Nida.az
Şoyqunun Bakı səfərinin daha bir detalı: Kreml “Üçlük ittifaqı”na yaxın olmaq istəyir
“Sergey Şoyqunun Bakı səfəri göstərdi ki, Rusiya Azərbaycanla təkcə siyasi və iqtisadi münasibətlərə deyil, hərbi sferadakı əlaqələrə də önəm verir”.
Publika.az xəbər verir ki, bu barədə MDB ölkələri İnstitutunun
Qafqaz şöbəsinin müdiri, ictimai-siyasi tədqiqatlar mərkəzinin
direktoru Vladimir Yevseyev deyib.
Onun fikrincə, bu səfər iki ölkə arasındakı hərbi əməkdaşlığı
genişləndirəcək.
“Bildiyim qədər birgə təlimlərin keçirilməsi, eyni zamanda Rusiya
hərbi təhsil müəssisələrində Azərbaycan zabitlərinin hazırlığı
haqqında da müzakirələr aparılıb. Hesab edirəm ki, Şoyqunun Bakı
səfəri iki ölkə arasındakı siyasi münasibətlərə də müsbət təsir edə
bilər”, -deyə ekspert bildirib.
V. Yevseyev Şoyqunun səfərini Rusiyanın
Azərbaycan-Türkiyə-Gürcüstan arasında formalaşan qeyri-rəsmi
birliyə dost olmaq istəyi ilə də əlaqələndirib: “Bu il Naxçıvanda
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü oldu.
Görüşdə üç ölkə arasında hərbi əməkdaşlıq məsələlərinə baxıldı.
Rusiya bu üç ölkə arasındakı qeyri-rəsmi ittifaqa dost olmaq
istəyir. Bu məsələdə Moskvaya yalnız Bakı kömək edə bilər. Çünki
Türkiyə NATO-nun üzvü olduğu üçün Rusiya bu ölkə ilə hərbi
əməkdaşlıq qura bilmir. Məlum səbəblərdən Gürcüstanla da bu mümkün
deyil. Hərbi əməkdaşlıq üç ölkədən yalnız Azərbaycanla mümkündür.
Rusiya istəyir ki, neft kəmərlərinin mühafizəsi məqsədilə hazırda
formalaşdırılan üç ölkə arasındakı hərbi ittifaq ona dost münasibət
bəsləsin. Moskva bununla kiməsə nəsə göstərmək, yaxud kiməsə qarşı
çıxmaq fikrində deyil, sadəcə normal münasibətlər istəyir. Çünki
Moskvanın ideyası ondan ibarət deyil ki, Cənubi Qafqazda bir
tərəfdə Türkiyə-Azərbaycan-Gürcüstan hərbi bloku, digər tərəfdə
Rusiya-Ermənistan hərbi bloku yaransın. Moskva bu cür blok
bölgüsünə qarşıdır. Rusiya bütün Cənubi Qafqazda vahid
təhlükəsizliyi dəstəkləyir. Bu məqsədlə Kreml Azərbaycanla
münasibətləri yüksək səviyyədə qurur ki, Cənubi Qafqazda istənilən
blok qarşıdurmasından qaçmaq mümkün olsun. Çünki hansısa blok
kifayət edir ki, regionda təhlükəsizlik pozulsun”.
Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr
komitəsinin üzvü Asim Mollazadə Publika.Az-a açıqlamasında deyib
ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında yeni təhlükəsizlik
birliyi formalaşır: “Demək olar ki, belə bir birlik var, lakin
bunun daha da genişləndirilməsi, strateji layihələr həyata
keçirməklə yeni sistem formalaşdırılması vacibdir. Gürcüstan NATO
ilə əməkdaşlıq edir. Azərbaycansa NATO üzvü olan Türkiyə ilə
təhlükəsizlik sahəsində sazişi var. Bu istiqamətdə üç ölkə arasında
ciddi əməkdaşlıq var, yəni dolayısı ilə ortada yeni təhlükəsizlik
birliyi mövcuddur”.
İddialar var ki, Bakı-Ankara-Tiflis ittifaqı NATO-nun layihəsidir
və bölgədə Rusiyaya qarşı ikinci cəbhə açılır.
Belə ki, Ukrayna böhranı gündəmə gələndən sonra NATO-nun təşəbbüsü
ilə Polşa, Baltikyanı ölkələr və Ukrayna arasında birgə hərbi
briqadalar yaradıldı. Ukrayna NATO-nun üzvü deyildi, amma ortada
Rusiya təhlükəsinin olması Şimal Alyansının nizamnamə çərçivəsindən
kənar olsa da Şərqi Avropada belə bir addım atmağa vadar etdi.
Sirr deyildi ki, Kreml Ukraynada itirdiklərinin Qafqazda
təkrarlanmağına imkan verməyəcəkdi. Bunun üçün əsas hədəf
Azərbaycan olmalı idi. Çünki Ermənistan Moskva üçün de-fakto
federasiya statusu daşıyır. Gürcüstan üzünü Avropaya tutub. Hər
tərəflə eyni məsafəyə saxlamağa çalışan Azərbaycan Cənubi Qafqazın
açarıdır. Hansı ki, Bakını təsir altına almaqla Tiflisi də “zəbt
etmək” mümkündür.
Amerikanın nüfuzlu beyin mərkəzi “Stratfor” bir müddət öncə
Qafqazla bağlı hazırladığı analizdə bildirir: “Moskva Bakını əldə
saxlamaq və Qərbə meyllənməyinin qarşısı kəsmək üçün bütün
vasitələri dövriyyəyə çıxarıb”.
Bu baxımdan, Cənubi Qafqazda üçlük ittifaqı iddiaları gerçəyə
yaxındır.
Görünür, S. Şoyqunun Bakı səfərində Rusiyanın özünə təhlükə hesab
etdiyi bu məsələ masa üzərində sərilib və Kreml bakı vasitəsilə
yeni hərbi ittifaqa yaxın olmaq istəyir.
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə
Şoyqunun Bakı səfərini daha çox Xəzərin təhlükəsizliyi ilə
əlaqələndirir. O, Rusiya-Azərbaycan arasındakı hərbi əməkdaşlığa
toxunaraq bildirib ki, Moskva Xəzərdə təhlükəsizlik məsələlərini
Bakı ilə müzakirə etməyin vacibliyini anlayır.
Asif Nərimanlı
-
Sosial18:24
Türk iş adamı Bakıdakı evində ÖLÜ TAPILDI
-
Hadisə18:12
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ