Minlərlə üzüyü olan azərbaycanlı məşhur - FOTOLAR/VİDEO
Bizi izləyin

Art

Minlərlə üzüyü olan azərbaycanlı məşhur - FOTOLAR/VİDEO

“Sizdən adam olmayıb, olmayacaq da”…

Artıq şərhə ehtiyac yoxdur, kinomanlar göydə tutdular ki, söhbət “Yol əhvalatı” filmində xalq artisti Siyavuş Aslanın söylədiyi məşhur replikadan gedir…

Deməli, söhbət həm də Siyavuş Aslandan gedir. Həmkarı, sənət dostu xalq artisti Hacı İsmayılovun təbirincə desəm, sənət aləminə aslan kimi gəlib, aslan kimi gedən Siyavuş Aslandan.

Yoxluğuna dözə-dözə…

Çoxları israrla desələr də ki, əvəzolunmaz insanlar yoxdur, mən bu fikrin əleyhinəyəm. Əvəzolunmaz insanlar var. Mən həmin insanlardan biri haqqında danışacağam, onda siz də mənimlə razılaşacaqsınız. O insan xalq artisti, sevilən sənətkar, milli kinomuzun və teatrımızın sevilən siması Siyavuş Aslandır. Bu gün onun doğum günüdür. Mübarək olsun, deyirəm.

Redaktorumuza deyəndə ki, Siyavuş Aslanın doğum günüdür, onun haqqında yazıram, dərhal həmkarlarımın üzünə təbəssüm qondu. O saat yada Siyavuş Aslanın oynadığı tamaşalar və filmlər düşdü. Himə bəndlərmiş ki, bunlar. “Yol əhvalatı” və “Hicran” tamaşasının videolentini qoyub o ki var güldülər. O “Hicran” tamaşası ki, orda əsrin üç nəhəng sənətkarı - Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi aktyorlar rol almışdılar.

Tamarzı qaldığımız aktyor

Özünüz deyin, bu gün o insanları, o sənətkarları istər səhnədə, istərsə də kinoda əvəz edən insanlar varmı? Vallah, yoxdur, billah, yoxdur. Olsaydı, bu gün teatrlarımız əvvəlki kimi gur-gur guruldayardı, çəkilən filmləri arxivlərdə toz basmazdı. Bəlkə, yalan deyirəm? Teatrımız, kinomuz bu gün belə sənətkarlara tamarzıdır.

Siyavuş Aslanın keçdiyi ömür və yaradıcılıq yolu barədə uzun-uzadı yazmaq, daha doğrusu, Vikipediyanı bura köçürmək fikrində deyiləm. Yaddaş xatirinə qısaca deyim ki, böyük aktyor 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Həvəskar kimi aktyorluğa dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət Musiqili Komediya Teatrının estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Onun barəsində xatirələrini bizimlə həmkarları ipə-sapa düzəcək, amma az sonra...

Mindən çox üzük kolleksiyası varmış

Siyavuş Aslan gözəl sənətkar olmaqla bərabər, həm də gözəl insan idi. Qəribə insan idi. Özünəməxsus hobbiləri vardı. Deyilənə görə, üzükləri çox sevirmiş. Hətta gümüş üzüklərdən ibarət kolleksiyasında mindən artıq üzüyü də varmış.

Dostlarının dediyinə görə, ürəyi çox yuxa idi və kim ona desəydi ki, nə qəşəng üzüyünüz var, o saat barmağından çıxarıb həmin adama bağışlayarmış. Bulvarı çox sevərdi, teatrdan, kinodan uzaq düşdüyü vaxtlarda bulvara gedib sevimli çayxanasında oturar, çayın, həm də dostlarla şirin söhbətin ləzzətini çıxarardı. Ömrünün son günlərində səhhəti ona əl vermirdi axı. Bir neçə dəfə keçirdiyi insult aktyoru son aylarda yatağa saldı. Onu da deyim ki, Siyavuş Aslan səhnəylə, kinoyla yaşayan adam idi və səhnədən ayrı o, sudan çıxarılmış balıq kimi hiss edirdi özünü. Bununla belə, nədənsə incimişdi və xəstəlikdən bir müddət öncə teatrdan ayağını çəkmişdi. Elə özüm həmin ərəfədə ondan bir neçə müsahibə almışdım. Həmin müsahibələr zamanı Siyavuş Aslan incikliyini, umu-küsüsünü açıq-aydın bildirirdi. Bəlkə də, teatrdan ayrılmasaydı, xəstəliyə də asanlıqla yaxa verməzdi. Amma artıq bu “bəlkələr” barədə danışmaq çox gecdir. Alın yazısı, qismət deyilən bir şey də var. Allahın verdiyi möhlət bir gün bitir. O cismani ömür Siyavuş Aslanda bitsə də, digər sənətkar ömrü, əslində, yenidən başlandı. Bu gün də o ömür davam edir, filmlərdə oynadığı rollarla, tamaşalardakı obrazlarla…

“Qəfildən yadıma düşür ki, artıq rəhmətə gedib”

Publika.az-a danışan Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik bu gün də Siyavuş Aslanın teatrda, kinoda yeri göründüyünü dedi:

“Siyavuş Aslan korifey sənətkardır. Onun kimi sənətkarlar çox az-az gəlir teatra. Əvəzolunmaz bir aktyor idi. Təkrar etmək istəyirəm ki, onun barəsində danışarkən bir sözü demək istəyirəm: korifey sənətkar. Bu gün teatrda hər addımbaşı onun yeri görünür. Bəzən elə tamaşalara baxırsan, ürəyində fikirləşirsən ki, bax, bu rol Siyavuş Aslan üçündür. Siyavuş müəllim filan tamaşada mükəmməl oynaya bilərdi. Bu təəssüf hissi tez-tez olur məndə. Elə sənətkarların yeri hər zaman boş qalır. Bəzən elə tamaşa olur ki, hətta onu həmin rolda görürəm, amma qəfildən yadıma düşür ki, Siyavuş Aslan artıq rəhmətə gedib. Bu gün teatrımızın, milli kinomuzun belə gözəl sənətkarlara çox ehtiyacı var, amma nə yazıq ki, onlar da köç edib gediblər”.

Dadı-duzu olan aktyor idi

Xalq artisti Hacı İsmayılov Siyavuş Aslan haqqında o qədər gözəl xatirələri olduğunu dedi ki:

“Siyavuş Aslan Azərbaycan mədəniyyətində öz izi və yeri olan aktyor idi. İstər kino, istər teatr, istərsə də televiziyada o qədər gözəl rollar yaradıb, bu gün o rollara baxdıqca insan qürur hissi keçirir. Siyavuş müəllim dadı-duzu olan aktyor idi. Mənim onunla tanışlığım tələbəlik illərimə təsadüf edir. 1963-cü ildə Teatr İnstitutunda təhsil alırdım. Biz tələbələri yığıb Mərdəkandakı mədəniyyət evinə apardılar. Dedilər ki, bəs “Ulduz” filmi çəkilir, siz də bu çəkilişi izləməlisiniz. Onda mən orda Siyavuş Aslanı gördüm, Şubay rolunda çəkilirdi. Mən onun oyununa demək olar ki, vuruldum. Sonradan tale elə gətirdi ki, onunla eyni tamaşalarda və filmlərdə çəkilməyə başladım. Musiqili Komediya Teatrında işləyən Siyavuş müəllim Akademik Milli Dram Teatrına dəvət olundu və silsilə tamaşalarda baş rolları ifa etdi. Gözəl sənətkarımız , o dövrdə teatra rəhbərlik edən Həsən Turabov dəvət etmişdi onu teatra. Mən onunla Elçin Əfəndiyevin üç möhtəşəm tamaşasında - “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim” və “Ah Paris, Paris” tamaşalarında tərəf müqabili oldum.
Siyavuş Aslan improvizə ustası idi. Qəfildən elə bir improvizə edirdi ki, tamaşanın istiqaməti büsbütün dəyişirdi. Tamaşaçıya ləzzət edirdi onun sözləri. Yerində, özü də çox şirin deyilirdi axı. Mən onunla “Bəyin oğurlanması” və “Yol əhvalatı” filmlərində də çəkilməli oldum. İndi səninlə danışıram, üzümə təbəssüm qonur. Siyavuş müəllimin hər çəkiliş günü bizə yaşatdığı o xoşbəxtliyi yadıma salanda kövrəlirəm.

Aslan kimi gəldi, aslan kimi də getdi

O filmlərdə o qədər maraqlı deyimlər vardı ki, sonradan insanların dilinə də düşmüşdü. Yadınızdadır ki, Siyavuş müəllim “Yol əhvalatı” filmində bizə üzünü tutub deyir ki, “Sizdən adam olmayıb, olmayacaq da”… Sonra orda bir yer var e, soruşur ki, “başının ölçüsü neçədir?”. Həmişə bu replikaları öz aramızda da bir-birimizə deyib gülürdük. Bu sözlər çoxlarının dilində əzbər idi. Sonra mən onunla Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” tamaşasında tərəf müqabili olmuşam, o, polis rolunda çıxış edirdi. Görün necə dadlı-duzlu bir obrazdır. Deyirlər ki, əvəzolunmaz insan yoxdur, razıyam, amma təkrarolunmaz insanlar var. Siyavuş Aslan təkrarolunmaz insan idi və bu gün də onun yerini heç kim verə bilməz. Siyavuş Aslan sənət aləminə aslan kimi gəldi, aslan kimi də getdi. Mən hər zaman onun yoxluğunu hiss edirəm. Təkcə mən yox e, tamaşaçılar da düşünürəm ki, onun üçün qəribsəyiblər. İndi belə sənətkarlar yetişmir, yoxdur. Adam buna təəssüf edir. Siyavuş Aslan kimi aktyorun yetişməsi müşkül məsələdir. Hərdən elə ürəyimdən keçir ki, onunla yenidən tərəf müqabili olaydım, amma bu ancaq xəyal və arzudur. Heç vaxt baş tutmayacaq arzu. Amma nə yaxşı ki, zamanında bu xoşbəxtlik mənə nəsib oldu”.

Bu son görüş….

Ölümünə bir ay qalmış onun görüşünə getdim. Sözün düzü, bu görüş mənə asan başa gəlmədi. Oğlu Çingiz müəllimə, azı, bir həftə yalvar-yaxar etməli oldum. Əslində, onu da anlayırdım, ağır yataq şəraitində müalicə alan sevimli sənətkarımızı bu vəziyyətdə heç kimlə görüşdürmək istəmirdi. Amma sağ olsun, məni qırmadı, inadımı görüb evlərinə getməyimə icazə verdi. Çox kövrək idi, ağır xəstəlik keçirməsinə baxmayaraq, yaddaşı üstündə idi. Hətta mənə çəkildiyi filmlərdən, oynadığı rollardan da danışdı. Elə mən də onunla bərabər kövrəlmişdim. Bu gün də eyni duyğuları yaşayıram. Kaş ki, Siyavuş Aslan yenidən müsahibim olaydı deyirəm. Amma nə yaxşı ki, gözəl aktyorumuzun bizə qoyub getdiyi gözəl obrazlar var. Hansı ki, hər dəfə o rollara baxdıqca üzümüz gülür, ürəyimiz açılır. Kaş bu axşam telekanallarımızda onun çəkildiyi filmlərdən birini nümayiş etdirsinlər, biz də baxıb feyzi-yab olaq”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm