Birinci xanımları geyindirməklə məşhurlaşan dizayner
Bizi izləyin

Layihə

Birinci xanımları geyindirməklə məşhurlaşan dizayner

O, gənclik illərində Nyu-Yorkun kübar cəmiyyətinin ən parlaq gözəllərindən biri olub. Daha sonra Amerikanın “Vogue” jurnalının əfsanəvi redaktoru və yaxın rəfiqəsi Diana Vrilandın təkidi ilə dizaynerliklə məşğul olmağa başlayıb. Söhbət Karolina Herreradan gedir. Amerikalı modelyerin adı birinci xanımları geyindirməklə məşhurlaşıb...

“Carolina Herrera” moda evinin banisi və direktoru olan bu istedadlı xanım dünyanın hər yerində daha çox beynəlxalq stil ikonası, biznes-ledi, bənzərsiz gəlinliklərin müəllifi kimi tanınır. O, eyni zamanda BMT-nin xoşməramlı səfiridir.

Publika.az-ın “Brendlərin tarixi” layihəsinin bu günki sayında “Carolina Herrera” moda evinin yaranması və inkişafı ətrafında danışacağıq.

“Mənim üslubun zəriflikdir. O, heç vaxt köhnələ və ya yeni ola bilməz. Zəriflik istənilən halda aktualdır.

Sənin nə geyindiyinin heç bir əhəmiyyətə malik deyil, burada əsas məsələ paltarı necə geyinməkdir. Sənin nə qədər gözəl olmağınla və ya pulla zərifliyin heç bir aidiyyəti yoxdur! Mən qadınların müasir görünməsi üçün çalışıram. Onları ovsunlayıcı qadın kimi görmək istəyirəm, daha sonra nə olacaq? Kim bilir...”

Zəngin evin modabaz qızı

Zəngin ailənin qızı Karolina Herrera 1939-cu ildə Venesuelanın Karakas şəhərində anadan olub. Digər əfsanəvi dizaynerlərdən fərqli olaraq Karolina Herreranın uşaqlıq illəri ehtiyac və məhrumiyyətlər içində keçməyib. Belə ki, Karolina 3 bacısı ilə birlikdə əsl zadəgan ailəsində böyüyüb. Uşaqlıqdan o mürəbbiyələrin və özəl müəllimlərin əhatəsində tərbiyə alıb.

Karolinanın anası varlı torpaq sahibinin qızı, atası isə hava qüvvələrinin zabiti idi. Sonralar doğma şəhəri Karakasın qubernatoru olan ata qızı Karalinanı ciddi və sərt üsullarla tərbiyə etsə də, o, öz valideynlərini hər zaman xoş təəssüratlarla xatırlayır:

“Biz 3 bacı idik, üçümüz də çox ciddi və intizamlı ailədə tərbiyə almışıq. Hətta səhər yeməyini, nahar və şamı həmişə eyni saatda yeməli idik, dərslər bütün həyatımızın əsas “ritualı” idi. Anam hesab edirdi ki, bizim təlim-tərbiyəmiz və aldığımız təhsil tamamilə qüsursuz olmalıdır. Ona görə də əsas diqqəti təhsilə ayırırdıq. Amma necə görünməyimiz və paltarlar da böyük önəm daşıyırdı”.

Karolinanın zövqünün formalaşmasına böyüdüyü cəmiyyət ciddi təsir edib. Modelyerin sözlərinə görə, o, uşaqlıqdan dəbdəbəli paltarlar geyinən gözəl qadınlarla əhatə olunub. Onun anası və nənəsi “Lanvin”, “Balenciaga” kimi moda evlərindən dəbdəbəli paltarlar sifariş verib. Hətta Karolina 13 yaşında nənəsi ilə birlikdə Parisə Kristobal Balensiaqanın dəb nümayişinə baxmağa gedib. Bundan sonra moda qızcığazın əsl ehtirasına çevrilib. Lakin Karolina təhsildən də uzaqlaşmayıb. Belə ki, məktəbi bitirdikdən sonra biologiya fakültəsinə daxil olub və bir neçə il ixtisası üzrə işləyib.

Gələcəyin parlaq dizayneri moda ehtirasına qapılsa da, kolleci bitirdikdən sonra 18 yaşında zəngin mülkədara ərə gedib. Karolina birinci həyat yoldaşı Gilyermo Berensin Tello ilə 1957-ci ildə ailə qurub. Onların bu nikahdan iki qızı: Mersedes və Anna Luiza doğulub. Təəssüf ki, cütlüyün nikahı uzunömürlü olmayıb. Onlar 1964-ci ildə boşanıblar. Boşandıqdan sonra Karolina uşaqları ilə evinə qayıdıb və “Emilio Pucci” moda evinin publisisti işləməyə başlayıb.

1968-ci ildə Karolina teleaparıcı Rinaldo Herrera Qevara ilə ailə quraraq həsrətində olduğu əsl ailə xoşbəxtliyini tapıb. Karolinanın ikinci nikahdan da Karolina və Patrisiya adlı iki qızı dünyaya gəlib. İkinci nikahından olan qızları dünyaya gələndə evdə rahatlığın yaradılmasına və qızlarının tərbiyəsinə daha çox vaxt ayırsa da, evdar qadın olmaq fikri ona tamamilə yad idi. Odur ki, 13 yaşından moda dünyasına heyran qalan Karolina həyatına aid həlledici qərarlar verir. Arzularının ardınca gedərək dizayner kimi fəaliyyət göstərməyə başlayır.

Arzuların ardınca

Karolinanın dizayner kimi fəaliyyətə başlamasında yaxınları və dostlarının rolu danılmazdır. Gənc xanımın tərzinə heyran olan dost-tanış onu ruhlandırır. Axı, onun adı Venesuelanın ən yaxşı geyinən qadınlarının siyahısındaydı...

Onun ən tanınan obrazı isə qüsursuz ağ köynək, qara şalvar, qırmızı lak ayaqqabılar idi.

Modelyer bu üslubuna hər zaman sadiq qaldı: "Ağ bluzkanı mən bütün həyatım boyu geyinmişəm. Bu geyimi nə ilə desən, birləşdirmək olar. Xışıldayan ağ köynəklər mənə məktəb illərindən yoldaşlıq edirlər. O vaxtdan bu köynəklə bağlı xoş xatirələrim qalıb. Ağ bluzka sadə və incə olmalıdır. Onda gərək özünü sərbəst hiss edəsən".

Genişlənən əlaqələr və Nyu-Yorkda ilk kolleksiya

Ötən əsrin 70-ci illərində Herrera soyadını daşıyan Karolina ərinin tanışlıqları sayəsində yüksək cəmiyyətdə əlaqələrini genişləndirir. 1980-ci ildə Karolina Herrera əri və uşaqları ilə birlikdə Nyu-Yorka köçür. Qraf Rudi Krespinin və Diana Vrilandın dəstəyi sayəsində Metropoliten klubunda 20 geyimdən ibarət ilk kolleksiyasını təqdim edir.

İlk kolleksiyası haqqında gənc dizayner bunları demişdi:

Mən 1980-ci illərdə həcmli qolları ilə seçilən paltarlardan ibarət kolleksiya ilə çıxış etdiyim üçün fəxr edirəm. Əlbəttə, onlar mənə qədər də mövcud idi, lakin bir qədər unudulmuşdu. 80-ci illərdə mən onlara yeni həyat verdim, modifikasiya edərək klassik variasiyalarını yaratdım. Çoxları məni uzun illər dəbdə olan bu kolleksiya sayəsində tanıdı”.

Debüt kolleksiyası haqqında Karolina Herrera xeyli tərif və müsbət rəy eşitmişdi. Karolinanın hər bir işi yüksək cəmiyyətdə böyük maraq doğurmuşdu. O, ilk kolleksiyalarında viktorian ruhunda olan enli qol paltarlar üzərində təcrübələr aparır, onları müasir dövrün tələblərinə uyğunlaşdırmağa çalışırdı.

Gəlinliklə başlayan şöhrət

Bir il sonra Nyu-Yorkda öz şirkətini quran modelyer burada incə və zərif modellər üzərində təxminən on nəfərdən ibarət komanda ilə işləyirdi.

Zadəgan xanımların zövqünü oxşayan fasonlar Jaklin Kennedinin də diqqətini cəlb etmişdi. Yeri gəlmişkən, Jaklin Kennedi yeni açılmış “Carolina Herrera” moda evinin ilk müştərilərindən olub. Hətta 1986-ci ildə Karolina Herrera Jaklin Kennedinin qızı üçün çox eleqant gəlinlik tikmişdi. Amerikanın keçmiş prezidentinin qızı üçün tikilən həmin gəlinlik müəllifinə böyük şöhrət gətirir. Mağazalar həmin paltarın üslubunda sifarişlər almağa başlayır.

Ümumiyyətlə, Karolina Herrera moda aləmində bənzərsiz gəlinlik libaslarının müəllifi kimi tanınır. Məsələn, 2011-ci ildə ekranlara çıxan “Alatoranlıq” filminin baş qəhrəmanı Bella Svonun geyindiyi gəlinliyin də müəllifi Karolina Herrera idi. Dizayner filmin qəhrəmanı üçün sadə, uzun şleyfli, eyni zamanda retro üslubunda gözəl geyim hazırlamışdı. Sadə gəlinliyin arxası krujeva ilə bəzədilmişdi. Film çıxandan sonra moda evləri bu paltarın da bənzərlərini yaratdı. Dizayner gəlinliklərə olan sevgisini belə ifadə edir: “Gəlinlik hazırlamaq çox xoşdur, o, xüsusidir. Kristen gözəl qızdır, bu filmdə Bella füsunkar gəlin oldu”.

2014-ci ildə stil ikonası və aktrisa Oliviya Palermo da gəlinlik obrazını Karolina Herreraya həvalə etmişdi. Stil ikonası həyatının ən önəmli günündə “Carolina Herrera”dan qabarıq ətək və yumşaq sviterdən ibarət orijinal dəst seçmişdi.

Və nəhayət, bu il Karolina Herrera Nyu-York Moda Həftəsində 2015-2016 payız-qış kolleksiyasını təqdim edib. Dizayner bu kolleksiyada qızlara həcmli çiyinli sviterlər və jaketlər, özündə müxtəlif parça və teksturaları birləşdirən dəstlər, naxışlı paltarlar, büzməli yubkalar təklif edib və böyük uğur qazanıb. Bu uğurun sirri də dəb mütəxəssisinin insanların nə istədiyini bilməsindədir:

"Bu gün hamı azad olmaq istəyir, insanlar heç bir qayda və standartlara əməl etmədən özlərini rahat hiss etdikləri paltarlar geyinmək istəyirlər. Amma nə qədər qəribə olsa da, onlar hamısı tamamilə eyni cür geyinirlər".

Amerikanın birinci ledilərinin sevimli dizayneri

Bir sözlə, o, klassik fasonlarla uğurlu eksperimentlər aparır, sadə biçimlərə drapirovkalar, volanlar, krujevalar və bantlarla bəzək vururdu. Digər dizaynerlər arasında Karolina Herrera hər bir işinə həssaslıqla yanaşması ilə seçilir, onların zərif olmasına xüsusi fikir verir. Dizaynerin bütün kolleksiyaları yüksək keyfiyyəti ilə fərqlənir. Onun kolleksiyasında çoxlu sayda nəcib və dəbdəbəli paltarlar, bədənə kip oturan pencəklər, dar yubka-karandaşlar və zərif siluetlər görmək olar. Moda evi məhz belə yanaşma ilə dünyanın siyasi elitasının, aristokratiyanın və şou-biznesin bir çox nümayəndələrinin sevgisini qazanır. Qeyd edək ki, Amerikanın birinci xanımları olan Loren Buş, Nensi Reyqan və Mişel Obama Karolina Herreranın əvəzolunmaz müştəriləridir.

Ziyafət libaslarından ətirlərə keçid

Şirkəti genişləndikcə, eksklüziv kolleksiyalar hazırlayır və fərdi sifarişlər qəbul edirdi. 1987-ci ildə dizayner özünü yeni layihədə sınayır.

“Carolina Herrera Bridal” 1988-ci ildə moda evinin ilk ətrini satışa buraxır. Bu ətir dizaynerin uşaqlıq xatirələrini canlandıran jasmin gülündən hazırlanmışdı. Onlar 1991-ci ildə də ilk kişi ətri istehsal edir.

1997-ci ildə əfsanəvi “Carolina Herrera 212” ətri buraxılır. Buradakı rəqəmlər Manhettenin telefon kodu idi, onun tərkibi isə müasir qadınların tələblərinə uyğun hazırlanmışdı. 1999-ci ildən ətrin pərəstişkarları sırasına kişilər də daxil olur və “212 Men”, “212 Sexy”, “Sexy 212 men” ətirləri yaranır.

Stil ikonası geyindirmək sahəsindəki məharətini ətirlərin üzərində də tətbiq edir. 2013-ci ildə, “Carolina Herrera de Baez” ətrinin yubileyi şərəfinə Karolina Herrera ipəkdən çiyinsiz, qəşəng və qabarıq ətəkli eksklüziv paltar yaradır. Geyimi bant və xallı printlər bəzəyir. Eyni naxış və paltarın fasonu məşhur ətrin qablaşdırılmasında da istifadə olunur.

Bəzək əşyalarına keçid

Həmin ərəfədə şirkət inkişaf etməkdə davam edir, bijuteriya və aksessuarların hazırlanması üçün müqavilələr bağlanırdı. 1997-ci ildə Karolinanın ikinci nikahdan olan qızı Adriana anası ilə işləməyə başlayır. Beləliklə, bəzək əşyalarının hazırlanmasında qızı da öz töhfəsini verir. Nəticədə dizayner qızı ilə birlikdə 1940-cı illərin tanınmış müğənni və aktrisası Karmen Mirandaya həsr olunmuş kolleksiya hazırlayır.

2001-ci ildə “Carolina Herrera” dəridən hazırlanan eynəklər də daxil olmaqla yeni lüks aksessuar xəttini işə salır. 2008-ci ildə isə brendin demokratik “Carolina Herrera CH” xətti yaranır.

Onun işi diqqət mərkəzindədir

2003-cü ildən artıq kişilər və uşaqlar üçün də geyim satışına başlayan moda evi moda təşkilatlarının da diqqətini çəkir. 2004-ci ildə Amerika Dəb Şurası Karolina Herreranı “Ilin ən yaxşı dizayneri” mükafatına layiq görür. 2008-ci ildə “Geoffrey Beene Lifetime Achievement Award” mükafatına layiq görür.

2014-cü ildə “Harper's Bazaar” jurnalı ilin 100 ən dəbli qadınlarının siyahısını dərc edir. Karolina Herrera bu siyahıda 9-cu yeri tutur.

Xatırladaq ki, dizayner hökumətlərarası elmi tədqiqat institutunun (IIMSAM) köməkçisi və BMT-nin xoşməramlı səfiridir.

O, çəkdiyi əziyyətin bəhrəsini görür

Bu gün ideyaları aşıb-daşan “Carolina Herrera” brendi geyim, aksessuarlar, kosmetika və parfümeriya istehsal ilə məşğul olur, həm də modapərəstləri qəlbini fəth edir. Markanın adı bütün dünyada tanınır və 40-dan çox ölkədə butikləri yerləşir. Belə böyük biznesə və uğura ancaq böyük əziyyət sayəsində nail olmaq mümkündür. Karolina da qazandığı uğurları gecədən səhərə qədər qaldığı yuxusuz gecələrə borcludur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm