Nida Təhlil
Konstitusiyanın tələbi və beynəlxalq presedent: “Hicab qadağası” iddiasının hüquqi əsası varmı?
Məktəbdə geyim qaydalarının tətbiqini “hicab qadağası” kimi təqdim edənlərin irəli sürdüyü arqumentlərdən biri bu addımın insan haqlarını pozması iddiasıdır. Və burada hüquqi aspektdən iki istinad irəli sürülür.
Birinci istinad Azərbaycan Konstitusiyasıdır.
İrəli sürülən arqument belədir ki, konstitusiya hər kəsin təhsil almaq hüququnu tanıyır, buna görə hicab geyinən məktəblilərdən geyim qaydasına əməl etmək tələbi onları təhsildən yayındırır.
Halbuki, qaydalar bütün məktəblilərə - baş örtüyü taxanlara da, digər aksesuar istifadə edənlərə də, bir sözlə təhsil müəssisəsinə uyğun olmayan bütün geyimlərə şamil edilir. Məsələni baş örtüyündən istifadə edən məktəblilərə qarşı ayrı-seçkilik kimi təqdim etmək doğru olmadığı kimi, israr etmək də praktiki ziddiyyətlər yaradır: əgər bir məktəbliyə baş örtüyündən istifadəyə icazə verilirsə, o zaman, müxtəlif aksesuardan istifadə etmək, yaxud saçı boyalı halda gəlmək istəyən şagirdlər də eyni hüquqdan istifadə etməyi tələb edə bilərlər. Hüquqi yanaşma bu zərurəti ortaya çıxarır.
Burada dini yanaşma meyar ola bilməz, çünki hicabdan istifadə məktəb sərhədlərindən kənarda tam sərbəstdir və dövlət tərəfindən etiqad azadlığı olaraq, mühafizə edilir. Hüquqi yanaşma isə dövlətin məktəblərdə dünyəvi təhsil sistemini tətbiq etməsini tələb edir.
Konstitusiya nə deyir?
- Azərbaycanda din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
- Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
- Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
- Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
- Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
Dövlət konstitusiyanın tələblərinə uyğun olaraq, təhsil sisteminə dünyəvilik, eləcə də bərabərlik prinsipi ilə yanaşır.
Əsas suallardan biri məktəbli formasına əməl etmək istəməyən şagirdlərin təhsilinin gələcəyidir. Hazırda dövlətin yanaşması loyaldır: validenylərlə söhbətlər aparılır, məktəbli formasına keçid üçün zaman verilir. Lakin baş örtüyünə görə şagirdlərin təhsildən yayınması halı genişlənərsə, Konstitusiyanın “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir” tələbinə uyğun addımlar atıla bilər.
İkinci istinad beynəlxalq hüquqda insan haqlarının qorunmasıdır.
Məktəbli geyiminin tətbiqi heç kimin etiqad, yaxud təhsil almaq hüququnu pozmadığı üçün bu istinad keçərli deyil. Beynəlxalq təcrübədə də məktəblərdə dünyəvilik prinsipinin qorunmasından yana seçim edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin bununla bağlı iki nümunəsi mövcuddur.
1. Dahlab İsveçrəyə qarşı işi (2001-ci il);
1991-ci ildə İslamı qəbul edən və hicab taxan Lusiya Dahlab İsveçrə vətəndaşıdır, Cenevrədə ibtidasi sinif müəllimi işləyib. 1995-ci ildə məktəb müfəttişliyi və Cenevrə Təhsil Departamenti dünyəvilik prinsipinə istinadən, ona dərs zamanı hicabdan istifadə etməyi qadağan edir. Dahlab bununla bağlı İsveçrə Federal Məhkəməsinə şikayət etsə də, məhkəmə qadağanın qeyri-qanuni olmadığı və məktəbin dini neytrallığına xidmət etdiyini bildirərək, şikayətini rədd edir. Müəllim məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir.
Beynəlxalq hüquqda presedentlərdən hesab olunan işdə iki mövqe vardı.
- Şikayətçi (Lusiya Dahlab) bildirirdi ki, hicab qadağası onun dinini sərbəst ifadə etmək hüququnu pozur.
- İsveçrə tərəfi bildirirdi ki, dövlət məktəbləri dünyəvi və dini cəhətdən neytral olmalıdır, müəllim də dövlətin təmsilçisi olduğu üçün daşıdğı dini rəmzlər məktəblilərin vicdan azadlığına təsir edir.
AHİM Dahlab işində İsveçrə Federal Məhkəməsinin qərarının ədalətli olduğu hökmünü verdi. Və bunu belə əsaslandırdı ki, müəllimin hicab taxması şagirdlərin şüuruna güclü təsir edən dini rəmzdir. Məktəblilər müəllimi nümunə olaraq seçir və onun dini rəmzdən istifadəsi təbliğat effekti yaradır.
Dahlab işi təhsil sistemində dini münasibətləri tənzimləmək üçün dövlətə geniş sərbəstliyin verilməsinə dair beynəlxalq presedent yaratdı.
2. Leyla Şahin Türkiyəyə qarşı (2005-ci il).
1997-ci ildə İstanbul Universitetində hicab qadağası tətbiq olunduğu üçün Leyl Şahin dərslərə və imtahanlara buraxılmayıb. O, təhsil hüququ və dini etiqad azadlığının pozulması iddiası ilə 1998-ci ildə AHİM-ə şikayət edib.
AHİM 2005-ci ildə İnsan Hüquqları Konvensiyasının pozulmadığı hökmünü verib və Türkiyə dövlətinin xeyrinə qərar çıxarıb. Bu işdə “Dahlab İsveçrəyə qarşı işi” presedent olaraq götürülüb. Belə əsaslandırılıb ki, universitetlərdə baş örtüyünə qoyulan məhdudiyyət dünyəvilik prinsipi, ictimai asayişin qorunması və digərlərinin hüquq və azadlıqlarının təmin edlməsi məqsədilə qanunidir.
Hər iki presedent məktəblərdə vahid geyim formasının tətbiq edilməsinin insan hüquqlarının pozulması olmadığını təsdiq edir. Və “müəllimlərə niyə baş örtüyündən istifadə etmək icazəsi verilmir” sualını cavablandırır. Çünki İsveçrədə olduğu kimi, Azərbaycanda da müəllim dövləti təmsil edir və təhsil müəssisəsində dini rəmzdən istifadə etmək şagirdlər üzərində təbliğat effekti yaradır. Bəzi müəllimlərin bu təbliğatı açıq formada apardığı, hətta xarici dini təsirlərin yayılmasına çalışdığı halları yaşanıb.
Dövlət hüquqi baxımdan haqlıdır. Məsələnin mənəvi tərəfinə gəlincə, dövlət hər kəsin etiqad azadlığını qoruduğu kimi, konstitusiyanın dünyəvilik tələbini də nəzərə alır.
Asif Nərimanlı
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu


















.jpg)














