• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Anadolu Universitetinin Bakı filialı bağlanmalıdır – Təhsil Nazirliyi

Anadolu Universitetinin Bakı filialı bağlanmalıdır – Təhsil Nazirliyi

Xəbər verildiyi kimi bir müddət bundan öncə Anadolu Universitetinin Bakıdakı filialı kimi fəaliyyət göstərən Avrasiya İnnovasiya İnstitutu QHT-dən mətbuatda şikayətlər dərc olunmuşdu (http://publika.az/p/5754). Tələbələr QHT kimi fəaliyyət göstərən bu qurumu fırıldaqçılıqda günahlandırırdılar. Lakin qurum rəhbərliyi hər şeyin qanuni olduğunu və distant (məsafədən təhsil: skype, telefon, internet vasitəsilə) təhsilin inkişaf edəcəyini deyirdi. Publika.Az saytı məsələ ilə bağlı 12.02.2014-cü il tarixində Təhsil Nazirliyinə məsələ ilə bağlı sorğu ünvanlamışdı. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq sorğumuza cavab verilməmişdi. Bu gün nazirlik publika.az-ın sorğusunu cavablandırıb:

Sual: Tələbələr Avrasiya İnnovasiya İnstitutu QHT-dən şikayət edirlər. Ümumiyyətlə, belə bir qurumun təhsillə məşğul olması düzgündürmü? QHT təhsillə məşğul ola bilərmi? Nazirlik bunlardan xəbərdardır?

Cavab: Avrasiya İnnovasiyalar İnstitutu, Anadolu Universitetinin Bakı filialı adı ilə Azərbaycan vətəndaşlarına Türkiyənin Anadolu Universitetində distant təhsil almaq üçün şərait yaradır. Nəzərinizə çatdırırıq ki, Anadolu Universiteti Türkiyənin qanuni fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Lakin bu universitetin Bakıdakı filialı (nümayəndəliyi) Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb, onun təhsil fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməyib. Filialın qanunsuz fəaliyyəti (o cümlədən distant təhsil forması üzrə) barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən universitetin rəhbərliyinə və Azərbaycanın Türkiyədəki səfirliyinə müvafiq məktublar göndərilib.

Qeyd edək ki, tələbələr şikayətlərində adıçəkilən qurumu günahkar hesab edir. Eyni zamanda müxtəlif qurumlar tərəfindən adıçəkilən filialın bağlanması barədə tələblər irəli sürüldüyü də deyilir. Lakin filial fəaliyyətini hələ də davam etdirir.

Elmin Bədəlov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR