“Ferrari” qatildir? - Qisas alacağına söz verdi və...- FOTOLAR
Bizi izləyin

Brendlərin tarixi

“Ferrari” qatildir? - Qisas alacağına söz verdi və...- FOTOLAR

O, yenidən şəhər parkındakı həmin skamyada oturur və hönkür-hönkür ağlayır, ancaq bu dəfə sevincdən

Çoxlarının “Formula1” kimi avtomobil yarışlarından tanıdığı "Ferrari" artıq uzun müddətdir ki,sürətin və qələbənin rəmzinə çevrilib. “Ferrari”nin son modellərindən olan və yaradıcısı Enso Ferrarinin şərəfinə adlandırılan “Enzo” 600 at gücündədir və asanlıqla yüngül təyyarələri belə geridə qoya bilər.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində dünyanın ən məşhur, ən dəbdəbəli və ən bahalı idman avtomobillərini istehsal edən italyan brendi “Ferrari”nin yaranma tarixini təqdim edir:

Cingilti altında keçən uşaqlıq

XX əsrin əvvəlləri avtomobilin kəşfindən dərhal sonra Avropa və Amerikanın hər yerindəçoxsaylı avtomobil yarışları təşkil olunmağa başlayır. Sürəti 80 kilometrə çatan maşınlar torpaq yollarda şütüyür və 200 km-dən çox məsafə qət edirdilər ki, bu da o zaman üçün kifayət qədər yüksək göstərici sayılırdı.

Enso Ferreri məhz belə bir zamanda, iki əsrin qovşağında 1898-ci il fevralın 18-də İtaliyanın qədim şəhərlərindən olan Modenada anadan olub. Ensonun doğulduğu şəhər şərabçılıq diyarı olsa da onun atası Alfredo metal konstruksiyaların istehsalı ilə məşğul olurdu. Alfredonun emalatxanası evinin birinci mərtəbəsində yerləşirdi və Ensonun bütün uşaqlığı zindana dəyən çəkicin cingiltiləri altında keçmişdi.

Anası Adalgiza tipik evdar italyan qadını idi və bütün həyatını Enso və ondan iki yaş böyük qardaşı Dinonun təlim-tərbiyəsinə həsr etmişdi. Enso kifayət qədər mehriban və imkanlı ailədə böyüyürdü. O, həmişə atası və qardaşı Dinonun sözündən çıxmamağa çalışırdı.

Emalatxanasında 20-dən çox işçi çalışan və kifayət qədər imkanlı şəxs olan Alfredo biznesini oğlanlarına həvalə etməyi düşünürdü. Ancaq Ensonun xəyalları atasının istəyi ilə üst-üstə düşmürdü. O, əvvəlcə jurnalist sonra isə opera müğənnisi olmaq istəyirdi.

Avtomobillə tanışlıq

Ensonun 10 yaşı olanda atası onu qardaşı Dino ilə birlikdə avtomobil yarışına aparır. Enso Ferrari avtomobil və sürət aləmi ilə ilk dəfə onda tanış olur. O, əfasanəvi Filippo Çizaranı, Vinçenso Lansı canlı görür və Enso üçün əsl kişilik və cəsarət rəmzi olan bu adamlar onun dünyagörüşünü tamamilə dəyişirlər.

Alfredo isə bu zaman oğlanlarını maşınqayırma məktəbinə göndərir və onları ailə biznesinə hazırlayır. Dino atasının qərarını müsbət qarşılayır və dərslərini yaxşı oxuyur. Texniki fənləri sevməyən və öz arzularının arxasınca getmək istəyən Enso isə dərslərinə həvəssiz yanaşdığı üçün tezliklə məktəbdən qovulur.

İtkilər və çətin günlər

1914-cü ilin yayında Enso 16 yaşında olanda İtaliya Birinci Dünya Müharibəsinə qoşulur. Bir il sonra böyük qardaş Dino orduya çağırılır.

1916-cı ildə Alfredo Ferrari qəflətən miningitdən vəfat edir. Ailə biznesi tədricən tənəzzül etməyə başlayır.

Atasının ölümü az imiş kimi daha bir bəd xəbər gəlir. Hərbi xidmətdə olan qardaşı Dino yatalaq xəstəliyindən dünyasını dəyişir.

Gənc Ferrarinin çətin və ağır günləri başlayır. Bir ildən çox o, təsadüfi qazancla dolanır. Nəhayət, 1917-ci ildə Enso da orduya çağırılır. Çağırış məntəqəsində özünü avto-mexanik kimi təqdim etsə də Ensonu at və qatırları nallamağa göndərirlər.

Bir müddət sonra Enso sətəlcəm olur və onu ümidsiz xəstə kimi Baloniyadakı hərbi hospitalın bir küncünə atırlar. O zaman plevritdən dünyasını dəyişənlərin sayı minlərlə idi. Lakin ya Allahın lütfi, ya da təsadüf nəticəsində Enso sağ qalır.

1918-ci ildə artıq fiziki və mənəvi cəhətdən sınmış 20 yaşlı Enso hərbi işə yararsız kimi ordudan təxris olunur.

Ferrarinin qəzəbi

Qalib dövlətlər içərisində müharibədən məğlub kimi çıxan İtaliyada Mussolininin rəhbərliyi ilə faşist hökuməti hakimiyyətə gəlir. Siyasət Ensonu qətiyyən maraqlandırmırdı. Hər şeyini itirən gənc oğlan indi sağlamlığını bərpa etmək və gələcək həyatını qurmaq barədə düşünürdü.

Alay komandirindən zəmanət məktubu alan Enso onunla birgə İtaliya avtomobil sənayesinin mərkəzi olan Turinə gəlir. O, Onyeli ailəsinə məxsus nəhəng “FİAT” avtomobil zavodunda işə düzəlmək istəyir, lakin onun məktubu şirkət mühəndislərini qətiyyən maraqlandırmır. Tezliklə Enso Turin küçələrinin onun kimi işsiz müharibə veteranı ilə dolu olduğunu görür.

Sonralar tərcümeyi-halında o xatırlayacaq: “Turin şəhər parkının skamyalarında keçirdiyim gecələrdə mən itirdiyim atam, qardaşım, ailəm barədə düşünür və ağlayırdım”.

“Yox” cavabı almağa alışmayan Enso “FİAT”dan və Onyeli ailəsindən qisas alacağına söz verir.

“Alfa Romeo” dəstəyi

Uşaqlıq arzusundan imtina etməyi düşünməyən Ferrari hər şeyə sıfırdan başlayır. Mübarizəni və rəqabəti sevən Enso üçün ilk meydan avtomobil yarışları olur. Avtomobil sənayesinin vəyarışlarının mərkəzi olan Turinin mərkəzindəki restoranda gənc Ferrari bir çox sürücü, o cümlədən texnik Uqo Sevaçi ilə tanış olur. Sevaçivinin köməyi ilə Enso Roma yaxınlığındakı “SM” şirkətində işə düzəlir və ilk yarış avtomobilini- işlənmiş Alfo Remonu burada alır.

1920-ci ildə Enso “Alfo Romeo”nun yarış komandasına dəvət olunur. İki onillik ərzində Enso burada adi sürücüdən “Alfa Racing” idman bölməsinin rəhbəri vəzifəsinə qədər yüksəlir. “Alfo Romeo”da çalışmaqla yanaşı, 1929-cu ildə Enso Ferrari doğma şəhəri Modendə komanda hazırlamaq və avtomobil yarışları təşkil etmək məqsədilə “Scuderia Ferrari” idman cəmiyyətinin əsasını qoyur.

“Mən sizə sürücü verirəm, siz isə mənə maşın” deyən Enso “Alfo Romeo” ilə müqavilə imzalayır və bu işə peşəkarları cəlb edir. Məhz rəqib şirkət “FİAT”dan dəvət olunan Vittorio Yano məşhur “Alfa Romeo P2”ni yaradır.

Ferrari yorulmadan çalışır, bir gün öz avtomobilini özü hazırlayacağına inanır.

İlk “Ferrari”

İkinci Dünya Müharibəsi illərindəki çətinliklərə baxmayaraq Enso 1940-cı ilin yazında Modena yaxınlığındakı Maranello qəsəbəsində öz şirkətini “Auto-Aviа Costruzioni Ferrari”ni və elə həmin ildəcə ilk yarış maşını olan “Tipo-815”i yaradır.

Müharibədən sonra “Alfa Romeo” ilə müqaviləsi bitən Enso nəhayət ki, çoxdan gözlədiyi arzusuna çatır, Ferrari soyadı altında ilk avtomobillər istehsal olunmağa başlayır.

Əvvəlcə yalnız yarış avtomobilləri hazırlayan Ferrari dünya şöhrəti qazanır. Tezliklə brend 4 nəfərlikidman maşınlarını da alıcıların ixtiyarına verir.

Enso Ferrarinin dahiliyi onda idi ki, o, “Ferrari”də 4 əsas cəhəti birləşdirmişdi. Bu cəhətlər - idman avtomobillərinə xas rahatlıq, “Formula1” adrenalini, “Rolls Roys” dəbdəbəsi və əlçatmazlıq idi.

Ferrari heç vaxt kəmiyyət arxasınca qaçmayıb, az sayda və əl yığımı ilə hazırlanan maşınlar hər zaman keyfiyyəti və dizayn üstünlükləri ilə seçilib.

“Ferrari” adı verilən ilk avtomobil modeli, 12 silindirli “Ferrari 125” 1946-cı ildə işıq üzü görüb.

1947-ci ildə artıq Ferrari Turindəki qran-pri yarışlarının liderinə çevrilib. Ensonun sözlərinə görə, o, yenidən şəhər parkındakı həmin skamyada oturur və hönkür-hönkür ağlayır, ancaq bu dəfə sevincdən.

Bir müddət sonra Alberto Əsgəri “Ferrari” avtomobillərində ikiqat dünya çempionu olur, 1956-cı ildə Xuan Manuel Fanxio “Fromula1” yarışlarında bu uğuru təkrarlayır. Bu günə qədər “Ferrari” komandası 10 dəfə “Formula1” çempionatlarında qalib olub.

1999-2004-cü illər ərzində “Ferrari”nin pilotu Mixail Şumaxer 5 il ardıcıl olaraq “Formula1” yarışlarının qalibi olub.

Özü qədər məşhur emblem

1923-cü ildə Enso Ferrari “Circuito di Savio” avtomobil yarışısında əfsanəvi qırıcı təyyarəçi, dünya müharibəsinin qəhrəmanı, milyonlarla italyalının kumiri Françesko Barakanın atası qraf Enriko Baraka ilə tanış olur.

Müharibə dövrünə aid fotolardan da göründüyü kimi, əfasanəvi pilotun təyyarəsinin füzelyajı (gövdəsi) üzərində şahə qalxmış at təsvir olunub. Françeskonun anası Paolina ailə gerbi olan bu at təsvirini Enso Ferrariyə hədiyyə edir ondan bu təsviri əbədiləşdirməsini istəyir və Ferrariyə uğur gətirəcəyinə inandığını bildirir.

O zaman Ferrarinin nə şirkəti, nə də avtomobilləri olmadığından Enso emblemin uğuruna şahid olmaq üçün illərlə gözləməli olur. On illər sonra sarı fonda şahə qalxan at emblemi sürətin, mühərrikin nəriltisi, əyləcin qıcırtısı, dəbdəbə və rahatlığın simvoluna çevrilir.

Emblemdəki digər rənglər, yuxarıdakı üç zolaq İtaliya bayrağının, fondakı sarı rəng isə doğma Modena şəhərinin bayrağının bir hissəsinin rəngidir.

Məşhuru məşhur edənlər

Ötən ilin okyabrında Amerikanın avtomobil bazarında yeni satış rekordu qeydə alınıb. 1962-ci il istehsalı olan “Ferrari 250 GTO” modeli adının açıqlanmasını istəməyən alıcıya 52 milyon dollar müqabilində satılıb.

“Ferrari”nin köhnə modelləri ilə yanaşı, yeni istehsal olunan idman avtomobilləri də kifayət qədər bahadır, qiymətlər 150-350 min ABŞ dolları civarında dəyişir. Şirkət bu gün də Enso Ferrarinin “Ferrari hamı üçün deyil” şüarına sadiq qalır.

Şirkət avtomobil salonunda maşın seçən alıcı kimi özü-özünə müştəri seçir. Müştərilər arasında tanınmış şəxslər də az deyil. Roberto Rosselini, Marçello Masteoyanni, Monika Vitti, İnqrid Berqman, Fransuaza Saqan kimi məşhurlar, İran şahənşahı Məhəmməd Rza Pəhləvi, Belçika kralı III Leopold, Hollandiya şahzadəsi Bernard kimi taxt-tac sahibləri də var.

“Ferrari” qatildir?

Avtomobil yarışlarında “Ferrari” qədər pilot itkisi verən ikinci bir şirkət tapmaq çətindir. Kütləvi informasiya vasitələri Enso Ferrarini öz övladlarını yeyən Saturna bənzədir, şirkətə isə “əjdaha” ləqəbini verirlər.

Ensoya və şirkətinə qarşı dəfələrlə “bilməyərəkdən adam öldürmək ittihamı” ilə cinayət işi açılıb. İtaliyada böyük nüfuz sahibi olan katolik kilsəsi birbaşa Ensonu onlarla insanın ölümündə ittiham edib. Hökumət ciddi şəkildə “Formula1” yarışlarını qadağan etmək barədə düşünüb. Bütün bu çətinliklərə baxmayaraq Enso Ferrari hər dəfə hökumətə və siyasi dairələrə yaxınlığı sayəsində xilas olmağa müvəffəq olub.

Enso Ferrari 1988-ci il avqustun 14-də 90 yaşında vəfat edir. Şirkət işlərinə Ferrarinin ikinci nikahdan olan oğlu Pyer rəhbərlik etməyə başlayır. Enso hələ sağlığında “Ferrari” səhmlərinin 40 faizini, ölümündən sonra isə 50 faizini “FİAT”a satmaq barədə razılığa gəlir və oğluna şirkətin yalnız 10 faizini saxlayır.

Hazırda “FİAT” şirkəti dünya şöhrətli brendin tamhüquqlu sahibi hesab olunur. Ancaq bu avtomobil nəhəngi demək olar ki, şirkətin daxili işlərinə qarışmır. Şirkətin rəhbəri Luka Di Montezemolodur. Baş ofisi və zavodu Ferrarinin doğma şəhəri Maranelloda yerləşən şirkət gündə 17 avtomobil istehsal edir, “kəmiyyət deyil, keyfiyyət” şüarı ilə çalışır.

Yarış və idman avtomobilləri istehsal edən, 3 mindən çox əməkdaşı olan“Ferrari"nin illik gəliri 2 milyard avroya yaxındır.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm