Dadı Fransa şərabından gələn rayon: 7 milyardlıq zərərimiz - ARAŞDIRMA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Dadı Fransa şərabından gələn rayon: 7 milyardlıq zərərimiz - ARAŞDIRMA - FOTOLAR

Mərd, döyüşkən, vətənpərvər onları digər bölgələrin sakinlərindən fərqləndirən əsas cəhətdir.

Sübutlar: 1915-20-ci illərdə qulağı türklər tərəfindən kəsilmiş Andranikin Zabux dərəsində təpədən dırnağa silahlanmış dəstəsinin məhv ediblər;

Naxçıvanda, Zəngəzurda neçə-neçə kəndi xaraba qoymuş, insanları vəhşi üsullarla öldürmüş erməni Njdenin Qarabağ yürüşünün qarşısının alıblar;

1921-ci ildə daşnak partiyasının sədri Vratsyanın Zəngəzur və Qarabağa əks hücum niyyətinin ürəyində qalması məhz Laçın sakinlərinin mübarizliyinin nəticəsidir.

Bu qəhrəmanlıq siyahısını uzatmaq olar, Laçın adı gələn kimi ilk ağla gələn məqam məhz igidlik və döyüşkənlikdir.

Rayon sakinləri onun ən dəyərli sərvəti idi. Lakin sərvətləri bununla məhdudlaşmırdı. Yerlatı sərvətləri, geniş otlaq sahələri, nadir ağacların bitdiyi meşələr, heyvandarlıq və s. sahələrdən əldə olunan gəlirlərinə görə, Laçın ölkə iqtisadiyyatında önəmli yer tuturdu.

Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Laçın kəsirini araşdırıb.

Laçında qalanlar

İşğal nəticəsində Laçında 264 nəfər şəhid olub, 65 nəfər əsir götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225-i əlil olub, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşüb.

İşğaldan əvvəl rayonda 1 avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 yanacaqdoldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olub.

Rayonda 133 idarə və müəssisə, o cümlədən 23 tikinti və 16 sənaye müəssisələri, asfalt-beton zavodu fəaliyyət göstərirdi. Yevlax – Naxçıvan avtomobil yolu rayonun ərazisindən keçirdi.

Laçında toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Dünyada "Qasımuşağı" adı ilə tanınan xalça məhz bu bölgənin adıyla bağlıdır.

Meşələr, çaylar

Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar var. Rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kub metr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatları 5125 min kub metr olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min kub metr olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min kub metr olan Quşçu pemza, ehtiyatları 15794 min kub metr olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları vardır. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığında ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü vardır.

Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar (80,05 %) idi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, meşə təsərrüfatının dövlət meşə fondunda 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi.

Laçının rayonunun iqtisadiyyatının əsasını isə heyvandarlıq və əkinçilik təşkil edirdi. Rayonda ermənilərin işğalına qədər 23 sovxoz var idi. Kənd təsərrüfatına yararlı sahə 76 min hektardır, bunun 11,1 hektarı şum yeri, 0,3 min hektarı çoxillik bitkilər, 5,2 min hektarı biçənəklər, 56,7 min hektarı otlaqlardır. 10 min hektar əkin sahəsinin 33%-də dənli və paxlalı bitkilər, 67%-də yem bitkiləri əkilirdi. Rayonun ərazisində 46,2 min qara mal, 205,9 min baş davar bəslənirdi. Bir kökəltmə birliyi yaradılmışdı. Laçında yağ-pendir, məişət xidməti kombinatları, çörək, süd zavodları, Respublikanın Dövlət Kənd Təsərrüfatı İstehsal-Texniki Təminat Komitəsinin rayon şöbəsi var idi.

7 milyard ziyan

1994-cü ilə qədər olan məlumatlara əsasən, işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəydiyi müəyyən edilib.

Millət vəkili Elxan Süleymanov və Vurğun Süleymanovun birgə hazırladığı “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabında qeyd olunub ki, 1994-ci ilə olan hesablamalara əsasən, işğal nəticəsində Laçın şəhərinə 3.294. 867.14 min dollar, qəsəbəyə 25395.35 min dollar, 125 kəndə 3.779.264.01 min dollar zərər dəyib.

Bundan başqa, yaşayış evlərinə 1.138.814.7 min dollar, 228 sənaye obyektinə 3.297.867.14 min dollar, kənd təsərrüfatına 91.816 min, əkinçilik sahələrinə 1.458 min, maldarlıq təsərrüfatına 14.812.02 min, otlaqlara 17.400 min, səhiyyəyə 10.089.25 min, tədris müəssisələrinə 37.655 min, rabitə obyektlərinə 55.063 min, mədəniyyət müəssisələrinə 14.245 min, muzeylərə 6.120 min, avtomobil yollarına 857.111 min dollar, körpülərə 22.500 min, magistral su xətlərinə 26.623 min, magistral qaz boru xətlərinə 118.558 min, meşə sahələrinə 512.100 min, ticarət və iaşə obyektlərinə 11.447.25 min, rayon üzrə tikintisi tamamlanmamış sosial və istehsal obyektlərinə 876.600 min dollar ziyan dəyib.

Ümumi dəyəmiş zərər isə 7.099.526.500 (yeddi milyard doxsan doqquz milyon beş yüz iyirmi altı min beş yüz) dollar olub. İşğal nəticəsində ölkəmizə dəymiş maddi zərərin həcmi ildən-ilə artıb. İşğala qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazisində Azərbaycanın ümumdaxili məhsulunun təxminən 15%-i formalaşırdı. İşğal olunmuş digər 7 rayon isə Azərbaycanın ümumdaxili məhsulunun təxminən 10%-ni formalaşdırırdı. Odur ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində Azərbaycan hər il təxminən özünün ÜDM-nun 25%-ni itirir.

Dəymiş ziyan pərakəndə hesablanıb

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov bu vaxta qədər işğal altında olan rayonların iqtisadi imkanları, maddi itkilərinin bir mərkəzdə hesablanmadığını deyir. İcra hakimiyyətləri tərəfindən açıqlanan rəqəmlər əsasında təxmini hesablamalar aparılıb. Bu hesablamalar beynəlxalq səviyyəyə uyğun deyil. Artıq bu rəqəmlərin əsaslı araşdırması aparılır.

“Prezidentin tapşırığı əsasında İşğal altında olan maddi-mənəvi sərvətlər, o cümlədən əhaliyə dəyən zərərin hesablanması üzrə 15 nəfərlik qrup təşkil edib. Həmin qrup üzvlərindən biriyəm və artıq bu hesablamalara başlanıb. İki il ərzində bu işlər tam başa çatdırılacaq. Bundan sonra, işğal altında olan hər bir rayonun iqtisadi imkanları və tarix-mədəniyyət abidələri, yeraltı sərvətləri, ekologiya, təbiət abidələri, mədənləri, əkin sahələri, meşə təsərrüfat sahələri, həmçinin ayrı-ayrı ailələrə dəyən zərər barədə dəqiq rəqəm bəlli olacaq. Bu məlumatlar hazırlanandan sonra beynəlxalq rəy alınacaq, ondan sonra Azərbaycan Ermənistan qarşısında təzminat almaq hüququnu tələb edəcək”.

F.İsmayılovun sözlərinə görə, rayonun turizm potensialı olsa da, bundan istifadə edilməyib. Bunun əsas səbəblərindən biri Azərbaycan Mərkəzi Komitəsindən təşəbbüs olmaması idisə, digər tərəfdən Sovet Mərkəzi Komitəsi də Laçında turizmin inkişafında maraqlı deyildi. Daha çox magistral və mərkəzə yaxın bölgələrin inkişafına çalışırdılar:

“İşğaldan əvvələ qədər dövlət turizmi Şuşa, Ağdam və Kəlbəcərdə daha çox inkişaf etmişdi. Baxmayaraq ki, digər rayonlar kimi Laçında da təbii su mənbələri, bulaqları var idi. Minkənd istisuyu, Ağanız, Mirik, Əhmədli turşsuyu məşhur yerlərdir. Laçına müxtəlif ölkələrdən istirahətə ildə 100 minə qədər insan gəlirdi. Lakin orada daha çox ev turizmi inkişaf etmişdi. Onlar mağazalardan alış-veriş edir, kənd təsərrüfatı məhsullarından qida ehtiyatı alırdılar. Bu baxımdan turistlər əhalinin güzəranına müsbət təsir edirdi. Laçın işğal edilməsəydi mineral suların satışı, turizm imkanlarından yüksək gəlir əldə etmək olardı”.

F.İsmayılovun sözlərinə görə, Laçının ən çox inkişaf etmiş sahələri maldarlıq və kənd təsərrüfatı idi.

“Digər rayonların iri və xırdabuynuzlu heyvanları Laçın yaylaqlarına gətirilirdi. Bu da əlavə insan axını demək idi. Əhali daha çox heyvandarlıq, eyni zamanda, bitkiçilik, bağçılıq, arıçılıq sahələri də son illərdə inkişaf etmişdi. Laçının mədənlərində civə, uran ehtiyatı, pemza adlı qum ehtiyatı, boyaq materialları ehtiyatları kəşf edilmişdi. İşğal baş verməsəydi, bu mədənlərin istismarına başlana bilərdi. Məlumatlara əsasən, digər rayonlardan fərqli olaraq bu rayonun civə və uran ehtiyatlarından indi də istifadə edilmir”.

Qızılı rəngli çaylar

Laçından olan şair –publisist İlham Qəhrəmanlı rayonun sakinlərinin onun ən dəyərli sərvəti olduğunu deyir. İnsanlarını dəyərli edən məhz o torpaq idi. Onun sözlərinə görə, Laçın ikinci ən dəyərli sərvəti bulaqları idi. Onlar neftdən daha qiymətli idi.

“Laçının təbii su mənbələrin çox dəyərli sərvət hesab edilə bilər. Bundan başqa Cəbrayıl, Füzuli, Ağcəbədi, İmişli, Beyləqan kimi heyvandarlıqla məşğul olan rayonlar yaylaq məqsədilə Laçına gəlirdilər. Bu da həmin rayonların heyvandarlığın inkişafına müsbət təsir edirdi.

Laçındakı təbii suların əksəriyyətinin rəngi qızılı idi, bununla da həmin bulaqların çıxdığı dağlarda mis, qızıl ehtiyatı olduğu müəyyən edilirdi. Aparılan geoloji araşdırmalar da Laçın dağlarında bir çox təbii sərvətin olduğunu sübut edilmişdi”.

İ.Qəhrəmanlı rayonun ən dəyərli ağaclarının Fransaya aparıldığını dedi:

“Laçın hələ Sultan bəyin dövründən nadir ağac-qırmızı palıdla məşhur olub. XVIII-XIX əsrlərdə Fransadan gəlib, bu ağacı ölkələrinə aparırdılar. Bu ağacdan şərab istehsalında istifadə edilirdi. Çünki ağac şəraba qırmızı rəng verirdi. Bu ağacdan mebel sənayesində də istifadə edilir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”inin məlumatına görə, Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıd qırılaraq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağacları isə kütləvi qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana və Avropa ölkələrinə satılır. Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi tamamilə qırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm