Oğrudan doğru
İlk “qanuni oğru” necə “ŞAH” oldu?
1923-cü il mayın 20-də “Rassvet”in verdiyi məlumata görə, Berlinin “Manfred” nəşriyyatında Marqulesin “Atəşli illər” kitabı çap olunub. Kitab gündəlik kimi yazılıb və 1919-cu illərdə Odessada baş verənlərdən tutmuş fransızların müdaxiləsi, eyni zamanda Könüllü ordu tərəfindən şəhərin tutulmasından bəhs edir.
Marqulesin gündəliyi demək olar ki, müəllifin ö dövrlərdə topladığı qəzet kağızlarından, həmçinin çap etdirdiyi bəzi yazı və sənədlərdən ibarətdir. “Rassvet” qəzetində çap olunan Marqulesin kitabının ilk hissəsi “Yəhudiləri Odessada niyə öldürürdülər” adlanırdı. 1923-cü ilin iyulunda qəzet hissələrindən ibarət oğru dünyasının şahı və qırmızı komandıri, məşhur Mişka Yaponçikin adı ilə bağlı kitabın ikinci hissəsi nəşr olundu.
Toplanmış sənədlər və onlara müəllif tərəfindən olunan qeydləri oxuyanda Yaponçikin həyatda olduğu müddətdə canlı əfsanə kimi tanındığını aydın görə bilərik. Kitabın ən maraqlı hissəsi isə Mişka Yaponçikə aid sənədlərdir. Yazar kitabında Mişkanın özünün yəhudi millətinin qoruyucusu olduğunu elan etməsindən, yəhudi döyüş ittifaqının yaradılması təklifindən və adi oğrudan əzəmətli qəhrəmana çevrilməsindən yazıb.
28 may: Marqules öz gündəliyində yazır:
OÇK katibliyində Mixail adında bir yoldaş var. Bundan başqa, Odessada “Mişka Yaponçik” adında quldurlara başçılıq edən cani var. Odessalılar niyəsə bu iki Mixaili bir adam hesab edir.
Fövqəladə komissiya indiyə kimi bu məlumatı inkar edir.
Bu haldan qəzəblənən hakimiyyət, yəni OÇK qəzetlərin birində bu informasiyanın səhv olduğuna dair məlumat verir. Bunun yalnız onların adına qara yaxmaqdan ötrü yayılan şayiə olduğunu, onların müəssisəsində heç bir Mixail adında şəxsin işləmədiyi söylənilir. Maraqlıdır ki, Sovet hökuməti pislədiyi məşhur oğrunu sonradan bir müddət sovet dəstəsinə komandir kimi göndərir...
Uşaqlıq illəri... - “Gənc iradə”
Gələcək “şah” 1891-ci ildə noyabrın 30-da Odessada Meyer Volf Vinnitskiy ailəsində doğulub. Oğlanı Moyşa-Yakov adlandırırlar, sənədlərdə isə Moisey Volvoviç gedir. Moyşanın 7 yaşı olanda atası vəfat edir. Ailəyə pul gətirmək üçün balaca Moyşa matras fabriki “Farber”ə tələbə kimi işə düzəlir. Bununla yanaşı, o, yəhudi məktəbində oxuyurdu. Ancaq vəziyyətin çətinliyindən yalnız 4-cü sinifə kimi oxuya bilir. 16 yaşı tamam olanda Moyşa Vinnetskiy “Anatra” zavodunda elektrik kimi işə düzəlir.
1905-ci ildə Odessada yəhudi qırğınının başlanması ilə Moyşanın həyatı da dəyişir. Mürtəce-şovinistlərin Moldavankada başlatdığı qanlı qırğına polis müdaxilə etməmək qərarı alır. Və insanlar özləri bu problemi həll etmək üçün yəhudiləri qorumaq məqsədi ilə dəstələr toplayır. Həmin dəstələrdən birində də Mişka Yaponçik özünün ilk döyüşçü təcrübəsini qazanır. Elə o vaxtdan da silaha bağlanır.
Moyşa Vinnitskiy basqınları, “reket”likləri və oğurluqları ilə məşhur olan “Gənc iradə” anarxist dəstəsinə qəbul olur. 1907-ci ildə ədliyyə tərəfindən yaxalanan Moyşaya ölüm hökmü oxunur. Ancaq daha sonra cəzası dəyişdirilərək 12 illik katorqaya göndərilir. Həmin vaxt Moyşanın həddi-buluğa çatıb-çatmaması haqqında dəqiq məlumat yoxdur. Ancaq bəzi məlumatlarda məhz onun 18 yaşı olmadığı üçün ölüm hökmündən xilas olunduğu deyilir.
Ağlasığmayan qarətlər
Katorqada o, quldur Qriqoriy Kotovski ilə dostlaşır. 1917-ci ildə inqilabi hökumət tərəfindən əfv olunandan sonra, bir müddət Moskvada qalır, orada yerli və kriminal aləmdə hörməti olan canilərlə dostlaşır. Oradan Petroqrada, daha sonra isə Odessaya qayıdaraq o vaxtın ən böyük quldur dəstəsini yaradır. Elə onun Moyşa-Yakov Vinnitsdən Mişka Yaponçikə çevrilməsi həmin dövrlərə təsadüf edir. Yəhudilərin müdafiəsi üçün yaradılmış dəstə şəhərdə ağlasığmayan qarətlər edirlər. Bəzi mənbələrə görə, onların əsas hədəflərindən biri də varlı yəhudi ailələri idi...
Qəribəliklərlə dolu “oğru”
Bir gün Yeni il ərəfəsində Yaponçik və dəstəsi bahalı toyların birinə basqına gedir. İçəri daxil olaraq sakit səslə: “Yeni il qabağıdır, siz burda oturub istirahət edirsiniz. Moldavankalılar isə orada ac-susuzdurlar. Sizdən bir xahişim var, 50 min qoyun ortalığa. Əgər bunları etsəniz, mən sizi incitməyəcəm”. Lakin gözləmədikləri bir hadisə baş verir. Qonaqlardan biri qorxuya düşərək, ürəyi gedir. Yaponçik bunu görən kimi, yığdıqları bütün pulları qoyub, aradan çıxır.
Mişka Yaponçik həmişə əldə etdiklərini başqaları ilə bölməyi sevirdi. O, neçə başsız ailəyə yardım edir, həbsxanada olan dostlarının uşaqlarına baxır və bütün Moldavankalılara kömək edirdi. Odessalılar Yaponçiki sevirdilər. Birinci növbədə ona görə ki, o, qanlı qırğından həmişə uzaq olub. O, həm də incəsənət aləminin yaxın dostu idi. Ən çox yaxınlıq elədiyi isə müğənni Leonid Utesov idi.
Yaponçik təbii, özünü də unutmurdu. O, “Monte-Karlo” restoranına və şəhərdəki ən yaxşı kinoillüzion “Karso”ya sahib idi. Yaponçik kazino və kinofabrik almağı düşünürdü.
Varlıların var-dövlətini talan edib, kasıblara paylamasına baxmayaraq, ona istədiyi kimi hörmət edilmirdi. Bir dəfə bütün söz-söhbətlərdən cana gəlib “Odessa poçtu” qəzetində elan verir:
“Biz peşəkar quldur üzvləri matros və işçilərlə çiyin-çiyinə qaydamaqlara qarşı çıxmışıq. Bizim də hər kəs kimi Rusiya Respublikasının vətəndaşı olmağa haqqımız var...”
Ancaq bu da işə yaramır və Mişka Yaponçik öz adını təmizləmək üçün başqa bir oyuna əl atır.
Qırmızı komandir
1918-ci ilin yanvarında Mişka Yaponçik bolşeviklər, anarxistlər və sağ eserlərlə birləşərək kütləvi basqınlarda iştirak edir. Quldurlar bundan istifadə edərək, polisin qeydiyyat şöbəsinə hücum edir. Nəticədə 16 min odessalı quldur məhv edilir.
Növbəti dəfə Yaponçikin dəstəsi 1918-ci ildə həbsxanaya hücum edərək bütün dustaqları azadlığa buraxır və 16 min cinayətkarın sənədlərini yandıraraq məhv edir.
Həmin gün həbsxananın müdiri faciəli şəkildə vəfat edir. O, həbsxananın anbarında gizlənərək qapını bağlayır. Anbar alışıb yananda isə içəridən çıxa bilmir. Bu hadisələrin 2-ci günündə 3-cü Ordunun Xüsusi şöbəsinə bəstəboy, ziyalı görünüşlü, mavi gözlü biri daxil olur. Asta səslə özünü təqdim edir: “Mişa Yaponets. Bu isə mənim adyutantlarımdır”.
“Basqınların şahı” burjuaziyaya olan nifrətindən danışdı: “Biz ancaq Odessaya məskunlaşmaq məqsədilə Rusiyadan gələn burjuaziyanı qarət edirdik. Biz banklara, gecə klublarına hücum edirdik. Ancaq köhnə həyatım bitti! Mən sizə uşaqlarımı təcrübədən keçirtməyi məsləhət görürəm. Onlar Qırmızı Orduya girərək mənim idarəçiliyim altında döyüşəcəklər. Siz mənə Qırmızı Orduda dəstə yaratmaq üçün mandat verin. Buna görə siz heç də peşman olmayacaqsınız. Həm də mənim adamlarımın öz silahı var və pula da ehtiyacımız yoxdur”.
Uzun müzakirədən sonra 3-cü Ordunun komandiri Mişka Yaponçikə dəstə yaratmağa icazə verir. Keçmiş məhkum bir neçə ay döyüş hazırlığı keçir. Cəbhəyə getməmişdən əvvəl Odessa ilə vida mərasimi keçirir. İnqilaba gedən zaman 2000 quldurdan ibarət dəstənin üzvləri 4 gün boyunca o qədər yeyib-içmişdilər ki, qatara yalnız 700 nəfər çata bilmişdir.
Qatar ünvana çatan zaman aydın olur ki, göndərilən quldurların yalnız üçdə ikisi çatıb. Qalanları isə Yakirin başçılığı ilə Qırmızı ordunun 45-ci diviziyasında petlyuraçılarla döyüşə göndərilir. Gözlənilmədən bütün quldurlar bu döyüşdə qalib gəlir və petlyuraçılar geri çəkilirlər. Mişka Yaponçikin əlaltıları bu qələbəni qeyd etməyə başlayırlar. O isə bu qələbənin heç də yaxşı olmadığını anlayır. Bu artıq son idi!
Qırmızı Ordunun satqınlığı, əfsanəvi Yaponçikin süqutu...
Yenə ətrafda qan və uzlaşa bilməyəcəyi düşmən. O, özünü və tərəfdaşlarını təhlükəyə atmışdı. Əvvəl-axır bu bitəcəkdi. Qırmızı Ordu yaxşı başa düşürdü ki, Mişkanın qalibiyyəti başqa quldurlara mənfi təsir göstərə bilər. İlk növbədə ona görə ki, Yaponçik siyasətdə iyrənc və qıcıqlandırıcı bir fiqur idi. Bu da Qırmızı Ordunun çöküşünə səbəb kimi gətirilə bilərdi. Belədə bu tip liderlərə qarşı bolşeviklər ova çıxdı. Onları heç bir şəkildə uzaqlaşdırmaq yox, yalnız aradan götürmək lazım idi. Yəni öldürmək.
Bir gün sərkərdələr bir araya gəlir və Mişka Yaponçikin dəstəsini dağıdıb özünü öldürmək qərarına gəlirlər. Bəs bunu məhkəməsiz və qırmızı komandirin istintaqı olmadan necə etmək olar? Həm də bu, aranı daha da qızışdıraraq qanlı qırğınlara səbəb ola bilər.
Bir neçə gündən sonra Yaponçikin dəstəsi yeni əmr aldı. Onları Nestor Mahonun dəstəsi ilə döyüş gözləyirdi. Quldurlar ötən qalibiyyətlərin təsiri altında döyüşə böyük həvəslə və sevinclə girişdilər. Yeganə sevinməyən isə Mişka Yaponçik idi. O, yeganə adam idi ki, bu əmrin o dünyaya bilet olduğunu hiss edirdi. Və hisləri onu yanıltmadı. Onun dəstəsi minlərlə quldurlardan ibarət Mahonun dəstəsi ilə üz-üzə gəldi. Və Yakovun “əsgərləri” sanki ət maşınına düşmüşdülər.
Yaponçik sona qədər söz verilən yardımın gələcəyini gözləyirdi. Onun dəstəsi kişi kimi döyüşdü, ancaq güclər bərabər deyildi. Dəstənin üzvləri sonda geri çəkilməyə məcbur oldu. Həmin gün Mixail Vinnitskiy adamlarının yarısını itirdi. Sağ qalanlar isə “satqınlar” deyə qışqırırdı. Həyatında ilk dəfə “Şah” nə cavab verəcəyini bilmirdi. Onun çıxış yolu kimi düşündüyü variant əslində fatal sonluq idi.
Məğlubiyyətdən sonra onu yenə qərargaha çağıraraq daha bir tapşırıq verdilər. Dəstə üzvlərini artırmaq və döyüş hazırlığı keçmək üçün Kiyevə yollanmalıydılar.
Mişka başa düşürdü ki, burada nəsə fırıldaq var. Ancaq bu dəfə özünü itirmir, doğrudan da adına yaraşan hərəkət edir. O, səhv etdiyini anlayırdı. Və bu səhvə görə də özü cavab verməli idi. Belə ki, qırmızı komandir dəstə üzvlərinə gizlincə evə qayıtmaqlarını tapşırır. Özü isə 150 nəfərlə birlikdə qatara minir. Yolun yarısında maşinistin başına silah dayayaraq Odessaya tərəf hərəkət etməsini əmr edir. Ancaq Voznesenks vağzalında süvari əsgərlər qatarı saxlayırlar. Komandir bütün dəstənin çıxmasını tələb edir. Mişka Yaponçik isə aydın başa düşürdü ki, onu yalnız möcüzə xilas edə bilər. O, son dəfə döyüşçülərin üzünə baxır və arxasını komandir tərəfə çevirir. Axıra çatmasının mümkünsüz olduğunu bilsə də, meşə tərəfə yol alır. Və güllə səsləri... Bax beləcə onun ömrü sona çatır.
Başqa bir versiyaya görə isə dəstəni vağzalda Mişka Yaponçikin katorqada tanış olduğu Qriqoriy Kotovskiy dağıdır, qırmızı komandiri öldürür. Bu davadan yalnız ştabın köhnə başçısı mayor Zayder sağ çıxır. O, Kotovskini həbsxanadan tanıdığı üçün ona rəhm edərək öldürmür. Amma 1924-cü ildə Mayer Zayder Kotovskini ürəyindən vuraraq Çabankedə öldürür.
İlk oğru Mişka Yaponçik
Yeni hakimiyyət o vaxt buraxdıqları səhvləri və cinayəti gizlətmək üçün Mişka Yaponçiklə bağlı bütün sənədləri məhv edir. Buna görə də onun necə öldürülməsi ilə bağlı faktlar tapmaq çətindir. Biz onun haqqında o zaman çap olunan qəzetlərdən və yaxın dostlarının yazdıqları məktublardan nələrisə öyrənə bilirik. Onun xatirəsinin yaşamasına ən çox can yandıran isə İsaak Babel idi. O da bizim kimi Mişka Yaponçik haqqında yalnız dillərdə dolaşan əfsanələrdən öyrənib. Və o qədər təsirlənib ki, quldur kralı haqqında silsilə hekayələr yazıb. Ona böyük simpatiyasının olduğunu hekayələrində də görmək olurdu. Buna görə o, qəhrəmanın adını Benya Krik qoyur. Lakin hökumət bu haqda xəbər tutur. 1939-cu ildə onu katorqaya göndərərək, öldürür.
Mişka Yaponçikin yaşadığı və aktiv fəaliyyətdə olduğu illərdə nə qanuni oğru, nə də ki, oğru qanunları var idi. Çünki qanuni oğrunun qanunları yalnız 20-ci illərin sonu 30-cu illərin əvvəli yaranıb. Ona görə də, bir çox mənbələrdə onun adı “qanuni oğru” yox, quldur deyə yazılır. Əslində quldur kralının öldürülməsi “qanuni oğru”nun yaranmasına təkan verdi. Buna görə də, oğru dünyası onu ilk qanuni oğru hesab edir. Onun vəfatından sonra SSRİ-də dünyanın heç bir yerində olmayan xüsusi qruplaşmalar yarandı. Mişka Yaponçikin istədiyi ölümündən sonra gerçəkləşdi.
Mələk Heydərova
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO