Zəngin ailənin zövqsüz qızı dəbin kitabını yazdı - FOTOLAR
Bizi izləyin

Layihə

Zəngin ailənin zövqsüz qızı dəbin kitabını yazdı - FOTOLAR

Hazırda dünya ulduzları arasında öz brendini yaratmaq dəbdədir. Təəssüf ki, onların heç də hamısı uğurlu alınmır. Lakin Viktoriya Bekhemin moda evi dinamik inkişaf edən brendlərdən biri olmaqla yanaşı, yüksək statusa malikdir.

“Victoria Beckham” moda evi nəinki dayamadan inkişaf edir, həm də uzun tarixi olan əfsanəvi moda evləri ilə rəqabətə daxil olur.

Bir sözlə, Viktoriya Bekhem Nyu-Yorkda Moda Həftəsinin iştirakçısı olmaqla bərabər, ən nüfuzlu “Vogue” dəb jurnalının redaktoru Anna Vinturun dəstəyi ilə öyünə bilər.

Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə “Victoria Beckham” moda evinin yaranma və inkişaf tarixi haqqında bəhs etmişik.

Müğənnilikdən modelyerliyə gedən yol

Viktoriya Bekhemin müsbət keyfiyyətlərini saymaqla bitməz. Məqsədyönlü və istedadlı insan, gözəl həyat yoldaşı və 4 uşaq anası… Gözəlliyi dillərə dastan olmasa da, uğurlu karyerası və xoşbəxt ailəsi olduğu üçün bütün qadınlar Viktoriya Bekhemə həsəd aparır.

Viktoriya Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə imkanlı ailədə anadan olub. Məktəbi bitirdikdən sonra Viki teatr və balet məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb.

Viktoriyanın gənclik xəyallarını tanınmış model və aktrisa olmaq arzuları bəzəyirdi. Gələcəyin parlaq ulduzu xüsusi istedadı ilə fərqlənməsə də, müəllimləri onun zəhmətsevərliyini yüksək qiymətləndirirdi. Məhz əzmkarlığı ona bu yolda uğur qazanmasına kömək edib.

Viki oxuduğu illərdə rəqslə məşğul olub. Daha sonra model kimi də fəaliyyət göstərib. Təsadüfən qəzetdə oxuduğu elan bütün həyatını dəyişib. Belə ki, yeni qrup üçün oxumağı, rəqs etməyi bacaran 5 qız tələb olunurdu. Söhbət əfsanəvi “Spice girls” qrupundan gedir.

Viktoriya seçim turlarından keçərək bu qrupa üzv olur. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxıb və Viki ulduzluq yoluna da müğənni kimi başlayıb...

Çılğın ulduzun dəlisov imici

Viktoriya Bekhem mükəmməl ifaçı olmasa da, xarici görkəmi, səhnə kostyumları, üslubu və çıxışları tamaşaçıları heyrətləndirə bilirdi. Özünəməxsus üslubu ilə seçilən ulduz ancaq bahalı brendlərin paltarlarını geyinirdi. Lakin dəb ilahəsi statusunu qazanana qədər xeyli dəb xətalarına yol verib. Maraqlıdır, bu gün Viki dəbi diktə edənlərdən biri sayılsa da, gənclik illərində dəb tənqidçilərinin əsas hədəfi idi.

2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara alır. Viktoriya solo albom buraxsa da, heç biri xüsusi uğur əldə bilmir.

Bir neçə uğursuz cəhdlərdən sonra Viktoriya Bekhem vokal karyerasına son qoyur. Musiqi karyerasının bitdiyini dərk etsə də, Viki yaratmaq eşqi ilə alışıb-yanırdı.

Aristokrat xanım

Özünəməxsus stili olan ulduz moda dünyasına qoşulmağa qərar verir. Keçmiş fəaliyyəti ilə birdəfəlik vidalaşıb, saçlarını qısa kəsdirərək əsaslı dəyişiklik edir.

Məsələn, bob saç modelini dəbə Viki gətirib. O, təmtəraqlı səhnə geyimlərindən imtina edir və birrəngli, ciddi və sadə kostyumlara üstünlük verməyə başlayır.

Bu gün Viktoriya minimalizm qaydalarından kənara çıxmır. Sadə və eleqant, yığcam və qəşəng geyimlər seçir.

Viktoriya Bekhem analıq və uğurlu biznesi bir-biri ilə uyğunlaşdırmağın mümkün olduğunu bütün dünyaya sübut etdi. O, hətta Keyt Middltondan sonra Böyük Britaniyanın ən nüfuzlu qadınları siyahısında ikinci yerdə dayanır. İndi onun üslubu daha yığcam və intellektual olub. O, uzun ətəkləri və bluzkalarını əsl aristokrat kimi daşıyır.

Cins sevgisi onu dünyanın ən tanınmış modelyerinə çevirdi

Viktoriya dizaynerliyə məhz denimlə başlayıb. O, ilk dəfə 2007-cı ildə “Rock & Republic” cinslərini buraxıb. Bu, onun cins parçadan olan əşyaları nə qədər sevdiyinin göstəricisidir. İstər gündəlik həyatda, istərsə də, görüşlərdə dizayneri cins şalvarda görmək olar.

2007-ci ilin sonlarında Viktoriya Bekhem eynək kolleksiyasını çıxarır. Bu eynəklər hətta ən adi donu da təkrarolunmaz göstərir.

Dizayner kimi Vikinin ilk debütu çox uğurlu alınmışdı. Bundan sonra o, öz brendini yaratmağa qərar verir. Bunun üçün o, bütün mövcud əlaqələrindən və tanışlıqlarından istifadə etmişdi. 2008-ci ildən başlayaraq Viktoriya yüksək moda həftələrində iştirak etmək hüququ qazanır. Yeri gəlmişkən, qeyd edək ki, 2009-2010-cu ildə Nyu-York moda həftəsində Viktoriya Bekhemin kolleksiyası ən yaxşı nümayişlər arasına daxil olmuşdu. Əminliklə demək olar ki, kolleksiyanın əsasında maksimum sadə siluetli geyimlər dayanır.

O, hətta dəb tənqidçilərinin də müsbət rəylərini qazana bilmişdi. Heç ağlına belə gəlməzdi ki, cəmi bir neçə il sonra onun geyimləri dünyanın ən nüfuzlu butiklərində satışa çıxarılacaq, üstəlik, birinci xanımların qarderobuna da yol tapacaq. Viktoriyanın öz imzasını daşıyan çanta, ətir və ləl-cəvahirat xətti də fəaliyyət göstərir.

“Dəbin İncili”

Viktoriya Bekhemin uğurunun sirri çox sadədir. O, hər kolleksiyasını böyük həvəslə hazırlayır. Ulduzun özü də moda dünyasından inanılmaz zövq aldığını tez-tez dilə gətirir, qızlara dəb məsləhətlərini verməkdən yorulmur. Məsələn, o hesab edir ki, istənilən obraza ağ rənglər əlavə etmək olar. Pulları isə hər zaman aktual olan klassik və bahalı aksessuarlara xərcləmək lazımdır. O, hətta bu barədə kitab da yazıb. Tənqidçilər bu kitabı “Dəbin İncili” adlandırmışdı.

Xatırladaq ki, əsasən, qara rəngli paltarlara üstünlük verdiyinə görə, Viki tez-tez tənqidlərə məruz qalır. Bəziləri Viktoriyanın çox arıq olduğu üçün qara paltarların onun əynində gülünc göründüyünü hesab edir.

Ulduz müsahibələrinin birində etiraf edib ki, dəblə ayaqlaşıb zövqlü görünməyə nail olmaq üçün dəbin yeni istiqamətlərindən xəbərdar olmalısan: “Əks halda, dünyanın ən bahalı brendinə xərclədiyiniz pullar hədər gedəcək. Əsas məsələ stildədir. Stil heç vaxt dəbdən düşmür. Mən heç bir zaman stilist xidmətlərindən istifadə etməmişəm. Niyə mənə maraqlı olanları kənar adamın öhdəsinə buraxmalıyam? Nə geyinəcəyimə özüm qərar verirəm, 14 yaşımdan etibarən belə olub. Mənim ilk köməkçim anam olub. Heç vaxt gözəlliklərinizi eyni anda nümayiş etdirmə. Gizli və sirli bir şey saxlayın. Məsələn, ayaqların görünürsə, sinəni də göstərmək məcburiyyətində deyilsən. Uzun ətək və ya şalvar geyinmisənsə, zərif çiyinlərini açıq qoya bilərsən. Ətəyin qısalığı elə olmalıdır ki, maşından düşən kimi alt paltarını çəkməyə tələsməsinlər” - deyə bildirib.

Onu da qeyd edək ki, Devid Bekhem həyat yoldaşının səyləri sayəsində dünyanın ən yaraşıqlı və zövqlü kişisi statusuna layiq görülüb. Viktoriya özü də çox yaxşı anlayır ki, ərinin üzərində böyük təsirə malikdir. Bu xoşbəxt nikahdan cütlüyün Bruklin, Romeo, Kruz adlarında 3 oğul və Harper adlı bir qız övladları dünyaya gəlib. Ulduzun qızı da anası qədər məşhurdur.

Viktoriya qatıldığı bütün tədbirlərə və müxtəlif mərasimlərə Harperi də özü ilə birlikdə aparır. Onu şirin gəlincik kimi geyindirib-keçindirir.

41 yaşlı britaniyalı dizayner Viktoriya Bekhem gələn il debüt makiyaj kolleksiyasını buraxmağı planlaşdırır. Dizaynerin ilk kosmetika kolleksiyasına hansı məhsulların daxil olacağı haqqında hələlik heç bir məlumat yoxdur. Ancaq güman edilir ki, burada mütləq Viktoriyanın sevimli gözəllik vasitələrindən olan bronzer, açıq rəngli dodaq boyaları yer alacaq.

Viktoriya Bekhem moda dünyasında hökm sürən böyük rəqabətə baxmayaraq, artıq Britaniya Moda Şurasının bir neçə mükafatına layiq görülüb. Bu yaxınlarda “Victoria Beckham” dəb dünyasında qısa müddətdə əldə etdiyi nailiyyətlərə görə, ilin ən yaxşı lüks brendi adlandırılıb. Bu kateqoriyada xanım Bekhem “Alexander Mcqueen”, “Bentley”, “Burberry” və “Roksanda” kimi nəhəngləri geridə qoya bilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm