Ey türk doğulan...
Bizi izləyin

Yazarlar

Ey türk doğulan...

Namiq Hacıheydərli

Aradım düzdə, dağda,

suda, göydə torpaqda.

Səni gəzdim uzaqda,

Sən, demə təndəsənmiş.

Səni canda bəslədim,

Çiçək kimi süslədim.

Eşqə, dinə səslədim,

əzəldən dindəsənmiş.

Haqq aranmaz cib ilən,

etibarsız ip ilən...

...Qəlbə haqdan səpilən,

Toxumda, dəndəsənmiş.

Eşqin vulkana dönər,

Nəfsin, tamahın sönər.

Ağac, çiçək, su dinər:

“Müqəddəs kündəsənmiş”!

Doymaz sən tək gözəldən,

Min il qoymaram əldən.

Səndəymişəm əzəldən,

Doğandan məndəsənmiş.

Yerin, Tanrı qatında,

Bir ləkə yox zatında.

Boz qurdla, yel atında,

Hər zaman öndəsənmiş.

Ulu dünyaya şansan,

Ədalətə həyansan.

Ey Türk doğulan insan,

Nə mutlu bəndəsənmiş!

Turançılar türküsü

Yaşadınsa millət üçün,

El içində yerin olar.

Yurd uğrunda yananlara,

Atəş belə sərin olar.

Yurd ucalar bütün olsa,

Oğulları mətin olsa.

Yol nə qədər çətin olsa,

Son o qədər şirin olar.

Görünür bax önə, zirvə,

Səsləyir xoş günə zirvə.

Xeyrin olar yenə zirvə,

Yenə quyu şərin olar.

Ürəkdə eşq, əldə Quran,

Yorulmaz ki, haqqa varan.

Birləşəndə ulu Turan

Göylərdə də törən olar.

Qəm etmə şər ağır olsa,

Qüssə, kədər ağır olsa.

Yük nə qədər ağır olsa,

İz o qədər dərin olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm