• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Partiya sədri Azərbaycanda Rusiya xəfiyyələrini açıqladı - Real təhlükə

  • Nida.az
  • 22 Aprel 2014 13:19
  • 1 605 Baxış
Partiya sədri Azərbaycanda Rusiya xəfiyyələrini açıqladı - Real təhlükə

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Publika.Az -a müsahibəsində Rusiyanın Azərbaycandakı xəfiyyələri, Ukraynadan sonra Kremlin Bakıya edəcəyi təzyiqlər və bu prosesdə kimlərin yer alacağına dair ilginc məqamlara toxunub.


“İstisna deyil ki, bu təbəqə Rusiyaya lazım olan dövrdə baş qaldıracaq”


- Son zamanlar Rusiyanın Azərbaycanda “5-ci kolon”u olduğuna dair xəbərlər yayılır. Siz ötən ilki seçkilərdən öncə bu barədə dəfələrlə danışmışdınız. “5-ci kolon” kimlərdir və harda qərarlaşıblar?

- Azərbaycan 200 il Rusiyanın müstəmləkəsi olub. Bu dönəmdə SSRİ kimi nəhəng dövlətin xəfiyyə şəbəkəsi formalaşıb. Bu şəbəkənin üzvlərinin olması faktı, Rusiya meylli insanların mövcudluğu, o zamanlardan formalaşmış şəbəkə və bu şəbəkədə şəxslər və onların ailələri var. Bu şəbəkələr müxtəlif ölkələrə, o cümlədən Rusiyaya işləyir.

Bu proseslərdə ən böyük təhlükə kimi hökumətin apardığı siyasəti görürəm. Çünki bu gün gündəlik tələbatını ödəmək üçün Rusiyaya üz tutan azərbaycanlılar var. Həmçinin ölkədə sosial durumu aşağı olan təbəqənin SSRİ xiffəti çəkməsi faktı da mövcuddur. Bunun içində də siyasi baxımdan oriyentasiya formalaşdıran, xəfiyyə əlaqələri ilə Rusiyaya bağlı olan təbəqə də olmamış deyil. Bu təbəqə istisna deyil ki, Rusiyaya lazım olan dövrdə baş qaldırmış olacaq. Ötən il prezident seçkiləri ərəfəsində olanları, xüsusən aprel –iyul aylarında baş verənləri ciddi analiz edəndə görünür ki, “5-ci kolon”un nümayəndələri həm müxalifətin daxilində, həm də siyasi hakimiyyətin daxilində geniş və çoxsaylı idilər.


“Görünən təbəqənin ən üst qatında İbrahimbəyov faktoru idi”


- Moskvanın Azərbaycanda siyasi hakimiyyət çevrilişi etmək planları nə dərəcədə realdır, hansı ki, ötən il bu barədə deyirdiniz?


- Azərbaycanda Rusiya ötən il bu cür dəyişiklik etmək istəyib. Yadınızdadırsa bizim partiya narahatlığını ifadə edir, Milli Şura layihəsinin Rusiya layihəsi olması faktını səsləndirirdi. O vaxt təhlükəli zəncirin bir neçə həlqəsi var idi. Birincisi təbii ki, Kreml hakimiyyəti idi. İkinci həlqə onların formalaşdırdığı Azərbaycan əsilli insanlar ibarət “Milyarderlər klubu” adı altında fəaliyyət göstərən Rusiya oliqarxları idi. Üçüncü həlqə Milli Şura idi, dördüncü həlqə isə fikrimcə, hakimiyyət daxilində Rusiya meylli adamlar idi. Bu hadisələrin gedişində Rusiyada aysberqin üst qatı olan Söyün Sadıqov kimi adamlar Rusiya ideologiyasının Azərbaycana gətirilməsi üçün fəaliyyət göstərirdilər. Görünən təbəqənin ən üst qatında İbrahimbəyov faktoru idi. O ziyalı nüfuzundan istifadə edərək Azərbaycanda Rusiya meylli adamların hakimiyyətə gətirilməsi istiqamətində fəaliyyət göstərirdi. YAP-ın qurultayının ABŞ səfiri Morninqstarın tövsiyəsi ilə vaxtının dəyişdirilməsi zəncirin hakimiyyət daxili həlqəsini də ortaya çıxartdı. Görünür, ABŞ ölkədə kifayət qədər ciddi informasiya olub və hakim partiyanın namizədinin elan olunmasının tezləşdirməyi tövsiyə edib. YAP da bu informasiyanı dəyərləndirdi.


“Bunların hamısı dəyişiklik arzusunun olmasının əlamətləridir”


- Yəni faktiki olaraq bu plan mövcud idi?


- Belə planın olmasını əvvəl VİP və sədri deyirdisə, indi bu faktın olmasından Rəsul Quliyev müsahibəsində bəhs edir. Bunu İsa Qəmbər də “Biz Rusiya layihəsini Azərbaycan layihəsi etdik” deməklə etiraf edir. Pənah Hüseyn kimi ciddi siyasətçi Milli Şura yeni elan olunanda “ilk dəfədir ki, müəllifi olmadığımız layihədə yer alırıq” deməklə bunu ortaya çıxartdı. İndi də “Yeni Müsavat”ın ciddi yazarları, Eynulla Fətullayev buna bənzər yazılar yazırlar. Heç kəs unutmamalıdır ki, İbrahimbəyov Moskvada gizlənib yaşayır. Orda Rusiya vətəndaşlığını davam etdirməyə üstünlük verir. Bunların hamısı dəyişiklik arzusunun olmasının əlamətləridir.


“Azərbaycana olan təhdidlər göz önündədir”


- O zaman, Ukraynadan sonra hədəf Azərbaycan olacaq?


- Putinin davranışlarından belə görünür ki, Ukrayna məsələsi bitdikdən sonra Azərbaycana ciddi təzyiqlər olacaq və bu təzyiqlərin artması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması fonunda daha aktuallıq kəsb edəcək. Ötən ilin iyul ayında Duqinin bəyanatlarına eyham vururdum. İndi Duqin açıq dillə Putinin hədələrini səsləndirir və Azərbaycana olan təhdidlər göz önündədir. Son günlər yayılan məlumatlara görə, “Georgiyev lent”lərinin Bakıda peyda olması faktı da Rusiyanın Azərbaycana qarşı təxribat planlarının zühuru kimi başa düşülməlidir.


“Hakimiyyətin də, müxalifətin də daxilində siyasi faktorlar var ki, Rusiya vasitəsilə siyasi maraqlarının təmin etmək niyyətindədirlər”


- Hesab etmək olar ki, Moskva Azərbaycana qarşı siyasətində seçkidən öncəki planlarını işə salsın və əvvəlki elektoratdan istifadə etsin?

-Bu istisna deyil. Mən bu həlqənin harda başlayıb, harda sona çatdığına dair dəqiq məlumatlı deyiləm. Amma hakimiyyətin də, müxalifətin də daxilində kifayət qədər ciddi siyasi faktorlar var ki, Rusiya vasitəsilə öz siyasi maraqlarının təmin etmək niyyətindədirlər. Xüsusilə, Milli Şura daxilində demokratik düşərgəyə məxsus Milli Azadlıq Hərəkatından çıxmış insanların yer almasının anlaya bilmirdim. Ceyhun Osmanlı məsələsi ortaya çıxdıqdan sonra bu da aydınlaşdı. Bu vaxta qədər Qərblə əməkdaşlığa üstünlük verən siyasilər Qərbin yeni nəslə “stavka”larından sonra perspektivlərini orda deyil, Rusiyada axtarmaları bu məlumatların izahıdır. Görünür onlarda bu məlumat bir qədər əvvəldən olub. Çünki mətbuat vasitəsilə əldə etdiyim məlumatlardan aydın olur ki, 2007-ci ildən başlayaraq Azərbaycanda nurçular dəstəsinin tavanı altında “Texkamp” adlı layihə həyata keçirilir. Məqsəd Azərbaycanda yeni siyasi nəslin formalaşdırılması, onların milli və Azərbaycançılıq ideyalarından kənar məlumatlarla doldurulmuş siyasi təbəqəyə çevirmək, vaxtı çatanda da Qərbin, ABŞ-ın maraqlarına uyğun olaraq iqtidarın daxilində yerləşdirmək olub. Ola bilsin ki, müxalifətçi dostlarımız bundan məlumatlı olduqlarından 2013-cü ildə Rusiyaya beynəlxalq faktor kimi üstünlük vermək məcburiyyətində qalıblar.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR