzdir. Bu ölkənin yeməklərinin Azərbaycan və Avropa mətbəxi ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Lakin bu, o demək deyil ki, siz aclıqdan bir dəri, bir sümük qalacaqsınız. Əksinə, salatlar, soyuq qəlyanaltılar, müxtəlif isti yeməklər hər kəsin ürəyincə olacaq. Tayların məşhur “Thai Tom Yam” şorbasını xüsusi vurğulamağa dəyər. Ora gedən hər kəs mütləq bu şorbanın dadına baxmalıdır. Şəhərin küçələrində yaxşı hazırlanmış və müxtəlif yerli yeməklər satılır. Banan və manqo blinçikləri, eləcə də, klassik şaurma, meyvəli toyuq kababı və qaynadılmış qarğıdalı xüsusi ilə məşhurdur. Bütün yeməklər təzə, dadlı və sərfəli qiymətədir. Ləziz yeməkləri ilə yanaşı, Tailand ekzotik meyvələrdən hazırlanmış təzə şirələrin də dadını sınamağı şiddətlə məsləhət görürük. Əsas üstünlüyü təzə kokos şirəsinə verin, onlar demək olar ki, hər yerdə satılır.

thai_kokos

Tailand mətbəxi göy-göyərtinin bolluğu və çeşidi ilə seçilir. Məsələ ondadır ki, tərəvəz burada il boyu yetişir və həmişə süfrədə göy-göyərti olur. Tailandın əlverişli iqlimə malik olması onun mətbəxinin də olduqca zəngin olmasına gətirib çıxarıb. Bir sözlə, Tailandda ilin bütün fəsillərində bazarlar aşıb-daşır. Ona görə də Tailandda ac qalmaq haqqında söhbət gedə bilməz. Yeri gəlmişkən, taylarda “aclıq” sözünün olmaması ölkədə ərzaq bolluğunu bir daha sübut edir.

Tailandlılar öz mətbəxlərində ətdən, balıqdan, həmçinin yuxarıda qeyd etdiyimiz kimi, çoxçeşidli meyvə-tərəvəzdən geniş istifadə edir. Tailandda xüsusilə bayramlarda mətbəxlər daha zəngin və rəngarəng olur. Bu zaman milli mətbəxə xas olan bütün yeməklər süfrəyə gətirilir. Ona görə də zəngin tay mətbəxi ilə ilk dəfə tanış olan qonaqlar, xüsusilə Avropa ölkələrindən olan turistlər heyrətlərini gizlədə bilmirlər. Tay mətbəxini fərqləndirən bir xüsusiyyət də süfrəyə verilən yeməklərin bəzədilməsinə xüsusi önəm vermələridir. Tayların yeməklər üzərində fantaziyaları o qədər inkişaf edib, bəzən yeməklərə baxanda elə bilirsən ki, məşhur bir rəssamın insanı valeh edən rəsm əsərinə tamaşa edirsən.

11. Kao-Sok Milli Parkı Tailand

İlan sancmasını operativ müalicə etməyin və ya ilandan qaçmağın yollarını öyrənmək istəyirsiniz? Onda siz birbaşa Tailandın milli parkına yollanın. Burada siz hətta ilanlar haqqında başqa maraqlı məlumatlar da öyrənə biləcəksiniz. Parkın ərazisində dünyanın ən böyük kobra ilanı yaşayır, onun uzunluğu altı metrə qədər çatır. Zəhər ehtiyatı isə böyük bir fili öldürməyə çatır. Həmçinin bir çox digər zəhərli sürünənlərdən də burada yaşayır. Amma turistlər üçün burada demək olar ki, ciddi heç bir təhlükə yoxdur. Əlbəttə ki, siz cəngəllikləri təcrübəli bələdçi olmadan gəzməyə qərar verməmisinizsə...

Tailandda yerli əhali hər bir turistə fillə gəzinti də təklif edir. Filə minmək kənardan göründüyü kimi qorxulu deyil. Və sizi yalnız müsbət emosiyalarla təmin edəcək.

12. Xeyirxah yerli əhalisi

thai_lyudi

Tailand dünyada "Min gülüş ölkəsi" adı ilə də tanınır. Şübhəsiz ki, bu söz elə-belə deyilməyib. Bu ölkənin yerli əhalisi qonaqları günün istənilən saatında xoş təbəssüm və səmimi qarşılayır. Böyüklərdən tutmuş uşaqlarına qədər hər kəs ətrafdakılara daim gözəl təbəssüm saçır. Bu ölkədə belə qəbul edilir ki, xoş atmosfer və səmimi münasibət yaratmaq üçün gülüş böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, taylar münaqişələrdən qaçmağa meyllidir. Onlar mömin buddistlərdir, buddizmdə isə hesab edilir ki, pis əməllər karmanı pozur. Taylar turistlərlə zarafat etməyi xoşlayırlar, lakin onların zarafatları adətən uğursuz alınır. Hər halda onlardan sevinmək və bu günlə yaşamaq qabiliyyətini öyrənmək lazımdır.

13. Full Moon Party

1985-ci ildən etibarən Ko Pxanqan adasında hər ay “Full Moon Party” keçirilir. Bu ziyafət tam üç gecə keçirilir və buraya dünyanın müxtəlif yerlərindən təxminən 30 min adam gəlir.

Tailanddan özünlə nə gətirmək olar?

Tailandda paltar və ayaqqabını ucuz qiymətə almaq olar. Düzdür, keyfiyyəti bəzən heç də ürəkaçan olmur, amma keyfiyyət və qiyməti seçimi cibinizdən asılıdır. Alış-veriş qala bilməyən modabazlar timsah fermalarının yanında dəridən hazırlanmış müxtəlif çeşidli məmulatlar təklif edən maqazinlərdən doyunca şopinq edə bilər.

Bir çox turistlər isə Tailanddan kosmetika alır. Əsasən də xanımlar ekzotik meyvə qoxulu müxtəlif gellər, duş üçün şampunlar, balzamlar, skrablar və kremlərə laqeyd qala bilmir. Tayların diş məcunu da tərkibindəki şəfaverici otlar sayəsində bütün dünyada çoxdan populyarlıq qazanıb. Hindqozu yağını mütləq alın, bu da saçların möhkəmlənməsi və dəriyə qulluq üçün istifadə olunur.

Tailand haqqında maraqlı faktlar

Tailandda istənilən yaşda qadınlar açıq geyimlərdən çəkinir. İstər paltar və ya şortlar orta uzunluqda olmalıdır. Dekolte zonası isə paltarlarda və bluzkalarda bağlanmalıdır. Tailand çimərliklərində həddindən artıq cəlbedici kupalniklər geyinmək qəbuledilməzdir. Üstəlik, bikinin üst hissəsini çıxarıb qaralmaq olmaz, buna görə, polisdən ciddi töhmət və möhtəşəm cərimə almaq olar. Bir sıra əyləncə müəssisələrinin, o cümlədən, lüks restoranların öz qaydaları var. Onlar axşam qadınlara işgüzar paltarlarda və ya kostyumda gəlməyi tövsiyə edirlər.

Şəhərdə çox yüksək dabanlı ayaqqabılarda gəzməyə dəyməz. Məhəllələr, küçənin müxtəlif yolları daşlarla döşənib. Odur ki, olar bahalı yay ayaqqabılarınızın dabanını sındırmaq istımirsinizsə, bunu diqqətdə saxlayın.

Əgər siz tay məbədlərinə ekskursiyalara getmək fikrindəsinizsə, onda əvvəlcədən müvafiq geyim nəzərdə tutmaq lazımdır. Məsələ ondadır ki, tay məbədlərinə qısa şortlarda və ya dizdən yuxarı ətəkdə, eləcə də çiyni bluzkalarda və ya toplarda, hətta başı açıq getmək olmaz. Başınıza atdığınız yüngül yay örtüyü də sizə kömək etməyəcək.

Tailand kralı dünyanın ən uzun müddət hakimiyyətdə olan monarxıdır. Tailandlılar ona böyük hörmət bəsləyir və bunun üçün səbəbləri də kifayət qədər çoxdur. Phumipon Adulyadet süni buludların yardılması patentinə sahib olmaqla yanaşı, ölkədə körpü və bəndlər inşa etdirib. Bununla yanaşı, o, saksafonda əla ifa edə bilir.

Hazırda Tailandda 2555-ci ildir. Tailandlılar il hesablanmasını Buddanın doğulduğu tarixdən başlamışlar. Bəzi digər Asiya ölkələri də bu tarixdən istifadə etsələr də, arada bir neçə il fərq mövcuddur.

Dünyanın bir çox ölkələrində 12 və 24 saatlıq vaxt hesablanmasından istifadə edildiyi halda, Tailandın əksər hissəsində 6 saatlıq zaman hesablanmasından istifadə edilir.

Tailandın paytaxtı olan Banqkok şəhərinin adı dünyanın ən uzun şəhər adına sahibdir. Şəhərin adı belədir: “Krung Thep Mahanakhon Amon Rattanakosin Mahintarayutthaya Mahadilok Phop Nopparat Ratchathani Buriram Udomratchanivet Mahasatan Amon aux Piments Avatan Sathit Sakkathattiyya Vitsanukam Prasit”-dir.

Ölkə sahib olduğu bir çox cəhət ilə Ginnesin rekordlar kitabına düşüb. Belə ki, dünyanın ən böyük qızıldan Budda heykəli, ən böyük timsah ferması, ən böyük restoran və ən hündür otel məhz burada yerləşir.

Əvvəllər Tailandda kral da daxil olmaqla bütün gənc kişilər özlərinin 20 yaşlarına qədər qısa müddətlik də olsa mütləq olaraq buddist rahib olmalı idilər.

Tailandda baş bədənin ən vacib hissəsidir. Buna görə də bu ölkədə insanın başına (hətta körpə uşağın belə) toxunmaq xoş qarşılanmır. Bununla yanaşı, tailandlılar status baxımından özlərindən yüksək olan şəxslə qarşı-qarşıya dayandıqda hörmət əlaməti olaraq başlarını onların başlarından nisbətən aşağıda tutmağa çalışırlar. Ayaq isə bədənin ən çirkli və aşağı dərəcəli hissəsi hesab edilir. Buna görə də, bu ölkədə kiməsə nəyisə işarə etdikdə ayaqlarınızdan istifadə etməməyiniz məsləhətdir.

P.S Əgər siz bu ölkəyə ilk dəfə gedirsinizsə, o zaman tək getmək lazım deyil. Birinci dəfə turizm agentliyinin köməyi ilə yola düşmək daha yaxşı olar, onlar sizi otelə yerləşdirib kurort şəhəri ilə ətraflı tanış edəcək. Siz hər şeyin hazırına gələcək və dərhal istirahət edəcəksiniz. Yalnız bunun üçün siz krallığın turunu almalısınız. Orada sizə lazım olan bütün xidmətlər daxil olacaq. Və buradakı müxtəlif istirahət növlərinə hər bir turizm ölkəsi ancaq həsəd apara bilər.

Bütün bu əzəməti və cənnət istirahətini sizə Tailand bəxş edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm