Haqqında əfsanələr yayılmış bəxt açan daş - FOTOLAR
Bizi izləyin

Layihə

Haqqında əfsanələr yayılmış bəxt açan daş - FOTOLAR

Həm möhtəşəm rəngi, həm də faydaları ilə qədim zamanlardan bəri insanların diqqət mərkəzində olan dəyərli daşlardan biri də akvamarindir. Latın dilindəki "aqua marina" sözündən götürülüb, mənası "dəniz suyu"deməkdir. Akvamarin adına uyğun olaraq, həqiqətən də, dəniz suyunun daşa çevrilmiş halına bənzəyir.

Publika.az-ın "Mücrü" layihəsində bu dəfə haqqında onlarla əfsanə yayılmış bu möcüzəvi daş haqqında çox maraqlı məlumatlar oxuyacaqsınız.

Su pərilərinin sandığından çıxan daş

Akvamarin ən qiymətli daşlardan biri hesab edilir. Rəngi əsasən mavi olsa da, təbiətdə yaşıl rəngə çalanları da tapılır. Quruluş etibarilə zümrüdə oxşayır. Yarışəffaf və ya şəffaf halda tapılır. Zərgərlik əşyaları hazırlayarkən onu dörd yüz dərəcə temperaturda qızdırırlar. Beləliklə, şəffaflığı artır və rəngi daha da gözəlləşir.

Braziliya başda olmaqla Pakistan, Rusiya, Çin, Nigeriya və ABŞ-da zəngin akvamarin yataqları mövcuddur. Ən dəyərli akvamarinlər adətən, Rusiyada çıxarılır.

Bu günə qədər tapılan ən böyük akvamarin daşı 1910-cu ildə Braziliyanın Marambaiya bölgəsindən çıxarılıb. Daşın ağırlığı 110 kiloqram (520.000 karat), uzunluğu 48,5 sm, eni isə 42 sm olub.

Daş nə qədər şəffaf, içi nə qədər təmiz və rəngi nə qədər tünd olarsa, o qədər dəyərli hesab edilər.

Alimlərin təxminlərinə görə, akvamarindən tarixdə ilk dəfə III-IV əsrlərdə istifadə edilib. Qədim yunanlılar bu daşdan çox geniş istifadə ediblər.

Qədim zamanlarda akvamarinlə bağlı yayılmış əfsanələr daşın dəyərinin daha da artmasına və populyarlaşmasına səbəb olub.

Əfsanəyə görə, akvamarin dünyaya su pərilərinə aid olan xəzinə sandığının içində gəlib. Bu əfsanə akvamarin daşının dənizçilər tərəfindən maraqla qarşılanmasına səbəb olub. Dənizçilər və dəniz quldurları akvamarindən hazırlanan zinət əşyaları taxıblar. Onlar bu daşın dənizçiləri qoruduğuna, dəniz səyahətinə çıxan insanın sağ-salamat geri qayıtmasına kömək etdiyinə inanıblar. Dənizçilər arasında hətta akvamarindən hazırlanmış tilsim gəzdirənlər də olub. Kapitanlığa layiq insanlara akvamarindən hazırlanan əşyalar hədiyyə ediblər.

Akvamarin haqqında yayılan bir digər əfsanəyə görə, bu daşı taxan insanlar mələklər tərəfindən qorunurlar.

Kraliçaların və Hollivud ulduzlarının diqqət mərkəzində

Tarix boyu keyfiyyətli akvamarin kristalları kolleksiyaçıların diqqət mərkəzində olub. Bu daşdan zinət əşyalarının hazırlanmasında geniş şəkildə istifadə edilib.

Kral ailələri bu daşın gücündən xəbərdar olublar. Böyük Britaniya kraliçası II Yelizavetanın bütün dəyərli daşları sevdiyi, demək olar ki, hər kəsə məlumdur. Kraliça akvamarin daşına da etinasız yanaşmayıb. Onun iri akvamarin kristallarından hazırlanmış tacı, boyunbağı və broşu olduqca dəbdəbəlidir.

Akvamarinə heyran olan təkcə II Yelizaveta deyil. Onun gəlini, Kembric hersoqinyası Keyt Middleton da akvamarin qaşlı zinət əşyalarını çox sevir. Onun zərif akvamarin sırğası diqqətə layiqdir.

İsveç və Niderlandda da kral ailələrinin mücrülərində bu daşdan hazırlanmış taclar, boyunbağı və qolbaqlar mühafizə edilir.

Niderland şahzadəsi Maksima, İspaniya şahzadəsi Letisiya, İsveç şahzadələri Sibilla və Madlen də bu daşı çox seviblər.

Günümüzdə bu möcüzəvi daşın cazibəsinə qapılanlar arasında Hollivud ulduzları da var.

"Gossip girl" serialı ilə bütün dünyada məşhur olan aktrisa Leyton Mister iri akvamarin qaşlı üzüyü ilə hər kəsin diqqətini üzərinə çəkib.

Qırmızı xalıda diqqət çəkmək istəyən aktrisalar daha çox akvamarinli üzüklərə üstünlük verirlər.

Aktrisa Cessika Bil qırmızı xalı dəvətlərindən birində açıq mavi rəngli akvamarin daşından hazırlanan qolbağı və zərif sırğası ilə göz qamaşdırmışdı.

Hansı peşə sahiblərinə tövsiyə edilir?

Akvamarin mart ayında doğulanların uğurlu daşı hesab edilir. Balıq, Əkizlər, Tərəzi və Əqrəb bürcündən olanlar yanlarında akvamarin gəzdirsələr və ya akvamarindən hazırlanmış hər hansı zinət əşyası taxsalar, bütün işləri yolunda gedər.

Gözəlliyin, dürüstlüyün və güvənin simvolu olan akvamarin daşı daha çox müəllimlərə, araşdırmaçılara, bank işçilərinə, tez-tez səyahət edənlərə və kütlə önündə çıxış etməli olanlara tövsiyə edilir.

Fiziki və ruhi sağlamlığa təsirləri

Akvamarin həm fiziki, həm də ruhi sağlamlığa təsirləri ilə əvəzolunmaz bir daşdır.

Fiziki sağlamlığa təsirləri:

*Onurğanı gücləndirir.

*Ağciyər və tənəffüs yolları xəstəliklərindən qoruyur. Astmaya qarşı təsirlidir.

*Boğaz ağrılarına, zoba yaxşı təsir edir.

*Yaddaşı gücləndirir.

*Həzm sisteminin işini asanlaşdırır.

*Ürək və damarlar, əzələ və sinir sistemi üçün faydalıdır.

*Döş xərçənginə qarşı təsirlidir.

*Dəri allergiyası zamanı köməkçi vasitə kimi istifadə edilir.

*Diş ağrısını kəsir, diş iltihabını aradan qaldırır. Dişi çürüməyə qoymur

*Qan xərçəngindən əziyyət çəkənlərə tövsiyə edilir.

*İmmunitet sistemini gücləndirir.

*Təzyiqi nizamlayır.

*Spirtli içki, siqaret və narkotika aludəçilərinin bu zərərli vərdişləri tərgitmələrinə kömək edir.

*Hormonları nizamlayır. Uşaqların böyüməsinə dəstək olur.

Ruhi sağlamlığa təsirləri:

*Dinclik, xoşbəxtlik verir, eşq duyğusunu gücləndirir.

*Əsəbləri sakitləşdirir

* Yaradıcılıqla məşğul olanlara ilham verir.

*Bədənlə zehnin əlaqəsini gücləndirir. 6-cı hissi qüvvətləndirir.

*Cəsarət verir.

*Özgüvəni artırır.

*Tənbəlliyə meyilli insanları aktivləşdirir.

*İnsanı neqativ enerjilərdən mühafizə edir.

*Psixoloji problemləri aradan qaldırır.

* Stressi azaldır.

*İnsanı gənc saxlayır.

*Depressiyaya düşməyə qoymur.

*Həddən artıq utancaq olanlara tövsiyə edilir.

Batil inanclara görə, bu daş bərəkət və uğur gətirir. Qadınlar akvamarin qaşlı sırğa taxsalar, bəxtləri açılar.

Daşın enerjisini hiss etmək üçün nə etməli?

Ən çox sevilən qiymətli daşlardan biri olduğu üçün satışda çoxlu saxta akvamarin tapmaq mümkündür. Ona görə də, akvamarin alarkən mütəxəssisdən kömək almaq lazımdır.

Akvamarindən hazırlanan zinət əşyalarında gümüş ya da qızıldan istifadə edilməlidir.

Ancaq daşın faydasını ancaq ətə toxunduğu halda hiss etmək mümkündür. Ona görə də boyunbağı olaraq taxmaq məsləhətdir.

Akvamarinli zinət əşyasını yeni aldıqda ilık dəfə taxmadan öncə daşın enerjisini təmizləmək lazımdır. Bunun üçün onu günəş işığı altında 2-3 saat saxlamaq kifayətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm