Elçin Əlibəylidən Rüstəm İbrahimbəyova AĞIR SÖZLƏR: “İçi çirkabla dolu, murdar...”
Bizi izləyin

Art

Elçin Əlibəylidən Rüstəm İbrahimbəyova AĞIR SÖZLƏR: “İçi çirkabla dolu, murdar...”

“Sözügedən film ekranlara çıxanda xəbər tutdum və bu barədə filmin yaradıcılarının üzv olduğu gildiyaya da öz etiraz məktubumu göndərdim. Rüstəm İbrahimbəyovdan bunu gözləyirdim. Çünki bütün hallarda o, Azərbaycana aid olmayan insan olub. Son siyasi hadisələrdə bir daha gördük ki, Azərbaycan ona ancaq maddi maraqlar üçün lazımdır və o, öz xəyanətkar üzünü göstərdi. Kimdənsə küsürsə, bu incikliyini mənsub olduğu xalqa qarşı çevirmək, yaxud da xalqı aşağılamaq özünü ziyalı adlandıran, zadəgan hesab edən yaradıcı insana ümumiyyətlə, yaraşmır”.

Bu sözləri Publika.az-a tanınmış aparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan, ermənilərin isə alicənab, sülhsevər kimi təqdim edildiyi “Qafqaz üçlüyü” filmi haqqında danışarkən deyib.

Xalq yazıçısının bu əməlindən hiddətləndiyini gizlətməyən aparıcının sözlərinə görə, ekran işi yaradıcı baxımdan çox zəifdir:

“Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Eldar Şengelayanın çəkdiyi film kinematoqrafiya baxımdan olduqca zəifdir və birbaşa ideoloji silaha hesablanıb. Onu yaradıcılıq baxımdan və festival filmi kimi qiymətləndirmək qeyri-mümkündür. Burada heç bir bədii məziyyətlər yoxdur. Çünki “Qafqaz üçlüyü” birbaşa siyasi sifarişə hesablanmış filmdir. Məqsəd Azərbaycan xalqını aşağılamaq və vəhşi kimi təqdim etməkdir. Guya, 60-70-ci illərdə Bakıda yaşayan başqa millətlərin nümayəndələri daha ziyalı olub, müəllif onları qabardıb. Belə çıxır ki, rayonlardan, xüsusən də Ermənistandan gələn azərbaycanlılar vəhşidir və erməniləri döyürlər. Ssenari müəllifi bunu qabartmaq istəyib və qabardıb. Halbuki, 88-ci ildə ermənilər azərbaycanlılara qarşı vəhşilik törədib. Diri-diri uşaqları borunun içinə doldurub, ağzını qaynaqlayıb və yandırırdılar. Bu hadisə Qafanda olmuşdu. Göyçə tərəfdən yerli sakinlər isə dağlarla ayaqyalın qaçmışdılar. Şəhərin mərkəzində neçə-neçə məşhur ziyalının evini yandırmış, talan etmişdilər. Bütün bunlar 88-ci illərin ortalarında baş vermişdi. Bu hadisələri Rüstəm İbrahimbəyov yaxşı bilir. O, vaxtilə çəkdiyi “Ailə” filmində üstüörtülü və ikibaşlı oyun oynamışdı.

“Ailə” filmi o zaman ekrana çıxanda da fikrimi bildirmişdim ki, bu, ikibaşlı oyundur və ermənilərə hansısa simpatiyanı qaldırmaq məqsədi güdür. Təəssüf ki, onda mövqeyimi başa düşən olmadı. Çünki Rüstəm İbrahimbəyov o zaman kifayət qədər mötəbər insan idi və ona söz demək mümkün deyildi. Belə deyək, “qılıncının qabağı da, dalı da kəsirdi”. İndi xəyanətin daha eybəcər və daha iyrənc formasını edib. Hesab edirəm ki, sənətkarlıq baxımdan çox bərbad vəziyyətdə olan filmin birbaşa Azərbaycan xalqına eybəcər formada ünvanlanması həqiqətən məyusedici və ziyalıya yaraşmayan addımdır. Ümumiyyətlə, bu, içi çirkabla dolu olan insanın əməlindən başqa bir şey deyil. Onun içində danışan çirkab və murdarlıqdır. Onsuz da o, Azərbaycan xalqı qarşısında öz ziyalılığını və yazıçı kimi nüfuzunu çoxdan itirmişdi. Bu əməli ilə murdar olduğunu bir daha sübut etdi”.

E.Əlibəyli sözlərinə onu da əlavə edib ki, Xalq yazıçısı adı və bir çox fəxri adlar R.İbrahimbəyovun əlindən alınmalıdır:

“Mənim üçün bu sözləri demək, çox ağırdır, vaxtilə qürur duyurdum ki, ədəbiyyatımızda belə imza var. Çox sevinmişdim ki, o, Rusiyada tanınır və müəllifi olduğu film “Oskar” alıb. Əfsuslar olsun ki, qürur yeri hesab etdiyimiz insanların belə xəyanətləri olur. Çox dəhşətə gəlirəm. Vaxtilə deyirdilər ki, Azərbaycanda sapı özümüzdən olan baltalar var. Amma mən İsmayıl Şıxlıya aid olan bu sözün bitdiyini düşünürdüm. Fikirləşirdim ki, sovetlər birliyində ola bilsin ki, insanlar qorxu ucbatından satqınlıq yolunu seçib, bundan sonra yəqin ki, heç kim öz vətəninə xəyanət etməz. Amma sən demə, bu, belə deyilmiş. Film 2015-ci ildə çəkilib, 2016-nın oktyabrında premyerası olub. Uğursuz film kimi dəyərləndirilib. Hətta, onu yerləşdirən saytlarda (arasında azərbaycan saytı da var) filmin bərbad olduğu qeyd olunub.

O vaxt baxanda hiddətə gəlmişdim və bu barədə status yazmışdım. Amma o zaman bu mövqeyimə cəmiyyətdən heç bir reaksiya olmadı. Filmi çox diqqətlə izləmişəm və bütün xırdalıqlarına fikir vermişəm. Yenə deyirəm ki, filmin yaradıcı məziyyətləri yoxdur, birbaşa Azərbaycan xalqını aşağılamağa hesablanıb. Bu xəyanət Rüstəm İbrahimbəyovun iyrəncliyidir. Onun bütün adları, xüsusilə fəxri Xalq yazıçısı adı əlindən alınmalı və Əkrəm Əylisliyə verilən dərs ona da verilməlidir”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm