• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Cinsi həyatı məhv edən 7 vərdiş

  • Layihə
  • 11 Aprel 2015 00:43
  • 2 209 Baxış
Cinsi həyatı məhv edən 7 vərdiş

Gün ərzində atdığınız yanlış addımlar cinsi həyatınıza mənfi təsir edə bilər. Bəzən heç bir səbəb olmadan seksual hisslərinizin zəiflədiyini, partnyorunuzla əvvəlki vaxtlarla müqayisədə daha az intim münasibətdə olduğunuzu fərq edə bilərsiniz.

Bu zaman hər hansısa xəstəlikdən şübhələnmək olar. Ancaq 90 faiz hallarda seks həyatının bitməsinə səbəb gün ərzində etdiyiniz kiçik xətalar, adət halını alan davranışlar olur.

Publika.az “Ailə dostu” layihəsində bu mövzuya toxunacaq.

Bu mövzuda araşdırma aparan sekspatoloqlar həmin vərdişləri aşağıdakı kimi sıralayırlar:

1.Həftə sonunu evdə yataraq keçirmək

Həftə sonları günorta saatlarına qədər yatanlarda cinsi istək azalır.

Doktor Maykl Bryus həftənin günlərindən asılı olmayaraq həmişə eyni saatda yatıb, eyni vaxtda oyanmağı tövsiyə edir. Onun sözlərinə görə, bir gecə yatağa 23:00-da girib, o biri gecə saat 03:00-da yatmaq həm sağlamlıq baxımından təhlükəlidir, həm də cinsi həyata pis təsir edir.

Çünki yuxu rejimini pozan insanlarda seks hormonlarının səviyyəsi aşağı düşür.

Yuxu rejimi pozulan qadınlarda isə stress hormonları artır. Bu hormonlar testosteronun səviyyəsini aşağı salaraq cinsi həvəsi zəyiflədir.

Mütəxəssislər aktiv cinsi həyat üçün səhərlər erkən oyanmağı tövsiyə edirlər. Çünki səhərlər həm qadınların, həm də kişilərin testosteron səviyyələri pik nöqtəyə çatır.

Odur ki, həmin saatlarda sevişmələr daha ehtiraslı olur.

2. Bədən ölçüsünü kompleks etmək

Düzdür, kişilər də artıq kilo alanda narahat olurlar. Ancaq qadınlar bədənlərindəki demək olar ki, bütün orqanların öçüsüylə maraqlanırlar. Ayna qarşısına keçib, qarnında piy görəndə və ya ombasının daha böyük olmasını düşünəndə stressə girirlər. Stressin testestoron hormonuna pis təsir etdiyini yuxarıda vurğulamışdıq. Bədən ölçülərini kompleks etməyin digər bir mənfi tərəfi də belə insanların zamanla seksdən uzaqlaşmasıdır.

Unutmayın ki, sizin üçün qüsur kimi görünən hərhansı bir xüsusiyyət partnyorunuzun xoşuna gələ bilər. Özünüzə inanın və cinsi həyatınızın məhv olmasına imkan verməyin.

Kişilər televiziyada, reklamlarda gördükləri qüsursuz bədənə sahib olan qadınları bəyənsələr də, real həyatda ehtiraslı seks üçün bədən formasının elə bir əhəmiyyəti yoxdur.

3. Hamiləlik əleyhinə dərmanlardan istifadə etmək

Bəzi xanımlar rahatlığa üstünlük verərək hamiləlik əleyhinə dərmanlardan istifadə edirlər. Bəzən də bunu qadından həyat yoldaşı xahiş edir. Çünki kişilərin çoxu perezervativdən istifadə etməyi xoşlamır. Ancaq çoxları bilmir ki, bu dərmanlar cinsi həvəsi azaldır. Hamiləlik əleyhinə olan dərmanların tərkibindəki maddələr seks hormonlarının sürətlə azalmasına gətirib çıxarır.

Əgər istifadə etdiyiniz dərmanın seks istəyini azlatdığından şübhələnirsinizsə, mütləq həkimlə məsləhətləşin. Həkiminiz sizə ən uyğun dərmanı tapmaqda köməklik edəcək.

Təbii ki, həyat yoldaşınızı perezervativə alışdırmaq da çıxış yolu ola bilər.

4.İdmanla məşğul olmamaq

Əgər gün ərzində sadəcə stul arxasından maşına, oradan da rahat divana addımlamaq xaricində hərəkət etmirsinizsə, seks istəyinizin azalmasına təəccüblənməyin.

Hərəkət etdikdə qan dövranı sürətlənir. Bütün gün hərəkətsiz qaldıqda isə əksinə qan dövranı yavaşlayır. Bu isə özünüzü yorğun və halsız hiss etməyinizə səbəb olur.

Belə halda sevişməyi ağlınıza belə gətirmirsiniz, evə çatan kimi ancaq yatmaq haqda düşünürsünüz.

Bu problemin həlli elə də çətin deyil. Hər gün yarım saat da olsa idmanla məşğul olun. Hətta partnyorunuzla birlikdə idman salonuna getmək ən yaxşı variantdır.

5. Axşam yeməklərini gec yemək

Axşam yeməyini saat 20:00-dan sonra yemək artıq kiloya və bir sıra xəstəliklərə səbəb olmaqla yanaşı cinsi istəyin azalmasına da səbəb olur.

Axşamlar ağır yeməklər yedikdə həzm sistemi gücə düşür. Bədən mədəyə daha çox qan göndərməli olur. Cinsi orqanlara isə kifayət qədər qan getmir.

Axşamlar yağlı, karbonhidratlı xörəklərdən uzaq durun. Belə yeməklər yuxunuzun gəlməsinə, süstləşməyinizə səbəb olacaq.

Əgər partnyorunuzla ehtiraslı saatlar keçirmək istəyirsinizsə, axşamlar saat 19:00-dan sonra heç nə yeməyin. Əgər güclü aclıq hiss etsəniz yarım kasa yağsız qatıq yeyin.

Bu tövsiyəyə əməl etsəniz, gecə özünüzü daha enerjili hiss edəcək və sevişməyə hazır olacaqsınız.

6. Yatmazdan öncə xəbərləri izləmək

Stress seksin ən böyük düşmənidir. Siz isə gecələr yatmazdan öncə informasiya saytlarına daxil olur, televiziyanı izləyir, dünyanın və ölkənin problemləriylə özünüzü yükləyirsiniz.

Siz fərqində olmasanız belə mənfi nüanslı xəbərlər şüuraltına təsir edir. Ölüm-itim xəbərlərini izlədikdən, dünyadakı ədalətsizlik, haqsızlıq haqqında uzun-uzadı düşündükdən sonra kim sekslə məşğul olmaq istəyər ki!?

Təbii ki, heç kim. Ona görə də mütəxəssislər xüsusilə də gecələr xəbər izləməməyi tövsiyə edirlər.

Əgər boş vaxtınızı dəyərləndirmək istəyirsinizsə, zövqünüzü oxşayan kitablar oxuyun. Ya da partnyorunuzla söhbətləşin. Seks həyatınızda müsbət dəyyişikliklər olduğunu ən qısa zamanda hiss edəcəksiniz.

7. Spirtli içki düşkünlüyü

Mütəxəssislər bildirirlər ki, həftə sonu dostlarla birlikdə əyləncəli zaman keçirərkən içilən 1-2 qədəh içki zərərli deyil. Ancaq bu qədəhlərin sayı 7-8-i keçirsə, narahat olmağa dəyər.

Spirtli içki önəmli sağlamlıq problemlərinə səbəb ola bilir.

Düzdür, 1-2 qədəh içki içdikdə insan sekslə məşğul olmağa daha meyilli olur. Ancaq içkinin miqdarı artıdca seks həvəsi də azalır. Mütəmadi olaraq spirtli içkidən istifadə edənlərdə isə bu qalıcı problemə çevrilir.

Günay Əzizbəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR