• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sinəsi ilə yaraşıqlı kişiləri valeh edən Kolumbiya gözəli – FOTOLAR

  • Layihə
  • 24 Aprel 2015 10:45
  • 4 723 Baxış
Sinəsi ilə yaraşıqlı kişiləri valeh edən Kolumbiya gözəli – FOTOLAR

Çimərlikdə kəşf edildi, ulduza çevrildi

Dünyanın ən gözəl qadınlarından biri şübhəsiz ki, Sofiya Verqaradır. 43 yaşlı kolumbiyalı gözəl bir fotoqraf tərəfindən çimərlikdə kəşf edilib. İlk dəfə 17 yaşında reklam çarxına çəkilib.

Karyerasına modelliklə başlasa da, daha sonra aparıcılıq və prodüserliklə məşğul olub. Şöhrəti qısa müddətdə Amerikaya kimi yayılıb. Bunda bir-birindən açıq-saçıq fotosessiyalarının və cəsur addımlarının da rolu böyük olub.

Ancaq ona populyarlıq qazandıran əsl peşə aktrisalıqdır. "Modern Family" adlı serialda Qloriya Pritşet obrazını canlandıran gözəlçə bir anda bütün dünyanın diqqətini cəlb edib.

Bu günə kimi "Emmy" və "Qızıl qlobus" da daxil olmaqla onlarla mükafata layiq görülüb. Dəfələrlə "Ən yaxşı aktrisa" statusunu qazanıb.

Sofiya Verqara ötən il "Forbes" jurnalının "ən möhtəşəm qadın" siyahısında 32-ci sırada yer alıb.

Yaraşıqlı kişiylə sevgili olmaqdan qorxdu

Bu qədər gözəl olmasına baxmayaraq, Sofiyanın həyatında sadəcə 3 kişi olub. İlk dəfə çox erkən, hələ 18 yaşında ikən Co Qonzaleslə ailə quran aktrisa oğlu Manolonu dünyaya gətirdikdən qısa müddət sonra boşanıb.

Boşandıqdan sonra uzun illər yalnız yaşayan Sofiya nəhayət iş adamı Nik Lobla nişanlanıb. Ancaq onunla münasibət evliliklə nəticələnməyib.

İllərə meydan oxuyan Sofiya hazırda özündən 4 yaş kiçik olan yaraşıqlı aktyor Co Manqaniello ilə eşq yaşayır. Ötən il nişanlanan cütlüyün bu yaxınlarda evlənəcəkləri deyilir.

Maraqlıdır ki, Conun çox yaraşıqlı olması Sofiya Verqaranı qorxuya salıb. Elə buna görə də, eşq təklifinə əvvəllər isti yanaşmayıb.

"Onunla aramdakı 4 yaş fərqinin olmamasını istəyərdim. Co mənim Nik Lobdan ayrıldığımı eşidən kimi rəfiqələrimdən telefon nömrəmi istəmişdi. Mən isə "Onunla olmaz. O, çox yaraşıqlıdır, həddən artıq yaraşıqlıdır", dedim. Ancaq necə oldusa, görüşə getdim".

İlk evliliyindən hazırda 24 yaşlı Manolo adlı oğlu olan ulduz ikinci dəfə ana olmaq haqda düşünə biləcəyini deyir. O, Conun uşaq istədiyini vurğulayır.

Kolumbiyalı gözəlin ekzotik stili

Sofiya Verqaranı diqqət mərkəzində saxlayan sadəcə gözəlliyi və şəxsi həyatı deyil. O, möhtəşəm stiliylə də qadınlara ilham verir.

Ona görə də Publika.az-ın "Onların stili" layihəsində ekzotik gözəl Sofiya Verqaranın stil sirlərindən bəhs etməyə qərar verdim.

Sofiyanın stilini milyonlarla qadın yaxından təqib edir. Buna səbəb onun bədən quruluşunun standart modellərdən fərqli olmasıdır. Dolu bədənli qadınların da seksual görünə biləcəyini sübut edən Sofiya gözəlliyini vurğulayan geyimləri tapmaqda ustadır.

Dəbdəbə ehtirası

Sofiyanın xüsusilə qırmızı xalı stili diqqətə layiqdir.

Dəvətlər üçün dəbdəbəli geyimlər seçən ulduz balıq siluetli, maksi donlar geyinməyi xoşlayır. Adətən tək rəngli libaslara üstünlük verir.

Yaşıl, çəhrayı, göy, mavi və qırmızı özünə ən çox yaraşdırdığı rənglərdir. Sadə görünmək istəyəndə qara, ağ və ya gümüşü rəngə müraciət edir.

"Zac Posen", "Zuhair Murad" moda evlərinin libaslarını geyinməkdən həzz alır.

Sinə dekoltesi onun vaz keçilməzidir. Demək olar ki, bütün ziyafət libasları sinə dekoltesiylə diqqət çəkir. Maraqlıdır ki, ayaqları biçimli və gözəl olan aktrisa qırmızı xalıda qısa libas geyinməyi xoşlamır.

Hər qadın kimi o da "Cristian Loubutin" ayaqqabılarının pərəstişkarıdır. "Charlotte Olympia" da sevdiyi ayaqqabı markalarındandır.

Sofiyanın ayaqqabı seçimləri də onun dəbdəbə ehtirasından xəbər verir.

Onun ayaqqabılarının heç olmasa 15 santimetr dabanı olmalıdır. Seçdiyi ayaqqabı modelləri klassik, həm də iddialıdır. Daşlı-qaşlı ayaqqabılar geyinməkdən çəkinmir.

İddialı aksessuarlar , möhtəşəm makiyaj, mükəmməl saçlar

Aktrisanın aksessuarları da olduqca iri və diqqət çəkici olur. Qolbaq və sırğaları çox sevir. Firuzə, zümrüd və brilyant ən sevdiyi qiymətli daşlardır. Onun zümrüddən hazırlanan iri boyunbağısı və firuzə gərdanlığı məşhurdur. Hər iki zinət əşyasını da doğru geyimlərlə kombinləyərək göz qamaşdırmağı bacarır.

Sofiya dəbdəbəli, iddialı geyinsə də olduqca şıq görünə bilən xanımlardandır. Onun üzərində heç nə artıq və lazımsız görünmür. Qollarını qolbaqlarla, doldursa da, ən dəbdəbəli ayaqqabını geyinsə də, şıq və zərif təsir bağışlayır.

Sofiya Verqaranın makiyaj stili də gözəl görünmək istəyənlərin diqqət mərkəzindədir. O, özünə məxsus makiyaj stiliylə yadda qalır. Hər zaman gözlərini vurğulayır. Bunun üçün tuş və laynerlə çərçivələdiyi gözlərini parıltılı, qəhvəyi rəngli göz kölgəsiylə rəngləndirir. Dodaq boyasının rəngini isə geyimini nəzərə alaraq qərar verir. Çox vaxt bənövşəyi, qırmızı, narıncı kimi iddialı rəngləri seçir.

Sofiya Verqaranın saçlarının gözəlliyi dillərə dastandır. Hətta buna görə "Head and shoulders" brendi şampunlarını reklam etmək üçün məhz Sofiya Verqaranı seçib.

O, digər ulduzlardan fərqli olaraq saçlarıyla oynamağı xoşlamır. Yəni, müxtəlif saç kəsimlərinə və düzümlərinə müraciət etmir. Saçlarını həmişə açıq saxlayır. Düz və dalğalı saçı çox xoşlayır.

Qaradan sarıya kimi müxtəlif saç rənglərinə müraciət etsə də, nəhayət ki, özünə yaraşanı tapa bilib. O, artıq qəhvəyi, şabalıdı və ən çox da bal rəngli saçlara üstünlük verir.

Aktrisanın küçə stili də qənaətbəxşdir. 1.70 sm boyu olsa da, hündürdaban ayaqqabılardan vaz keçməyən Sofiya küçə stilində də bu ənənəsinə sadiq qalır.

Cins şalvarlar, rahat koftalar, iri çantalar onun küçə stilinin əsasını təşkil edir. Qırmızı xalıda olduğu kimi, gündəlik həyatda da rəngarəngliyə üstünlük verir. Onu çəhrayı, mavi, yaşıl şalvarlarda görmək olar.

Hər kəs Sofiya Verqara kimi qoxumaq istəyir

Sofiya Verqara gözəl qoxunun qadını tamamladığını düşünür. Ona görə də özünün zövqünü oxşayan qoxuları bir araya gətirərək bir ətir istehsal etdirib. Onun ətri çox satılanlar sırasındadır.

"Forbes" jurnalı tərəfindən dünyanın ən güclü qadınları sırasında göstərilən Sofiya Verqara gücünü pozitiv enerjisinden aldığını deyir.

Onun ən gözəl aksessuarı gözəl gülüşüdür.

Bu möhtəşəm qadının stilini əks etdirən ən gözəl şəkillərini toplamışam. Baxın və zövq alın.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR