• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müasir moda aləmini idarə edən homoseksuallar – FOTOLAR

  • Layihə
  • 22 Mart 2015 17:30
  • 2 997 Baxış
Müasir moda aləmini idarə edən homoseksuallar – FOTOLAR

O, təkrarolunmaz geyimləri ilə Amerikanın birinci xanımı Jaklin Kennedini, İspaniya, Belçika kraliçalarını bəzəyirdi. Həmçinin başqa tanınmış qadınları da öz istedadına heyran qoymuşdu. Bu heyranlıq o həddə çatır ki, hətta II Dünya müharibəsində də qadınlar bu brenddən geyinə bilmək üçün cəbhənin sərhəd xətlərini qanunsuz yollarla keçirdilər. Dizayner isə qadınların bu fədakarlığını lazımınca qiymətləndirmir. Müharibənin çətin illərində hazırladığı geyimləri qan donduran qiymətlərə satırdı. Endirimlərdən də söhbət belə gedə bilməzdi.

Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə “Balanciaga” moda evinin tarixinə nəzərə salmışıq.

“Balenciaga” moda evinin tarixindən danışırıqsa, onun yaradıcısı Kristobal Balensiqa haqqında danışmadan keçə bilmərik.

Moda dünyasının inqilabçı dizaynerlərindən biri Kristobale Balensiaqa XIX əsrin sonlarında 1895-ci ildə İspaniyada balaca kənddə balıqçı ailəsində dünyaya gəlib. Gələcək dizaynerin atası balıqçı, anası isə dərzi idi. Kristobal tikiş tikmə bacarığını anasından mənimsəyib. Kristobalın (12 yaşı olanda) atasının vəfatından sonra anası ilə birlikdə Fransa yaxınlığındakı San Sebastiyan şəhərciyinə köçürlər. Anası dolanışıq üçün oğlunu dərzi sexində şagird kimi işə düzəldir. Kristobalın uğur hekayəsinin başlanğıcı da elə bu şəhərciklə bağlıdır. Kristobal bu şəhərciyə köçməsəydi, xoşbəxtlik quşu bəlkə də başına qonmazdı. Və kim bilir bu əhvalat nə ilə qurtarcaqdı...

O, həyatının həlledici paltarını markiza Kassa Torresə tikir. Onda onun hələ 14 yaşı var idi. 14 yaşlı Kristobal kilsədən çıxan markiza Kassa Torresin əynindəki paltarı görən kimi ona heyran olur. Heyranlığını gizlədə bilməyən gənc dərzi xanıma “Əlimdə belə bir parça olsaydı, bundan yaxşısını tikərdim” - deyir. Kristobalın bu cür arxayınçılığı markizanı güldürür. Amma xanım onu yoxlamaq qərarına gəlir. Markiza iddialı qəhrəmana parça verib qarderobundakı nümunələrlə tanış edir. Nəticə özünü çox gözlətmir. K.Balensiaqa ilk sifarişini vaxtında yerinə yetirir. O, markiza üçün inanılmaz paltar tikir. Gənc oğlanın işindən razı qalan markiza bu paltarı hələ uzun müddət sevə-sevə geyinir. Bu hadisə onların təkcə səmərəli əməkdaşlığının təməlini deyil, eyni zamanda möhkəm dostluğun başlanğıcını qoyur. Markizanın köməyi ilə Kristobal faydalı tanışlıqlar qazanır, yaxşı müştərilərlə işləmək şansı əldə edir. Lakin K.Balensiaqa bununla kifayətlənmədiyini, inkişaf üçün istedadını mütləq inkişaf etdirməli olduğunu yaxşı anlayırdı. Ona görə də Kristobal 1913-ci ildə məşhur ispan dərzisi Kalle de Hernanin yanında işə düzəlir. Kalle de Hernanin yanında bir müddət işləyəndən sonra K.Balensiaqa lazımi təcrübə əldə etmək üçün dünyanın dəb mərkəzi olan Parisə yola düşür. Paris modelyerlərinin kolleksiyaları gənc dizayneri yeni əsərlər yaratmağa ruhlandırır. Vaxtını boşa itirmədən o, Koko Şanelin yanında təlim keçir. İlhamlanmış və cəsarətlənmiş novator daha sonra İspaniyaya qayıdır, burada o, maraqlı ideyalarını tətbiq etməyə başlayır.

Kristobal Balensiaqa Paris üslubunu yerli moda tendensiyalarına uyğunlaşdırmağa çalışırdı. Bunun üçün o, 1915-ci ildə “Balenciaga” adlanan öz şəxsi atelyesini açır. Paris modelləri ispaniyalı modelyerə başgicəlləndirici uğur gətirir. Bu uğurlar dizaynerə 1933-ci ildə Madriddə, 1935-ci ildə isə - Barselonada öz mağazasını açmağa imkan verir.

1936-ci ildə İspaniyada vətəndaş müharibəsi başladığı üçün doğma şəhərini tərk etməli olur. Parisə köçüb fəaliyyətini orda davam etdirir. Lakin Parisdə biznesini sıfırdan qurmaq lazım gəlir. 1937-ci ildə K.Balensiaqa Parisin nüfuzlu məhəlləsində ilkin kapitalı az olan xüsusi salon açır. Özünün ilk kolleksiyasını göstərmək üçün Kristobal hətta borc pul alır. Gələcəciyinin kolleksiyanın uğurundan asılı olduğunu bilən dizayner gecə-gündüz yorulmaq bilmədən canla-başla işləyir. Zəhmətinin bəhrəsini – kolleksiyasını 1939-cu ildə nümayiş etdirir. Fransadakı məşhurluğunu “İnfant” adlı kolleksiyası sayəsində əldə edir. Yavaş-yavaş uğurun bütün qapılarını açan dahi dizaynerin müştəriləri arasında Amerikanın birinci xanımı Jaklin Kennedi, Marlen Ditrix, Qloriya Ginnes, Barbara Xatton, İnqrid Berqman, Polin de Rotşild kimi məşhur adlar var idi.

K.Balensiaqanın fəaliyyəti ən çətin dövrə təsadüf edirdi. Buna baxmayaraq, II Dünya müharibəsi Kristobalın uğuruna mane ola bilmir. Deyilənlərə görə, modapərəstlər “Balenciaga” moda evindən paltar almaq üçün cəbhənin sərhəd xətləri qanunsuz olaraq keçirdilər. Lakin geyimlər qan donduran qiymətə satılırdı. O, işğal olunmuş Parisdə əvvəlki ruhda işləməyə davam edirdi. Hətta o, İspaniyadakı biznesinin bağlanmasından bir müddət sonra oradakı işini bərpa edir, geyim satışını davam etdirir.

Qeyd edim ki, “Balenciaga” moda evi tanınmış yazıçı Erix Mariya Remark “Borc həyat” əsərində təsvir edilib. Romanın qəhrəmanı bu butikə gəlir və oradan beş ən qəşəng geyim alır. Bütün var-yoxunu, son pullarını onlara verir. Bu isə brendin həmin illərdə də əlçatmaz olduğuna dair bir işarə idi.

Kuturyenin müharibə illərindəki gərgin işi onunla nəticələnir ki, o, 1945-ci ildə qadın siluetini tamamilə dəyişərək moda dünyasına yeni fasonlar bəxş edir. Dördkünc çiyinlik və ensiz bel fasonları onun kəşfidir. Açıq çiyin dekoltesini də dəbə K.Balenciaqa gətirir, bel isə böyük azadlıq əldə edir. Bu detallar “Balensiaqa inqilabı” adlanır.

Bundan başqa, Balensiaqa elit parfümeriya istehsalına başlayır. 1947-ci ildə alıcılarını ilk "Le Dix" adlı ətri ilə sevindirir. Kristobel bədən və paltar arasında inanılmaz harmoniya yaradır. O, yaxşı bilirdi ki, qadının zəruri final ştrixi mütləq zərif ətir olmalı idi.

Bununla belə dizaynerin orijinallığı və ixtiraçılığı müharibədən sonrakı dövrdə özünü daha yaxşı göstərir. Onun işləri Kristian Diorun qum saatı fasonlarının tamamilə əksi idi. Onun axıcı siluetləri dizaynerə qadın bədəni ilə manipulyasiya etməyə imkan verirdi. Balensiaqa 1955-ci ildə paltar-tuniki ixtira edir. Hansı ki, bu fason bir qədər sonra - 1958-ci ildə paltar-köynəyə çevrilir.

60-cı illərdə hazırladığı fasonları ayrıca vurğulamaq lazımdır. Qadın bədən quruluşunun ən incə hissələrini örtüb ona olan marağı daha da artırırdı. Bu şeylər ictimaiyyəti o qədər sarsıdır ki, məşhur dizaynerlər tərəfindən dərhal təqlid edilir.

Kristobal qadın bədən quruluşunun bütün nöqsanlarını gizlədən sərbəst fasonlara üstünlük verirdi. O, formanı yaxşı göstərən materiallara, məsələn, nazik mahud və qalın ipəklə işləyirdi. Eyni zamanda, yaxalıqsız bluzkalar və dəyirmi yaxalıqlar da K.Balensiaqa yaradıcılığının məhsuludur. O, ildən-ilə fasonlarını sadələşdirir, daha asan texnikaya üstünlük verirdi.

g

“Balenciaga” moda evi fəaliyyəti göstərdiyi illər ərzində öz reputasiyasını çox yaxşı möhkəmləndirir. Moda evi hətta ən əziz və daimi müştərilərinə güzəşt getmir, endirimlər etmirdi. Buna baxmayaraq, cəmiyyətin ən yüksək üzvləri həmişə onun ətrafında toplanırdı. Hökmdar ailəsinin üzvləri: İspaniya və Belçika kraliçları, hersoginyalar, Monako şahzadəsi - bir sözlə, dünyanın ən zərif və tanınmış qadınları onun müştəriləri arasında idi.

v

Ona görə də 1968-ci ildə kuturyenin moda evini bağlamaq qərarı hamınını təəccüb içində qoyur. Parisdəki, Madriddəki və Barselonadakı atelyelər bir-birinin ardınca bağlanır. Moda aləmində uğur qazanan modelyer 74 yaşında bu işlərdən birdəfəlik uzaqlaşır. O, bu qərarını brendin konsepsiyasını dəyişmək və bazarın yenilikləri ilə uyğunlaşdırmaq istəməməsi ilə əsaslandırırdı. Yeri gəlmişkən, təbiətən soyuq xarakterli Balensiaqa ömrü boyu yalnız bir neçə dəfə müsahibə verib. Hətta kolleksiyaların nümayişi zamanı səhnədə görünməkdən imtina etmişdi. O, nümayişin gedişatını pərdə axrasında gizlənərək izləməyə üstünlük verirdi. 1957-ci ildə isə jurnalistlərin dəfiləyə gəlməsini qadağan etmişdi. Moda evinin bağlanmasından sonra Kristobal ümumiyyətlə, adamayovuşmaz olur.

f

Eyni peşənin nümayəndələri olmalarına baxmayaraq, başqa modelyerlər Balensiaqa haqqında həmişə ehtiramla danışır və xoş sözlərlə yad edirdilər. Əfsanəvi dizayner ictimaiyyət arasında son dəfə ona əvəzsiz təcrübə qazandıran Koko Şanelin dəfn mərasimində görünür. Koko Şanel Balensiaqa haqqında həmişə yüksək fikirdə idi. Şanel dizaynerin universallığını xüsusi vurğulayırdı: “Balensiaqa paltarın hazır olma prosesində əvvəldən axıra qədər iştirak edən yeganə modelyerdir. O, paltarın eskizini çəkəndən sonra özü biçib tikə bilir”.

Fəxri Legion Ordeninə layiq görülən, danılmaz nüfuza malik dizayner 1974-cü ildə dünyasını dəyişir. Onun gedişi ilə moda evi populyarlığını itirməyə başlayır. Kuturyenin tələbələri butik açıb Balensiaqa üslubunda paltarlar yaratsalar da, moda evinin işlərini əvvəlki səviyyədə davam etdirə bilən layiqli nümayəndəsi tapılmır.

1988-ci ildə yeni rəhbərliyin gəlməsi ilə “Balenciaga” moda evi dirçəlir. Əfsanəvi brendin başında Jacues və Regin Konkier dayanır. Moda evinin kreativ direktoru vəzifəsinə uzun fasilədən sonra özünün ilk kolleksiyasını ictimaiyyətə təqdim edən fransalı dizayner Michel Qomanı təyin edilir. Bundan sonra “Balenciaga” brendi sürətlə inkişaf edir. 1993-cü ildən moda evinin aparıcı art-dizayneri belçikalı dizayner Josephus Melchior Thimister olur. Josephus Melchior Thimisterin kolleksiyaları ciddi uğur gətirmir.

1998-ci ildən “Balenciaga” moda evinin kireativ-direktoru vəzifəsinə Nikol Qesker təyin edilir. Qeskerin ilk kolleksiyasının nümayişində zal demək olar ki, boş idi. Onun gəlişi ilk vaxtlarda moda evinin nüfuzunun aşağı düşməsi ilə yadda qalır. Çoxları Qeskeri San-Fransiskolu dizyaner Kaysik Voqunu təkrarlamaqda günahlandırırdı. Bu, şirkətin rəhbərləri ilə Qesker arasında münaqişə yaranmasına səbəb olur. Şirkət Qeskerə özünü göstərmək üçün bir neçə il möhlət verir. İki il keçməmiş o, brendin şöhrətini artırır. Nümayişdən sonra tənqidçilər siluetlərin konstruktiv dəqiqliyini, şalvarın qüsursuz fasonlarını və markanın irsinə ehtiyatlı yanaşmasını xüsusi qeyd edirlər.

Yaraşıqlı, qamətli, əsəbləri polad kimi möhkəm və böyük istedada malik, ən nəhayət homoseksual olan Qesker müasir moda aləmini idarə etməyə başlayır. Belə ki, o, Balensiaqanın müvəffəqiyyətili ənənələrini davam etdirir. Onların hətta bioqrafiyası da oxşardır. O da anasının paltarları, bijuteriyaları və nənəsinin asma büllur çilçıraqları üzərində eksperimentlər aparırdı.

"Mən 14 yaşımdan modanı yaxından izləyir və peşəkar səviyyədə öyrənməyə çalışıram. Uşaqlıqda bütün tətilimi Paris moda evlərində təcrübə keçməyə sərf edirdim!"

Qesker fəaliyyətinin ilk illərində “Alaa”, “Montana” və “Gaultier” moda evlərində köməkçi işləyir. Çünki o, 20 yaşında atelyesini açmağı özünə rəva bilmir. İki il keçməmiş Qeskerin arzusu qismən həyata keçir. O, keçən əsrin sonlarında məşhur “Poles” şirkəti ilə işləməyə başlayır. Məhz orada o, öz qərarını qəbul edə bilir. Bir müddət Milanda nüfuzlu moda evləri ilə çalışandan sonra “Belenciaga” moda evinin kreativ direktoru vəzifəsinə təyin olunur.

“Mən “Balenciaga”nı layiq olduğu yerə qaldıra bilməyəcəyim üçün çox narahat idim. Brendin itirilmiş mövqelərini geri qaytara bilmərəm deyə qorxurdum. Məncə, yaradıcılığım boyu gördüyüm ən yaxşı işlər bu brendlə bağlıdır. Brendin adının unudulmamasına imkan vermədiyimiz üçün çox fəxr edirəm”.

Peşəkar reklam kampaniyaları və sonrakı nümayişlər ona gətirib çıxardı ki, Hollivud məşhurları əvvəlki kimi “Balenciaga” -dan geyinməyə başlayırlar. Elit təbəqənin nümayəndələri ilə işləyən N.Qesker müsahibələrində tez-tez planetin bütün gözəl qadınları ilə yola getmək məcburiyyətində olduğunu söyləyirdi.

Koko Şanel deyirdi ki, dəbdəbə və təmtəraq rahat ola bilməz, Qesker isə bunun əski ola biləcəyini sübut etdi.

"Lüks, dəbdəbə elitanın fenomenidir, bu anlayışın müdafiəyə ehtiyacı var, o, hər ələ eksklüziv olaraq gedir. Mən ideya ilə böyümüşəm. Mənə öz istəklərimi həyata keçirmək üçün heç bir məhdudiyyət ola bilməz”.

Qeskerin ABŞ-da nümayiş olunan kolleksiyası çox gurultulu keçir. Ölkənin ən nüfuzlu nümayəndələri, o cümlədən “Vogue” jurnalının redaktoru Anna Vintur dizaynerin yaradıcılığının pərəstişkarlarına çevrilirlər. Bundan sonra dizayner müxtəlif tədbirlərdə və televiziyalarda tez-tez görünür. Nikol Qesker iddia edirdi ki, bu brendə məxsus paltarları geyinən hər bir qız onun ilham pərisi ola bilər. “Balenciaga” moda evinin varisi cəsarət tələb edən böyük addım atır. Belə ki, o, müştərinin şüuruna pret-a-porte incəliyini gətirir.

Şirkətin sədri PPR Fransua-Anri Pino "Kristobel Balensiaqa dahi, çox yaradıcı insan idi. Onun dahiyənə fikirləri, avanqard baxışları uzun illər dizaynerlərə təsir göstərir və bu yolda onların əsas bələdçisinə çevrilir. Misilsiz yaradıcı istedada malik Nikola Qesker də “Balenciaga” moda evinə öz yenilikçi baxışlarını və tamamlanmış estetikasını gətirib” – deyirdi.

Dizayner “Balenciaga” ilə işlədiyi 15 il ərzində brendin konsepsiyasını dəyişməyə macal tapır, novator qərarları ilə modapərsətləri sevindirir. Onun kolleksiyaları, üslubu və işləri xüsusi ilə sevilirdi. Lakin Nikol Qesker şirkəti qəfil tərk edir.

Hər dəfə dəb dünyasında ciddi rəhbər kadr dəyişikliyi olanda bu mətbuatda müzakirələrə səbəb olur. “Balenciaga” moda evinin kreativ direktou Nikol Qeskerin də rəhbər postundan getməsi eyni reaksiya ilə qarşılanmışdı. Bu xəbər çoxlarını sarsıtmışdı. Dizaynerin gedişinin rəsmi səbəbi hələ açıqlanmır, yalnız bu postu Aleksandr Vonqun tutduğu məlumdur.

2014-cü ildə şirkətlə Nikol Qesker arasında daha bir qalmaqal yaranır. Şirkətin rəhbərləri onu məhkəməyə verir. Səbəb kimi Qeskerin bəzi müsahibələrində guya müqavilənin şərtlərini pozaraq “Balenciaga” brendi haqqında alçaldıcı ifadələr işlətməsi göstərilirdi.

Aleksandr Vonqun 2013-ci ildə “Balenciaga” üçün hazırladığı kolleksiya xüsusi böyük müvəffəqiyyət gətirmir. Kolleksiya haqqında sadəcə təmkinli, tövsiyyəedici rəylər söylənilir. Bütün tənqidçilər Vonqdan sensasiyalı kolleksiya gözləsə də, gənc dizayner bu kolleksiyanın yaradılmasına ehtiyatla yanaşır. O, brendin tarixini, öz sələfinin təcrübəsini diqqətlə öyrənib sadə, cəsarətsiz kolleksiya yaradır.

2012-ci ilin sonundan fransız moda evinə rəhbərlik edən Vonq bir neçə mövsümdür ki, markaya uyğunlaşaraq, qarşılıqlı təsir formulasını tapmağa çalışır. Dəqiq xətlər və formalar, ciddi rənglər, ətəklərdə və paltolarda qızıl düymələr, siluetli geyimlər və broşlar “Balenciaga” stilini əks etdirir.

2014-cü ildə nümayiş olunan kolleksiyasında gənc kreativ direktor irəli gedir. Dizayneri artıq heç kim arxivlərlə həddindən artıq maraqlanmaqda və tarixi irsin təhlükəsiz himayəsində oynamaqda ittiham edə bilmir. İndi artıq bu Kristobal Balensiaqanın kölgəsi deyil, gənc və uğurlu dizayner Aleksandr Vonqdır. Bu dəfə o futuristik, hətta podiumun qeyri-adi dizaynına görə kosmik kolleksiya təqdim edib. Dəfilədə tordan olan plaşlar və geyimlər nümayiş olunur.

Xatırladım ki, Aleksandr Vonq da moda sənayesinin dəbinə uyğun olaraq əksər həmkarları kimi kişilərlə görüşməyə üstünlük verir. Qadınlar onun maraq dairəsinə daxil deyil.

Bu gün “Balenciaga” motosikletdən ilhamlanaraq yaradılmış çantaları ilə məşhurdur. Ən məşhur modeli "Lariat"-dır. “Balenciaga” müasir modaya yad futuristik həddində olan dizaynları ilə də tanınır. Müasir “Balenciaga” geyimlərinin pərəstişkarları arasında arasında Nikol Kidman, Culiana Mur, Sianna Miller, Stefani Seymur, Lara Binql, Emmanuel Alt, Tatyana Sorokko, Reykel Simmerman, Cennifer Qarner, Hillari Rod və başqaları var.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR