• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Cibindən sevgi məktubu tapdım...“ - Bir cinayətin tarixçəsi

“Cibindən sevgi məktubu tapdım...“ - Bir cinayətin tarixçəsi

1972-cı ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olmuş Eqamberdiyev qətl hadisəsi törədənə kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayıb.


İstintaq materiallarına görə, Sultanjon Eqamberdiyev qeyri-rəsmi nikahda olduğu Samirə Mikayılovanın xalatının cibindən sevgi məktubu tapıb. Bundan sonra aralarında dəfələrlə mübahisə və dava-dalaş düşüb. Növbəti dəfə 17 iyul 2011-ci ildə yenidən ər-arvad məktub davasına çıxıb. Samirə ərindən məktubu ya qaytarmasını, ya da yandırmasını tələb edib. Sultanjon arvadının dedikləri ilə razılaşmadıqda, qadın ondan ayrılmaq istədiyini, bundan sonra kiminlə istəsə görüşəcəyini bildirib.

Qısqanclıqdan ağlı başından çıxmış ər qeyri-rəsmi nikahda olduğu arvadından intiqam almaq qərarına gəlir. Masanın üzərindəki mətbəx bıçağını qapıb Samirə Mikayılovanın qarın və döş qəfəsindən 2 zərbə vuraraq ona ağır bədən xəsarəti yetirir. Çoxlu qanitirmə nəticəsində Samirə Mikayılova dünyasını dəyişir.

"Arvadımın maşından düşdüyünü gözlərimlə gördüm"

Sultanjon Eqamberdiyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 1993-cü ildən Samirə Mikayılova ilə ər-arvad kimi yaşadığını, lakin rəsmi nikahları olmadığını göstərib: "Birgə yaşadığımız dövrdə 3 uşağımız olub. Mən şəxsi evlərdə usta işləyirdim. 2011-ci ilin mart-aprel aylarından Samirə ilə aramızda maddi çətinlik üzündən tez-tez mübahisəmiz düşürdü. Təxminən 2011-ci ilin mayında axşam vaxtı Samirəni qarşılamaq üçün evdən küçəyə çıxanda bir avtomobilin küçəyə dönərək dayanıb işıqlarını söndürdüyünü gördüm. 15-20 dəqiqədən sonra avtomobil yerindən tərpənib bizim evin qabağında qaranlıq bir yerdə dayandı. Təxminən 15 dəqiqə sonra həmin maşından Samirə düşdü.


"Arvadımdan şübhələnməyə başlamışdım"


Evdə Samirədən maşının sürücüsünün kim olduğunu soruşdum. Dedi ki, maşını sürən müdiri Rəşaddır, gec olduğuna görə onu özü evə gətirib. Bundan sonra arvadımdan şübhələnməyə başladım. Ondan dəfələrlə işdən çıxmağını tələb etmişdim. Hətta bu barədə Samirənin bizimlə qonşuluqda yaşayan qardaşı Habilə və valideynlərinə də danışmışdım.

Nəhayət, bir gün evdə Samirənin paltarının cibindən müdiri Rəşada yazılmış sevgi məktubu tapdım. Məktubda Samirə Rəşada onu necə sevdiyini, ürəyinin ancaq ona aid olduğunu, ondan uşaq istədiyi yazmışdı. Samirə ilə danışanda o, mənə "səni qısqandırmaq üçün yazmışam, Rəşadla aramızda heç bir şey olmayıb, o kağız boş bir şeydir" dedi.

Samirə məktubu yandırmağım üçün mənə yalvar-yaxar etməyə başladı. Dedim ki, əgər Rəşadla əlaqəni birdəfəlik kəssə, ailəsinə bağlı qalsa, heç kimə bir söz deməyəcəyəm, hər şeyi yaddan çıxardacağam. Samirə də hər şeyi unudacağını, lakin məktubu tez bir zamanda yandırmağımı istədi. Məktubu yandırmayıb saxlayacağımı bildirdim.

"Ürəyim kiminlə istəyirsə, onunla da gəzəcəm"

17 iyul 2011-ci ildə saat 9 radələrində evdə arvadım Samirə və böyük qızım Şəhla ilə səhər yeməyi yeyərkən işə getmək üçün yolpulum olmadığını dedim. Samirə qışqırmağa başladı, özünün iş tapıb işləyəcəyini, uşaqlara baxacağını dedi, məndənsə evdən çıxıb getməyimi tələb etdi.

Həmin vaxt qızım Şəhla qonşu otaqda idi. Otağın qapısını bağladım ki, qızım heç nə eşitməsin. Samirəyə: "Özünə iş axtarma!" dedim. O, yenə hay-küy saldı, ürəyi kiminlə istəyirsə, onunla da gəzəcəyini dedi.

Bu sözlərə dözə bilməyib bərk əsəbiləşdim. Masanın üstündəki mətbəx bıçağını əlimə götürdüm, divanda oturmuş Samirənin saçlarından yapışdım... Onu sinəsindən bıçaqla vurdum. Səsə qızım Şəhla gəldi, anasının sinəsinə sancılmış bıçağı gördü və dartıb çıxartdı".

"Qızımın hansı səbəbdən öldürülməsini bilmirəm"

Samirənin zərərçəkmiş şəxs qismində dindirilən atası Maqsud Mikayılov: "Əslən Zəngilan rayonundanıq. Məcburi köçkün kimi Mehdiabadda məskunlaşmışıq. Sultanjon Eqamberdiyev qızım Samirə ilə qeyri-rəsmi nikahda olub. Səhər-səhər oğlum Habillə qəsəbədə o biri oğlum üçün aldığımız torpaq sahəsinə işləmək üçün getmişdik.

Evdən çıxandan 15-20 dəqiqə sonra Habilə zəng gəldi, Sultanjonun Samirəni bıçaqla vurduğunu dedilər. Əvvəl düşündüm ki, yüngül xəsarətdir. Ona görə də Habil evə tək qayıtdı ki, Samirəni xəstəxanaya aparsınlar. Amma Habil evdən zəng edərək Sultanjonun Samirəni bıçaqla vurub öldürdüyünü dedi. Sultanjonun qızımı hansı səbəbdən öldürməsini bilmirəm".

"Bıçağı çıxardıb yerə tulladım"

Şahid qismində dindirilən Şəhla Eqamberdiyeva ifadəsində hadisə baş verən gün səhər yeməyi hazırladığını göstərib: "Mətbəxdə səhər yeməyi hazırlayırdım. Atamla anam evdə idilər. Bacım Nisə mağazaya getmişdi, Gülnisə isə nənəmgildə qalmışdı. Nənəmgil bizə bitişik evdə yaşayırdılar. Atam işə getməli, əvvəlki işlərinə görə gecikmiş maaşını almalı idi. Yol pulu olmadığına görə məndən 1-2 manat pulum olub-olmadığını soruşdu. Ona pulum olmadığını dedim və yataq otağına keçdim. Həmin vaxt atamla anam nəsə sakit səslə danışırdılar. Yalnız anamın "məktubu qaytar, yandırım məktubu" sözlərini eşidirdim.

Yataq otağına keçən kimi atam otağın qapısını bağladı. 1-2 dəqiqə sonra anamın qışqırıq səsini eşidib mətbəxə qaçdım. Qapını açanda anamın sinəsinə mətbəxdə işlətdiyimiz bıçağın sancıldığını gördüm. Tez anamın sinəsindəki bıçağı çıxardıb yerə atdım və nənəgilə qaçdım...

"Anam məktubu atamın götürdüyünü başa düşdü"

Hadisədən bir neçə gün qabaq evdə anamın məktub yazdığını görəndə onunla maraqlandım. Anam əli ilə məktubun üstünü tutub mənə əhəmiyyətli bir şey olmadığını dedi. O biri otağa keçib televizora baxdım. Bu zaman anam məktubu yazıb bitirdi, mən olan otağa keçib, döşəyin arasında gizlətdi. Sonra evdən çıxıb anasıgilə getdi. Məktubu götürüb oxudum. Məktub "Salam Rəşka" sözü ilə başlayırdı. Bərk əsəbiləşdim, halım dəyişdi. Anam evə gələrkən mənim əsəbi görüb nə baş verdiyini soruşdu. Anamdan: "Bu nə məktubdur, kimə yazmısan" deyə soruşduqda acıqlandı, məktubu yandıracağını dedi. İki gündən sonra anam məndən xalatın cibindən həmin məktubu götürüb-götürmədiyimi soruşdu. Mən də ona məktubu görmədiyimi dedim. Anam məktubu atamın götürdüyünü başa düşdü.

Atam axşam işdən gələndə anamla bu barədə danışmağa başladılar. Həyətdə oturduğum üçün onların nə danışdığını eşitməmişəm. Anam çıxıb mənə: "Gəl atana denən həmin məktub kimindir" dedi. Mən də atama yalandan məktubu salonda işləyən bir qızın yazdığını və Samirəyə saxlamaq üçün verdiyini bildirdim. Atama bu cür deməyimi anam məndən xahiş etmişdi. Ancaq atam inanmadı".

"Bizim aramızda heç bir münasibət olmayıb"

Şahid qismində dindirilən Rəşad İmanov ifadəsində Samirə Mikayılovanın 2011-ci ilin may ayında onlara məxsus olan un məmulatları bişirilən sexə gələrək maddi imkansızlıqdan şikayət edib iş axtardığını söylədiyini göstərib: "Qardaşım Fərhad Samirəni işə götürdü. Samirə 15-16 gün işlədikdən sonra əri onun işləməsini istəmədiyi üçün işdən çıxartdı. 17 iyul 2011-ci ildə isə əmim oğlu mənə keçmiş işçimiz Samirənin əri tərəfindən bıçaqlanaraq öldürüldüyünü xəbər verdi. Samirənin nə səbəbə görə öldürülməsini bilmirəm. O, bizim sexdə işlədiyi müddətdə 3 dəfə maşınla evlərinə aparmışam. Lakin biz heç vaxt tək olmamışıq. Samirə ilə mənim aramda heç bir münasibət olmayıb. Mənim adıma yazılmış məktub barədə də məlumatım yoxdur.

Tanımadığım mobil telefon nömrəsindən Samirə Mikayılova mənim mobil telefonuma zəng edib dedi: "Ərim məndən səninlə hər hansı əlaqəmin olub-olmadığını soruşub. Mən də demişəm ki, heç bir əlaqəm yoxdur. Ərim mənə and içdirib, mən də and içmişəm. Əgər sənin yanına gəlib mənimlə hər-hansı əlaqənin olub-olmadığını soruşub and içməyini istəsə, ərim deyəni elə, biabırçılıq olmasın" . Ondan soruşdum ki, nə məsələdir, nə üçün mənim adım ortada hallanır? Samirə dedi ki, özü də bilmir. Dedim ki, problem yoxdur, qoy gəlsin, söhbət edərik. Lakin Samirənin əri mənim yanıma gəlmədi".

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Eqamberdiyev Sultanjon Jumabayeviç 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR