• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Rusiyanın Ermənistanda RLS ideyasına önəm verməyə dəyməz” – Müsahibə

“Rusiyanın Ermənistanda RLS ideyasına önəm verməyə dəyməz” – Müsahibə

- Zamiq bəy, Ermənistan və Rusiya hərbi-texniki əməkdaşlığa dair yeni hökumətlərarası sazişin imzalanacağı ilə bağlı xəbər yayılıb. Sizcə, bu əməkdaşlıq bölgə üçün nələr vəd edir?

- Ermənistan bir dövlət olaraq onsuz da Rusiyanın bölgədəki vassalına çevrilib, müstəqilliyi simvolik xarakter daşıyır. Ermənistan hakimiyyəti tamamilə Rusiya və xaricdəki lobbi təşkilatlarının təsiri altındadır. Rusiyanın Ermənistana hərbi silah-sursat, enerji və ərzaq satışının müqabilində Ermənistan bütün dövlət əhəmiyyətli strateji obyektlərini Rusiyaya verib. İndiyə qədər nə qədər mümkün sazış imzalana bilərdisə, hamısı imzalanıb.

Azərbaycanın əsas xarici siyasəti Rusiyanı Ermənistandan daha çox uzaqlaşdırmağa çalışması, Rusiya ilə normal münasibətlərin saxlanması və Ermənistanı iqtisadi və siyasi izolyasiyadan çıxarmaması istiqamətində olmalıdır. Təəssüf ki, bu yöndə Azərbaycanın xarici diplomatiyasının uğurları o qədər də gözə çapmır.

- Rusiyanın Ermənistanda yeni radiolokasiya stansiyası tikəcəyi ilə bağlı yayılan xəbəri gerçək hesab edirsinizmi? Əgər bu ideya gerçəkləşsə, bunun Rusiya üçün geosiyasi strateji qazancı nə ola bilər?

- Rusiyanın Ermənistanda on minlərlə hərbi qulluqçusu, texnikası və avadanlıqları var. Buraya hər hansı bir radiolakasiya sisteminin əlavə olunması bölgədə güc balansını o qədər də dəyişməyəcək. Radiolakasiya sistemləri bəlkə də 20-30 il əvvəl daha çox əhəmiyyətli idisə, indi hərbi texnologiyalar elə inkişaf edib ki, müasir kosmik peyklər vasitəsilə həmin RLS-lərin funksiyalarını əvəz etmək mümkündür. Bu yöndə hesab edirəm ki, Azərbaycan Qərb ölkələri, ABŞ və İsraillə hərbi əməkdaşlığını gücləndirməlidir.

- Bu gün qərbdə Ermənistanın Rusiyanın forpostu olması ilə bağlı narahatçılıqlar varmı?

- Dünyada artıq nüfuz dairələri bölünüb və Ermənistan Rusiyanin payına düşür. Qərb Ermənistanı Rusiyanın əlindən almağa cəhdlər edir, Ermənistan isə bu vəziyyətdən hələlik məmnundur. Ermənistanın üstünlüyü ondadır ki, həm Rusiyadan yararlana, həm də ABŞ və Avropada güclü erməni diasporunun dəstəyindən istifadə edib siyasi manevrlər edə bilir. Azərbaycan buna yetəri qədər mane olmalı və bunun qarşısını müxtəlif vasitələrlə almalıdır.

- İran-Ermənistan əlaqələri yaddan çıxmamalıdır. Ermənistanın İranla yüksək səviyyədə əlaqə qurması, Qərbdə necə qarşılanır?

- Əlbəttə, erməni lobbisinin fəaliyyəti nəticəsində Qərbdə Ermənistan və erməni xalqı “tarixən soyqırıma məruz qalan”, “blokadada çətin vəziyyətdə olan”, “müharibəyə sürüklənən” əzabkeş obrazı formalaşıb. Bunun nəticəsidir ki, bəzi Qərb ölkələri belə yalan və hiyləgərlik üzərində qurulmuş təbliğata inanır və Ermənistanın Rusiya və İranla bu şəkildə əməkdaşlıq etməsinə bir növ göz yumur. Qərbdə Ermənistan üçün yaradılmış bu mifləri biz yetəri qədər darmadağın edə bilməmişik.

- Sizcə, İrana qarşı sanksiyaların tətbiq olunduğu bir vaxtda Amerika Ermənistana hansısa bir formada təsir göstərə bilərmi?

- İran-Ermənistan münasibətlərində fayda götürən tərəf Ermənistandır. Qeyd etdiyim səbəblər üzündən ABŞ Ermənistanın İranla əməkdaşlığına dözümlü yanaşır. 2-3 milyonluq Ermənistanın alış gücü və iqtisadi vəziyyəti İranı xilas edə bilməz, amma Ermənistanın İrana daha çox ehtiyacı var.

- Bəs, bu 20 ildə Ermənistan Dağlıq Qarabağın işğalında nə qazandı?

- Əslində işğal edilmiş torpaqlardakı Azərbaycan xalqına məxsus var-dövlət, sərvətləri nəzərə almasaq geniş mənada Ermənistan çox şey qazanmayıb, əksinə 20 ildir Dağlıq Qarabağı ayrıca bir tərəf kimi danışıqlar masası arxasına gətirə və Dağlıq Qarabağın müstəqilliyini tanıtdıra bilməyib. Ermənistanı onminlərlə insan tərk edib.

Amma Azərbaycan bu işğaldan, bu müharibədən daha çox ziyan çəkib, 20 ildir torpaqlarının böyük bir hissəsini azad edə bilməyən yarımçıq dövlətdir, Ermənistanı ışğalçı kimi tanıtdıra bilməyib, demokratik islahatlar keçirilməyib, ictimai institutlar yaradılmayıb.

Bu münaqişə bölgəyə böyük insan itikləri ilə yanaşı ağır iqtisadi, siyasi, mənəvi və psixoloji zərbələr vurub və vurmaqdadır. Bu münaqişənin yaxın gələcəkdə həllinə inanmasam da, ümid edirəm ki, nə vaxtsa bu, baş verəcək.

Elnur Eltürk

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR