• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

Sara Qədimovayla bağlı GİZLİNLƏR: “İşıqlar söndürüldü, maşına basıb apardılar...” – MÜSAHİBƏ/VİDEO

  • Layihə
  • 31 May 2016 14:45
  • 6 749 Baxış
Sara Qədimovayla bağlı GİZLİNLƏR: “İşıqlar söndürüldü, maşına basıb apardılar...” – MÜSAHİBƏ/VİDEO

Adının mənası fars dilində xalis, saf, təmiz deməkdir. Qismətə bax ki, elə saf, büllur kimi təmiz səsi ilə də ürəkləri riqqətə gətirməyi bacardı.

Söhbət xalq artisti, muğam və xalq mahnılarının mahir ifaçısı Sara Qədimovadan gedir. Bu gün onun doğum günüdür.

“Qatar”, “Şahnaz”, “Segah”, Şur dəstgahı”, “Rast”, “Mahur hindi”, “Çahargah” muğamlarının mahir ifaçısı Sara Qədimovanın Azərbaycan musiqi tarixində məxsusi yeri və xidməti var.

Sara xanım təkcə Azərbaycanda yox, Türkiyə və İranda da çox sevilən sənətkarlardan olub. Onun opera səhnəsində yaratdığı Leyli və Əsli bir çox gənc sənətçilər üçün əsil nümunə olub.

Sara Qədimovanı Publika.az-ın “Xatırla məni” layihəsində xalq artisti Canəli Əkbərovla birgə xatırlayacağıq.

“Dedi ki, əgər o məktub oxunmasa, yubileydən imtina edəcəm”

- Canəli müəllim, Sara xanımın doğum günüdür, gəlin onu yad edək...

- Sara Qədimova Azərbaycan musiqi tarixinə adını şərəflə yazan xanəndə xanımlarımızdan biridir. Mən deyərdim ki, birincisidir. Sara xanım Xan əmi, Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov məktəbi keçən mükəmməl sənətkar idi. Xanım-xatınlığı ilə həmişə seçilirdi. Sara xanımın məxsusi ifa mədəniyyəti vardı. Biz ailəvi dost idik, o dəfələrlə bizim evdə olub, süfrəmin başında əyləşib. Hətta elə gün olurdu gecələri də bizdə qalırdı. Biz onunla dəfələrlə rayonlara qastrol səfərlərinə gedirdik.

- Bilirik ki, ulu öndər Heydər Əliyev də onun yaradıcılığına xüsusi qiymət verirdi?

- Bəli, ulu öndər Sara Qədimova sənətinə hər zaman hörmətlə yanaşıb. Yadımdadır ki, Naxçıvanda ali sovetin sədri olan ərəfədə Bakıda Sara xanımın yubileyi keçirilirdi. Ulu öndər Sara xanımın adına təbrik məktubu yollamışdı. Lakin həmin vaxt hakimiyyətdə olan qüvvələr bu məktubun oxumasına icazə vermədilər. Belə olan halda, Sara xanım yubilyar olaraq etiraz etdi, dedi ki, əgər o məktub oxunmasa, yubileydən imtina edəcəm. Məcbur qalıb, məktubu oxudular. Ulu öndərimiz ona ev də bağışlamışdı. Həmin evdə Sara xanım bütün dostlarını başına yığıb qonaqlıq vermişdi.

İran şahı Sara xanıma nə bağışlamışdı?

- Bilirik ki, Sara xanım Türkiyə prezidenti Süleyman Dəmirəlin də sevimli müğənnisi olub…

- Bəli. Süleyman Dəmirəl hələ prezident olmamışdan öncə Bakıda səfərdəykən Sara xanımın ifasını dinləyibmiş. Sara xanım onda Abbas Səhhətin məşhur “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim” qəzəlini muğam üstündə ifa edərkən Dəmirəlin çox xoşuna gəlib. Üstündən illər keçəndən sonra Dəmirəl Türkiyənin prezidenti oldu. Ulu öndərimizlə dost olan Süleyman Dəmirəl Heydər Əliyevə deyir ki, sizdə Sara Qədimova adlı ifaçı var, onunla görüşmək istəyirəm. Ulu öndərimizin istəyi ilə Sara xanımın Türkiyəyə yola düşür. Sara xanımı həmin vaxt hava limanına mən öz avtomobilimlə apardım. Dəmirəlin Sara xanımla görüşü o vaxt mətbuatda böyük səs-küy doğurdu.

- Deyilənə görə, İran şahı da onun səsinin vurğunu imiş, hətta ona mükafat da veribmiş?

- 1944-cü ildə Xan əmi ilə Sara xanım Rza şahın dəvəti ilə İrana dəvət alır. Şahın qarşısında çıxış edən Sara xanımın ifası şahı necə valeh edirsə, ona orden bağışlayır.

- Səhnədə necə Leyli idi, başqa Leylilərdən nəylə fərqlənirdi?

- Əbülfət Əliyevlə Leyli və Məcnunda tərəf müqabili idi. Bir Leyli oynayırdı ki, tamaşasından doymaq olmurdu. Özü də yaraşıqlı, xanım-xatın qadın idi, səhnəyə çox yaraşırdı. Səsi də ki, bulaq suyuna bənzəyirdi, çağladıqca çağlayırdı. Salon həm onun gözəlliyinə heyran idi, həm də məlahətli səsinə, ifasına.

“Sara xanımla məni yük maşınına basıb aradan çıxardılar”

- Deyirsiniz ki, dəfələrlə Sara xanımla qastrol səfərlərində olmusunuz. Yəqin ki, maraqlı xatirələriniz də var, bəlkə danışasınız?

- Xatirələr o qədər çoxdur ki… Hansını danışım? Birini danışım, bunu heç yerdə deməmişəm, ilk dəfə sizə açıqlayıram. 1969-cu ildə Yerevana qastrol səfərinə getmişdik. Səhəri gün konsert olacaqdı, Gecə Gülüdüzü kəndində kolxoz sədrinin evində Sara xanımla söhbətləşirdik. Qəfildən qapı açıldı və bir kişi otağa daxil olub, bizi sorğu-suala tutdu. Soruşdu ki, konsert hansı dildə olacaq? Sara xanım da qayıtdı ki, afişada yazılıb, maraqlanırsınızsa, gedin ordan oxuyun. Sən demə, həmin adam erməniymiş. Səhəri gün konsert başladı. Elə birinci mahnını oxumuşduq ki, işıqlar söndürüldü, telefonlar kəsildi, bir qırğın düşdü ki, gəl görəsən. Bıçaqlanan kim, vay-şüvən salan kim… Konsertdə qan su yerinə axıdıldı. Sara xanımla məni yük maşınına basıb aradan çıxardılar. Gecəykən gəldik Naxçıvana, orda gecələyib, gəldik Bakıya. Bizi konsertə Maestro Niyazi yola salmışdı, o da qarşıladı. Danışdıq ki, bəs başımıza ermənilər belə iş açıblar. Naxçıvanın daxili işlər naziri həmin hadisəyə görə istintaq başlatdı. O hadisədə çox adam tutuldu, çox adam qanına qəltan edildi. Demək istəyirəm ki, hər konsertimiz xoş hadisələrlə yadda qalmayıb. Qastrol səfərlərində başımıza o qədər dəhşətli işlər gəlib ki…

“Sara xanımı evinə qonaq çağırmaq üçün kənd camaatı…”

- Sara xanım xasiyyətcə necə insan idi, kaprizləri vardımı?

- Heç vaxt sevməzdi ki, konsert zamanı zalda səs-küy olsun. Sakitliyi sevərdi və onda ürəklə oxuyurdu. Zalda səs olan kimi reaksiya verirdi.

- Necə?

- Əsəbiləşirdi və zala səslənib deyirdi ki, sakit olun.

- Xobbisi vardımı?

- Süfrə açmağı, qonaq qəbul etməyi, biş-düşü çox sevirdi. Özü duzlu xanım idi, əlinin də duzu vardı. Yeməklərindən doymaq olmurdu. Özü də qonaq qəbul etməkdən yorulmurdu.

- Kimlərlə rəfiqəlik edirdi?

- Ən yaxın rəfiqəsi Şövkət Ələkbərov idi. Kişilərdən də mənimlə dostluq edirdi. Onda paxıllıq deyilən şey yox idi. Şövkət xanımın ifasını tərifləməkdən doymurdu. İndikilər kimi deyildi e, biri o biri haqqında xoş söz deməyə xəsislik edir. Sara xanımın ürəyi geniş idi. Bir də əliaçıq qadın idi.

- Rayonlarda qastrol zamanı onu necə qarşılayırdılar?

- Yüksək səviyyədə. Sara xanımı evinə qonaq çağırmaq üçün kənd camaatı sıraya düzülürdü. Bakıya qayıdanda da maşınları pay-püşlə doldururdular. O da hamıya paylayırdı.

“Ölümündən üç gün qabaq soruşdum ki…”

- Xoşbəxt qadın idi?

- İki oğluna görə özünü xoşbəxt sayırdı. Akiflə Vaqifi həddən çox istəyirdi.

- Ana kimi xoşbəxt olduğunu bilirik, mən qadın kimi xoşbəxt olub-olmadığını soruşuram…

- Həyat yoldaşı yox idi, amma sənətindən yarımışdı. Onu sevməyən yox idi.

- Deyilənə görə, avtomobil qəzası keçirmişdi və ölümdən qayıtmışdı?

- 60-cı illərdə bağdan evə qayıdarkən qəza keçirmişdi. Onda da ayağı zədələnmişdi. Sara xanımın taleyi elə gətirmişdi ki, dəfələrlə ölümdən dönmüşdü. Elə bayaq dediyim Yerevandakı konsertdə biz ikimiz də ölə bilərdik.

- Son görüşünüzü xatırlayırsınız?

- Mərkəzi Kliniki xəstəxanada ağır xəstə yatırdı. Ölümündən üç gün qabaq yanına getmişdim. Məni tanımadı. Heç danışa da bilmirdi. Dedim ki, Saracan, yadındadır, səninlə nə qədər qastrollara getmişik, onda gündə mənə üç dəfə zəng vururdun, indi də səsini eşitmək istəyirəm. Üzümə baxdı, amma heç nə deyə bilmədi. Üstündən bir-iki gün keçdi, eşitdik ki, dünyasını dəyişib.

Cəvahir Səlimqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>