Müdirimi tərifləmək istəyirəm...
Bizi izləyin

Köşə

Müdirimi tərifləmək istəyirəm...

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Demək olar ki, hər gün yazı yazıram. Yazılarımda üslub və korrektə səhvləri vecimə deyil. Məni düşündürən əsas ləyaqət məsələsidir. İstəyirəm qələmimdən yaltaq bir cümlə çıxmasın. Həmişə səmimi olmaq istəyirəm. Və yaxşı anlayıram ki, bu missiya ilə özümü əməlli-başlı işə salmışam. Məni ağıl yox, hisslərim idarə edir. Ağlımın sözünə baxsam bilirəm ki, mənasız bir adam olacam. Hisslərlə yaşamaq isə gözəldir. Nə yazırsan elə bilirsən səhvdir. Elə bilirsən ki, məsələn, bu cümlələr sənin qələmimə yaraşmır. Amma hissləri ilə yaşayan adamı anlamaq çətindir. Bəs nə edəsən? Başına haranın daşını döyəsən? İlahi, bu hisslər mənim canıma harda hopub?

Düzü, qələmimə yaraşdırmadığım cümlələr məndə o həddə çatıb ki, artıq özümə gülməyim gəlir. Hiss eləyirəm ki, özüm özümü bezdirirəm. Bəlkə bunlar boş-boş şeylərdir? Qonşumuzda bir kişi var, onu-bunu tərifləyə-tərifləyə iki-üç yerdə arvad saxlayır, hər dərədə bir uşaq böyüdür. Heç kim ona bir söz demir. Mənimsə 30 yaşım var, hələ də müdirimi tərifləməkdən ehtiyat edirəm. Bununla guya, camaata demək istəyirəm ki, baxın, mən ləyaqətli bir insanam. Bu, doğru bir yanaşmadımı? Bəs bu, həqiqətən də yaxşı bir müdirə qarşı ədalətsizlik deyilmi? Görünür, bunları anlamaq üçün hələ 30 il də yaşamaq lazımdır...

Bu yaxınlarda 60 yaşını tamamlayan, qələminə və şəxsiyyətinə böyük hörmət elədiyim Vurğun Əyyubdan müsahibə aldım. Vurğun bəy vaxtilə Müsavat Partiyasının aparıcı simalarından olsa da, indi Xəzər Universitetində müəllim işləyir. Söhbət vaxtı ona universitetin təsisçisi Hamlet İsaxanlının necə bir insan olması haqqında sual verdim. Müdiri olmasına baxmayaraq, Hamlet İsaxanlı haqqında çəkinmədən yüksək fikirlər dedi. Hətta bildirdi ki, o, rektorluqdan daha yüksək vəzifələrə layiqdir. Dedi ki, bu adam təhsili çox gözəl bilir, ən yeni nailiyyətlərdən xəbərdardır. Və onları tətbiq etməyi bacarır. Dil qabliyyəti, nitqi mükəmməldir. Ciddi mütaliəsi var... Vurğun müəllim bu sözləri danışdıqca mən öz-özümə fikirləşirdim ki, düzmü edir? Görəsən, səmimidirmi? Yalan demir ki? Bəlkə müdiri olduğuna görə onu bu qədər canfəşanlıqla tərifləyir?..

Çox fikirləşdim...

Sonra beynimdə buna əks fikirlər doğdu. Bəlkə, doğrudan, düz deyir. Vurğun Əyyub 60 ilin kişisidir. Hər halda, bu qədər müddətdə ağır-batmanlığını qoruyub axırda bir universitet rektoruna uduzacaq birisi deyil. Və doğrudan da, Hamlet müəllim Azərbaycanda hörmətə layiq, nümunə göstəriləcək ziyalılarımızdan biridir. Onun necə qiymətli bir təhsil adamı, elm xadimi olması ilə bağlı təkcə Vurğun Əyyubdan yox, çoxlarının dilindən xoş sözlər eşitmişəm.

Kaş, cəmiyyətimizdə öz işığını qorumuş bu cür ziyalıların sayı daha da çox olaydı. Və kimsə onların haqqında yaxşı danışanda ibaşqaları fikirləşməyəydi ki, yəqin, yarınır, yaltaqlanır, müdiridir deyə tərifləyir...

Vurğun müəllimlə görüşümüz mənim üçün həm də ona görə yaddaqalan oldu ki, bu müsahibədən sonra bir şeyi də anladım: doğrudan da, mən təcrübə çatışmazlığından əziyyət çəkirəm. Başımı üstümdə gəzdirə bilmirəm. Elə bil beynimdə iki meyxanaçı oturub bir-biri ilə deyişir. Biri o birisinə deyir ki, Vurğun Əyyub müdirini tərifləyirsə, bəs sən niyə dayanmısan? Yoxsa özünü Vurğundan qiymətlimi sanırsan? O biri meyxanaçı isə deyir ki, Hamlet İsaxanlı təkcə Vurğun Əyyubun müdiri deyil, Azərbaycanın xalqının qiymətli insanlarından, aydınlarından biridir. Və bu cür ziyalılarımz haqqında vaxtında söz demək lazımdır ki, Cabir Novruzun məşhur misrası – sağlığında qiymət verin insanlara – aktuallığını itirsin...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm