Xəlil Rza Ulutürkün İsa Muğannanın Odər yurduna yazdığı ŞEİR - ODƏR YURDU
Bizi izləyin

Yazarlar

Xəlil Rza Ulutürkün İsa Muğannanın Odər yurduna yazdığı ŞEİR - ODƏR YURDU

Xəlil Rza Ulutürkün İsa Muğannanın Odər yurduna yazdığı ŞEİR - ODƏR YURDU

Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş.

Gözlərimdə ildırımdır damla-damla axan qan yaş.

Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş.

Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş.

Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.

Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!

Varım-yoxum, cismim-canım Təbrizimi itirmişəm.

Bağ-bağçamı, gülşənimi, nərgizimi itirmişəm.

Yetim qalan bir dalğayam dənizimi itirmişəm,

Dürdanəmi, yeganəmi, əzizimi itirmişəm

İtirmişəm başım üstə kəhkəşanı, çilçırağı

Qaytar mənim çırağımı,Odər yurdu ,Od torpağı!

Cüt qolumu çiynimdəncə vurub saldı qarı düşmən.

Arxasında qoca gürzə-qızıl xallı sarı düşmən.

Yurdumun da içərisi yarı dostdur,yarı düşmən.

Silib həyat kitabından tamam namus,arı düşmən

Köməyim ol,aça bilim dordolaşıq bir yumağı,

Qaytar mənim çırağımı,Odər yurdu Od torpağı!

Əlvan-əlvan,xonça-xonça neçə məzar,neçə gülzar.

Mənə yardım edə bilməz nə göz yaşı,nə ahu zar.

Qəhrəmanlar məbədisən,ey əbədi şanlı diyar.

Qərənfillər tonqalında yanar odlar,sönər odlar.

Başımda ağ tacım olsun,ensin göydən ağ buludlar.

Şırım-şırım parçalayım kəsafəti,qaranlığı,

Qaytar mənim cürətimi,Odər yurdu,Od torpağı!

Sol böyründə Namiq yatır,sağ əlində Elşad,Aydın.

Onlar candan keçərdimi,sən od içrə yanmasaydın?!

Daşaltıdan,Xocalıdan fəryadını ərzə yaydın.

Ən qeyrətli mərdlərini harayladın,hayan saydın

Atıldılar cəhənnəmə ilk gəncliyin bahar çağı,

Moskvadan gələn tanklar şırımladı bu torpağı.

Qurban olum mən onların qana batmış tellərinə,

Silahsız da,tüfəngsiz də düşmən boğan əllərinə.

Qoy döşənim,qoy üz sürtüm solmuş məzar güllərinə,

Düzülməmiş,ya düzülmüş mərmərinin dan yerinə.

Su səp yetim anaların kabab olmuş dillərinə,

Su səp,azca durulsun qoy o gözlərin qan çanağı,

Qüdrətim ol,cürətim ol,ey qəhrəman Od topağı!

Mən bilirəm:dərdlərini yumruğunda sıxacaqsan.

Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan.

Nurlu dağsan…zülmət dağı devirəcək,yıxacaqsan.

Boğazından yapışanı boğmalısan,boğacaqsan.

Təbrizləri,Ülviləri sən yenidən doğacaqsan.

Öz bətnindən doğacaqsan İstiqlalı,Azadlığı.

Qüdrətim ol,ey ümidim,ey qəhrəman Od torpağı!

Planetin paytaxtı yox,başdan-başa planetsən.

On səkkiz min aləm səslər,sən özünsən,hara getsən.

Bəşəriyyət yoxa çıxar,itər-batar bir gün itsən

Odda yanmaz,suda batmaz,ərzə sığmaz bir igidsən.

Min illərin arxasında insanlığın gur mayağı,

Bir də alış,bir də parla,Odər yurdu,Od torpağı!

Nə Bağ Ata əfsanədir,nə Nizami,nə də Babək.

Gözlərinə Nəiminin,Nəsiminin şəklini çək.

Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək.

Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.

Göyərəcək çiçək-çiçək,lalə-lalə,ləçək-ləçək.

Gözlərimin çeşməsilə suvarıram o növrağı,

Növrağımsan,bayrağımsan,Odər yurdu,Od torpağı!

Yox ölməyib,gömülməyib,dağ başında dağdı mərdlər

Al günəşin haləsində qanad çarpır…sağdı mərdlər.

“Boq” kəlməsi dada çatsın,ülvilikdə Bağdı mərdlər.

Məhv olmadı,kainata şüa-şüa axdı mərdlər,

Bu inamdır sərinlədən sinəmdəki çarpaz dağı,

Yüksəl,dağım,dayağımsan,Odər yurdu,Od torpağı!

Ballı qaya…Ərimgəldi…Xaçındərbənd…Cıdırdüzü…

Xəzinəmdir Yerin altı,saf aynamdır göyün üzü.

O çöllərdə Təbrizimin əl həniri,ayaq izi…

Qoy bürüsün Qarabağı gül sərgisi,gül dənizi.

Alaq düşmən caynağından Sırxavəndi,Canyatağı.

Yatağım yox,otağım yox,varlığımsan, Od torpağı.

Cılızların,yavaların mini dəyməz bircə mərdə.

Ağciyərlər toz da deyil qəhrəmanlar olan yerdə.

Yüksəldilər ülviyyətə dalğa-dalğa, pərdə-pərdə.

Qoy “Segah”ım, “Cahargah”ım havalansın bir də,bir də

Düşündürsün…düşünməsə sən ölmüş bil insanlığı.

Sazım,tarım,setarımsan, Odər yurdu, Od torpağı!

İnsanlığın vahid yolu- insanlığa məhəbbətdir,

Kimlər bunu anlamasa bircə torba çürük ətdir.

Sərvət,şöhrət düşgünləri damar kəsən kəmfürsətdir,

Parlamenti mundarlayan xəyanətdir, cinayətdir.

Kirpikləri dolaşdıran his, qurum say qurumsağı,

Dağıt zülmət buludları, Nur qaynağı, Od torpağı!

Qudurğanlar dinc durmasa,Daşqın,Tufan olasıyam.

Yırtıcılar dünyasını burulğana salasıyam.

Nakam gedən mərdlərimin qisasını alasıyam,

Ölsəm belə,bu aləmə mən yenidən gələsiyəm,

Anaların gözlərindən qanlı yaşı siləsiyəm,

İnan mənə:əbədisən,ey bəşərin haqq bayrağı,

Batan,çıxan Günəşimsən,Odər yurdu,Od torpağı!

Ürəklərdən alov qalxır.-Can Daşaltı!…Can Xocalı!

Pulemyotlar,toplar coşdu:-Sovrul göyə,yan Xocalı!

Dağın,daşın başdan-başa qan dənizi,qan Xocalı!

O dəhşəti,o vəhşəti min illərlə an,Xocalı!

Şəlalələr qana döndü,qan-yaş gördüm hər bulağı.

Boynu bükük bənövşəni kimlər qırdı,Od torpağı?

Süngülərə keçirdilər yüz uşağı,min qundağı.

Ağsaqqalı,ağbirçəyi,ayüzlünü,güldodağı.

Od qarışıq külə döndü yun şalının hər saçağı,

Uçdu,qondu buludlara igidlərin çal papağı.

Unutmazsan o papağı,Odər yudu,Od torpağı!

Qaranlıqda oğru kimi yurda gecə girdi onlar,

Ulduzları güllələyib göydən yerə sərdi onlar.

Beşiklərdən tər qönçəni,ilk nübarı dərdi onlar,

Çocuqlara əmzik deyil,od lüləsi verdi onlar.

İsti külə döndərdilər bar üstündə min budağı,

Unutmazsan o alçağı,Odər yurdu,Od torpağı!

Od püskürən qızmış tanklar Ayı,Günü basdı,keçdi.

Qəsrləri viran qoyub buludlardan asdı,keçdi.

Öylə bilmə dəmir üstə mürgənədi,pasdı,keçdi.

Mürgənələr arzu dolu ürəkləri hədəf seçdi,

Zülmət nuru yaraladı,alçaq övcü,qara ağı.

Yandır sönən çilçırağı,Odər yurdu,Od torpağı!

Donmuş torpaq-quru taxta,qan sinəmdə laxta-laxta.

Qarmı dolan gözlərimə,ya çovuyan çovğun,şaxta?

Körpəmmidir süd axtaran,döş axtaran qaranlıqda?

Kiçik,tonbul əllərilə isinirəm mən bu vaxtda.

Qan iyinə qaçdı,gəldi…seyr elə ac yalquzağı.

Qanəməri,südəməri unutmazsan,Od torpağı!

Gəlinlərin ayağını corabıyla bağladılar,

Düzüb xəndək kənarına diz üstündə saxladılar.

Ərənlərin tunc alnını avtomatla dağladılar.

Qaçanları Meşəlidə,Cəmillidə haqladılar.

Qanlı bıçaq qamarladı cüt sırğalı cüt qulağı.

Hanı zümrüd boyunbağı,Odər yurdu,Od torpağı!

Sən bəşərə bəxş etmisən son tikəni,ilk ruzunu.

Öz əlinlə yandırmısan özgələrin ulduzunu.

Söylə,kimdən əsirgədin çörəyini,ya duzunu?

Qorumusan qərbin,şərqin izzətini,namusunu.

Xankəndinə sığışmayan yaxşılığın buymuş sonu.

İmdadıma çata bilməz nə oxşama,nə bir ağı.

Min yaramın məlhəmi ol,Odər yurdu,Od torpağı!

Bu müsibət nə Daxay,nə Osvensim,nə Xatındı.

Qurşunlanan zər qələmli Dan ulduzu Salatındı.

Yəhərləri qana batmış Qıratındı,Düratındı.

Yadda saxla:daşnak sənin ən rəhmsiz cəlladındı.

Boğazında kəmənd oldu körpələrin bələk bağı,

Uğradın rus zavalına,Odər yurdu,Od torpağı!

Yadda saxla qoca tarix mən Türk oğlu Ulutürkəm.

Əhrimənlər qarşısında sanma çökəm,boynu bükəm.

Bircə kişi qalsam belə,güman etmə yalqız,təkəm.

Mən-dünənəm,mən-bugünəm,gələcəyəm,yerəm-göyəm.

Həzrət Əli qılıncıyam,oddan gərək bir qın geyəm.

Kəsib keçəm xəyanəti,cinayəti,alçaqlığı.

Eşqim,hüsnüm,cəlalımsan,Odər yurdu,Od torpağı!

And içirəm Təbrizimin Günəş boyda məzarına,

Dünən solan,bugün bir də çiçəkləyən gülzarına.

And içirəm ilk gəlinim Sevincimin ah-zarına,

Göz yaşından xal-xal olmuş alayanıq qollarına!

And içirəm Xocalımın qapadılmış yollarına,

Yarpağında insan qanı…xınalanmış kollarına:

Daş gəmirib,qum yeyəcək yurduma göz dikən yağı,

Ucal,yüksəl,Odər yurdu,sən ey haqqın al bayrağı!

Əhrimənlər yuvasını darmadağın edəcəksən,

Qalxıb sabah Aya,Marsa,ulduzlara yetəcəksən.

Altı milyard insanlığam,qarı düşmən,sənsə təksən.

Zəhər saçan bir əfisən,tor quran bir hörümçəksən,

Təpiyimin altındaca gəbərəcək,öləcəksən.

Təbərrikim,tutiyam bil Qaradağı,Qarabağı.

Yuksəl Günəş mövqeyinə,Odər yurdu,Od torpağı!

Başın üstə Karvan yolu…Karvan deyil,Odərvandır.

Şəhidlərin al qanıyla qönçə-qönçə,al-əlvandır.

Malıbəyli bircə ovuc torpaq,yoxsa asimandır?

Kəhkəşandır,hər ulduzu şölə verən qəhrəmandır.

Bu dünyada qalan ancaq yaradandır,yaşadandır.

Sənin hökmün yaratmışdır cahan boyda təmtərağı,

Cahan kimi əbədisən,Odər yurdu,Od torpağı!

Qolum üstə şirin-şirin yatmış idi…oyandımı?

-Atam!-deyib ətrafına göz yaşıyla boylandımı?

Doqquz qatlı imarəti silkələdi fəryadımı?

Öptüm tonbul ayağından,öptüm kiçik yumruğumdan.

Ovunmadı…kimi umdu,kimin çəkdi o,adını?

Ona nə cür cavab verim bu dan üzü,bu sübh çağı?

Özün ovut o körpəni Odər yurdu,Od torpağı!

Xəlil Rza Ulutürk,

Türkan,1 nisan 1992

Oxumağa davam et
Reklam
Reklam

Gündəm