Qırmızı.az
“QAİşnik”qarşımı kəsdi, 180 sürətlə vurub aşırdım” – Bakılı Yarbala
80-ci illərin ortalarında onun adı dillərdə əzbər idi. Azərbaycanda uşaqdan böyüyə qədər hamı onun necə maşın sürməyindən danışar, haqqında rəvayətlər yayılardı. Deyilənə görə, maşını görünəndə yoldakı maşınlar kənara çəkilərmiş. Kimsə cürət edib onun yanında maşınına “qaz” vermirmiş. Səsi-sorağı 90-cı illərin əvvəlinə də gəlib çıxmışdı. Sonra qəfildən gözdən itdi, adı eşidilmədi...
Beləliklə, “Maraqlı adam” rubrikasının ilk qonağı 80-ci illərin məşhur avtoxuliqanı Bakılı Yarbaladır.
- Bir vaxtlar adınız çox məşhur idi. Azərbaycanda hamı
bilirdi ki, Baklda belə bir insan var və hamının bacarmadığı tərzdə
maşın sürür. Amma indi yeni dövrün öz sürənləri var. Bəs siz indi
hansı işlə məşğul olursunuz?
- Pensiyaçıyam. Mənim 33 il iş ştajım var, zavodda, fabriklərdə
işləmişəm.
- İndi neçə yaşınız var?
- 54 olacaq.
- Övladlarınız varmı?
- 4 övladım var; 2 qız, 2 oğlan. Nəvələrim var. Gənc babayam
də(Gülür).
- Maşın sürürsünüz yenə?
- Əlbəttə. Mənim maşınsız həyatım yoxdu.
- Bəs indi necə sürürsünüz? Yenə əvvəlki kimi?
- Yox, indi indi bərk sürməyin yeri yoxdur.
- İndi sürmək asandır, ya o vaxtlar sürmək asan
idi?
- O vaxtların da öz çətinliyi var idi, indinin də öz çətinliyi var.
Amma o vaxt asanlıq onda idi ki, məsələn, sən gedirsən, görürsən
ki, qarşıdan biri gəlir. Həm də arxadan, yandan maşınlar şütüyür.
Ehtiyatını saxlayırsan, yol verirsən. Eləcə də qarşıdan gələn səni
nəzərə alır. Amma indi “tormoz”a basırlar ki, gəl məni vur, keç.
Görmür də, arxadan xəbəri yoxdur axı. Anlayışı yoxdur. Qəfil
“tormoz”u basır. Hələ piyadaları demirəm. Nə qədər piyada vurulur.
Nəyə görə vurulur? Çünki özünü qəfildən maşının altına atır ki,
maşındı də, məni gözləyəcək...
- Yəni demək istəyirsiniz ki, indiki sürücülərin peşəkarlıq
səviyyəsi aşağıdır?
- Bilirsiniz, indi sürücülük mədəniyyəti aşağıdır. Sürücülər
bir-birilərinə güzəşt etmək istəmirlər. Amma o vaxtlar belə
deyildi. Hamı bir-birinə yol verməyə çalışırdı. Cavanlar yaşlı
sürücülərə hörmət edirdilər. İndi isə bütün bunlara rast gəlmək
çətindir.
- İndi təzə sürənlər çıxıb meydana. “Avtoş” deyirlər
onlara...
- Gəncdirlər də. Onlar da nəsə etmək istəyirlər.
- Sürə bilirlərmi?
- Nə deyim vallah. Deyir ki, hər oxuyandan molla Pənah olmaz. O
molla Pənahın yerini heç kim verə bilməz.
- Yəni demək istəyirsiniz ki, sürücülükdə də Aşıq Pənah
sizsiniz...
- Əstəğfirullah, mən özümü tərifləyə bilmərəm. Mənim sürməyimi kim
bəyənibsə, onlar tərifləsin. Mən nə deyə bilərəm.
- Neçə yaşından maşın sürməyə başlamısınız?
- 14-15 yaşından.
- Yəqin qaçırdırdız...
- Xeyr. Kiminsə maşınını qaçırmamışam.
- Ailə üzvlərindən, qohum-əqrabadan kiminsə maşını nəzərdə
tuturuq. Yəni sürmək üçün.
- Hə, atamın maşınını sürə-sürə öyrənmişəm. Qapımızda həmişə 2,
hətta 3 maşın olub. Atamın imkanı olub. Onları sürmüşük. Özü də
birinci dəfədən sərbəst maşın sürmüşəm. Əgər ilk dəfədən sərbəst
sürməsəydim “zibili çıxardı”.
- İlk dəfə hansı maşını sürmüsünüz?
- “Jiquli”.
- “011”?
- “01”, “011”. Lap əvvəl “Qaz 21” də sürmüşəm. Atamın “Qaz 21”i
olub. Amma onu elə-belə sürmüşəm, yəni dala, qabağa filan. Amma
“Jiquli”də öyrənmişəm.
- Bəs necə oldu ki, Yarbala ad çıxardı?
- Sürürdüm də.
- Bərk sürməyiniz diqqət çəkirdi, yoxsa
texnikanız?
- Ola bilər ki, texnika. Yəni hər adam qazın, tormozun yerini
bilir. 3 dənə pedal var də. Hər adam oturur və sürür. Amma bu işdə
də Allah vergisi var.
- Yəni deyirsiz istedad lazımdır?
- Əlbəttə. Bu işin də öz incəlikləri var. Məsələn, sizin verdiyiniz
sualları mən kiməsə verə bilmərəm. Bacarmıram. Mən “motor” yığa
bilmərəm. Hər kəsin öz fikirləşdiyi, bildiyi yollar var. Mən də
maşınla nəfəs alıram.
- Təzə-təzə maşın sürməyə başlayanda həmyaşıdlarınızla
yarışırdız?
- Olurdu. Dilxoşluq eləmişik də. Hamısı dostlarımız, qardaşlarımız
olub. Bir yerdə oturub-durmuşuq. Biri yaxşı sürürdü, biri zəif,
biri güclü, biri də əla. Əla sürənlərlə sürmək ləzət edirdi.
- O vaxtlar hansı yolda yarışırdız? Yarışlar üçün xüsusi
günləriniz olurdumu?
- Daha çox aeroport yolunda sürürdük. Bakıda ən uzun yol ora idi.
“Sıxmaq” olurdu orada. Rayondan hansısa məclisdən çıxanda da
yarışırdıq. “Kim birinci şəhərə çatar”, yaxud, “Şəhərdən kim
birinci həmin rayona çatar” kimi yarışlarımız olurdu.
- Sovet “QAİ”ləri ilə münasibətiniz necə idi?
- Belə də. Yaxşı münasibətdə olduqlarım da var idi, pis münasibətdə
olduqlarım da.
- Tuta bilirdilər? Yəni çata bilirdilər sizə?
- Yox, tutulmaq mənlik deyil. Təbii ki, çatsaydı, tutardı. Heç bir
“QAİşnik” mənə çata biləməyib. Amma indi sürücünü tutmağa nə var
ki. “Svetofor”u söndürür, tıxac yaranır, üstəlik də hər yer kamera.
Vəssalam. Adını qoyurlar ki, “biz tutduq”(Gülür).
- Avtomat “korobka” ilə aranız necədir?
- İndi “avtomatın” zəmanəsidir. Amma avtomat “korobka” ilə həmin o
manevrləri etmək mümkün deyil.
- O vaxt baş vermiş maraqlı hadisələrdən birini danışa
bilərsiz?
- Belə hadisələrin hamısı mənim yadımdadır. Bir QAİ işçisi var idi
o vaxtı. Bu, sən demə, bizim məhlədə olurmuş. Mən də bunu
tanımıram. Bu, əl elədi mənə, saxlamadım. Sonra gəldim ki, şirinlik
kimi buna nəsə təklif edim. Dedi, “yox, mən götürmürəm”. Ancaq səni
tuitacağam. Bu QAİ işçisinin də ləqəbi var idi - “smert Rasim”. Nə
isə, bir dəfə qovdu məni. Çata bilmədi. Sonra məni saldı qara
siyahısına. Harda görürdü dalımca düşürdü. Fikri-zikri məni tutmaq
idi. Bir dəfə Azneftlə Qız qalasına tərəf gəlirəm, Zevinə tərəf.
Bir də görürəm ki, bu, QAİ maşını ilə Zevin tərəfdən çıxır.
Sürətimi azaltdım ki, görüm, bu, hansı tərəfə gedəcək, sonra mən
gedim. Daha şəhərin içində arxamca düşməsin. Dərhal maşını mənimlə
üzbəüz verdi. Verəndə mən fırlatdım, qaçdım. Orada yeraltı piyada
keçidi var. Yəqin, görmüsünüz. O yeraltı keçidin yanında avtobus
dayanacağı var. Camaat da dayanıb. Mən bir təhər qaçdım. Amma onun
qopardığı qiyaməti hamı gördü. O vaxtı sovet rejimi idi də. Şikayət
etmişdilər barəsində. Buna görə də ulduzunun birini aldılar. Bunun
mənimlə münasibəti daha da pis oldu. O, elə inspektor idi ki, öz
doğma qardaşına protokol yazmışdı. Mən bunu sonradan öyrənmişəm. Nə
isə. “Smert” axıra qədər getdi mənimlə. Oradan – QAİ-dən qovulana
qədər mənimlə vuruşdu. Hər dəfə də deyirdi ki, səni tutacam. Mən də
cavab verirdim ki, bu, sənin başın üçün deyil. Burada səndən də
güclü əjdahalar olub. Qərəz, bu ha çalışdı ki, məni tutsun, amma
arzusuna çata bilmədi. Beləcə də pensiyaya çıxardılar getdi.
- Siz “smert” dediniz, bu da bizə daha bir ismi xatırlatdı.
Gəncədə də bir sürən olub -“Smert Tofiq”. . Camaat arasında gəzən
söz-söhbətə görə sizinlə onun arasında həmişə rəqabət olub. Hətta
sonradan düşmən kəsildiyinizi deyənlər də var...
- Mən onun söhbətini etməyəcəm. Deyim də sizə niyə. O yaşda məndən
böyük idi. Çünki mən balaca uşaq olandan onun yaxşı maşın sürməyi
barədə eşidirdim. Ən azından mən onun maşın sürməyinə hörmət
etməliyəm. Siz deyirsiniz ki, necə oldu ki, ad çıxardız. Mən də
sual verərirəm i, necə oldu Tofiq ad çıxardı, “Smert” ləqəbi
qazandı? Demək, nəsə yaradıb, bilib. Sizə niyə demədilər “smert
filankəs”?
- Ümumiyyətlə, siz onunla maşın sürmüsünüz?
- Mən bu suala cavab verməyəcəm, ən azından onun sürməyinə hörmət
etməliyəm.
- Amma deyilənə görə o sizinlə sürmək üçün Gəncədən Bakıya
gəlib...
- Dedim axı, bu barədə heç nə danışmayacam. Mənim atam o vaxt
həbsdə idi. Bu dediyiniz söhbətlər, hərəkətlər o vaxt olmuşdu. Atam
bilirdi ki, maşını dəli kimi sürürəm. Məni yanına çağırdı. Məni
çağırdı və and verdi ki, onunla maşın sürməyim. Dedim “baş üstə,
onunla maşın sürmərəm”. Onunla mənim haqq-hesabım da olmuşdu, amma
atam deyəndən sonra ümumiyyətlə olmadı. Atam deyənə qədər nə
olmuşdusa, o, mənim özümdə qaldı.
- Bəs o vaxtlar elə uşaqlar var idimi ki, yaxşı maşın
sürsələr də adları çıxmadı?
- Əlbəttə, çox idi elələri. Yəni hərəsinin öz incəlikləri var idi.
Amma indi onların adlarını çəksəm, kimsə tanımayacaq. Biri qəzaya
düşərək həlak olub, birinin qəzada qol-qabırğası əzilib...
- Qəza demiş, siz heç qəzaya düşmüsünüz?
- O qədər. Bir talış QAİ işçisi var idi, o da mənimlə prinsipə
girdi. Dedi, “mən səni tutacağam”. Dedim, “Allah köməyin olsun.
İmkan varsa, tutma məni”. Dedi, “yox, tutacağam”. Gəldim o vaxt
“Raboçiy” prospektə. Sən demə, bu da içib gəlib orada məni
gözləyirmiş. Mən də Nizami parkının qabağı ilə gəlirəm. Bu, mənim
qabağımı kəsdi. Mən də bunu maşınla vurdum. QAİ maşınını. O zaman
mən yüngül xəsarət aldım, bunun ayağı sındı, yanında oğlan var idi,
onun qolu sındı. Bərk vurmuşdum, böyük hadisə idi. Həmin bu
“QAİşnik” qabağımla 30 metr sürünmüşdü. “Tormozsuz” gedib
girmişdim.
- Tutmadılar sizi?
- Niyə?
- Necə yəni niyə, QAİ maşınını vurduğunuza
görə.
- O eləmişdi axı. Özü də çəkdi cəzasını. Burada cavanlıq emosiyası
da öz işini görmüşdü.
- Ən yaxşı "priyomunuz" hansı olub?
- O priyomlar vergidi.
- Ən yaxşısı hansı idi? Məsələn, biz eşitmişik ki,
dönmələrdə sizin bənzəriniz olmayıb...
- Əlbəttə. Döngə ən əsasıdır. Dönməni bacarmadınsa, heç. “Raşotun”
dəqiq olmalıdır.
- Bir də sizin haqqınızda eşitmişik ki, bir dəfə Rusiyadan
gələn “qonşik”lərə qoşulub onlarla maşın sürmüsüz icazəsiz. Özü də
bu, indiki Azadlıq meydanında olub.
- Yox. Elə bir şey olmayb. Ola bilər ki, orada biz özümüz nəsə
oyunlar çıxarmışıq.
- Yeri gəmişkən, oğul övladınız var?
- Bəli.
- O da sizin kimi sürür?
- İndi o vaxtkı kimi sürmək olmaz. Mən özüm də məsləhət görmürəm.
Nəinki özümə, övladlarıma, ümumiyyətlə heç kimə. Çünki baxın də,
görürsən ki, ya gedir adam vurur, ya da özünü bəlaya salır. Allah
uzaq eləsin, Allah heç kimə göstərməsin. İndi mümkün deyil. Amma o
vaxt, hə, həm maşın az idi, həm də maşını sürən bilir ki,
qarşındakı, arxandakı, yanındakı nə etmək istəyir. Amma indi sürücü
mədəniyyəti var?! Hardan var?! Yoxdu axı!
- İndiki DYP əməkdaşlarından sizi tanıyan
olmaz.
- Niyə, elə indi də tanıyanlar var. Sağ olsunlar, hörmət edirlər.
Məni saxlayanda düşüb demirəm ki, mən Yarbalayam, hörmət edin. Yəni
sürücülük vəsiqəm var, sənədlərim qaydasında, qayda da pozmuram.
Niyə o, məni saxlayıb nəsə desin ki?! Qayda da pozanda üzr
istəyirəm ki, “qədeş, bağışla, narahat elədim səni”.
- İndi sürdüyünüz avtomobilinizin markası
nədir?
- “Mercedes”.
- Avtomat “korobka”?
- Bəli. Amma mən mexanikaya üstünlük verirəm.
- “06 motorunun” yerini verir?
- Bu, onun yerini verə bilməz axı. Düzdür, rahatdır, komfortludur.
Amma “avtomat korobka”lı avtomobilləri sən sürmürsən axı. 4-dən 3-ə
atıb, üstünə qoymadınsa, nə ləzzəti.
- İndiki gənc sürücülərə hansı məsləhətləriniz ola
bilər?
- İndi onların özləri, maşallah, sizdən də, məndən də çox bilirlər.
Allah hamısını qorusun. Gərək ehtiyyatlı olalar.
- Siz heç mərc gəlib yarışmısız?
- Pula görə heç vaxt sürməmişəm. Mən canımı, özümü, öz
“udovolstviyamı” pula satmıram. Dünən də pula görə maşın
sürməmişəm, bu gün də sürmürəm, sabah da sürməyəcəm. Demirəm ki,
ayıbdır. Sadəcə mən bunu qəbul etmirəm. Siz deyərsiz, sürərəm. Amma
buna görə pul mənə lazım deyil. Neyləyirəm kiminsə 500 manatını,
1000 manatını, 5 minini. Bəlkə, heç cibimdə 5 manatım yoxdu, amma
kiminsə 500 manatında da gözüm yoxdu.
- SSRİ istehsalı olan hansı maşın markasını sürmək sizə
daha rahat idi?
- “06”, “07”. Çox gözəl maşınlar idi. İndiki 07-lərdən danışmıram
ha. O vaxtkı maşınlar başqa aləm idi. Bayaq dedim, mən o QAİ
maşınını saatda 180-lə vurmuşam. Heç birimiz ölmədik. Nəyə görə?
Çünki keyfiyyətli dəmirdən hazırlanmışdı maşınlar.
- Siz nədənsə peşman olmusunuz? Heç demisinizmi ki, kaş elə
sürməyəydim?
- O peşmanlıq bilirsiniz nədən irəli gəlir? Məsələn, vaxt olub ki,
qəzadan sonra tez evə gəlmişəm ki, anam narahat olacaq. Gələndə
görmüşəm ki, anam artıq qardaşımla hadisə yerinə gedib. Görüb maşın
nə gündədir. Gəlib görmüşəm ki, anam ağlayır. Məni görüb, inanmayıb
ki, sağam. Mən gələnədək o, stress keçirib. Niyə? Bircə elə şeylərə
peşmanam. Sürməyimə hələ indiyədək peşman deyiləm. Niyə olmalıyam
ki? Əksinə, nəyisə əldə etmişəm də, nəyisə öyrənmişəm. Sürdükcə
öyrənmişəm. O qədər maşınlar dağıtmışam ki. Bu gün mən də “S klass”
sürərdim, “Jeep” sürərdim, pulum olardı. Düzdür, şükürlər olsun ki,
acından ölmürük, Allaha çox şükür. Beşindən pis, üçündən yaxşı
dolanırıq. Allah ruzimizi verir. Amma daha yaxşı da ola
bilərdi...
- Ən yüksək sürətiniz hansı olub?
- 250 sürmüşəm. 92, 93-cü illərdə “yeşka”lar var idi, 260-la
gedirdi.
- Bəs indiki xarici maşınlardan hansına üstünlük
verirsiniz?
- “Mercedes”, “BMW”. Alman maşınları.
- Deyilənə görə, siz maşını iki təkərə qaldırıb yerdən
kibrik qutusu götürmüsünüz. Olub belə şey?
- Aydın məsələdir ki, o boyda sürətlə spiçkanı götürmək olmaz.
Gəlib spiçkanın yanından keçərsən, spiçka uçar. Onu Tofiq barədə də
deyirlər. Amma mümkün deyil.
- Deyirlər, yerindən götürəndə “qluşitel”i yerə
vururmuşsuz...
- Camaatdır də. Bezi söhbətlər uydurmadır.
- Bəs iki təkər məsələsi necə?
- Aydın məsələdir ki, sürürsənsə, qalxacaq də. Yəni “mən sırf
burada bunu qaldıracam” yox, sadəcə sərt döngəyə girəndə və dəqiq
“raşotun” olanda maşını yanı üstə qaldırırdıq. Bax o “qluşitel”in
yerə dəyməsi-filan hamısı belə vəziyyətlərdə olurdu.
- Eşitmişik ki, Yarbala indiyədək nə içki içib, nə siqaret
çəkib. Cavanlıqda da içmirdiz?
- Yox-yox. Mənlik deyil. Heç vaxt.
- O vaxt mənəm-mənəm deyən sürücülər qorxurdular sizin
yanınızdan sürətlə keçməyə. Yəni risk etməzdilər...
- Qorxu deməzdim buna. Hörmət edirdilər.
- Amma indi gəlib yanınızdan bərk keçirlər. Sizin ürəyiniz
sınmır ki, belə şeydən.
- Bilmirlər, tanımırlar. Mənə bayaqdan deyirsiniz ki, “smert
Tofiq”dən danış, mən deyirəm ki, yox. Ən azından onun sürməyinə
hörmət edirəm. Məsələn, mən evdə atama hörmət eləmişəm, kənarda da,
başqalarına. Əgər bir uşaq evdə atasına hörmət eləmirsə, mənə necə
hörmət edə bilər?
- Yaxşı, maşın mövzusunu yekunlaşdıraq. Maşından başqa nəyə
marağınız var?
- Kişi kimi yaşamağa. Kişi kimi yaşamaq lazımdır. Pislik eləməyə nə
var. Bu dəqiqə acı söz deyim, olum pis.
- Dolanışığınız necədir, ölkədəki vəziyyət qane edirmi
sizi?
- Elə bir korluğumuz yoxdur. Cavan Prezidentimiz var, Allah onun
canını sağ eləsin. Ölkəmizə kənardan çox əllər uzanıb. O
şakal-makallar maneçilik eləməsə, hər işimiz yaxşı olar. İnşəllah
ğlkəmizin gələcəyi bundan da yaxşı olar. Əsas odur ki,
prezidentimizə güvənirik.
- Yadımızdan çıxmamış soyadınız da bilmək
istərdik...
- Yusifov. Yusifov Yarbala Yusif oğlu. Bakıda doğulmuşam. Daha
dəqiq desəm, dağlı balasıyam. Bakını, Azərbaycanı canımdam da çox
sevirəm, azərbaycanlılarla da fəxr edirəm.
missiya.az
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı