• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Nurçu məktəblərinin yaradılmasında iştirak etmişəm” – MÜSAHİBƏ

“Nurçu məktəblərinin yaradılmasında iştirak etmişəm” – MÜSAHİBƏ

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralovun Publika.az-a müsahibəsi:

Zahid müəllim, Ukrayna hadisələrindən sonra son günlər Azərbaycanda da əhaliyə rus pasportlarının paylanılması barədə məlumatlar yayılıb. İndiki halda Rusiyanın Azərbaycana təhlükəsi varmı?

Bilirsiniz, tarixən Rusiyanın gözü hər zaman qonşu ölkələrin torpağında olub. Hələ I Pyotrın dövründən bəri Rusiya qonşu ölkələrin torpağı hesabına öz ərazilərini genişləndirməyi qanuniləşdirib. Hətta, bütün bunlar I Pyotrın vəsiyyətində də qeyd olunub. Pyotr öz vəsiyyətində deyir ki, Rusiya dünyaya o vaxt ağalıq edəcək ki, onun mərkəzi İstanbul olsun. Bu gün də Rusiya bu siyasəti həyata keçirir. Təsəvvür edin ki, hələ Qorbaçovun vaxtında keçmiş Sovetlər İttifaqı dağılan zaman Qarabağda və digər regionlarda cinayətləri törətdilər, nə qədər millət qırıldı. Daha sonra Rusiya Gürcüstanda Abxaziya və Cənubi Osetiyanı işğal etdi. İndi isə Rusiya qardaş dediyi Ukraynanın başına böyük oyunlar gətirir.

Açıq deyirəm ki, mən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun və ABŞ-ın dövlət katibi Con Kerrinin Ukrayna ilə bağlı çıxışlarını tam olaraq dəstəkləyirəm. Mən də eyni fikirdəyəm ki, Rusiya Ukrayna ərazilərində olan rusdilli əhalini öyrədib silahlandırırlar, onlara rus pasportları verirlər, peşəkar rus hərbiçiləri ukraynalı kimi daxildə qarşıdurmalar yaradır və sairə. Ukraynada əhalini qızışdıran Rusiyadır.

Mən hazırda Ukrayna müvəqqəti hökumətinin tədbirlərini də bəyənirəm. Çünki onlar öz ərazi bütövlüyünü qorumaq və müdafiə etmək haqqına malikdir.

Rusiya öz işğalçılıq siyasətinə ən iyrənc formada don geyindirir. Rusiyanın bu siyasətindən belə çıxır ki, dünyanın harasında 5-10 nəfər rus yaşayırsa, deməli bu, Rusiya vətəndaşıdır? Bununla Rusiya öz zəifliyini nümayiş etdirir. Bu, dünyaya ağalıq ideyasının karikaturasıdır ki, bu da Rusiyanın öz ziyanına işləyir.

Rusiyanı istəyən adamlar bizdə də var. Bizdə də qırıldayanlar var. Artıq bu adamlar üzə çıxmağa başlayıb. Onların da öz fikirləri və vicdanları var.

İndi də bəzi adamlar gəliblər Azərbaycanın Şimal zonasında da Rusiya pasportu paylayırlar. Ancaq bizdə ikili vətəndaşlıq yoxdur. Əgər kimsə Rusiya vətəndaşlığını qəbul edib Azərbaycanda yaşamaq istəyirsə, o zaman bizim qanunlar buna yol vermir. Heç kəsdən də xahiş etmərik ki, sən nə üçün o pasportu alırsan. Amma o pasportu alan zaman da tələb edəcəyik ki, sən get öz Vətəninə. Bununla da biz heçnə itirmərik. İtirən ancaq onlar olacaq. Yəni, mən bununla onu demək istəyirəm ki, hazırda bu cür proseslər gedir.

Əlbəttə ki, Rusiya rəhbərliyi Qarabağla bağlı birbaşa özü fikir deməsə də, ancaq Jirnovski kimi avara və düşük adamların dili ilə istədikləri fikirləri söylədir. Amma Azərbaycanın da tam haqqı var ki, öz ərazi bütövlüyünü təmin etsin. Hətta, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hərbi yol da istisna deyil. Ancaq bunu Azərbaycan Prezidenti ən sonuncu addım hesab edir və düz də edir. Çünki Qarabağda hələ rus ordusu var. Rusiyanın Ermənistan ilə hərbi müqaviləsi də var ki, həmin ərazilərdə müharibə olarsa, o zaman qarşılarında rus ordusunu görəcəklər və sairə. Əlbəttə ki, Rusiya müharibə olarsa dedikdə Azərbaycan və Türkiyəni nəzərdə tutur.

Azərbaycan bütün sahələrdə inkişaf edən və güclü dövlətdir. Azərbaycan ordusu Ermənistan ordusundan 100 dəfə güclüdür. Ancaq buna baxmayaraq biz bu üstünlüyü ən sonraya saxlayırıq. Mən tam əminəm ki, əgər belə davam edərsə, o zaman bir gün o gün də gələcək və Ermənistan Azərbaycan ordusunu qarşısında görəcək.

Jurnalist Rauf Mirqədirovun həbsi və Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunusun hava limanında saxlanılması cəmiyyətdə birmənalı qarşılanmadı. Sizin bu məsələyə münasibətiniz necədir?

Bəziləri demokratiya və insan hüquqları adı ilə Azərbaycan xalqına ziyan vurmaqla məşğul olur. Onların etdiyi bu söhbətlər bizə təsir edə bilməz. Bu gün təkcə Yeni Azərbaycan Partiyasının 630 min nəfər üzvü var. Bəzi radikal qüvvələr bu gəncləri müxtəlif adlarla qabağa verirlər. Həmin gənclərlə işləmək lazımdır. Azərbaycan güclü dövlətdir. Bu dövlətin qarşısına hər hansı “mikrodövlət” çıxartmaq onların özü üçün çox təhlükəlidir. Təsəvvür edin ki, velosiped tankın qarşısına çıxır. Ağıllı adam bunu edər? Əlbəttə ki, etməz. İndi bu adamları siyasi məhbus adlandırırlar və sairə.

Dövlətin sirlərini xaricə ötürmək, dövlətə qarşı düşmən mövqe tutmaq deməkdir.

Fakt odur ki, bu adamlar Azərbaycan gənclərini doğru yola yönəltmir. Bu cür yollara düşən gənclər çox azdır. Ancaq biz istəyirik ki, bu da olmasın.

Müxalifət sabiq deputat Gülər Əhmədovanın şərti azadlığa buraxılmasını ədalətsiz addım sayır. Sizin fikriniz nədən ibarətdir?

Gülər Əhmədovanın şərti azadlığa buraxılması dövlətin hüquq-mühafizə orqanlarının ixtiyarında olan məsələdir. Bu məsələni kimlərinsə müzakirə etməsi əhəmiyyət daşımır. Məhkəmə onun barəsində nə qərar qəbul edibsə, deməli əlində hər hansı əsas var. Ancaq bu məsələ ilə bağlım mənim fikrim odur ki, Gülər Əhmədova anadır və körpə uşağı var. O dəfələrlə xahiş edib ki, körpə uşaqlarına və ana olduğu üçün güzəştə gedilsin. Əgər bizim hüquq-mühafizə orqanları bu güzəşti edibsə, deməli bu, Azərbaycan dövlətinin humanistliyini göstərir. Bu mənada da mən Gülər Əhmədovanın şərti azadlığa buraxılması barədə qərarı düzgün hesab edirəm.

Prezident tərəfindən Elnur Aslanovun və Elşad İsgəndərovun tutduğu vəzifələrdən azad olunması mətbuatda onların adlarının nurçuluqda hallanması ilə izah edilir. Bu ittihamlarla nə qədər razısınız?

Mən ilk növbədə onu deyim ki, bu adamlarla bağlı Prezidentin fərmanında heçnə yazılmayıb. Yəni, yazılmayıb ki, Elşad İsgəndərov və Elnur Aslanov nurçu olduğu üçün işdən azad olunublar. Mən Prezidentin fərmanında nə yazılıbsa, ona inanıram.

Bu adamlar vaxtilə vəzifəyə irəli çəkilib və onların hansısa hərəkəti Prezidenti qane etməyib, onu mən bilmirəm. Bu barədə heç mətbuatda da yazılmayıb. Mətbuatda nurçu-nurçu deyirlər, ancaq onun kim olduğunu hələ bimirəm. Sabah mənə də nurçu deyə bilərlər. Çünki onların məktəblərinin yaradılmasında mənim də iştirakım olub. “Çağ Öyretim İşletmeleri”nin məktəbləri çox yüksək məktəblərdir. Dünyanın 160 ölkəsində bu məktəblər var. Özü də çox savadlı və tərbiyəli məzunları var. Mən baxıram qəzetlərə də, hamısı nurçulardan yapışıblar. Ancaq heç kəs bilmir ki, Elnur Aslanov nəyin üstündə Prezident Administrasiyasından çıxarıldı. Bunu heç mən də bilmirəm. Yaxud da Elşad İsgəndərovun nəyə görə vəzifədən çıxarılmasını bilmirəm. Bunun səbəbi heç Prezidentin fərmanında da göstərilməyib. Nə də bu məsələlər YAP-da müzakirə olunmayıb.

Açığı mən Elşad İsgəndərovu heç tanımıram. Ancaq keçmiş Sovet İttifaqı dağılmamışdan öncə parlamentdə deputatların sayını 350 nəfərə çatdırmışdılar. Qəzetlərdə də onlar haqqında az yazılırdı. Mən o vaxtı 350 nəfər deputatın hamısını tanımırdım. O vaxtı mənim də namizədliyim irəli sürülmüşdü, ancaq mən deputat ola bilmədim, əvəzimdə cəbhəçilər oldu. Sonra mənə dedilər ki, guya o vaxtı Elşadın atası da deputat olub və sairə. Ancaq mən onu tanımırdım.

Ancaq bir şeyi unutmayın ki, Milli Məclis, Prezident Administrasiyası və xüsusi dövlət orqanlarında məsul işə adam götürülən zaman onların təkcə ailəsi deyil, həm də bütün nəsli öyrənilir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR