Buraxılış gecəsində valehedici görünməyin sirləri – FOTOLAR
Bizi izləyin

Dəb

Buraxılış gecəsində valehedici görünməyin sirləri – FOTOLAR

İmtahan nəticələri bir neçə il sonra unudulacaq, buraxılış gecəsi isə ömür boyu xatirələrdə və şəkillərdə qalacaq. Bu gün üçün paltar seçimi vacib məsələdir. Toydan fərqli olaraq buraxılış gecəsinin həyatda yalnız bir dəfə keçiriləcəyinə zəmanət vermək olar, toy haqqında isə eyni fikri demək mümkün deyil.

Buraxılış gecəsində səhərə qədər doyunca rəqs eləmək və məzun albomuna baxanda təəssüf hissi keçirməmək üçün necə paltar seçməli? Publika.az bu yazıda məzun gecəsinə hazırlaşan qızlara qüsursuz görünməyin sirlərini açıb.

Buraxılış balı qızın həyatında ilk rəsmi çıxışı, geyim seçimi isə məsuliyyətli addımdır. Bu gecə qızlar ilk növbədə öz təbii gözəlliyini vurğulamağa çalışmalıdır. Korset və qabarıq ziyafət libaslarını unudun getsin, toya getmirsiniz. Sizin ən əsas silahınız gəncliyinizdir, gələcəkdə onsuz da istədiyiniz qədər dekolte, yarıqlı paltar geyinmək şansınız olacaq, hələlik isə yaşınızdan zövq alın və geyimi ona uyğun seçin. Dekorların çoxluğu, artıq-urtuq bəzək əşyaları yersiz təsir bağışlayacaq. Qırımızı xalıya çıxan ulduzların bəyəndiyiniz obrazlarını dərziyə göstərib paltar tikmək də ağıllı fikir deyil. Tikdirdiyiniz paltarın eyni ilə şəkildəki kimi qalacağına ümid edirsinizsə, yanılırsınız. Yaxşısı budur demokratik brendlərin mağazalarına üz tutun.

Bu mövsüm təbiilik dəbdədir. Ona görə də gənc məzunlara sadə və yığcam fasonlara diqqət yetirməyi məsləhət görürük. Təmtəraqlı paltarlar, zəngin dekorlar indi dəbdə deyil. Bu təntənəli gecə üçün şəffaf, uçan şifon və ipək parça ideal seçimdir. Onlar silueti zərif edir və arxayınlıq təəssüratı bağışlayır. Fason seçimində həmişə balansı xatırlayın. Məsələn, parça şəffafdırsa, onda sinəni və çiyinləri açmaq lazım deyil. Paltarın uzunluğuna gəldikdə, indi midi uzunluğu ön plandadır. Bu yayın hiti qızılı və gümüşü rənglərdir. Belə bir obrazla buraxılış gecəsində siz mütləq güclü effekt yaradacaqsınız.

Öz rahatlığınız barədə də mütləq fikirləşin, axı bu gecə hadisələrlə zəngin olacağını vəd edir. Əlbəttə ki, paltarın fasonu sizin seçiminizdir, lakin yadda saxlayın ki, paltar hərəkətlərinizə məhdudiyyət qoymalı deyil. Paltar o qədər rahat olmalıdır ki, siz onda asanlıqla qaça, gəzə, rəqs edə, hətta rahat otura biləsiniz. Məsələn, əgər siz hündür daban ayaqqabıda gəzə bilmirsinizsə, alçaq dabanlı modellərə yönəlin. Əgər hündür görünmək sizin üçün prinsip məsələsidirsə, onda özünüzlə bir cüt rahat ayaqqabı götürün. Əks halda dostlarınız rəqs meydançasından çıxmaq bilməyəndə siz bu gecəni oturaq vəziyyətdə keçirəcək və onlara həsrətlə baxmaqla kifayətlənəcəksiniz. Hər halda parta ilə vidalaşırsınız, hələ 25-30 yaşlı seksual qadın kimi görünməyə can atmayın.

Çiyin dekoltesi

Mövsümün ən aktual trendi bal üçün də uyğundur. Çiyin hissəsi tamamilə açıq, asqılı və yaxud volanlı ola bilər. Ümumiyyətlə, çiyin dekoltesinə aid çeşid çox genişdir.

Gecəlik tərzi

Tamamilə minimalist klassikaya üstünlük vermək vacib deyil, bal üçün maraqlı dekorlarla işlənmiş alt paltarı tərzində ziyafət libasları da seçmək olar.

Qara rəng

Qara, qısa donlar hər zaman uğurlu variantdır. Lakin bu halda darıxdırıcı görünmək riski var. Bunun baş verməməsi üçün qeyri-adi biçimli modellər seçin və çox qapalı fasonlardan imtina edin. Çünki yay gəlir, həm də buraxılış gecəsində sizi səhərə qədər şən rəqslər gözləyir!

Mini yubka

Mini yubkalar çox təhlükəlidir. İflasa uğramaq istəmirsinizsə, maksimum lakonik modellərə nəzər salın. Buna baxmayaraq, mini donlar uğurlu seçim sayılır. Bu paltar əyləncəli yay gecələri və kokteyllər üçün də uyğun gələcək.

Krujeva

Yay havasına uyğun gələn rənglərə üstünlük verin. Vacib məqamı yadda saxlayın: dekorlardan imtina etmək daha yaxşıdır, yoxsa paltar kobud görünəcək. Aksessuarlar və ayaqqabını da maksimum lakonik seçmək lazımdır.

Balerina

Bu halda paltarın alt hissəsinin həcmini çox qabartmamaq və gülünc görünməmək vacibdir. Balerina tərzinin həm döşəməyə qədər uzun, həm də daha qısa variantları aktualdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm