Əfsanəvi aktrisa bu dizaynerin paltarında torpağa tapşırıldı - FOTOLAR
Bizi izləyin

Layihə

Əfsanəvi aktrisa bu dizaynerin paltarında torpağa tapşırıldı - FOTOLAR

Nəinki modelyer, sadə bir moda həvəskarının da siyasətə maraq göstərdiyinin şahidi ola bilməzsiniz. Lakin siyasətdən tutmuş xidmət sahələrinə qədər hər işdə çalışanlar arasında dəblə maraqlanana və geyinənə rast gələ bilərsiniz. Məsələn, İtaliyada faşist rejiminin qatı müdafiəçisi kimi tanınan Emilio Puççi tarixdə qadınların sevimli dizayneri kimi qalıb. O, ixtisasca siyasətçi olsa da, modanı hər şeydən üstün tutub.

Publika.az-ın “Brendlərin tarixi” layihəsinin bu həftəki sayında “Emilio Pucci” moda evinin yaranma tarixi və inkişaf yolundan bəhs edəcəyik.

“Emilio Pucci” qadınlar üçün lüks geyim və aksessuarlar, həmçinin, kişilər üçün köynək və qalstuk istehsalı ilə məşğul olan lüks italyan brendidir. Markanın əsas orijinallığı rəngarəng naxışları və təsvirləridir. “Emilio Pucci” brendi yaranandan bəri orijinal printlər onun vizit kartı sayılır.

Uşaqlığı və tərcümeyi-halı

Moda evinin yaradıcısı Markiz Emilio Puççi di Barsento 1914-ci ildə İtaliyanın Neapol şəhərində anadan olub. Məşhur dizaynerin əcdadları neçə əsrlər boyu Florensiyanın hökmdarları olub, onun adına əlavə olunmuş markiz xitabı da oradan qaynaqlanır. Puççi Milan Universitetində, sonra isə ABŞ-ın bir neçə universitetində təhsil alıb. Amerikada təhsilini başa vurduqdan sonra Emilio yenidən İtaliyaya qayıdıb və Bolonya universitetinə qəbul olunub. Bolonya universitetini o, politologiya elmlər doktoru dərəcəsi ilə bitirib.

Siyasi fəaliyyəti

İkinci dünya müharibəsində Emilio Puççi hərbi təyyarəçi kimi fəaliyyət göstərib. Müharibədə göstərdiyi şücaətlərinə görə kapitan rütbəsinə qədər yüksəlib. Hətta müharibə zamanı o, Benito Mussolininin (İtaliya faşist partiyasının başçısı, diktator, 1922-1943-cü illərdə İtaliyaya rəhbərlik edib) böyük qızı Eddanın vəkili olub. Puççi Eddanın ərinin xilas planında da böyük rol oynayıb.

Emilio Pucci 1963 və 1968-ci illərdə millət vəkili seçilib.

Moda dünyasındakı uğurunu idmana borcludur

Emilio Puççi moda dünyasındakı uğurunu idmana borcludur. Məsələ ondadır ki, gənc yaşlarından Emilio xizək sürüb, hətta bir neçə il İtaliya milli yığmasının tərkibində yarışaraq Olimpiya qalibi də olub. Puççinin xizək idman növünə sevgisi o qədər böyük olub ki, xüsusi olaraq xizək geyim kolleksiyası hazırlayıb. Məhz bu həvəsi Puççiyə böyük uğur və şöhrət gətirib.

1934-ci ildə Emilionun “Harpers Bazaar”-ın baş redaktoru Diana Vrilandla tanışlığı dizaynerin tanınması baxımından əhəmiyyətli addım olub. Belə ki, Puççinin xizək oyunları üçün hazırladığı geyimlər Diananın çox xoşuna gəlib. Diana onların şəkillərini çəkib jurnalda yerləşdirib. Puççinin nəfis dizaynları hay-küyə səbəb olub. Nəticədə, Amerika istehsalçılarından bir neçə əməkdaşlıq təklifi almışdı. Bu təklif Emilionun həyatında ciddi dönüş olub. İlk uğurlarını qazanan Emilio Puççi başa düşüb ki, moda sənayesi ona siyasətdən daha çox uğur gətirir. Bu səbəb istedadlı dizayneri hərbi hava qüvvələrini tərk edərək yeni kolleksiyalar üzərində işləməyə vadar edib.

İlk kolleksiya

Şəxsi atelyesi olmadığı üçün gənc dizayner ilk kolleksiyasını Florensiyada qədim ailə qəsrində hazırlayıb. 1947-cı ildə buraxdığı həmin kolleksiyasını gənc dizayner öz imzası altında buraxmışdı. Bu imza kübar ailə qürurunu təhqir etməmək üçün labüd idi. Bu sahədə təcrübəsiz olsa da, Puççinin rahatlığı ilə seçilən kolleksiyası böyük auditoriya toplayıb. Bu kolleksiyadakı sərbəst fasonlar bədənin təbii gözəlliyini vurğulamağa, qadınlara istənilən vaxt, istənilən yerdə özünü rahat hiss etməyə imkan verib. Özündə şıqlığı və praktikliyi birləşdirən kolleksiya həm gündəlik, həm də axşam geyimlərindən ibarət olub. Puççi digər həmkarlarından fərqli olaraq qadınlara azadlıq və sərbəstlik verib. Çünki italyan ustanın qadınlara dar siluetlərlə əzab vermək niyyəti yox idi... Onlar dünyanı dərk etmək istəyən özünəinamlı və aktiv qadınlar üçün yaradılıb.

Cəmi iki ildən sonra Puççi Kapri adasında ilk butikini açıb. Eyni adlı şalvar modeli də bu ada ilə bağlıdır. Bir neçə il sonra dizaynerin Roma və başqa şəhərlərdə butikləri fəaliyyətə başlayıb.

Moda evinin xüsusi üslubu

Puççi ilk illərdə təkcə birrəngli parçalarla çalışıb. Ancaq birrəngli parçalarla dəbdə uzun müddət qala bilməyəcəyini başa düşən kimi qeydi-adi printlərə müraciət edib. Bu seçimi onun ikinci dünya müharibəsi dövründə hərbi təyyarəçi kimi xidmət etməsi ilə də əlaqələndirilir. Deyilənlərə görə, yerin səmadan görünüşü, xüsusən də, dəniz və adaların düzülüşü gənc və istedadlı dizaynerin ilham mənbəyi olub. Onların sayəsində fantastik naxışlar hələ yarım əsr əvvəl bütün dünyada məşhurlaşıb və brendin rəmzi kimi hələ də qalır.

Yeni tendensiya bütün fashion-sənayesini əhatə edib. Təbii ki, dizaynerin orijinal üslubu digərlərindən dərhal seçilib. Odur ki, 50-ci illər Emilio Puççini dəb dünyasında məşhurlaşdıran printlərin yaradılması ilə əlamətdar olub. Puççi kolleksiyadakı bütün geyimlərini, hətta aksessuarları da qeyri-adi printlərə qərq edib. Mücərrəd printləri və Afrika ornamentlərini ənənəvi Florensiya zolaqları və naxışları müşayiət edib. Orijinal naxışları ilə Emilio Puççi yalnız İtaliyada deyil, dünyanın bütün ölkələrində modapərəst qızların ürəyini fəth edib. Bu nailiyyətinə görə, o, “Print şahzadə” titulu ilə təltif edilib.

Elə həmin il dizayner ilk dəfə olaraq elastikliyi ilə seçilən streç kimi asan materialdan istifadə etməyə qərar verib. Bundan başqa, həm səyahət, həm də gecə tədbirləri üçün ideal sayılan trikotaj donların, eləcə də, enlibalaq şalvarların da ixtirası Emilio Puççinin adı ilə bağlıdır. Bu paltarlar indi də müasir qadın qarderobunun əvəzolunmaz elementidir.

Merilin Monro onun hazırladığı libasda torpağa tapşırılıb...

İtalyan moda evi Merilin Monro və Sofi Loren kimi ulduzların da diqqətini çəkib. 60-cı illərdə bu moda evinin dünyada tanınmasında italyan aktrisalarının müstəsna rolu olub. Hətta Merilin Monro1962-ci ildə Meksikada “Emilio Pucci” –dən olan ən çox sevdiyi açıq yaşıl paltarda torpağa verilib. Merilin Monronun “Emilio Pucci” imzalı paltarda dəfn olunması dizaynerin şöhrətini daha da artırıb.

O da qəribə idi ki, “Emilio Pucci” –nin məhsulları müxtəlif qiymətlərə satılırdı. Moda evinin mağazalarında həm ucuz, həm də bahalı paltarlar olub. Bununla da müxtəlif təbəqənin qadınları özünü dünya şöhrətli dizaynerin işləri ilə sevindirmək şansı qazanıb. Bütün bunlardan əlavə, aya ilk dəfə çıxan astronavtlar da Emilio Puççinin özünün hazırladığı kostyumu geyinib.

Beləliklə, moda evi beynəlxalq aləmdə sürətlə populyarlaşaraq moda sənayesində öz layiqli yerini tutub. 1956-ci ildən isə dizayner moda evini rəsmi qeydiyyata alaraq moda həftələrində iştirak etmək hüququ qazanıb. İndi brendin imzası dünyanın hər yerində tanınır və hər xanıma individuallığını vurğulamağa imkan verir.

Emilio Puççidən sonra

1992-ci ildə Emilio Puççinin vəfatı ilə brendin rəhbərliyi qızı Laudomiya Puççiyə keçib. Moda evini idarə etməkdə qardaşı Alessandro da ona kömək edib. Ancaq varislər dəb imperiyasını idarə etməkdə çətinlik çəkib. Qısa müddətdə moda evinin illik gəliri azalıb. Ona görə də, “Emilio Pucci” brendinin səhmlərinin böyük hissəsini “LVMH” fransız korporasiyası alıb. 2000-ci ildə həyata keçirilən həmin alqı-satqıda sonra şirkətin 67 faizi fransız istehsalçılarına keçib. Lakin “Emilio Pucci” öz qanuni maraqlarını qoruyub.

Hazırda “Emilio Pucci” brendinin bir neçə geyim xətti var. Məhsulların çeşidləri isə kifayət qədər çoxdur. Buraya axşam paltarları, gündəlik geyimlər, ayaqqabılar, aksessuarlar, çimərlik geyimləri və qadın qarderobuna aid olan digər vacib əşyalar daxildir.

Brendin kreativ direktoru vəzifəsində çalışan məşhur fransız modelyeri Kristian Lakrua, britaniyalı dizayner Uillyamson Metyu, norveçli Piter Dundas biri-birini maraqlı işləri ilə əvəz ediblər. Lakin Piter Dundasın dövründə 60-dan çox yaşı olan tarixi və əfsanəvi moda evi – “Emilio Pucci” özünün ikinci həyatını yaşayıb. Belə ki, marka dünya ulduzlarının diqqətini məhz bu dövrdə çəkib. Bu da dizaynerin düzgün seçilmiş strategiyasına əsaslanıb. Məsələn, Piter Dundas “Emilio Pucci” brendinin yaradıcısının qoyduğu ənənəni davam etdirərək, səyahətlər mövzusuna həsr olunan yaylıq kolleksiyası buraxıb.

Növbəti kreativ direktor Massimo Corcettidir.

Ümumiyyətlə, moda evi bütün tarixi ərzində orijinallığını itirməməyə çalışıb. Baş ofisi Florensiyada yerləşsə də, moda evinin Honkonqda, Şimali Amerikada, Yaponiyada da ofisləri var.

Məşhur müştərilər

Emilio Puççinin yaşadığı illərdə jurnalistlər onu “Krallığın modelyeri” kimi qələmə veriblər. Bir çox nüfuzlu qadınlar onun paltarlarını geyinib: Jaklin Kennedi Onasis, Merilin Monro, Elizabet Teylor, Sofi Loren, Cina Lollobricida, Loren Bekoll və.s

Bu gün Naomi Kempbell, Niki Hilton, Madonna, Bruk Şilds, Cennifer Lopes, Cennifer Eniston, Culiya Roberts italyan moda evindən geyinib və indi də geyinirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm