• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Milyonçu mis kralı, təhlükəli Bakı özbəyi – Akula İsgəndər

Milyonçu mis kralı, təhlükəli  Bakı özbəyi  – Akula İsgəndər

Ona Rusiyanın mis padşahı deyirlər. Çünki ölkənin mis istehsalının, demək olar ki, yarısı, sink istehsalının 2/3-si, metal kirayəsi biznesinin isə 1/4 hissəsi onun əlindədir. Deyilənlərə görə, ilkin kapitalını adi istehlak mallarının satışından toplayıb. Onunla bağlı üç vacib detalı vurğulayırlar: çox təhlükəlidir, milliyyətcə özbəkdir və ən nəhayət, bəzi versiyalara görə, Bakıda anadan olub. Söhbət İsgəndər Mahmudovdan gedir. O Mahmudov ki, “Forbes”in siyahısında 6,1 milyard dollar sərvəti ilə 23-cü sırada yer alır. Ötən bir il ərzində sərvəti 2.6 milyard dollar azalıb. Niyə? Oxuyun, öyrənin.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Rusiya milyarderi, özbək əsilli İsgəndər Mahmudovun həyat hekayəsini təqdim edir.

Hərbi xidmətdə olmayıb

Rəsmi məlumatlara görə, İsgəndər Mahmudov 1963-cü il dekabrın 5-də Buxarada anadan olub. Buna görə də bəzən onun Buxara taciki olduğu da deyilir. Kiçik yaşlarında ailəsi Daşkəndə köçdüyündən bütün uşaqlığı və gəncliyi orada keçib. Anası universitetlərdən birində xarici dil müəlliməsi, atası isə tikintidə mühəndis işləyib. Beləliklə, ailənin maddi təminatı pis olmayıb. Məktəbi bitirdikdən sonra (1980) İ.Mahmudov Daşkənd Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsinə daxil olub. Həmin dövrdə bu fakültə SSRİ-nin silahla təhciz etdiyi Şərq ölkələrində işləmək üçün mütəxəssislər yetişdirirdi. Buna görə də bəzi mənbələrdə İ.Mahmudovun hətta hərbi xidmətə getmədiyi də yazılır.

Liviya və İraqdakı DTK agenti

Universitet illərində aktiv tələbə olması xüsusi xidmət orqanlarının diqqətini çəkir. Təhsilini bitirdikdən sonra onu SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyində baş mühəndis vəzifəsinə götürürlər. 1984-cü ildə işiylə bağlı onu əvvəlcə Liviyaya göndərirlər. Orada il yarım işləyir, sonra 2 il İraqda fəaliyyət göstərir. Bu arada rəsmi sənədlərdə İ.Mahmudovun İraqdakı iş yeri kimi tikintiylə məşğul olan sovet departamentində yanında “əsas mühəndislik idarəçiliyi” kimi göstərilir. Lakin reallıqda həmin ərəfədə onun silah təchizatı ilə məşğul olduğu, İraq, Misir, Suriya, Yəmən kimi ölkələrdə hərbi obyektlərin tikintisinə rəhbərlik etdiyi deyilir. Əslində, adi tərcüməçi üçün bütün bunlar geniş səlahiyyətlərdir. Amma bir fakt da var ki, Şərqə göndərilən mütəxəssislərin heç də hamısı ərəb dilini İsgəndər qədər mükəmməl bilmirdilər. İş adamının özü də bunu gizlətmir: “İraq, Misir, Suriya və Yəmənə göndərilən, ərəb dilini yaxşı bilən tərcüməçilər yalnız tərçüməçi deyildilər. Onlar həm də qərar verən səlahiyyətli şəxslər idi”.

Rusiya mətbuatının İ.Mahmudovun Şərqdəki fəaliyyətinə dair irəli sürdüyü başqa bir versiya da onun DTK casusu olmasıyla bağlıdır. Media iddia edir ki, iş adamı İraq və Liviyada tərcüməçi kimi yox, məhz casus kimi fəaliyyət göstərib.

Tərcüməçi necə milyarder olur?

Bəzi mənbələrdə İsgəndər Mahmudovun biznes tarixçəsinin “ərəb dövründən” başladığı irəli sürülür. Belə ki, Şərqdə onun əslən tacikistanlı olan, özü kimi “tərcüməçilik” edən Serqo Kərimovla tanış olduğu, sonradan həmkarının biznesini İsgəndərə etibar etdiyi deyilir. Amma həmin dövrdə belə bir şəxsin mövcudluğu təsdiqlənmir. Lakin hər iki halda, İ.Mahmudov 4 illik ərəb dövründən böyük pullarla qayıdır. Bunun da 1988-ci ilə - yenidənqurma illərinin əvvəlinə təsadüf etməsi onun varlanma şansını artırır.

Həmin ildə rəsmi iş kimi Daşkənddəki "Uzbekintorg" dövlət ticarət səhmdar cəmiyyətinə dəvət olunur. Sözügedən müəssisə milli kvota çərçivəsində ölkə üçün zəruri malların alınması ilə məşğul olmaqla bərabər özbək pambığının, eləcə də uranın satışını həyata keçirirdi. Yeri gəlmişkən, İ.Mahmudov ilk biznes təcrübəsini "Uzbekintorg"da toplayır. Özünə Özbəkistanın kriminal aləminin yəhudi əsilli nümayəndələrini Mixayil və Lev Çernim qardaşlarını (Rusiyanın alüminium kralları, İsrail vətəndaşlarıdır. Bəzi mənbələrə əsasən Mahmudov Mixaillə İraqda “tərcüməçilik” edərkən tanış imiş – L.Ə.) özünə ortaq seçərək biznesdə ilk addımlarını atmağa qərar verir. Bir məqamı da qeyd edək ki, Çernim qardaşları Daşkəndin qeyri-leqal biznes sahəsində geniş təcrübəyə malik idilər.

Rusiyaya gəlişi

1991-cı ildə Çernim biznesini Moskvada davam etdirməyi qərara alır. Bu ərəfədə ona xaricilərlə ünsiyyəti bacaran mütəxəssis lazım olur. İ.Mahmudov qardaşların alüminium biznesi ilə məşğul olan “Trans World Group” şirkətində işləməyə başlayır. Lakin 1996-cı ilin sonu 1997-ci ilin əvvəlində M.Çernim ortaq biznesdən kənara çəkilir. Mahmudov da şirkətdəki vəzifəsindən istefa verərək öz biznesini qurur. O, mis ticarətinə başlayır. Eyni zamanda o, Sənaye-Maliyyə Şirkəti olan "Meta Tools”da direktor vəzifəsini icra edir. Mahmudov orada da çox qalmır. 1996-cı ildə “Aİ dağ-mədən və emalı zavodu"nun baş direktoru vəzifəsinə keçir.

Bu arada onu da bildirək ki, 1998-ci ildə Mahmudov iş adamı Oleq Deripaska ilə yaxınlaşır. Həmin tarixdən 2002-ci ilədək “Sibirski alüminium”un baş direktoru olur (1999-cu ildə Deripaska bu şirkətin prezidenti funksiyasını yerinə yetirirdi). 1999-cu ilə Anrey Kozitsının “Uralelektromed”də rəhbərlik etdiyi direktorlar şurasına daxil olur. Həmin ildə ortaqlarının dəstəyi ilə bu müəssisənin bazasında “Ural dağ-mədən və metallurgiya” şirkətini yaradır. Biznesmen şirkətə özü rəhbərlik edir. 2002-ci ildə isə şirkət holdinqə çevrilir. Holdinq bazarda Rusiya Federasiyasının mis hasilatının 40 faizini reallaşdıracaq mövqeyə sahibdir.

Sərvəti, şirkətləri

İ.Mahmudov mis dağ-mədən sənayesi ilə məşğul olan 20-yə yaxın müəssisənin sahibidir. O, Rusiyanın mis bazarının 40 faizinə nəzarət edir (Qalan 60%-i "Norilsk Nikel"in nəzarətindədir). Konkretləşdirsək, “Ural dağ-mədən və metalurgiya” şirkətinin səhmlərinin 50, “Transmashholding”in səhmlərinin 22, “Kusbassrazrezuqol”ın səmlərinin 60, “Transqrupp”un səhmlərinin 33 faizi Mahmudova məxsusdur. O, Rusiya milyarderləri Andrey Kozinçin, Andrey Bokarev, Sergey Qlinka, Maksim Liksutov ilə ortaqdır.

2012-c ildə ortaqları Anrey Kozitsyn və Anrey Bokarevlə birgə “Transoyl”da Qennadi Timçenkonun 13 faizlik səhm payını alıb. 2013-cü ilin sentyabrında isə “Ural dağ-mədən və metallurgiya” şirkəti Çexiyanın Let Kunovice şirkəti ilə kiçik şərnişin təyarələrinin istehsalına dair müqavilə imzalayıb.

Mahmudovun şəxsi sərvətinin həcmi də az deyil. Onun milyardları illərdir “Forbes”in siyahısından düşmür. 2009-cu ildə iş adamının varidatı 3,3 mlrd., 2010-cu ildə 8.5 mlrd., 2011-ci ildə 9,9 mlrd., 2012-ci ildə 8,2 mlrd., 2013-cü ildə isə 8,7 milyard dollar dəyərləndirilib. Cari ilin əvvəlindən o, 6, 1 milyard sərvətiylə iş adamlarının siyahısında 23-cü sırada yer alır.

Pulun oldu, evlənmək dərd deyil

İş adamı 2 dəfə evlənib. Birinci həyat yoldaşı özbək əsilli (bəzi mənbələrdə Buxara yəhudisi) xanimla hələ Moskvaya köçməzdən əvvəl boşanıb. İ.Mahmudovun bu evlilikdən Cahangir adlı bir oğlu var. Milyoder ikinci dəfə tatar əsilli Marqarita İldusova ilə evlənib. Rusiya mətbuatı onun top-model olduğunu yazır. Bu evlilkdən milyarderin uşağı olmayıb. Bəlkə elə məhz buna görə İ.Mahmudov oğluna, yeganə varisinə çox bağlıdır. Cahangir özü isə anasıyla birgə qonşuluqdakı villada yaşayır.

Bakılı oğlan?

İsgəndər Mahmudov dörd dil - özbək, rus, ingilis, ərəb dillərini bilir. Yazının əvvəlində qeyd etdiyimiz kimi, onun Bakıda doğulduğu barədə versiyalar dolaşmaqdadır. Lakin özü bunu təkzib edir. Bakıda cəmi iki dəfə olduğunu deyir. Bu səfərlər də guya dostlarını ziyarət məqsədi daşıyıb.

“Bu balıq mənə simpatik gəlir”

Milyoderin ən böyük hobbisi dənizdir. Onun 100 milyon avro dəyərində “Predator” adlı yaxtası var. Yetmiş üç metr uzunluğunda yaxtanı Niderlandın “Feadship” şirkəti istehsal edib.Yeri gəlmişkən, İ.Mahmudovun akulalara simpatiya ilə yanaşır. O hətta akula ilə birgə dənizdə də üzüb. Özü bu haqda belə deyir: "Bu balıq mənim xoşuma gəlir. Artıq uzun müddətdir dalğıclıqla məşğul oluram. Altmış metr dərinliyədək üzməyi bacarıram. Ən böyük xəyalım akula ilə birgə üzüb ona toxunmaq idi. Arzuma çatdım. Akula həqiqətən çox ağıllı canlıdır. Heç vaxt ilk hücuma keçmir. Onları incitmək olmaz”.

Mahmudovun akulalara marağı dostları tərəfindən də diqqətsiz qalmır. Bayramlarda, ad gunlərində yaxınları milyoderə simvolik akula hədiyyə edirlər. Həm də Mahmudov akulaya aid hər bir əşyanı kolleksiya kimi toplayır.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR