Dünya
Müsəlman Ferdinandın edamı: I İslam müharibəsi başlayır?!
Təxminən 100 il öncə Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Ferdinandın Serbiyada qətlə yetirilməsi I Dünya müharibəsinin başlanmasına səbəb oldu. Tarix bu səbəbin sadəcə bəhanə olduğunu sübut etdi. 100 illik bəhanə yeni müharibəyəmi start verəcək?
Səudiyyə Ərəbistanının öz vətəndaşı olan, lakin şiə məzhəbinə
məxsus Ən-Nimrini edam etməsindən sonra İranın verdiyi reaksiya və
Tehranla Ər-Riyadın hazırda gəldiyi nöqtə I Dünya Müharibəsinin
səbəblərini xatırlatmaya bilmir. Və Yaxın Şərqdə baş verənlər,
xüsusilə edamın indi həyata keçirilməsi və ipdən asılan 47 nəfərdən
cəmi birinin şiə məzhəbini təmsil etməsinə baxmayaraq, Tehranın
reaksiyası yeni müharibə üçün Ən-Nimrinin də bəhanə olduğunu deməyə
əsas verir. Belə demək mümkünsə, 100 il sonra Nimr Baqir Ən-Nimr
vəliəhd Ferdinandın taleyini yaşayır.
Ölümü məzhəb qarşıdurmasına səbəb ola biləcək qədər gərginlik
yaradan Ən-Nimrinin həyat tarixçəsi onun İran dini rəhbərliyinə
bağlı olduğunu göstərir. 1959-cu ildə Səudiyyə Ərəbistanında anadan
olan bu şəxs dini təhsili İranda alıb və həyatı boyu Səudiyyənin
dini rəhbərliyinə qarşı vuruşub. 2012-ci ildə həbs olunub və nə
təsadüf ki, 2016-ci ilin ikinci təqvim günündə edam olunub.
Şiə din adamının həbs olunmasından dörd il sonra edamı, bunun
ardından İrandakı Səudiyyə Ərəbistanının səfirliyinə edilən hücum
atılan addıma cavabdan daha çox bölgədə yeni savaşın alt bazasını
formalaşdırmağa bənzəyir.
İran və Səudiyyə Ərəbistanı. Bu iki ölkə arasında mübarizənin tarixi yeni deyil. Xüsusilə 1979-cu ildə İslam inqilabçılarının Tehranda iqtidarı əldə etməsindən sonra ikitərəfli mübarizə açıq müstəviyə keçib. Misal üçün, 1980-ci ildə İran-İran müharibəsində Ər-Riyad Səddam Hüseyni dəstəklədi. 2015-ci ildə isə Suriyada Tehran iqtidardakı Əsədi, Ər-Riyad isə müxalifəti dəstəkləməklə tərəflər yerlərini dəyişdi. İki ölkə arasında diplomatik böhranların yaşandığı 90-cı illərdən tutmuş ondan əvvəl və sonra zaman-zaman açıq və gizli mübarizə gedib. Ümumi mənzərədə ikitərəfli savaşın əsas səbəbi regional güc olmaqdır. Bu baxımdan, şiə din adamının edamından sonra başlanan açıq mübarizənin alt qatındakı səbəblər naməlum deyil. Gerçəklərsə təkcə “müsəlman Ferdinandın” edamı ilə məhdudlaşmır, əksinə, bu, fitili yandıran qığılcım oldu.
***
Bu qığılcımın alovlandırılmasının gerçək səbəbləri sırasında ilk
növbədə Səudiyyə və İranın daxili siyasətindəki nüanslar
dayanır.
Saray müharibəsi, qoca kralın manevrləri
1. Edam olunanlardan 46-sı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqədə ittiham olunurdu. Onların edamı ölkənin “Əl-Qaidə”yə simpatiyası olan kəsimində böyük narazılığa səbəb ola bilərdi. Bu baxımdan, şiə olaraq bir nəfərin də dar ağacına çıxarılması ilə Ər-Riyad İrana dair geeopolitik hücumlara əsas yaratmaqla, cihad düşüncəsinə yaxın olan kəsimin də narazılığını yayındırmağa hesablanmış addım atdı. Çünki zaman-zaman Ər-Riyad iqtidarı daxilində cihadçı döyüşçülərdən iqtidarı ələ almaq üçün istifadə etmək təcrübəsi var. Ehtimal olunur ki, kral Əbdüləziz bin Salmanın ayətullahı “Əl-Qaidə”çilərlə eyni dar ağacına çıxarması narazılıq yaratmadan ona qarşı olanların “silahını” yox etməyə hesablanıb. Bu baxımdan, Səudiyyədəki saray müharibəsi diqqət çəkir. Belə ki, kral bin Salman taxta oturandan bir qədər sonra qardaşını vəliəhd titulundan məhrum edərək, qardaşı oğlu Məhəmməd bin Naifi özünün vəliəhdi elan etdi. 30 yaşlı oğlu Məhəmməd bin Salmanı isə ikinci vəliəhd təyin etdi. Həmin vaxtdan bin Nayiflə bin Salman arasında gələcək iqtidar uğrunda müharibə gedir. Oğul bin Salmanın terrora qarşı İslam koalisiyası yaratmaqla əlini gücləndirdiyi deyilir. Bin Naif buna qarşıdır və onun “Əl-Qaidə”yə simpatiyası olanlardan istifadə etdiyi haqda məlumatlar var. Belə bir vaxtda kral bin Salman 2016-cı ilin ilk edamı ilə öz taxtına və oğlunun gələcəyinə təhlükə olan amilləri aradan qaldırmaq addımını atdı.
2. Kralın bu addımı ümumi ideologiyanın
güclənməsinə də hesablanıb. Çünki Səudiyyədə əhli-sünnə dövlət
səviyyəsində əsas ideologiya elan olunsa da, fərqli baxışlar
mövcuddur. Xüsusilə cihadı dəstəkləyənlər və müxtəlif tayfalara
(aşirətlər) mənsub olanlar bütövlüyü pozur. Hesab etmək olar ki,
Ər-Riyad şiəliyi və İranı ümumi düşmən kimi təqdim etməklə dini
ideologiyanı möhkəmləndirmək niyyətindədir. Yəni, xarici düşmən
obrazı gücləndirilir.
3. Xarici düşmən obrazının gücləndirilməsi
həmçinin, diqqəti iqtisadi çətinlikdən yayındırmağa hesablana
bilər. Çünki neft qiymətlərinin düşməsi ilə Səudiyyə Ərəbistanının
dövlət büdcəsində 98 milyard dollar kəsir yaranıb. Məlumatlara
görə, hökumət vergiləri artırır və bir çox sahələrdə sərt addımlar
atır. Ehtimal etmək olar ki, Səudiyyə hökuməti diqqəti hazırki
iqtisadi çətinlikdən yayındırmaqla vəziyyətə nəzarət etmək
istəyir.
4. Və təbii ki, ayətullahın edamı ilə İran-Səudiyyə arasında gərginliyi artması neft bazarında qiymətlərin qismən də olsa artmasına əsas yarada bilər. Bu hazırki situasiyada az ehtimal olunur, amma o da faktdır ki, nefti təxminən 6 dollara emal edən Ər-Riyad üçün qiymətin 50 dollara qədər artması belə büdcədəki kəsirin azaldılmasına imkan yaradar.
Ruhaniyə - islahatçılara qarşı olanların oyunu
- İranın şiə Ən-Nimrinin edamını sərt bəyanatla reaksiya verməsi
təəccüblü olmazdı. Lakin narazı kütlələrin Səudiyyə səfirliyinə
hücum edərək, diplomatik əraziyə girməsi Tehranın da gərginlikdə
maraqlı olduğunu göstərir. Əslində İran daxilindəki siyasi vəziyyət
bu gərginliyin Ruhani hökumətinə deyil, mühafizəkarların əlinə
oynadığını deməyə əsas verir. Belə ki, İranda prezident Həsən
Ruhani islahatçı qanadı təmsil edir. Mühafizəkarlar isə dini lider
Ayətullah Xameneinin rəhbərliyi altında daha çox SEPAH və “Bəsic”
(Xüsusi təyinatlı ordu – red.) kimi güc strukturlarına hakimdir. Bu
iki cəbhə arasında gizli mübarizə gedir. Mühafizəkarlar
islahatçıların Qərblə nüvə proqramında razılaşmasını, Ər-Riyadla
münasibətlərin normallaşmasını (2015-ci ilin dekabr ayında
Tehran və Ər-Riyad Suriya böhranı ilə bağlı uzun müddət sonra eyni
masaya əyləşib müzakirələr aparmışdı – red.) qəbul
etmir.
Burada islahatçıların Qərbə, mühafizəkarların isə daha çox Rusiyaya
bağlı olması da diqqətdən qaçmamalıdır.
Ehtimal bundan ibarətdir ki, İranda Səudiyyə səfirliyinə hücumu
məhz mühafizəkarlar təşkil ediblər. Onlar (həm də Rusiya) bununla
İranın Qərblə normallaşan münasibətləri yolunda tramplinlər düzür,
həmçinin, Səudiyyə ilə toqquşmaları şiddətləndirərək, Suriyada
İran-Rusiya-Əsəd cəbhəsinin bütövləşməsini təmin edirlər. Bu,
faktiki olaraq İranın ABŞ-la yaxınlaşmasına da ciddi maneə ola
bilər. Çünki İslam inqilabından sonra İran ilk dəfə Ruhaninin
dövründə Avropaya açılır. Bu da mühafizəkarları ciddi narahat edir,
onlar ABŞ-ın İran üzərində güclü təsirə malik olacağından ciddi
şəkildə narahatdırlar. Misal üçün, ötən ilin son aylarında ABŞ
ordusu ilə ciddi əlaqələrə sahib olan Nizar Zakkanın həbsi və bu
həbsin arxasında mühafizəkarların əsas silahı olan İslam İnqilab
Keşikçilərinin dayanması, bununla yanaşı bəzi jurnalistlərin həbs
edilməsi də bunu deməyə əsas verir.
Digər tərəfdən, mühafizəkarlar Ruhani iqtidarının apardığı
yumşaq siyasəti aradan qaldırmaqla fevralda keçiriləcək parlament
seçkilərini öncədən sığortalamaq məqsədi daşıyır. Birincisi, İranın
xarici ölkələrlə pis münasibətlərə sahib olması, hətta müharibə
səviyyəsinə çatdırılması Ruhani iqtidarının ayağına yazılacaq və
bu, onun səs itirməsi ilə nəticələnəcək. İkincisi, ona dəstək verən
Qərb bu siyasəti qəbul etməyərək arxasından çəkiləcək.
***
Hər iki ölkənin daxili vəziyyəti dünyanı yeni müharibəyə sürükləyə biləcək gərginliyi körükləməkdə maraqlı qüvvələrin olduğunu göstərir. Lakin burada regional güc olmaq uğrunda ciddi rəqabət amilləri də qırmızı xətlə seçilir. Xüsusilə altılıq ölkələri ilə nüvə proqramı üzrə razılaşmadan sonra Tehran dərin nəfəs ala bildi və bu ona regionda yenidən dirçəlməsinə, güc olmasına imkanlar yaratdı. Tehranın güclənməsi Ər-Riyadı təcili addımlar atmasını şərtləndirir ki, iki ölkə arasında 40 ilə yaxın dövr ərzində gedən gizli müharibənin açıq müstəviyə keçməsi də buradan qaynaqlanır.
Yəmən, Suriya və İraq:
a) Yəmən Tehran və Ər-Riyadın nüfuz uğrunda
savaşdığı ən vacib nöqtələrdən biridir. Oman dənizi ilə Qırmızı
dənizin kəsişdiyi yerdə yerləşən bu ölkə Şərqi Afrika sahillərini
nəzarətdə saxlamaq üçün strateji önəmə sahibdir. Eyni zamanda,
Səudiyyə Ərəbistanını cənubdan əhatələyən Yəmən İranın regional güc
olmaq yolundakı əhəmiyyətli dayanacaqdır. Burada üstünlüyü tamamilə
ələ ala bilərsə, Tehran Qırmızı-Oman-Bəsrə-Hörmüz xətti
istiqamətində işləyən enerji daşıma xəttinə də nəzarət edə və
Səudiyyə Ərəbistanının qarşısına ciddi güc qoya bilər. Bu xəttin
əsasını təşkil edən Bəsrə-Hörmüz boğazı 40 minə yaxın gəminin keçə
biləcəyi məsafədədir, eyni zamanda, Afrika ilə Asiya qitələrini
bir-birindən ayırmaqla dünya neft ticarətinin göz bəbəyi hesab
olunur. Bu baxımdan, İranın Yəməndə möhkəmlənməsi Ər-Riyadın
qorxulu kabusudur. Ötən il meydana çıxan Yəmən böhranının əsas
səbəbi də məhz İran-Səudiyyə savaşı idi. Yəməndə mərkəzi hökumət
Ər-Riyada bağlıdır, lakin ölkədə kifayət qədər gücə malik olan şiə
məzhəbinə məxsus husilər İranın əmrindədir. Mübarizə bir qədər
səngisə də, husilər bir ilə yaxındır ki, mərkəzi hökumətə qarşı
mübarizə aparır. İranın dirçəlməsi ilə onlar da əlavə güc əldə edə
bilərlər. Beləliklə, Tehran Yəməndə möhkəmlənərək Səudiyyənin
maraqlarına ciddi təhlükə yarada bilər.
Bəsrə-Hörmüz boğazından hazırda İranın əli daha güclüdür. Siyasi
situasiya ona gücünü daha da artırmaq imkanı yaradıb. Bu isə Fars
körfəzi ölkələri üçün iqtisadi fəlakət deməkdir. Ona görə də İrana
qarşı mübarizədə Qətər, Kuveyt kimi körfəz ölkələri dərhal
Ər-Riyadın yanında olduqlarını açıqladılar.
b) Suriya da hər iki ölkə üçün tale yüklü nöqtə
hesab oluna bilər. Tehran üçün Suriyada güclü olmaq Livana çıxış
imkanı və Yəmən üzərində təsir rıçaqlarını saxlamaq deməkdir.
Suriya Tehranın həmçinin, Livanla, yəni Hizbullahla yeganə quru
əlaqəsi saxladığı İraq-Suriya marşrutudur. Bu marşrutu itirmək
İranın Hizbullahı, yəni bölgədəki ən güclü silahını itirməsi ilə
nəticələnə bilər. Ona görə də Tehran Əsəd rejiminin qalmasına
çalışır. Əsədin getməsini istəyənlərin siyahısında ilk yerdə gələn
Səudiyyə Ərəbistanı Suriyada rıçaqları ələ almaqla həm də İranın
qol-qanadını qırmaq niyyətindədir. Hər iki ölkənin Suriyada maraq
savaşı aparması da buradan qaynaqlanır.
c) Bu mənzərədə İraqın yeri də aydın görünür. Bu ölkə İranın Livana tranziti olmaqla İraq-Suriya xətti baxımdan strateji əhəmiyyətə malikdir. Bir növ ümumi zəncirin bir həlqəsidir. Səudiyyə zəncirin həlqələrindən birini qopartmaqla onu qırmaq istəyir və İranla İraqda toqquşan maraqlar da buradan qaynaqlanır.
- Yəmən-İran-Suriya, hər üç ölkədə strateji maraqlar mübarizə ilə
yanaşı, məzhəb məsələsi də aktualdır. Belə ki, Yəməndə mərkəzi
hakimiyyət sünni olmaqla Ər-Riyada, şiə çoxluğu olan husilər
Tehrana bağlıdır. Suriyada və İraqda isə şiə hakimiyyəti İranın,
sünni çoxluğu Səudiyyənin yanındadır. Məzhəb maraqlarının
toqquşduğu digər ölkə isə Bəhreyindir. Bu ölkədə sünni hakimiyyət
Səudiyyənin, şiə çoxluğu isə İranın təsirindədir. Faktiki olaraq,
regionda tərəflər strateji maraqlarla yanaşı, məzhəb maraqlarını da
ön planda saxlayıblar və hər iki ölkə siyasi gedişlərdə məzhəb
amilindən yetərincə yararlanır.
İran Suriya və İraqda şiə hakimiyyətini qorumaq,
Yəmən və Bəhreydə isə şiə çoxluğunu iqtidara gətirməklə şiəliyi
regionun hakim məzhəbinə çevirmək istəyir.
Səudiyyə isə əksinə, Yəmən və Bəhreyndə sünni
hakimiyyəti qorumaq, İraq və Suriyada sünni çoxluğunu hakimiyyətə
gətirməklə sünni məzhəbini hakim mövqeyə çıxarmağı hədəfləyir.
İki ölkə arasında bütün bunlarla bərabər İslam dünyasının mərkəzi
olmaq uğrunda da mübarizə davam edir.
Ferdinandın “missiyası” təkraralanacaqmı?
Hazırkı situasiya, xüsusilə Yəməndə İran səfirliyinin Səudiyyə
tərəfindən bombalanması gərginliyi pik həddinə çatdırıb. Hesab
etmək olar ki, müharibə hər an başlaya bilər. Lakin müharibənin
onsuz da bitmədiyini unutmamalıyıq. Tərəflər indiyə qədər İraqda
da, Suriyada da, Yəməndə də bu və ya digər formada müharibə
aparırdılar. İndi savaşın Tehran və Ər-Riyad arasında açıq şəkildə
başlaması yenə inandırıcı deyil. Ehtimal ki, müharibə yenə Yəməndə,
Suriyada və İraqda davam etdiriləcək. Çox güman ki, qarşıdurma
şiddətləndikcə, hər iki tərəf mübarizəni məzhəb müstəvisinə
çevirsin. Bu, dini güc olmaqla yanaşı, məzhəb baxımdan yaxın olan
digər ölkələrdən dəstək almağa da xidmət edir.
Yaxın Şərqdə gedən müharibənin alt qatındakı faktorlardan birinin
məhz məzhəb olduğunu nəzərə alsaq, hesab etmək olar ki, İslam
dünyası yeni qarşıdurmanın kandarındadır və bütün analizlər bu
qarşıdurmanın arxasındakı qüvvənin məhz Qərb - ABŞ olduğunu
göstərir.
İran-Səudiyyə savaşı Qərbə nə verir?
- İranla düşmən olduğu dövrdə ABŞ “İran təhdidi” altında Səudiyyəyə
külli miqdarda silah sata bilirdi. Beş il öncə - 2010-cu ildə
Vaşinqton məhz bu təhlükə adı altında Səudiyyə Ərəbistanı ilə ABŞ
tarixinin ən böyük silah müqaviləsini bağladı. Müqavilənin dəyəri
60 milyard ABŞ dolları idi. İranla nüvə proqramı üzrə razılaşmadan
sonra Səudiyyənin gərginliyə getməsi Vaşinqtona daha çox silah
satmaq imkanı verir. Çünki İran üzərindən sanksiyaların aradan
qalxması onun güclənməsi və daha böyük təhlükə olması deməkdir.
Deməli, Səudiyyə müdafiə qabiliyyətini artırmalıdır ki, bunun üçün
də onun üz tutacağı ünvan yenə ABŞ olacaq.
- İranla Səudiyyə arasında məzhəb davası birbaşa Yaxın Şərq
ölkələrinin bölünməsinə gətirib çıxaracaq. Dövlətlər siyasi
maraqlar yox, dini əqidələr olaraq cəbhələşəcək və bir-birinə qarşı
bu kontekstdə mübarizə aparacaqlar. Həmçinin, bu, İraq, Suriya,
Yəmən, Bəhreyn kimi şiə-sünni əhalidən ibarət ölkələrdə daxili
çaxnaşmaları şiddətləndirəcək.
- Digər tərəfdən, məzhəb davası ərəb dünyasında şiə İranın düşmən
obrazını gücləndirəcək. Bu da indiyə qədər ərəblərin ümumi düşmən
gördükləri İsrailin arxa plana keçməsi və bölgədə rahat hərəkət
etməsinə şərait yarada bilər.
- Ən nəhayət, Səudiyyə ilə İranın qarşıdurması faktiki olaraq İslam
dünyasının tamamilə bölünməsi deməkdir.
Asif Nərimanlı
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman23 Noyabr 20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial23 Noyabr 20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa23 Noyabr 19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL