• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Mən qadınları geyindirmirəm, soyundururam” - FOTOLAR

  • Layihə
  • 26 İyun 2014 14:00
  • 3 698 Baxış
“Mən qadınları geyindirmirəm, soyundururam” - FOTOLAR

Ayaqqabı və qadın... Qadınlar ayaqqabıları çox zaman ehtiyacı olduğu üçün deyil, sırf bəyəndiyi üçün alırlar. Güman ki, qadınların əksəriyyətinin qarderobunda hələ də istifadə etmədiyi bir neçə cüt ayaqqabısı həsrətlə sahibinin onu nə vaxt geyinəcəyini gözləyir. Gəlin etiraf edək ki, dizaynerlərin sərhəd tanımayan fantaziyaları nəticəsində ərsəyə gələn ayaqqabı modelləri qadınların həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhur ayaqqabı moda evlərinin dizaynerlərinin hər bir işini nəfis tərtibatda hazırlanan incəsənət əsəri kimi təqdim etmək olar.

Bəs sevərək aldığınız məşhur ayaqqabı moda evlərinin tarixi haqqında nə bilirsiniz? Qadınlar ayaqqabı seçimində görünüş, keyfiyyət və rahatlığa üstünlük verirlər. Əlbəttə ki, ayaqqabının hansı brendə aid olması da böyük rol oynayır. Hər bir qadının sevimli ayaqqabı növü olduğu kimi, işlərinə pərəstiş etdiyi ayaqqabı dizayneri də var. "Moda inqilabları" layihəsi çərçivəsində bu həftə dünyanın ən nüfuzlu ayaqqabı brendləri haqqında bəhs edəcəyəm.

"Christian Louboutin"in ayaqqabıları xüsusi diqqət cəlb edir. Onlar qadına özünü bənzərsiz hiss etməyə kömək edir. Dizayner 1964-ci ildə Fransada doğulub. Kristian Louboutin özünün ilk ayaqqabısını 16 yaşında ikən hazırlayıb. Ayaqqabıya böyük marağının olmasına baxmayaraq, dizayner heç vaxt teatrı unutmayıb. "Heç kim ayaqqabını səhnədəki rəqqas kimi daşıya bilmir", - Kristian çoxsaylı müsahibələrində bu sözləri tez-tez təkrarlayır. Məhz göbək rəqsini ifa edən qadının üzündəki duvaqdan cuşa gələn kuturye tor və topuqlarının ətrafında qotazları olan məşhur məxmər qayıq-ayaqqabısını hazırlayır. Louboutin "qayıqcıq"ları təhrikedici formada – yumurta şəklində layihələndirmişdi. Məqsəd diqqəti qadın ayağının ən həssas, amma indiyədək əhəmiyyət verilməyən hissəsinə - pəncənin daxili büküyünə yönəltmək idi. O, bildirir ki, "Qayıqcıq"lardakı dərin kəsik xoşuma gəlir, ayaq barmaqlarının bir hissəsini göstərmək olduqca cazibədardır. Mən qadını geyindirmirəm, onu soyundurmağa çalışıram".

O, 1991-ci ildə öz adı altında ayaqqabı və aksessuarlar xəttini işə salır. Kristian Louboutin 1991-ci ildə Parisdə "Passage Vero-Dodat" mağazasını açır. Mağaza qısa müddətdə yaxınlıqdakı antik əşya dükanlarını gəzən aristokrat parislilərin rəğbətini qazanır. 1992-ci ildə yaratdığı qırmızı laklı ayaqqabıları dizaynerin vizit kartı olub. Məhz onun sayəsində 1990-cı və 2000-ci illərdə dikdabanlar dəbə qayıdır. Kristian Louboutin ayaqqabıların altlıqlarını həmişə al-qırmızı rəngə boyayır və bu üsulu "follow me" (məni izlə) adlandırır. "Parlaq qırmızı altlıqların xüsusi bir funksiyası yoxdur, onlar sadəcə olaraq ayaqqabının mənə mənsub olduğunu göstərir".

Məşhur aktrisa Elizabet Teylor onun tuflilərini satışda olan ayaqqabıların ən gözəli adlandırır. Hətta oturduğu zaman insanların al qırmızı altlıqları görə bilməsi üçün ayaqlarını məxsusi olaraq çarpazlaşdırdığını söyləmişdi. Kristian Louboutinin müştəriləri sırasında Elizabet Teylordan başqa, Monako şahzadəsi Kerolayn, Katrin Denev, Şer və dizayner Diana von Fürstenberq də olub. Meray Keri, Ancelina Coli, Britni Spirs, Kayli Minok kimi dünya ulduzları bu brendin pərəstişkarlarıdır.

O, öz ayaqqabılarını yaradaraq qaydalar çərçivəsindən çıxmağa çalışır, qadınları öz güc və özünəməxsusluğunu hiss etməyə məcbur edir. O, fakturaya görə, müxtəlif materialları uzlaşdırmağı sevir. Bunun sayəsində çox gözəl və qeyri-adi modellər yaradır. Kolleksiyası çox şaxəli və genişdir. İndi Louboutin gənc tərtibatçılara yardım edir. Ümumiyyətlə, dizayner çox səmərəli işləyir. O, 1995-ci ildə "Azzaro", "Diane Von Furstenberg", "Chlo", J"ean-Paul Gaultier", "Victor & Rolf", "Givenchy" və "Lanvin" kolleksiyaları üçün ayaqqabı modelləri yaradıb.

StilettoAyakkabıModelleri (31)

"Louis Vuitton" - bu dünya şöhrətli brend təkcə çanta və çamadan deyil, həm də geyim və ayaqqabı istehsalı ilə məşğul olur. Bundan başqa, o, Forbesin siyahısında ən bahalı ayaqqabı istehsalçısı kimi moda tarixinə düşüb. Moda evi 1854-ci ildə yaradılıb. Dizaynerlərin etdiyi hər bir iş qeyri-adi zərifliyi, keyfiyyəti və gözəlliyi ilə seçilir. Emblemlər indiyədək əllə çəkilir, qalan bütün basmalar isə köhnə texnologiya ilə yerinə yetirilir. Bu, hər şeyə, o cümlədən ayaqqabılara da daxildir. Brend müxtəlif dizaynerlərlə əməkdaşlıq yaradaraq təkrarolunmaz məhsulları ilə müştərilərini sevindirməyə davam edir.

"Chanel" - şıq və dəbdəbənin ən yüksək pilləsi hesab olunur. Bu brendin ayaqqabılarını qüsursuz adlandırmaq olar. Tənqidçilər deyirlər ki, heç kim ayaqqabı sahəsində "Chanel"i üstələyə bilməz. Şanelin yaratdıqları yalnız qadın rahatlığı üçün nəzərdə tutulan detallardır ki, indi heç birimiz qarderobumuzu onlarsız təsəvvür belə də bilmərik. Bunlardan biri də 2 rəngli ayaqqabılardır. Müəyyən üslubu olan gözəl "Chanel" ayaqqabıları gül-çiçək motivləri və üslub rəngarəngliyi ilə də seçilir. "Chanel" moda evi ayaqqabı kolleksiyalarında demək olar ki, hər mövsümə uyğun olan bütün rəngləri və teksturanı bir yerə toplayır.

"Chester" - bu, təkcə qadın deyil, kişi ayaqqabılarının, kəmərlərdən əlcəklərə qədər müxtəlif aksessuarlar, həmçinin ayaqqabıya qulluq üçün boyaların və kremlərin istehsalı ilə məşğul olur. "Chester" 1990-ci ildə təsis edilən TJ Collection şirkətinin şəxsi mülkiyyətidir. Ayaqqabı istehsalında formasından daha çox rahatlığa fikir verirlər. Dolayısı ilə gündəlik istifadə üçün daha əlverişlidir. "Chester" - davamlılıq, etibarlılıq, komfort və rahatlığı özündə birləşdirən böyük ayaqqabı evlərindən biridir.

"Manolo Blannik" istisnasız Hollivud ulduzlarının sevimli ayaqqabı brendidir. "Manolo Blannik" ayaqqabı modelləri son dərəcə sadə olsa da, maraqlı detalları ilə seçilir. Eyni zamanda, çox rahat və gözəldir... Dizayner Kanar adalarında dünyaya gəlib və boya-başa çatıb. 1968-ci ildə o, Londona köçür və "Zapata" butikində işləməyə başlayır. Paralel olaraq İtaliyanın "Vogue" dərgisinə də yazırdı. Bir dəfə o, öz eskizlərini o dövrün məşhur dizayneri Diana Brilanda göstərir. Dizayner bu eskizlərdən o qədər heyrətə gəlir ki, onu yalnız və ayaqqabı dizaynı ilə məşğul olmağı məsləhət görür. 1972-ci ildə Manolo Blannik Ozzi Klark üçün ayaqqabı hazırlayır. Əldə etdiyi qonarardan "Zapata" butiki alıb özünün ayaqqabı salonunu açır. 1973-cü ildə Londonda Manolo Blannikin ilk moda nümayişi keçirilir. Dizaynerə məxsus ilk mağaza qadın ayaqqabı həvəskarlarını Londonun mərkəzinə toplamağa nail olur. Manolo Blannik brendi altında əsl qadın ayaqqabısı istehsal olunur. Bu məmulatın firma xüsusiyyəti qəlibin rahatlığına qətiyyən xələl gətirməyən hündür dabanıdır. Hər bir model üzərində şəxsən işləyən maestro satışın kütləvi hal almasına can atmır. Deyilənə görə, Manolo Blannik fabrikində gün ərzində cəmi 80 cüt ayaqqabı buraxılır. Klassika və ənənələrə bağlılığın təcəssümü olan Blannik üslubu dəbə uyğunlaşmağa çalışmır. Qadınlar bu ayaqqabılarda onsuz da möhtəşəm görünürlər. Maestronun fikrincə, hər modelin ən başlıca cəhəti yüngüllük və zəriflikdir. Bu ayaqqabılar zaman keçdikcə köhnəlmir. Qeyri-adi dizaynı isə bu brendin fərqləndirici xüsusiyyətlərindən biridir. Manolo özü vaxtilə deyirdi: "Ayaqqabı qadının yerişini dəyişdiyi zaman bunu, şübhəsiz, öz uğurum hesab edirəm, çünki adi qadını qeyri-adi xanıma çevirmək çətindir, mənsə bunu bacarıram". Və o, 30 ildir ki, gözəl, seksual, orijinal ayaqqabı modelləri ilə bizim gözümüzü sevindirməklə məşğuldur. Manolonun istehsal etdiyi ayaqqabılar Madonna, Naomi Kempbell, Sara Cesika Parker kimi məşhurların rəğbətini qazanıb.

"Jimmy Choo" Manolo Blannikdən fərqli olaraq, klassik formalara üstünlük verir və onlara gözlənilməz detallar əlavə edir. Rəng çeşidi adətən çox ehtiyatla uzlaşdırılır. Burada digər brendlərdən fərqli olaraq rənglərin azğınlığına rast gəlmək mümkün deyil. Bununla yanaşı, dizayner parıltıya qarşı yad deyil. Brendin əsas fəlsəfəsi hər yerdə əlverişli olan qüsursuz və gözəl ayaqqabı yaratmaqdan ibarətdir. Onun yaradıcılarından biri Tamara Mellon deyirdi ki, "Əgər sizin əla çanta və ayaqqıbız varsa, nə geyindiyiniz əhəmiyyət daşımır". Brend ancaq ayaqqabı istehsalı üzrə ixtisaslaşıb.

Jimmi Çu 1961-ci ildə Pinanqda dünyaya göz açıb. Uşaqlıqdan çəkməçi olmaq qərarına gələn Jimmi birinci ayaqqabısını on bir yaşında olarkən tikir. 1986-cı ildə Jimm İst-Londonda kiçik emalatxana açır. Onun əməyi qısa müddətdə layiqincə qiymətləndirilir. Məgər ustalıqla və böyük zövqlə tikilmiş eksklüziv ayaqqabı kimisə özünə biganə qoya bilərdimi? Jimmi tufli, səndəl və bosonojkaları eskizsiz hazırlayırdı. O, demək olar ki, şəkil çəkə bilmirdi, buna heç ehtiyacı da yox idi. Çünki formanı intuitiv olaraq hiss edirdi. Hazırladığı məmulatların bəzək elementləri ümumi konsepsiyaya son dərəcə dəqiq uyğunlaşırdı.Cəmi bir neçə ildən sonra "Vogue" jurnalının səkkiz səhifəsində "Jimmy Choo" kolleksiyasına aid ayaqqabı nümunələrinin şəkilləri yerləşdirildi. Hətta şahzadə Diana belə "Jimmy Choo" istehsalı olan ayaqqabıları almağa tələsirdi.

Zəriflik və gözəllik… Hündür daban və incə dekor… Möhtəşəm konstruksiya və valehedici gözəllik… Rahatlıq və orijinallıq… Dünyadakı modabaz xanımların yarısı "Jimmy Choo" ayaqqabılarını əldə etmək arzusundadır. Bu ayaqqabıların xoşbəxt sahibələri onu ən qiymətli əşyaları hesab edirlər. "Jimmy Choo" ayaqqabılarını seçən ulduz xanımlar bəzən ehtiyat edirlər ki, hər kəs onlara deyil, ayaqlarındakı valehedici ayaqqabıya tamaşa edəcək. Bu tanınmış markanın çantaları da etalon keyfiyyətə və möhtəşəm dizayna malikdir. Ketrin Zeta-Cons, Culiya Roberts, Kayli Minok, Cenifer Qarner, Cenifer Lopez, Skarlet Yohansson və başqaları tez-tez "Jimmy Choo" ayaqqabılarında görünürlər.

İtaliyanın ayaqqabı markası olan "Giuseppe Zanotti"nin yüksək keyfiyyətli materiallardan hazırlanan bənzərsiz ayaqqabı nümunələri firmanın peşəkar dizaynerlərinin zərif üslubu və əməyinin nəticəsidir. Dizayner Adriatik dənizinin sahilində yerləşən kiçik San-Mauro Paskoli şəhərində doğulub. O, uşaq yaşlarından qadın ayaqlarına maraq göstərdiyini xatırlayır. "Anamın 60-cı illərin üslubunda tikilmiş ayaqqabıları yaxşı yadımdadır. İki düyümlük dabanı olan bu ayaqqabı Odri Hepbernin qəhrəmanlarını xatırladırdı. Çox zərif idi". Elə həmin vaxtlardan da Cüzeppe ayaqqabı dizayneri olmaq qərarına gəlir. "Zanotti" ayaqqabıları eksklüziv dizaynı və əla keyfiyyəti ilə fərqlənir. Dizayner öz ideyalarını müxtəlif mənbələrdən – incəsənət, kino, müzikl, bir sözlə, "dəyişən dəbi əks etdirən, ruhlandıran hər şey"dən götürür. Onun üçün ayaqqabı istehsalı xüsusi bir incəsənət növüdür. İstər naxışlı, printli, yaxud dovşan xəzi ilə bəzədilmiş uzunboğaz çəkmə olsun, istərsə də probka platformalı, yaxud metal burunlu tufli, hər bir ayaqqabı ən xırda detalına qədər böyük diqqətlə hazırlanır. Brendin hər bir ayaqqabısı düşünülmüş modeli, novator forması, kontrast rənglərin, materialların ahəngi və bəzək əşyalarının bolluğu ilə fərqlədir. Məsələn, zamşa, laklı haşiyələrlə bəzədilmiş qara və qırmızı, yaxud da dəvəquşu, timsah və piton dərisindən olan dəbdəbəli modelləri diqqətdən yayınmır. Hər bir kolleksiya kino çəkilişlərini xatırladır, ayaqqabının necə hazırlanması uğurun əsasını təşkil edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR