“Axınla aşağı”, yaxud bir ailə faciəsi – TƏƏSSÜRAT – FOTOLAR +VİDEO
Bizi izləyin

Tabloid.az

“Axınla aşağı”, yaxud bir ailə faciəsi – TƏƏSSÜRAT – FOTOLAR +VİDEO

Həmin gün Nizami Kino Mərkəzinə böyük axın vardı. Hətta zalda oturmağa belə yer yox idi. Nəhayət ki, arxa sıraların birində özümə yer edə bildim.

Yerimi rahatlayıb dərindən nəfəs aldım. Bu axın təsadüfi deyildi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən və son ilin ən səs-küylü filmlərindən sayılan “Axınla aşağı” bədii filminin təqdimat mərasimi idi. Mən səs-küylü dedim, amma film bu səs-küyü Azərbaycandan daha çox xarici ölkələrdə yarada bilib. Çünki nə az, nə çox - ona yaxın beynəlxalq kino festivallarında iştirak edib, uğur qazanıb. Elə filmin dünya premyerası da 49-cu Karlovı Varı Beynəlxalq Film Festivalında keçirilib.

Sözün düzü, premyerada bir jurnalist kimi iştirak etsəm də, bir tamaşaçı kimi öz marağım da vardı. Çünkü gənc və istedadlı rejissor Asif Rüstəmovdan fərqli bir yozum, maraqlı bir film gözləyirdim. “Ev” qısametrajlı filmi ilə kino aləminə səs salan rejissorun dəst-xəttinə onu tanıyanlar yaxşı bələddir. Yeri gəlmişkən, Asif Rüstəmovun ilk işi “Ev” olsa da, rejissor “Axınla aşağı” filmini debüt kimi dəyərləndirdi. Bu barədə az sonra... Diqqətimizi təqdimata yönəldək.

Təqdimat mərasimi rəsmi hissədən başladı.

Mərasimdə çıxış edən kinostudiyanın direktoru Müşfiq Hətəmov kino sahəsində xeyli gənc rejissor və ssenaristlərin sınaqdan keçirildiyini, bir sıra layihələrin reallaşdırıldığını söylədi.


Müşfiq Hətəmov bu il studiyada istehsal olunmuş filmlərin beynəlxalq festivallarda uğur qazandığını xüsusilə diqqətə çatdırdı, təqdim edilən “Axınla aşağı” filmində yeni rejissor yozumunu vurğuladı.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edildi.

Filmə gəlincə, idmançı gənclərin həyatı fonunda cərəyan edən psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Film maraqlı və həyəcan dolu süjet xəttinə malikdir. Avarçəkmə üzrə idman müəlliminin ailəsində problem yaşanır. Filmin qəhrəmanı nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Onun hətta idman məktəbində bir rus sevgilisi də var. Ata oğlunu avarçəkənlərin kapitanı elan etsə də, sonradan onu hər addımbaşı danlayır, aşağılayır. Hətta oğluna deyir ki, hamının yanında mənə “ata” deyə müraciət etmə. İdman yarışlarına az qalmış oğlunun kapitan “rütbə”sini əlindən alıb, başqasına verir. Bu isə oğlanın mənliyinə toxunur, onun qürurunu qırır. Sonda boğaza yığılan oğlan özünü suya atır.

Film boyu oğulun gərgin, həyəcanlı axtarışları davam edir.

Sonda ata öz əməllərindən çox peşman olur. Amma necə deyərlər, sonrakı peşmançılıq fayda vermir...

İdman müəllimi rolunda çıxış edən Namiq Ağayevin hətta təqdimatdan sonra da özünə gələ bilmədiyi aydın görünürdü. Bizimlə söhbətində də aktyor həyəcanını gizlədə bilmədi: “Əlbəttə, hələ rolun təsirindən çıxa bilməmişəm. Bu, səmimiyyət tələb edən bir roldur. Canlandırdığım qəhrəman film boyu özündən qaça bilmir, ailəsində problemləri həll etmək iqtidarında olmur və sonda bir ailə faciəsi yaşanır”.

Filmdə ana rolunda çıxış edən Mehriban Zəki təqdimat günü həm də sürprizlə qarlşılaşıb. Çünki ad günü ilə təqdimat eyni vaxta təsadüf edib: “”Axınla aşağı” filminin premyerasındayam. Özümə arzu edirəm ki, hər doğum günüm nədi, hər yaz, yay, payız, qış fəslim yeni premyereyla kecsin, yəni həmişə iş başında olum. Tanrının bu dünyada ən gözəl yaratdığı fenomen - incəsənətdir. Biz incəsənət insanları da incə sənətlə məşğul olanda incələşirik”.

Aktrisa onu da bildirdi ki, rejissor əvvəlcə ona filmdə oynamaq üçün başqa bir rol təklif edibmiş. Amma sonradan fikrini dəyişərək, aktrisaya ana rolunu həvalə edib.

Rejissor Asif Rüstəmov da film barədə danışdı. Dediyinə görə, filmin çəkilişləri iki ay müddətinə başa çatdırılıb. Çəkilişlərin bir hissəsi Mingəçevirdə, bir hissəsi isə Bakıda lentə alınıb. Filmin beynəlxalq festivallarda iştirakını diqqətə çatdıran rejissor ekran işinin 1500 kino tənqidçisinə təqdim olunduğunu bildirdi. Film barədə geniş danışmayan Asif Rüstəmov son sözü tamaşaçıların öhdəsinə buraxdı.

Doğrudan da, “Axınla aşağı” son illər gördüyüm ən maraqlı və fərqli yozumu ilə seçilən düşündürücü bir film idi. Bu gün belə filmlərə çox böyük ehtiyac var. Çünki hazırda atalar və oğullar arasında mübarizə davam edir, eyni zamanda, ailə dramları daha çox yaşanır. Bir sözlə, mövzu aktualdır. Yaxşı olardı ki, film beynəlxalq festivallarla yanaşı, yerli telekanallarımızda, yaxud da kinoteatrlarda da nümayiş olunsun. Gənclərimiz, elə valideynlər də baxıb ibrət götürsünlər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm